2 May 2024

Cümə axşamı, 02:02

İLAN ƏJDAHAYA QARŞI...

Bəlkə də əl-Bağdadi tərəfdarlarını Suriya dağlarına yox, Tyan-Şana çəkilməyə çağırır

Müəllif:

15.03.2017

«İslam Dövləti» (İD) terror təşkilatı, yəqin ki, tarixin ən zəngin və böyük, ən geniş ərazilərə nəzarət edən terror təşkilatı idi (və yəqin ki, hələ də belədir). O, bir başı kəsilərkən yerinə bir neçə başın çıxdığı əjdahanı xatırladır.

Lakin son zamanlar o, gözlənilmədən mövqelərini itirməyə başlayıb. Dünya KİV amerikalıların başçılıq etdiyi koalisiyanın İranın Mosul şəhərinə - «İD”nin paytaxtı»na hücumunu geninə-boluna işıqlandırmaqdadır. Halbuki, “İD”nin ən güclü qruplaşması məhz Mosulda yerləşirdi.

Suriyanın hökumət qüvvələri havadan Rusiya Hərbi Kosmik Qüvvələrinin dəstəyi ilə Palmiranı və Hələbin şimal hissəsini terrorçulardan azad edib. Palmiranı terrorçular, demək olar ki, döyüşsüz tərk edib. Digər tərəfdən, həmin ərazilərin coğrafi xüsusiyyətlərini nəzərə alsaq, Palmira səhranın ortasında yerləşir və bu üzdən onu qoruyub-saxlamaq  ələ keçirməkdən  çətindir. Sanki «tutacağı olmayan çamadandır»: itirmək istəmirsən, amma daşımaq da çox çətindir.

Bütün bunlarla yanaşı, “İD” hələ də regionda çox güclü mövqelərə malikdir. Yəni, hələlik qruplaşmanın tamamilə məhv edildiyi haqqında danışmaq tezdir. Bu şəraitdə “İD” lideri Əbu Bəkr əl-Bağdadinin «kafir”lərlə müharibəni uduzduqlarına dair bəyanatı qəribə səslənir. Dünya KİV artıq bu bəyanatı sensasiya kimi qiymətləndirib. Əl-Bağdadinin özü isə bəyanatını «vida çıxışı» adlandırıb və tərəfdarlarını dağlara çəkilməyə çağırıb.

Bu bəyanatı bir sıra səbəblərdən paradoksal saymaq, birmənalı qəbul etməmək mümkündür. Birincisi, Suriya və İraqda minlərlə terrorçunun gizlənə biləcəyi dağlar çox deyil. Axı terrorçular yaşayış məntəqələrindən dağlara və ya səhralara çəkilməklə, koalisiya qüvvələri üçün açıq hədəfə çevrilir - bu halda koalisiya qüvvələri  heç bir itki vermədən onlara zərbələr endirmək imkanı qazanır. Belə təəssürat yaranır ki, Bağdadi bircə tərəfdarlarının dağlara çəkilməsinin dəqiq vaxtını, saatını və yolunu açıqlamayıb.

“İD”nin zombiləşmiş başkəsənlərinin «şəhid olmaq”dansa, təslim olmağı seçəcəyinə də inanmaq çətindir. Elə həmin Mosulda bir çoxları Fərat yaxınlığındakı Kadisiya dambasının partladılması risqindən danışırdı. Ekspertlərin fikrincə, bu bəndin dağılması 1,5 milyon insanın ölümü, İraqın, demək olar ki, tamamilə dağılması ilə nəticələnə bilər. Yeri gəlmişkən, əl-Bağdadi hələ ötən ilin noyabrında tərəfdarlarını Mosulda son damla qanadək mübarizə aparmağa çağırır, “İD”nin tezliklə qələbə qazanacağını bildirirdi. Lakin terrorçular hansısa qəribə səbəblərdən bu strateji obyekti partlatmadan tərk etməyi lazım biliblər.

Nəzərə alaq ki, “İD” müxtəlif ərazilərə, fəaliyyət sahələrinə və s. cavabdeh olan onlarla qruplaşmadan ibarət strukturdur. Belə olan təqdirdə, onların hamısı liderin çağırışına əməl edəcəkmi? Əks təqdirdə, söhbət artıq, “İD”nin parçalanmasından gedəcək. Bundan sonra isə “İD”ni tərk edərək, «mötədil hərbi müxalifət»ə keçmək çox asan olacaq. Söhbət Qərb dövlətləri və Fars körfəzi ölkələrinin tam dəstək verdiyi müxalifətdən gedir.

Digər tərəfdən, aydındır ki, “İD” başkəsənlərinin ideologiyası nə qədər güclü olsa da, onlar muzdludur və inanc uğrunda savaşla yanaşı, kifayət qədər ciddi məbləğ qarşılığında döyüşürlər. Bəs onlara dağlarda «istirahət»ə görə kim sponsorluq edəcək? Nəhayət, Əbu Bəkr əl-Bağdadi, həqiqətənmi, “İD”nin əsas lideridir? Onun, sadəcə, yarımmifik, media üçün nəzərdə tutulmuş personaj, ideologiyaya və muzdlu cəlbinə cavabdeh şəxs olduğuna dair fikirlər var. Müasir media dövrü lazım olanda təşkilatın adından lazımi fikirləri səsləndirəcək parlaq sima tələb edir. Həqiqətən də, Bağdadi parlaq xarici görünüşünə, vəzifəsinin adına (bütün möminlərin əmiri) baxmayaraq, faktiki olaraq, çox şey həll etmir. O, sadəcə, deməli olduğu sözləri dilə gətirir.

Bununla yanaşı, əl-Bağdadinin vida çıxışının ikinci hissəsi daha maraqlıdır. O, tərəfdarlarını bütün regiona, yəni, gəldikləri ölkələrə qayıtmağa səsləyib. Əgər əvvəllər o, tərəfdarlarını «dövlət»i qorumaq üçün Suriya və İraqa çağırırdısa, indi, “İD”yə və onun «müqəddəs iş”inə faydalı olmaları üçün olduqları yerdə qalmağa səsləyir.

Bəyanatda o da deyilir ki, qruplaşma üzvləri ayrı-ayrı vaxtlarda konkret tapşırıq ala bilər. Deyəsən, “İD” yeni taktikaya, yeni strategiyaya keçir. Bəs onlar hansı mexanizmlərdən, hansı üsullardan istifadə edəcək?

Mütəxəssislərin fikrincə, artıq “İD”nin terrorçuluq fəaliyyətində yeniliklərdən danışmaq olar; məsələn, insanların ələ alınması yolları dəyişib. Əvvəllər qruplaşma, sadəcə, silaha sarılaraq düşmənlə döyüşə atılacaq cahil başkəsənlərə ehtiyac duyurdu. “İD” indi də belə «material”lardan istifadəyə qarşı deyil. Lakin indi, onlara daha çox «canlı bomba» kimi ehtiyac duyulur. İndi, əsasən, müxtəlif sahələrə aid mütəxəssislər ələ alınır: psixoloqlardan tutmuş, proqramçılaradək. Demək, bundan sonra qruplaşmanın kiberməkanda fəallaşacağını gözləmək olar.

Digər təhlükəli məqam kimi, cihadçıların rəsmi mövqelərə yiyələnmək cəhdlərini göstərmək olar. Araşdırmalar göstərir ki, Avropada və postsovet məkanında dini təşkilatların kütləvi qeydiyyatı baş verir. Bu, ekstremistlərin hansısa dini təşkilatın leqal şəkildə qeydiyyata keçirmək işinə girişdiklərini göstərir. Bu, onlara müəyyən hüquqi və korrupsiya müdafiəsi təmin edəcək. Bununla da onlara qarşı istənilən addımı və ya qərarı «insan haqlarının pozulması və adi müsəlmanların təqibi» kimi xarakterizə etmək imkanı verəcək. Bundan başqa, leqal təşkilatlar cihadçılara “çirkli pul”ların yuyulması, məlumatlar bazasının yaradılması, rəsmi veb-səhifələrin yaradılması, təbliğatın aparılması, qəzet-jurnal buraxılması və s. üçün də lazımdır.

“İD”nin fəaliyyətini öyrənən mütəxəssislər deyir ki, artıq terrorçulara çox pul ödənmir və “İD” rəhbərliyində ciddi maliyyə problemləri var. Bu, həm də neft və talan olunmuş artefaktların satışından gəlirlərin ciddi şəkildə azalması ilə bağlıdır. Beləliklə, “İD” rəhbərliyi üçün yaraqlıların sayının azaldılması sərf edir. İnsan yoxdursa, xərc də yoxdur!

Bütün bunlara baxmayaraq, “İD”nin hərbi əməliyyatlardan tam imtina edəcəyini düşünmək olmaz. Üstəlik, Bağdadi «vida çıxışı»nın ikinci hissəsində tərəfdarlarını kiçik hissələrə parçalanmağa, gizlənməyə, qonşu dövlətlərdə yeni döyüşlərə hazırlaşmağa çağırıb.

Başqa sözlə, “İD”nin fəaliyyətində yeni səhifə və təşkilatın strategiyasını dəyişməsi regionda və bütün dünyada yeni geosiyasi reallıqlara yol aça bilər. İndi, “İD” quyruğu kəsilmiş ilan kimi, qaçıb canını qurtarmağa, mövcudluğunu davam etdirmək üçün yeni sığınacaq axtarmağa başlayacaq. Bu ilanın hərəkət marşrutunu təxmin etmək üçün isə «İslam Dövləti» adlı divin yaranmasına gətirib çıxarmış amillərə, şəraitə nəzər salmaq yerinə düşər.

“İD”nin yaradılmasında Amerikanın xüsusi xidmət orqanlarının da rolunun olduğuna dair versiya çox səsləndirilib. NATO-nun birgə qüvvələrinin sabiq Baş komandanı general Uesli Klarkın sözlərinə görə, qruplaşmanı amerikalılar Fars körfəzindəki müttəfiqləri ilə birgə yaradıb və məqsəd Livanın «Hizbullah» təşkilatı ilə mübarizə olub. ABŞ Prezidenti Donald Tramp isə birbaşa Barak Obama ilə Hillari Klintonu “İD”nin valideynləri adlandırıb. İndi, Qərbi Afrikadan Çinin Sintszyan-Uyğur muxtar bölgəsinədək nəhəng areala nəzarət edən bu qruplaşma Avrasiyanın istənilən regionunda sabitliyi poza bilər. Bu baxımdan, hədəflərə sanki nail olunub: bu gün «Böyük Yaxın Şərq» adlı məşhur planın qismən reallaşdırıldığını söyləmək mümkündür. O, bir sıra region ölkələrinin parçalanmasını və onların yerində yeni dövlətlərin yaradılmasını nəzərdə tutur. Beləliklə, artıq İraq və Suriyanın birliyindən danışmaq mümkün deyil və onlar, yəqin ki, bundan sonra heç zaman əvvəlki vəziyyətlərinə qayıtmayacaq. Əvəzində, onların yerində Kürdüstan adlı yeni quruluşun konturları yavaş  da olsa, əminliklə ortaya çıxmaqdadır.

Amma “İD” bir müddət sonra Qərbin nəzarətindən çıxıb və «valideynlər» təşkilatın onların özünə təhlükə yaradan divə çevrildiyini anlayıb. Beləliklə, indi biz yalnız “İD”nin fəaliyyətində deyil, həm də ona münasibətdə yeni mərhələnin şahidi oluruq.

Bir çoxları ABŞ-ın yeni Prezidenti Donald Trampın “İD” haqqında istər seçki kampaniyası zamanı, istərsə də prezident seçildikdən dərhal sonra səsləndirdiyi bəyanatı ruh yüksəkliyi ilə qarşılamışdı. “İD”ni beynəlxalq bəla adlandıran Tramp ona qarşı hər kəslə, o cümlədən Rusiya ilə birlikdə mübarizə aparılmalı olduğunu bildirib. Amma gəlin nəticəyə baxaq: Trampın Ağ evə rəhbərliyə başlamasından 2 aya yaxın vaxt keçir və hələ ki, bu istiqamətdə hər hansı ciddi addımın atıldığını görmürük. Bundan başqa, artıq bir çox analitiklər diqqəti Trampın Rusiya ilə bağlı ritorikasının kəskinləşdiyinə çəkir.

Xatırladaq ki, əl-Bağdadi sözügedən bəyanatını ABŞ Prezidentinin Senat üzvləri qarşısında “İD”nin mövcudluğuna nəyin bahasına olursa-olsun, son qoyacağını təkrarlamasından sonra səsləndirib. Bağdadinin «kafirlərlə müharibə”ni uduzduqlarını bəyan etməsindən isə belə çıxır ki, səylərin birləşdirilməsinə də ehtiyac qalmayıb. “İD” yoxdursa, onun məhv edilməsi üçün əməkdaşlıq da lazım deyil.

«Associated Press» agentliyinin martın 4-də Ağ evdən olan məmurlara və qərbli diplomatlara istinadən yaydığı məlumatda bildirilir ki, Prezident Trampın məsləhətçiləri və müttəfiqləri ona “İD” məsələsində Moskva ilə əməkdaşlıq planını, ən azı, bir müddət təxirə salmasını tövsiyə edib. Bu, milli təhlükəsizliklə bağlı digər məsələlərə də aiddir. Agentliyin məlumatına görə, buna 3 amil təsir göstərib: Trampın «rusiyapərəst”likdə ittiham olunması, ətrafının təzyiqləri və Avropadakı müttəfiqlərin vahid mövqeyi.

Trampın prezident seçilməsindən hələ xeyli əvvəl, bir çox mütəxəssislər onun qalib gələcəyi təqdirdə bir sıra vədlərini yerinə yetirməkdən boyun qaçırmaq məcburiyyətində qalacağını proqnozlaşdırırdı. Əslində, ABŞ Prezidentinin bütün bəyanatları və fəaliyyəti yalnız aysberqin görünən tərəfidir. Bu ölkədə əsas qüvvələr hər zaman kölgədə olur. Prezident müəyyən edilmiş çərçivəni aşarsa, bu ona çox baha başa gələ bilər. Yeri gəlmişkən, Trampın iki ən yaxın silahdaşı artıq ehtiyatsızlığın qurbanı olub: Maykl Flinn prezidentin Milli Təhlükəsizlik Məsələləri üzrə məsləhətçisi postunu tərk etmək, Baş prokuror Ceff Seşns isə rus məsələsi ilə bağlı araşdırmalardan kənara çəkilmək  məcburiyyətində qalıb (hərçənd, demokratlar onun, ümumiyyətlə, Ədlyyə naziri postundan getməsində israr edirdilər).

Trampı anlamaq olar. Onu da nəzərə almaq lazımdır ki, “İD” kimi təşkilatların mövcudluğunda son dərəcə maraqlı olan, onların vasitəsilə nəhəng pullar qazanan və öz maraqlarını həyata keçirən qüvvələr yox olmayıb. “İD” xidmətindən 1 saatın içərisində imtina olunmayacaq dərəcədə «yağlı tikə»dir. Belə çıxır ki, “İD”nin «vida müraciəti»ndən dərhal sonra, terrorçuların daha bir videomüraciət yayması heç də təsadüf deyildi. Bu dəfə onlar… Çinin tezliklə çökəcəyini vəd edirdi. Bu, “İD”nin tarixində Çinlə bağlı ilk belə açıq bəyanatdır. Videoçarxda ÇİN sədri Si Cinpinin portreti yavaş-yavaş alışır, ölkə isə «qan gölü»nə çevriləcəyi ilə hədələnir. Qeyd edək ki, Suriyada döyüşən terrorçular arasında Çinin Sintszyan-Uyğur muxtariyyətindən olanlar az deyil. Onlar əvvəllər də vətənə qayıdaraq, «mübarizə”ni orada davam etdirmək niyyətlərini gizlətmirdilər. Ümumiyyətlə, son illərdə Çinin bu regionunda terror dalğasının gücləndiyini söyləmək olar. Qərb mətbuatı isə zaman-zaman orada, guya, müsəlmanların hüquqlarının tapdalandığına dair məlumatlar yayır, bunu saxta foto və videomateriallarla daha da inandırıcı etməyə çalışır.

«Taliban»ın sıralarında da uyğurların sayı az deyil və onlar bu təşkilatda kifayət qədər yüksək postlar tutur. Bu yerdə bir maraqlı məqamı da vurğulamaq lazımdır: “İD”nin uyğur üzvlərinin fəallaşması, Çinin qan gölünə çevriləcəyinə dair açıq hədələr Pekinin BMT TŞ-də Suriya hökumətinə qarşı qətnaməyə ilk vetosundan sonraya təsaüdf edib. Daha da maraqlı olanı isə odur ki, “İD”nin «kafirlər»ə qarşı yeni strategiyasında Çinin adı Prezident Trampın Pekini əsas rəqib elan etməsinin ardından çəkilməyə başlayıb - bəlkə də təsadüfdür. Beləliklə, kifayət qədər qəribə vəziyyət yaranır - “İD” ilə ABŞ-ın düşməni eynidir. Demək, indi qara ilan (“İD”) ilə «qırmızı Çin əjdahası» arasında döyüşə hazırlıqdan danışmaq olar. Bəlkə də əl-Bağdadi, tərəfdarlarını Suriya dağlarına yox, Tyan-Şana çəkilməyə çağırır…



MƏSLƏHƏT GÖR:

358