26 Aprel 2024

Cümə, 23:48

ASTANADAN-CENEVRƏYƏDƏK

Terrorçuların ardarda hərbi məğlubiyyətə uğraması fonunda rəsmi Dəməşqlə - Suriya müxalifəti arasında danışıqlar bərpa olunub

Müəllif:

01.03.2017

Danışıqların Qazaxıstanın paytaxtı Astanada baş tutmuş raundunu nisbətən uğurlu saymaq olsa da, sülh prosesinin davamlı olacağı, yoxsa müharibənin yenidən şiddətlənəcəyini indidən söyləmək asan deyil. Amma istənilən halda, Əl-Bab şəhərinin «İslam Dövləti» (İD) terror təşkilatının

yaraqlılarından təmizlənməsini və rəsmi Dəməşq ilə Suriya müxalifəti arasında İsveçrənin Cenevrə şəhərində növbəti danışıqlara start verilməsini Suriya böhranının həlli istiqamətində ciddi irəliləyiş saymaq olar.

 

Əl-Bab azad olundu. Növbə Rakkanındır?

Suriyanın Əl-Bab şəhərinin “İD” yaraqlılarından azad olunmasında həlledici rolu Türkiyə Silahlı Qüvvələri oynayıb. Bu, Ankaranın 2016-cı ilin avqustundan keçirdiyi «Fərat qalxanı» hərbi əməliyyatı çərçivəsində baş verib. Bu əməliyyatın keçirilməsində məqsəd Türkiyə dövlətinə yalnız “İD”dən yox, həm də kürd terror qruplaşmaları tərəfindən gələn təhlükənin aradan qaldırılmasıdır.

Əl-Bab üzərində nəzarəti ələ almaq türk ordusu və onun dəstəklədiyi «Azad Suriya Ordusu» (ASO) ilə terrorçular arasında 2 aydan artıq davam edən şiddətli döyüşlərdən sonra mümkün olub. Türkiyə sərhədindən 30 kilometrlik məsafədə yerləşən bu şəhər bir müddət əvvəl azad olunmuş Hələblə də təxminən, eyni məsafədədir. O, “İD”nin Suriyanın şimalındakı son ciddi dayaq nöqtəsi idi. Lakin Əl-Babın azad olunması Ankara üçün Suriya kürdlərinin hərbi strukturları ilə mübarizə nöqteyi-nəzərindən də vacibdir. Onların məqsədi Suriyanın şimal ərazilərində elan olunmuş və Türkiyədə fəaliyyəti qadağan olunmuş PKK ilə sıx əlaqələrə malik muxtariyyətin tanıdılmasıdır. Türkiyə Əl-Babı terrorçulardan təmizləməklə, kürdlərin Afrin və Kobani kantonlarının birləşməsinə mane olub. Bu isə Suriyanın şimalındakı tanınmamış kürd muxtariyyətinin mövqelərini zəiflədib. Bu, Suriyanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri çərçivəsində kürd muxtariyyətini tanımayan rəsmi Dəməşqə də sərf edirdi.

İndi, Türkiyənin eyni vaxtda həm “İD”, həm də kürd qruplaşmaları ilə mübarizəsində növbəti mərhələ, ümumilikdə, beynəlxalq antiterror səyləri üçün belə, həlledici ola bilər. Söhbət “İD”nin özünün paytaxtı elan etdiyi Rakka şəhərinə hücumdan gedir. Məsələ ondadır ki, “İD”nin «paytaxt»ına əsası kürd silahlı dəstələrindən ibarət «Suriya demokratik qüvvələri» (SDQ) də hücum edir. Ona ABŞ və Vaşinqtonun avropalı müttəfiqləri dəstək verir. Odur ki, əksər ekspertlərin fikrincə, Türkiyə Ordusunun Suriyanın şimalında bundansonrakı əməliyatları Suriya münaqişəsində daha bir cəbhənin açılması ilə nəticələnə bilər. Söhbət kürd-türk cəbhəsindən gedir.

Bu mənada, Birləşmiş Ştatların mövqeyi son dərəcə vacib sayılır. Məlum olduğu kimi, Barak Obamanın prezidentliyi dövründə ABŞ-Suriya müharibəsində kürdlərə «stavka» edirdi və əslində, Rakkanın azad olunmasına görə məsuliyyəti SDQ-nin üzərinə qoymuşdu. Bu, NATO-da müttəfiq olan ABŞ ilə Türkiyənin münasibətlərində müəyyən soyuqluq da yaratmışdı. İndi, Ağ evin yeni sahibi Donald Tramp faktiki olaraq, Suriya böhranının gələcək gedişində Türkiyə ilə kürdlər arasında seçim etməli olacaq.

Eyni zamanda, Rakkanın azad olunması əməliyyatının hansı formada aparılacağı da intriqa mövzusudur. Türkiyənin Baş naziri Binəli Yıldırımın sözlərindən məlum olub ki, Rakkanın azad edilməsində əl-Bab əməliyyatı zamanı istifadə olunmuş taktikadan yararlanıla bilər. Söhbət Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında dislokasiya olunmuş hissələri ilə ASO dəstələrinin birgə əməliyyatından gedir. Bununla yanaşı, Ankara Vaşinqtona Rakka əməliyyatının şərtlərini onunla razılaşdırmağa hazır olduğuna dair siqnal da göndərir. Bundan başqa, Türkiyə Suriya ərazisinə yerli təhlükəsizlik qüvvələrinə dəstək verilməsi üçün məhdud sayda ABŞ hərbi kontingentinin yerləşdirilməsini də təklif edib. Münhen Təhlükəsizlik Konfransında çıxış edən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu təklif bu yaxınlarda Türkiyəyə səfər etmiş ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danfordun nəzərinə çatdırılıb.

Lakin Suriya münaqişəsinin nizamlanması prosesində Türkiyənin Rusiya və İranla əməkdaşlığı daha effektiv görünür. Hər halda, təxminən, 6 ildir davam edən və 100 minlərlə insanın həyatına son qoymuş qardaş müharibəsinin getdiyi bu Yaxın Şərq ölkəsində müşahidə olunan dönüşdə məhz bu əməkdaşlığın həlledici rol oynadığını heç bir şişirtməyə yol vermədən söyləyə bilərik.

 

«Üçlük» amili

Türkiyənin Suriya münaqişəsində nəzərəçarpacaq dərəcədə fəallaşmasının Ankara ilə Moskva arasındakı razılaşmanın nəticəsi olduğunu düşünmək üçün əsaslar var. Türkiyə ilə Rusiya arasında strateji tərəfdaşlığın bərpa olunması Suriya məsələsində özünü tam aydın göstərir. Halbuki, əvvəlki illərdə bu ölkələr məsələ ilə bağlı bir sıra həlledici məqamlara fərqli yanaşdıqlarını gizlətmirdilər. Onların əsas fikir ayrılıqlarından biri də Suriya Prezidenti Bəşər Əsədin gələcək siyasi taleyi ilə bağlı idi. Lakin Rusiya ilə Türkiyə taktiki xarakterli ziddiyyətləri bir kənara qoya, diqqəti hər iki tərəf üçün eyni dərəcədə strateji əhəmiyyət daşıyan məqamlara yönəldə bilib. Söhbət, ilk növbədə, onların Suriya dövlətinin ərazi bütövlüyünü, suverenliyini və birliyini dəstəkləməsindən gedir. Nəticədə, bu iki ölkə Suriyada hərbi irəliləyişə nail olub və məhz bunun sayəsində Hələb və əl-Babın azad olunması uğrunda əməliyyatlar uğurlu alınıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir fikrini də təsadüf saymaq olmaz. O, Türkiyənin keçirdiyi «Fərat qalxanı» əməliyyatı ilə bağlı Rusiya ilə Türkiyə arasında heç bir fikir ayrılığının olmadığını bəyan edib.

Bununla yanaşı, Suriyada vəziyyətə rəsmi Dəməşqin müttəfiqi olan İran da son dərəcə ciddi təsir göstərməkdədir. Tehran Hələbin azad olunmasına böyük töhfə vermiş şiə qeyri-nizami qoşununun hazırda Suriya Ordusu ilə Rusiya hərbçilərinin nəzarətində olan şəhərdən çıxarılmasından narazıdır. Bundan başqa, İran Türkiyə Ordusunun Suriya ərazisinin dərinliyinə doğru hərəkət etməsindən narahatlığını da gizlətmir. Qeyd edək ki, bu zaman türklər ASO-dan olan sünni yaraqlılara arxalanır.

Müəyyən fikir ayrılıqları fonunda Türkiyə ilə İran diplomatik müstəvidə bir-birini «acılamaq”dan belə, çəkinmirlər. Türkiyə lideri Ərdoğan Bəhreynə bu yaxınlarda etdiyi səfər zamanı İranı Suriya və İraqda dezinteqrasiyaya, regiona təsirini artırmağa çalışmaqda günahlandırıb. Bənzər fikirləri Türkiyənin Baş naziri Binəli Yıldırım da səsləndirib. Cavab isə İran Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Kasımidən gəlib. Türkiyəni «İranın səbrini daşırmamağa» çağıran Kasımi Ankaranı «imperiyanın bərpasını arzulamaqda, terrorçu qrupları dəstəkləməkdə» günahlandırıb. Bundan başqa, Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin ölkə rəhbərliyinin bəyanatları ilə əlaqədar İran XİN-ə çağırılıb. Ankara isə Tehranın demarşına XİN rəsmisi Hüseyn Müftüoğlunun bəyanatı ilə cavab verib. O, İranı regionda gərginlik yaratmaqda, sabitliyi pozmaqda ittiham edib.

Lakin Ankara ilə Tehranın qarşılıqlı söz atışması Suriyada barışığın qarantı missiyasını üzərinə götürmüş Rusiya-Türkiyə-İran «üçlük”ünün tezliklə dağılacağını deməyə əsas vermir (ən azı hələlik). Səbəb isə eynidir - bu ölkələrin hər 3-nün Suriyanın birliyinin və ərazi bütövlüyünün qorunub-saxlanılması ilə bağlı strateji maraqları üst-üstə düşür. Buna əsaslanan Rusiya, Türkiyə və İran Birgə Operativ Qrupunun yaradılmasına dair razılığa da gəlinib. Qrup müntəzəm olaraq görüşlər keçirəcək və gördüyü işin nəticələri haqqında Suriyaya Beynəlxalq Dəstək Qrupunu məlumatlandıracaq. Bu qərarı sözügedən 3 ölkənin Suriya ərazisindəki terror qruplaşmaları ilə birgə və uğurlu mübarizə apardıqlarının daha bir göstəricisi saymaq olar.

 

Cenevrəyə olan ümidlər...

Suriya probleminin bu və ya digər formada həllində maraqlı olan xarici qüvvələr balansının şəklindən asılı olmayaraq, bir şey dəqiqdir: Suriyada çoxdan gözlənilən sülhə yalnız suriyalıların öz aralarında razılığa gəlməsi ilə nail olmaq mümkündür. Odur ki, təxminən, birillik fasilədən sonra, suriyadaxili qüvvələrin Cenevrə danışıqlarının bərpa olunması sevindirici haldır. Rusiya, Türkiyə və İranın himayəsi altında bir müddət əvvəl Astanada aparılmış çoxtərəfli danışıqlardan sonra, münaqişə tərəfləri arasında inamın yaradılması işində irəliləyiş əldə edilib. İndi, Beynəlxalq Suriyaya dəstək qrupu ölkələrindən, həmçinin ABŞ, Rusiya və Türkiyədən də diplomat və ekspertlərin gəldiyi Cenevrədə bu istiqamətdə yeni ciddi addımların atılması vacibdir.

Şübhəsiz ki, danışıqlar asan keçməyəcək. Münaqişə tərəflərinin mövqelərinin bir-birinə son dərəcə zidd olması kompromisin əldə olunması imkanlarını minimuma endirir. Üstəlik, Suriya müxalifətinin özü ayrı-ayrı qüvvələrdən ibarətdir və onlar danışıqlara çoxsaylı qruplar şəklində qatılır. Bu qruplaşmaların hər biri isə Suriyanın gələcək dövlət düzənini bir cür görür.

Bu arada BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın Cenevrədə səsləndirdiyi fikirlər kifayət qədər maraqlıdır: «Möcüzə gözləməyə dəyməz. Birincisi, mən mövhumatçıyam. Üstəgəl, hazırda ciddi ziddiyyətlər qalmaqdadır. Həmçinin mən realistəm. Ən vacıb məsələ, bütün tərəflərin müharibənin davam etməsinin yolverilməz olduğunu anlayacağı andır. Əsas maneələr nədir? İnamın olmaması! Və danışıqlar da bu maneəni aradan qaldırmalıdır».

Şübhəsiz ki, münaqişə tərəfləri Suriyanın gələcəyinə dair əsas məqamları yalnız inam atmosferinin yaradılması ilə razılaşdıra bilər: keçid hökumətinin təşkili şərtləri, yeni Konstitusiyanın hazırlanması, seçkilərin keçirilməsi və s. Bununla yanaşı, sülh nizamlanması prosesində hər hansı ilkin şərtin irəli sürülməsi yolverilməzdir və bunu Staffan de Mistura da bütün maraqlı tərəflərin nəzərinə çatdırıb. Bu xatırlatmanı zərurə edən məqam var idi: Suriya müxalifətinin «Ər-Riyad qrupu» yenidən Əsədin istefasını şərt kimi irəli sürməyə başlayıb. Lakin Moskvadan buna kəskin etiraz özünü çox gözlətməyib. Rusiya Cenevrə konfransına Səudiyyə Ərəbistanı paytaxtından gəlmiş müxalifətçilərin məsələni bu cür qoymasını «mənasız hərəkət» adlandırıb.

Amma bu cür ziddiyyətlər belə, hazırda aparılan danışıqların əhəmiyyətini azaltmır. Münaqişə tərəfləri, prinsipcə, razılığa gəlməyə hazırdır. Bu, qana boyanmış Suriyada sülhə az da olsa, ümid yaradır.



MƏSLƏHƏT GÖR:

426