2 May 2024

Cümə axşamı, 01:45

BUXARESTDƏ MAYDAN KABUSU

Rumıniyadakı kütləvi etiraz aksiyaları daxili ziddiyyətin nəticəsidir, yoxsa xarici təsirlərin?

Müəllif:

15.02.2017

Artıq bir neçə həftədir, Rumıniya kütləvi etiraz aksiyaları ilə çalxalanır. Bəs görəsən, bu Şərqi Avropa ölkəsində siyasi ehtirasları coşduran nədir? Ölkənin, demək olar ki, bütün aparıcı qüvvələrinin cəlb olunduğu sırf daxili çəkişmə, yoxsa əvvəllər də «yolunu azmış xalqlar»ın üzərində dəfələrlə «rəngli inqilab»ları sınaqdan keçirmiş nüfuzlu xarici siyasi mərkəzlərin ilk baxışdan sezilməyən müdaxiləsi?

Rumıniyada etirazlar hələ yanvarda, korrupsioner məmurlara cəzanın yüngülləşdirilməsini nəzərdə tutan hökumət qərarının layihəsi meydana çıxan zaman başlayıb. Sənəd 48 min dollaradək zərərə görə cinayət məsuliyyətinin ləğvini, həmçinin ağır olmayan maddələr, o cümlədən korrupsiyaya görə mühakimə edilmiş şəxslərin amnistiyasını nəzərdə tutur. Mitinqlər, xüsusilə fevralın 1-də, Sorin Qrindyanunun başçılıq etdiyi sosial-demokrat hökumətinin narazılığa səbəb olmuş aktları qəbul etməsindən bir gün sonra daha kütləvi xarakter alıb.

Etirazçılar hesab edir ki, əfv olunanlar arasında korrupsiyaya görə mühakimə edilmiş nüfuzlu siyasətçilər, o cümlədən hakim partiyanın üzvləri də ola bilər. Rumıniya hökuməti isə mövqeyini belə əsaslandırır: korrupsiyaya görə cəzanın yüngülləşdirilməsi, qısa müddətə azadlıqdan məhrum edilmiş şəxslərin bağışlanması «ağzınadək dolmuş» həbsxanaların boşaldılmasına kömək edə bilər.

Baş nazir Qrindyanu etirazçıların «korrupsionerlər üçün indulgensiya» adlandırdığı sənədi heç bir halda ləğv etməyəcəyini deyirdi. Lakin fevralın 5-də getdikcə artan etirazçı kütlənin rəyi ilə hesablaşmaq məcburiyyətində qalaraq, əfv qərarını ləğv etdi. Amma Baş nazirin bu addımı artıq, ümumilikdə, sənədin ləğvini tələb edən etirazçıları sakitləşdirmədi. Üstəlik, Buxarestin Qələbə meydanına toplaşanların sayı getdikcə artaraq, təxminən, yarım milyona çatdı. Ən başlıcsı isə, indi, onların tələblərinin xarakteri də dəyişib. Aşkar siyasi xarakter almış tələblərə hökumətin istefası və növbədənkənar seçkilərin keçirilməsi də daxildir. İndi, nümayişçilərin əllərində hökumət üzvlərinin diqqətini cəlb edən kifayət qədər çoxlu şüarlar görünür; məsələn, «Siz böyük ağacsınızsa, biz sizi doğramağa hazır olan kiçik baltalarıq».

Bu yerdə xatırladaq ki, Rumıniyanın bundan əvvəlki, Viktor Pontanın başçılıq etdiyi sosial-demokrat hökuməti Buxarestin gecə klublarının birində xeyli sayda insanın ölümünə səbəb olmuş yanğının ardından başlamış etiraz aksiyaları nəticəsində 2015-ci ilin noyabrında istefaya gedib. Ondan sonra hakimiyyətə həmin dövrdə Rumınyianın hazırkı prezidenti Klaus Yohannisin başçılıq etdiyi sağ-mərkəzçi Milli-Liberal Partiyanın (MLP) dəstəyini alan Daçian Çoloşun hökuməti gəlmişdi. Sorin Qrindyanunun kabineti isə hakimiyyətə Sosial-Demokrat Partiyasının (SDP) ötən ilin dekabrında keçirilmiş parlament seçkisində qazandığı qələbədən sonra gəlib. Beləliklə, hazırkı hökumətin fəaliyyətə başlamasından heç 2 ay keçmir. Əslində, ona sosial-demokratların lideri Liviu Draqnya başçılıq edə bilərdi. Lakin 2015-ci ildə məhkəmə onu seçicilərin pulla ələ alınmasında təqsirli bilib. Bundan sonra sosial-demokratların Baş nazir postuna ilk təklifini - türk-tatar azlığın nümayəndəsi olan müsəlman Sevil Şaydehin namizədliyini Prezident Yohannis qəbul etməyib. Sağ-mərkəzçi Prezident üçün sabiq rabitə naziri Qrindyanunun namizədliyi daha cəlbedici gəlib. Üstəlik, ona SDP-Liberallar və Demokratlar Alyansı koalisiyasının yaradılması prizmasından baxılırdı. Amma indi, Yohannis özünün vəzifəyə təsdiqlədiyi Baş naziri dəstəkləməyərək etirazçı kütlənin tərəfini tutur.

Yeri gəlmişkən, Korrupsiya ilə Mübarizə üzrə Milli İdarə son dövrlərdə 1000-dən artıq dövlət məmuruna qarşı ittiham irəli sürüb. Odur ki, hökumətin korrupsionerləri əfv etmək istəyinin ictimaiyyət tərəfindən bu qədər hiddətlə qarşılanması təəccüblü deyil.

Baş nazir Qrindyanu mitinqçilərin tələblərinə baxmayaraq, postunu tərk etməyəcəyini deyir. Amma görünən odur ki, Prezident Yohannis də məhz buna çalışır. Odur ki, indi, Rumıniyada sağ-mərkəzçilərin dəstəklədiyi Prezidentin sol-mərkəzçi hökumət və parlamentdəki çoxluqla ciddi qarşıdurma yaşadığını deyə bilərik.

SDP lideri Draqnyanın baş verənlərlə bağlı söylədikləri də təsadüf deyil: «Hökumətin qərarı, sadəcə, çox sayda xoşniyyət insanı dezinformasiya vasitəsilə küçələrə axışmağa vadar edənlər üçün bəhanə oldu». Dekabr seçkilərinin nəticəsini qəbul etməyən prezident Yohannis də Nazirlər Kabinetinə nəzarəti ələ almaq istəyir. Rumıniyanın sabiq prezidenti, 1989-cu ildə Nikolae Çauşesku rejimini devirənlərdən olmuş, hazırda SDP-nin fəxri sədri olan İon İliyesku da bənzər ruhda danışıb. Onun fikrincə, Yohannis «vasitəçi rolu oynamaqdansa, insanları küçələrə itələyərək, bu anarxiyaya yol açıb».

Dünya KİV Rumıniyada baş verənləri «Buxarest maydanı» kimi təqdim etməyə çalışır, onunla Ukraynada Prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələnmiş eyniadlı inqilab arasında anologiya aparır. Rumıniyada yaşananlarda xarici amillərin təsirini görmək həqiqətən də çətin deyil: yaxşı təşkil olunmuş etiraz aksiyaları, iqtisadi və ya hüquqi xarakterli tələblərin qəflətən siyasi tələblərlə əvəzlənməsi və s. SDP liderinin «etirazların təşkilatçısının Rumıniyadan kənarda olduğu» haqqında fikrini də yada salmaq yerinə düşər. Bəs Rumıniya «maydan»ının əsl səbəbi nədir? Ümumiyyətlə, onunla Ukraynada yaşanmış olaylar arasında anologiya aparmaq nə dərəcədə doğrudur?

İlk növbədə, qeyd edək ki, Avropanın yoxsul dövlətlərindən olan Rumıniyada sosial böhran üçün kifayət qədər obyektiv səbəblər var. 2007-ci ildə Avropa İttifaqına üzv olmuş Rumıniya cəmi 2 il sonra defolt həddinə çatıb və düşdüyü vəziyyətdən BVF-nin maliyyə yardımları ilə çıxmağa çalışıb. Nəticədə, sonuncunun ənənəvi reseptinə əməl edən Rumıniya hökuməti büdcə təşkilatlarının əməkhaqqını azaldıb: 2010-cu ildə 25%, 2011-ci ildə daha 5%. Bundan başqa, ölkədə pensiya 15% azaldılıb, pensiya yaşı isə 65-dək artırılıb. Çox sayda müəssisə bağlanıb, əməkqabiliyyətli əhalinin, ən azı, üçdəbiri Rumıniyanı tərk edib. Bütün bunların fonunda ölkədə zənginlərlə saysız-hesabsız yoxsullar arasında uçurum ciddi şəkildə dərinləşib. Belə olan təqdirdə Buxarestdə keçirilən mitinq iştirakçılarından birinin «hakimiyyədəki zənginlər daha da varlanır, adi insanlar isə kasıblaşır» fikri heç də təəccüblü gəlmir.

Amma gəlin, diqqəti daha bir məqama çəkək: Rumıniya vətəndaşlarının həyat səviyyəsindən illərlə, hətta onilliklərlə yığılmış narazılığı yalnız hakim sol-mərkəzçi koalisiyaya deyil, bütünlükdə ölkənin siyasi sinfinə qarşı yönəlib. Sosial-demokratların «korrupsionerlər üçün indulgensiya» təşəbbüsü, sadəcə, xalq qəzəbinin partlamasına səbəb olub ki, müxtəlif qüvvələr də bundan öz maraqlarına uyğun yararlanmağa çalışır. Söhbət heç də dekabr seçkilərində iflasa uğradıqdan sonra (bu gün həvəslə çoxminlik etirazçı kütlənin başında dayanmağa çalışan millətçi-liberallara cəmi bir neçə ay əvvəl yalnız 20% seçici səs vermişdi) lider mövqeyini geri qaytarmağa çalışan, prezident Yohannisi dəstəkləyən MLP kimi daxili qüvvələrdən getmir. «Rumıniya maydanı» ssenarisindən danışırıqsa, xarici siyasi kulisarxası amillər də nəzərə alınmalıdır.

Qərbpərəst «narıncı inqilab», əslində, Rumıniya üçün anlamsız görünür. Çünki o, “Köhnə dünya”nın şərqinin onsuz da ən qərbpərəst, avro-Atlantikaya istiqamətlənmiş ölkəsidir. Avropa İttifaqı və NATO-nun üzvü olan Rumıniya ABŞ-ın qatı müttəfiqidir. O, ərazisində ABŞ-a məxsus hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi ideyasını dəstəkləyir. Amerika kəşfiyyatının məxfi həbsxanaları da öz yerində…

Buxarest-Moskva münasibətlərinə gəlincə, burada da «rəngli inqilab»ların əsas əlamətlərindən biri çatışmır - belə hallarda zərbə altına düşən, hətta devrilən hökumət Rusiya ilə az-çox normal münasibətlərə malik olur. Buxarest isə Qərbin Rusiyanın Avropaya və postsovet məkanına geostrateji təsirinin zəiflədilməsinə yönəlmiş siyasətinin avanqardında yer almaq əzmini gizlətmir.

Bütün bunlarla yanaşı, Rumıniyada «maydan» ssenarisi versiyasını dəstəkləyən ekspertlər diqqəti bir məqama çəkir və həmin məqam Qərbi həqiqətən də Qrindyanunun sol-mərkəzçi hökumətini istefaya göndərməyə sövq edə bilər. Müşahidəçilər də bildirir ki, Rumıniyanın solçu qüvvələri Qərbin postsovet məkanı ilə, daha dəqiq desək, Moldova ilə bağlı planlarının irəliləməsində sağçılardan daha az qətiyyət nümayiş etdirir. Bu, Moldovada sosialist İqor Dodonun hakimiyyətə gəlişi fonunda nəzəri baxımdan ABŞ ilə Aİ-ni qane etməyə bilər.

Odur ki, Qərbin antikorrupsiya tədbirlərinin yumşaldılması kimi bir bəhanə ələ düşər-düşməz, Rumıniyanın solçu hökumətinə qarşı etiraz dalğasını qızışdırmaq qərarına gəldiyi istisna deyil. Halbuki, hazırkı hökumət hakimiyyətə yeni gəlib və necə deyərlər, hələ onun dadını çıxara bilməyib.



MƏSLƏHƏT GÖR:

393