2 May 2024

Cümə axşamı, 01:58

DÖNÜŞ ANI

2017-ci il qeyri-müəyyənlik və sərt praqmatizm dövrünün müjdəçisi ola bilər

Müəllif:

15.01.2017

Yeni - 2017-ci il qeyri-müəyyənliklə başlayıb. Bunun əsas «günahkarı» Vaşinqtondadır və o, yanvarın 20-dən etibarən, ABŞ-ın 45-ci Prezidenti kimi fəaliyyətə başlayacaq.

Avropa bu il Aİ-nin Almaniya, Fransa və Hollandiya kimi aparıcı dövlətlərindəki seçkilərdən nə gözləndiyini bilmir. Qərb ölkələrində qatı sağçıların populyarlığı, millətçilik, antiqlobalizm durmadan artır. Atlantikanın hər iki tərəfindən olan bir çox ekspert düşünür ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya düzəni dağılır. Dövlətüstü hakimiyyət institutlarına, ilk növbədə, BMT-yə inamsızlıq artır. Yeni münasibətlər formatı yaranır və dünyanın fövqəldövləti olan ABŞ da daxil olmaqla, bütün ölkələr yeni şəraitə uyğunlaşmağa, daha əlverişli mövqe tutmağa çalışır. Odur ki, 2017-ci ildə regional nüfuz dairəsi uğrunda çox sayda lokal münaqişələr baş verə bilər.

Aparıcı oyunçuların dünya arenasında qarşıdurmaları daha çox virtual aləmdə gedəcək. Amerika xüsusi xidmət orqanlarının ABŞ-dakı Prezident seçkisi kampaniyası zamanı təşkil olunmuş kiberhücumlara Rusiyanın aidiyyətinin olduğunu bəyan etməsi, güman ki, sadəcə, bu iki ölkə arasındakı münasibətlərin xüsusiyyətini göstərmir. Bu, ciddi beynəlxalq kibermünaqişələrin başlanğıcıdır. Coğrafi sərhədləri olmayan internet trolları, hakerlər, prankerlər və s. ordusu yeni və əbədi qeyri-müəyyən geosiyasi reallıq formalaşdıracaq.

Beləliklə, 2017-ci il ABŞ-ın xarici siyasi kursunun nə qədər və hansı istiqamətdə dəyişəcəyi sualına aydınlıq gətirməlidir. Tramp həqiqətən də ABŞ-ın digər dövlətlərin daxili işlərinə qarışmasına son qoyacaqmı? O, Çinlə münasibətləri gərginləşdirəcəkmi? Rusiya ilə münasibətlərin normallaşdırılmasını, sanksiyaların ləğvi və ya yumşaldılmasını lazım biləcəkmi? Ən başlıcası, bu, nə ilə bağlıdır? Doğrudanmı, Amerikanın qlobal liderliyi artıq tavana dirənib? Ruslarla-amerikalılar arasında normal dialoqun qurulması üçün, ən azı, Suriya və Ukrayna məsələlərində ortaq məxrəcə gəlinməlidir. Elə bu da öz-özlüyündə 2017-ci ilin mənzərəsini yaradacaq. Bununla yanaşı, Ağ evin yeni rəhbərinin planları ABŞ-ın daxili siyasi həyatında daha ciddi bölünmələrə səbəb ola bilər. Qarşıda meydana, məsələn, Kaliforniyanın Birləşmiş Ştatları tərk etməsi təşəbbüsü kimi müxtəlif populist təşəbbüslər çıxa bilər. Bu, qeyri-ciddi olduğu qədər də, rəmzi xarakter daşıyır. Bir müddət sonra Trampın populyarlığı sürətlə azalmağa başlaya bilər. «The Independent»in Kvinnipeq Universiteti yanında ictimai rəyin öyrənilməsi mərkəzinə istinadən verdiyi məlumata görə, artıq amerikalıların 51%-i onun əməllərindən narazıdır.

Trampın bəyanatları, artıq Çini də narahat edib. Belə ki, indi, Pekinlə-Vaşinqton arasında ayrı-ayrı məsələlərlə bağlı son dərəcə ciddi gərginlik yaşana bilər. Söhbət, xüsusilə Cənub-Şərqi və Şərqi Çin dənizləri ilə bağlı məsələlərdən gedir. Lakin iki ölkə arasında birbaşa və ya dolayı toqquşmaların, həmçinin tammiqyaslı ticarət müharibəsinin başlayacağını gözləmək olmaz.

Bütün dünya Trampın Meksika ilə sərhəddə divarın inşası və ya TTIP-ni tərketmə barədə vədlərinə necə əməl edəcəyini (yaxud, bu vədlərindən imtinanı necə əsaslandıracağını) maraqla izləyəcək. Yaxın Şərqdəki ümumi vəziyyət baxımından isə Tramp administrasiyasının İsraillə münasibətləri vacib məqam olacaq. Obamanın yəhudi dövləti ilə münasibətlərinin heç də qaydasında olmadığı məlumdur.

2017-ci ildə Avropadakı miqrant böhranı da gözlənilməz məcrada inkişaf edə bilər. Müharibədən qaçan insanlara, xüsusilə, Afrika ölkələrindən «ekoloji qaçqınlar»ın da qoşulacağı istisna deyil. Bu, avropalı siyasətçiləri daha sərt mövqe tutmağa, təhlükəsizlik məsələsini ön plana çıxarmağa vadar edir. İlin əvvəlində həm ABŞ-da, həm Avropada isteblişmentə qarşı xalq etirazının əlamətlərini görən analitiklər indi, bu trendin güclənəcəyini düşünürlər. Beləliklə, qatı sağçı partiyaların, millətçi əhvalın, avroskeptizmin populyarlığı artacaq. Bütün bunların fonunda Almaniya, Fransa, Hollandiya, eyni zamanda, bəlkə də İtaliyada seçkilərin nəticələrini müşahidə etmək maraqlı olacaq. Almaniyada 4-cü müddətə kansler olmaq istəyən Angela Merkelin qələbə qazanacağı gözlənilir. Lakin onun mühafizəkar Xristian Demokratik İttifaqı populyarlığını getdikcə itirməkdədir. Bu, sosial-demokratlara da aiddir. «Almaniya üçün alternativ» (AüA) partiyası isə irəli gedəcək. Amma ölkədə keçiriləcək seçkiyədək (sentyabr-oktyabr) qalan qeyri-müəyyənlik dövründə «suda batmaz-odda yanmaz» kansleri oyundan çıxaracaq hadisələr də yaşana bilər.

Fransada aprelin sonu, mayın əvvəlində prezident kürsüsü uğrunda, yəqin ki, burjua partiyası olan «respublikaçılar»ın lideri, sabiq baş nazir Fransua Fiyon və sağ-millətçi «Milli Cəbhə»dən olan Marin Le Pen üz-üzə gələcəklər. Sosioloqlar artıq inanır (və bir-birini əmin edir) ki, qələbə çalacağı təqdirdə, «frekzit» (ən azı, avrozonadan), Aİ və NATO ilə xüsusi münasibətlər vəd edən Le Pen prezident seçilə bilməyəcək. Amma eyni sosioloqlar «Brexit»in və Trampın prezident seçilməsinin mümkünlüyünə də inanmırdılar. Üstəlik, Fiyon solçular üçün populyar olmayan şüarlardan istifadə edir və bu, onun elektoratını Le Penə meyilləndirə bilər. Yaxud Fiyon millətçilərin liderinin sözlərini dinləməli, müəyyən qədər ona oxşamağa çalışmalıdır.

Fransada qarşıdan gələn seçkinin indidən «Avropanın Stalinqradı» kimi təqdim olunması təəccüblü deyil.

Hollandiyada martda keçiriləcək parlament seçkisində Gert Vildersin başçılıq etdiyi sağ-millətçi «Azadlıq Partiyası»nın qələbəsi sürpriz olmayacaq. Aİ Konstitusiyası və Ukrayna ilə Aİ arasında assosiasiya sazişinin imzalanmasını «qılınclamış» elektoratdan bunu gözləmək olar.

İtaliyada isə hökumət böhranı davam edəcək. Konstitusiya islahatları təşəbbüsü referendumda rədd edilmiş sabiq baş nazir hələ də İtaliyanın ən populyar siyasətçisidir. O, komediya aktyoru Beppe Qrillonun «Beş ulduz hərəkatı»na sinə gərə bilər.

Böyük Britaniyada «Brexit» martdan etibarən, fəal fazaya qədəm qoymalıdır. Özünü kifayət qədər sakit aparan Baş nazir Tereza Meyin o dövrdə ölkənin idarə olunması üçün daha münasib siyasətçi ilə əvəzlənəcəyi də istisna deyil.

Avropada bir sıra digər məsələlərlə bağlı referendumların keçiriləcəyini, həmçinin Kataloniya başda olmaqla, bir sıra bölgələrdə separatçı əhvalın artacağını da istisna etmək olmaz.

2017-ci ildə prezident seçkisinin keçiriləcəyi və dünya siyasəti üçün əhəmiyyətli ölkələrdən biri də İrandır. Hazırkı Prezident Həsən Ruhaninin təkrarən dövlət başçısı seçiləcəyini və özünün mötədil islahatçı kursunu davam etdirəcəyini heç də əminliklə söyləmək olmaz. Ona mühafizəkarlardan Əli Xamneini daha çox qane edən rəqibin çıxıb-çıxmayacağı böyük ölçüdə, həm də elə dini liderin özündən asılıdır. İrana tətbiq olunmuş sanksiyalar hələ də aradan qaldırılmayıb və onlar xüsusilə maliyyə sahəsində İranı əməlli-başlı sıxır. Bundan başqa, Tramp ABŞ-ın İranla nüvə razılaşmasından çıxacağını vəd edir. Rəsmi Tehranın regionda mövqelərini gücləndirməyə çalışdığını və Suriya münaqişəsindəki rolunu nəzərə alsaq, bu ölkə yeni ilin nyusmeykeri ola bilər.

Rusiyada 2017-ci il seçkiöncəsi ili olması ilə maraqlıdır - Vladimir Putin, nəhayət, planlarını açıqlamalıdır. Moskva üçün əsas problem təhlükəsizlik və xarici siyasətlə yanaşı, həm də iqtisadiyyatdır. 1917-ci il Oktyabr inqilabının 100-cü ildönümü ilə bağlı çox diskussiyalar olacaq. Hər halda, bu, Rusiya tarixinin bəlkə də ən qanlı tarixdir. Yeri gəlmişkən, noyabrın 7-də Sevastopoldakı keçmiş «Musson» hərbi elektronika müəssisəsinin binasında divara hörülmüş və gələcəyin kommunistlərinə ünvanlanmış çağırış da çıxarılaraq  oxunacaq. Qeyd edək ki, keçmiş SSRİ-nin bir çox şəhərlərində də anoloji müraciətlər saxlanılır.

Suriyanı 2017-ci ildə sülh gözləmir. Güman ki, o, İraqda, Əfqanıstanda, Liviyada olduğu kimi, «nə hərb, nə sülh» dövrünə qədəm  qoyacaq.

2016-cı ildə Ukrayna problemi olduğu kimi, 2017-ci ildə də Suriya mövzusu dünya siyasətinin gündəmindən bir qədər çəkilə bilər. Yanvarın sonunda Astanada Rusiya ilə Türkiyə tərəfindən təşkil olunan sülh konfransı keçiriləcək. Moskva ilə Ankara bu ölkədə sonsuzluğadək savaşmaq istəmir, lakin orada öz maraqlarını təmin etməyə çalışır. Amma Trampın ABŞ-ı hələ öz sözünü deyəcək. Tərəflərlə amerikalıların iştirakı olmadan ciddi danışıqlar aparmaq əlbəttə ki, alınmaz.

“İD” 2016-cı ildə olduğu kimi, yeni ildə də nüfuzunu və gücünü tədricən itirəcək. Lakin ona qalib gəlinməsi, çətin ki, mümkün olsun. Yaraqlılar zaman keçdikcə itirdikləri yaşayış məntəqələrinə qayıdacaq, yeni yaşam vasitələri axtaracaq. Odur ki, 2017-ci ildə istənilən yerdə terror aktları törədilə bilər. Terrorçular yeni taktikalara əl atacaq. Əgər 2016-cı ildə nəqliyyat vasitələri ilə insan kütlələri tapdanırdısa, bu il hər hansı yeni bir üsul ortaya çıxa bilər. Bəlkə də dünya yeni siyasi qətllərin də şahidi olacaq - Rusiyanın Türkiyədəki səfirinin qətli kimi. Xüsusilə, ötən il miqyaslı terror aktlarından qorunmağı bacarmış ölkələr diqqətli olmalıdır - Rusiya, ABŞ, İsrail. 2016-cı ildə terrorçulardan daha çox zərər görmüş Türkiyə də yəqin ki, radikalların hədəfi olaraq qalacaq. Bu ölkədə aprelin əvvəlində Konstitusiyaya dəyişikliklər üzrə referendum gözlənilir və bu şəraitdə ölkə daxilində siyasi vəziyyət də gərginləşə bilər. Qeyd edək ki, Konstitusiya dəyişikliyi Prezident Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyasının istəyidir.

Şərqi Asiyada da gərginlik davam edəcək. Söhbət Cənubi Çin dənizindəki mübahisəli adalardan, Şimali Koreyadan, ola bilsin ki, həm də Tayvandan gedir. Cənubi Koreyada da siyasi böhran davam edəcək. Latın Amerikasında, xüsusilə Venesuela və Braziliyada da həyat sakit keçməyə bilər.

Postsovet məkanına gəlincə, Ukraynada, Moldovada artıq ənənə halını almış siyasi böhranlar mümkündür. Bu, payızda parlament seçkisinin keçiriləcəyi Ermənistana və prezident seçkisinə hazırlaşan Qırğızıstana da aiddir. Hərbi qarşıdurmalar baxımından ən təhlükəli bölgələr isə təəssüf ki, Donbas və Dağlıq Qarabağ olaraq qalır. Cənubi Qafqaz ölkələri ABŞ-ın yeni administrasiyasını diqqətlə izləyəcəklər, dialoq qurmağa çalışacaqlar. Beləliklə, ümumi mənzərə kifayət qədər gərgin görünür. Amma nikbinliyə yenə də əsas var. 2017-ci il sonda nisbi sabitliyin təminatçısına çevriləcək iqtisadi qazancın və təhlükəsizliyin daha ön plana çıxacağı dönüş anı və sərt praqmatizm dövrünün müjdəçisi ola bilər.



MƏSLƏHƏT GÖR:

392