26 Aprel 2024

Cümə, 17:32

KOREYA ÇAĞIRIŞLARI

Vaşinqtondan KXDR-ə güc tətbiqi ilə bağlı gələn hədələr nə qədər realdır?

Müəllif:

01.04.2017

KXDR ətrafında baş verənlər Asiya-Sakit okean regionunda vəziyyəti yenidən son dərəcə gərginləşdirib. Üstəlik, indi, hadisələrin gedişi yalnız Pxenyanla geosiyasi düşmənləri, ilk növbədə, ABŞ arasındakı qarşıdurmadan asılı deyil. İndi, ortada bir sıra digər amillər də var və onların sırasında ilk yerdə, şübhəsiz ki, Çinin artan qüdrəti gəlir.

 

Kim Çen Inın raketləri və Trampın «yeni yanaşması»

Martın son ongünlüyündə Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qadağalarına əməl etmək niyyətində olmadığını təsdiqləyən iki xəbər yayılıb. Söhbət TŞ-nin Pxenyanın nüvə və raket proqramının inkişafı ilə bağlı qadağalarından gedir. Pxenyan güclü raket mühərrikinin sınaqdan keçirildiyini bəyan edib. Cənubi Koreya ilə onu dəstəkləyən ABŞ bu məlumatı KXDR-in yeni nüvə sınaqlarına hazırlaşması kimi qiymətləndirib. Lakin cəmi bir gün sonra, Kim Çen In rejimi düşmənlərini növbəti ballistik raketin sınağı ilə «imtahana çəkib». Qeyd edək ki, bundan əvvəl KXDR bir neçə ballistik raketi də sınaqdan keçirmişdi. Martın 6-da sınaqdan keçirilən raketlər isə Yaponiyanın iqtisadi zonasınadək uçmuşdu.

Cənubi Koreya KİV son sınağın uğursuz alındığını yazsa da, Kim Çen In bütün bu demarşları «KXDR-də raket sənayesinin yaradılması» kimi qiymətləndirib. Üstəlik, Pxenyan raket sınaqlarının hamısının uğurlu alındığını bildirir.

Məsələyə BMT TŞ də reaksiya verib. KXDR-in əməllərini pisləyən qurum Pxenyanı onun qətnamələrinə zidd addımlardan çəkinməyə çağırıb. Yeri gəlmişkən, 2006-cı ildə BMT TŞ bununla bağlı, düz, 6 qətnamə qəbul edib. Son 2 qətnamə isə ötən il qəbul olunub və Pxenyana qarşı mövcud sanksiyalar rejimini son dərəcə sərtləşdirib. Son sənədlərə əsasən, KXDR ilə ticarət, faydalı qazıntıların ixracı, silah alış-verişi və bank sektorunda əməkdaşlıq da qadağan edilib.

Lakin bütün bunlar Şimali Koreyanı nüvə və raket proqramından imtinaya məcbur edə bilməyib. Bunu ABŞ, Yaponiya və Cənubi Koreyaya ünvanlanmış çağırış kimi qiymətləndirmək olar. KXDR hərbi sahədə strateji proqramların reallaşdırılmasını məhz bu dövlətlər tərəfindən gələn təhlükə ilə əlaqələndirir. Pxenyan bildirir ki, onun bu addımları atmasında məqsəd «ABŞ tərəfindən gələn nüvə təhlükəsi və şantajın önlənməsidir». Odur ki, Şimali Koreyanın Qərb və dünyanın aparıcı fövqəldövləti olan Birləşmiş Ştatlarla münasibətləri, şübhəsiz ki, onun regional və qlobal miqyasdakı yerinə və roluna həlledici təsir göstərir. Bu üzdən, ABŞ-ın Donald Trampın rəhbərlik etdiyi yeni administrasiyasının «Şimali Koreya siyasəti»nin necə olacağı ciddi maraq doğurur. Tramp Barak Obamanın prezidentliyi dönəmində tətbiq olunmuş Pxenyana təzyiq təcrübəsinə hər hansı ciddi dəyişiklik edəcəkmi?

Donald Tramp ABŞ Prezidenti kürsüsünə əyləşdikdən az sonra, KXDR lideri Kim Çen Inı «çox pis» qiymətləndirib. Halbuki, əvvəllər onunla danışıqlar aparmaq, bu ölkənin nüvə problemini «danışıqlarla həll etmək» arzusunu ifadə etmişdi. Amma indi, Vaşinqtonda Şimali Koreyaya preventiv zərbələrin endirilməsinin, Cənubi Koreya və Yaponiya ərazisinə taktiki nüvə silahının yerləşdirilməsinin mümkünlüyündən danışılır. Bu, ABŞ-ın yeni administrasiyasının Pxenyanla problemin həllinə sərt yanaşma ortaya qoyduğunu təsdiqləyir. Bu xətt özünü Amerikanın dövlət katibi Reks Tillersonun ilk Asiya turnesindəcə özünü göstərib. Söhbət onun Yaponiya, Cənubi Koreya və Çinə martın 15-19-da baş tutmuş səfərindən gedir.

O, Seulda Cənubi Koreyanın Xarici İşlər naziri Yun Byonse ilə keçirdiyi birgə brifinqdə Pxenyanla bağlı «kompleks tədbirlər»in hazırlandığını etiraf edib. Tillerson bunu «diplomatik səylərin uğursuzluğu üzündən yeni yanaşma zərurətinin meydana çıxması» ilə əsaslandırıb. Dövlət katibi «KXDR-ə hərbi müdaxilənin də müzakirə olunan mümkün variantlar arasında olduğunu» söyləyib.

O, bənzər bəyanatı Tokioda da səsləndirib: Yaponiyanın XİN başçısı Fumio Kisida ilə birgə mətbuat konfransında Tillerson «təxminən, 20 ildir aparılan Şimali Koreyanın denuklearizasiya siyasətinin iflasa uğradığını» bildirib. O, məsələyə «yeni yanaşmanın vacibliyini» bir daha dilə gətirib, bunu «Şimali Koreyadan gələn təhlükənin getdikcə artması» ilə izah edib.

Həqiqətən də Şimali Koreyanın nüvə proqramının dayandırılmasına yönəlmiş səylər, özü də yalnız ABŞ-ın deyil, həm də BMT TŞ-nin səyləri iflasa uğrayıb. Şimali Koreya probleminin həlli ilə məşğul olan beynəlxalq vasitəçilərdən ibarət «altılıq» (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) faktiki olaraq, dağılıb. Bəs ABŞ-ın «yeni yanaşması» konkret nədən ibarət ola bilər və Vaşinqtondan KXDR-ə güc tətbiqi ilə bağlı gələn hədələr nə qədər realdır?

Şübhəsiz ki, amerikalılar «yeni yanaşma»nın bir hissəsi kimi, Şimali Koreyanın dünyanın maliyyə sistemindən tam və birdəfəlik təcridini nəzərdə tutur. Digər yanaşma Pxenyana təzyiqlə bağlı qlobal formatın dəyişməsidir - çoxtərəfli təzyiqin ABŞ, Yaponiya və Cənubi Koreyadan ibarət üçtərəfli təzyiqlə əvəzlənməsi nəzərdə tutulur. Dövlət katibi Tillersonun yaponiyalı həmkarı Kiçida ilə KXDR-ə təzyiqlərin artırılmasına dair razılığa gəlməsi bu baxımdan təəccüblü deyil. Tillerson Pxenyanın qarşısının kəsilməsində Yaponiya-Amerika əməkdaşlığının güclənməsinin böyük rola malik olduğunu söyləyib.

Cənubi Koreyaya gəlincə, Birləşmiş Ştatlar onu Şimali Koreyaya hərbi-siyasi təzyiqlərin əsas meydanı sayır. Martın əvvəlindən ABŞ bu ölkənin ərazisində THAAD Hava Hücumundan Müdafiə (HHM) Sisteminin yerləşdirilməsinə başlayıb. Bunun ardınca isə Koreya yarımadasının cənubunda ABŞ və Cənubi Koreyanın birgə gərbi təlimlərinə start verilib.

Lakin Vaşinqtonun formalaşmaqda olan «yeni yanaşması»nın ən maraqlı məqamı Çinlə-Rusiyaya bu problemin həllində daha fəal olmaları üçün təzyiq göstərilməsi cəhdləridir. Moskva ilə Pekin KXDR-in nüvə obyektlərinə mümkün preventiv zərbələrə qəti etiraz edir. Onlar Koreya yarımadasının cənubunda ABŞ-a məxsus HHM sistemlərinin yerləşdirilməsinə də tənqidi yanaşır; məsələn, Rusiya və Çinin xarici siyasət idarələrinin birgə bəyanatında ABŞ ilə Cənubi Koreyanın sözügedən bölgədə THAAD HHM sisteminin yerləşdirilməsi işinə qəti etiraz yer alıb. Rusiya ilə Çin Vaşinqtonun bu əməllərini onların Asiya-Sakit okean regionundakı maraqlarına təhlükə kimi qiymətləndirdiklərini gəzlətmir.

 

Meydana Çin çıxır

Bu yerdə bir maraqlı məqamı qeyd etmək lazımdır: Pekin ABŞ ilə Cənubi Koreyanın birgə hərbi təlimləri saxlaması müqabilində Pxenyanın nüvə və raket proqramını dayandırmasını təklif etsə də, Vaşinqton faktiki olaraq, bunu rədd edib. Halbuki, Tillerson ÇXR sədri Si Cinpinlə görüşdə «biz istənilən münaqişənin qarsını almaq üçün əlimizdən gələni etmək niyyətindəyik» deyib.

Tillersonun ölkəsinin məqsədləri ilə bağlı açıqlamaları Tramp administrasiyasının Çinlə bağlı mümkün kursunu da təxmin etməyə imkan verir. Söhbət amerikalı strateqlərin açıq şəkildə dünyada Vaşinqtonun əsas siyasi və iqtisadi rəqibi adlandırdığı Çindən gedir. Prezident Tramp sələfinin «Asiyaya istiqamətlənmə» siyasətindən imtina ediləcəyinin anonsunu versə də, onların Çinin önünün kəsilməsi strategiyasının dəyişməz qalacağına şübhə yoxdur. ABŞ-ın yeni liderinin ilk addımları da bunu birbaşa və ya dolayısı ilə təsdiqləyib. Trampın Tayvan rəhbərliyi ilə danışıqlar aparması, faktiki olaraq, onun KXR-in ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilib. Üstəlik o, bu danışıqlar zamanı Pekini yuanın ucuzlaşmasında, «vicdansız» ticari siyasət yürütməkdə günahlandırıb, Cənubi Çin dənizində süni adalar salmasını tənqid edib. Bununla yanaşı, Tramp sonradan Si Cinpin ilə telefon söhbətində «vahid Çin» siyasətini dəstəklədiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməli olduğunu bildirib.

İstər Vaşinqtonun, istərsə də Pekinin davranışından məlum olur ki, Amerika-Çin dialoqunun strateji inkişaf xətti iki dövlət başçısı arasında apreldə Floridada keçirilməsi nəzərdə tutulan görüşdə müəyyənləşəcək.

Əksər ekspertlər hesab edir ki, Trampın Çinlə bağlı mövqeyinin yumşalması onun son zamanlar güclənən Moskva-Pekin tərəfdaşlığını pozmaq niyyətindən irəli gəlir. Ağ evdə anlayırlar ki, Çinə qarşı siyasətin sərtləşdirilməsi Moskva ilə Pekin arasında strateji dialoqu gücləndirə bilər. Amma bu, Amerikanın Çinin önünün kəsilməsi siyasətindən imtinası anlamına da gəlmir.

Pekin Cənubi Koreya ərazisində THAAD HHM sisteminin yerləşdirilməsinə əbəs yerə etiraz etmir - axı bu yeni radarlar Çin ərazisinin də əhəmiyyətli bir hissəsini nəzarətə götürür. Belə çıxır ki, Pxenyanın nüvə proqramı və ballistik raket sınaqları amerikalılara öz strateji potensialının elementlərini (perspektivdə bəlkə də atom silahını) Koreya yarımadasının cənubuna daşımağa bəhanə verir.

Başqa sözlə, KXDR-in əməlləri praktik olaraq, ABŞ-a Pekinin önünün kəsilməsinə yönəlmiş addımlarına haqq qazandırmaq imkanı verir. Bunu isə Amerikanın Şərqi Asiyadakı hərbi iştirakının güclənməsinin tərkib hissəsi kimi qəbul etmək olar.

Beləliklə, Pentaqon rəhbəri Ceyms Mettisin fevralda səfər etdiyi Yaponiya və Cənubi Koreyada ölkəsinin regiondakı alyanslarının sarsılmazlığı haqda bəyanatlarının səbəbi də aydındır. Ağ evin təklif etdiyi büdcədə Asiyada hərbi mövcudluğun gücləndirilməsinə xərclərin artırılması da eyni səbəbdən doğur. Bu mənada, Amerikanın KXDR-ə mümkün hərbi zərbələri ilə bağlı məsələyə də aydınlıq gəlir. Pxenyanın nüvə obyektlərinin məhv edilməsi Vaşinqtona, ən azı, indiki dövrdə lazım deyil. Çünki onların mövcudluğu «ABŞ-ın təhlükəsizliyinə daha ciddi təhdid»in - Çinin artan gücünün önlənməsinə kömək edir.

Əsas mövzumuza - KXDR-in bütün çağırış və xəbərdarlıqlara rəğmən, nüvə proqramını inkişaf etdirməsinə qayıtsaq, təəssüflə qeyd etməliyik ki, Pxenyana inadkarlıq nümunəsini nüvə fövqəldövlətləri klubunun daha təcrübəli nümayəndələri verir; məsələn, ABŞ, Çin və Rusiya Nyu-Yorkda nüvə silahının qadağan edilməsinə dair təşkil olunmuş danışıqlara qatılmaqdan imtina edib. Demək, dünyanın aparıcı fövqəldövlətləri nüvə potensialından imtinanı ağlından belə, keçirmir.

Amma bu, Şimali Koreyanın nüvə iddialarından və onun okeanın o tayındakı fövqəldövlətlə qarşıdurmasından kənar, tamamilə başqa mövzudur.



MƏSLƏHƏT GÖR:

382