26 Aprel 2024

Cümə, 10:43

BRİTANİYALI OLMAQ ÇƏTİNDİR

İngiltərədə keçiriləcək növbədənkənar seçki daha çox tapmacaya bənzəyir

Müəllif:

01.05.2017

Britaniya Parlamentinin deputatları mayda İctimai Palatanın iclas zalına son dəfə toplaşacaq, bir-birinə növbədənkənar, təxminedilməz seçkidən sonra yenə bu zalda qarşılaşmağı arzulayacaqlar. Seçki iyunun 8-nə təyin edilib. Bu, əsası hələ 1935-ci ildə qoyulmuş ənənəyə uyğun olaraq, cümə axşamına düşür.

Mühafizəkarların lideri, Nazirlər Kabinetinin başçısı Tezera Meyin bu təşəbbüsünə parlament nadir görünən yekdilliklə dəstək verib. Altı yüz əlli deputatdan növbədənkənar seçkinin keçirilməsinə yalnız 13-ü «yox» deyib. Bu, 2011-ci ildən qəbul edilmiş müvafiq qanunun ilk tətbiqidir. Qanuna görə, Baş nazir buna nail olmaq üçün deputatların 2/3-nin dəstəyini almalı idi.

Bəs əvvəllər necə olub? Hakim partiyanın rəhbəri, demək, həm də hökumət başçısı hakimiyyətini möhkəmləndirmək üçün uyğun məqamın yetişdiyi qənaətinə gələr-gəlməz, parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında sərəncam imzalaya bilirdi. Bir məqam istər mühafizəkarların, istərsə də leyboristlərin bu imkandan çox tez-tez istifadə etdiklərini göstərir: 1945-ci ildən seçkilər arasında orta müddət 3,5 ildən bir qədər çox olub. Halbuki, bu, 5 il olmalıdır.

Yalnız 2011-ci ildə Devid Kemeron liberal-demokratlarla koalisiya şəklində formalaşdırılmış hökumətin sabit fəaliyyətini təmin etmək üçün Baş nazirin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qanunun təşəbbüskarı olub.

 

Meyə xalqın mandatı lazımdır

Maraqlıdır ki, ötən il keçirilmiş referendumdan sonra, Kemeronu bir anda bütün postlarda əvəzləmiş Tereza Mey ilk gündən növbədənkənar seçkinin qəti əleyhdarı kimi çıxış edirdi. Hətta növbədənkənar seçkinin elan olunmasından cəmi 1 həftə əvvəl bu tezis bir daha dilə gətirilmişdi.

Görünür, Baş nazir opponentlərini «yuxuya verərək», hadisələrin belə inkişaf ssenarisini hər zaman beynində dolaşdırırmış. Meyi legitim siyasi lider olmasına rəğmən, ümumxalq etimadı mandatına sahib olmaması qane etmirdi.

Doğrudur, o, parlamentdən Aİ ilə «sərt Brexit» ssenarisi üzrə danışıqlar aparmaq üçün razılıq almışdı. Lakin müxalifət partiyalarından olan deputatlar Baş naziri tez-tez Aİ ilə «boşanma»da xalq arasında populyar olmayan qərarlardan çəkinməyə çağırırdı. Etiraf etmək lazımdır ki, hakimiyyətin möhkəmləndirilməsi üçün vaxt kifayət qədər uğurlu seçilib.

«Brexit»lə bağlı danışıqların ağır keçəcəyinə şübhə yoxdur. O, Nazirlər Kabinetindən qeyri-populyar qərarların qəbulunu, eyni zamanda, bir sıra güzəştlərə gedilməsini tələb edir. Bu isə hökumət və hakim partiyanın reytinqinə mənfi təsir göstərəcək.

Çoxsaylı sorğular göstərir ki, hazırda mühafizəkarlar populyarlığın pikindədir - britaniyalıların 42-44%-i onlara inanır. Əsas müxalifət olan leyboristləri isə 22-24% dəstəkləyir. Meyin şəxsi reytinqi daha yaxşıdır - rəyi soruşulanların 50%-i onu layiqli Baş nazir sayır. Leyboristlərin lideri Ceremi Korbin haqqında belə düşünənlər cəmi 14%-dir.

Lakin bütün bu sorğular, əslində, həqiqəti əks etdirməyə də bilər. Bu mənada, heç ABŞ-da keçirilmiş seçkilər də nümunə deyil. Böyük Britaniyada seçki sistemi tam fərqlidir. Burada bu və ya digər partiyaya verilmiş ümumxalq dəstəyi yox, konkret seçki dairəsində konkret namizədə verilmiş səslər əhəmiyyətlidir. Üstəlik, qələbə üçün sadə səs çoxluğu kifayətdir; məsələn, Birləşmiş Krallığın Müstəqillik Partiyası (UKIP) 2015-ci il seçkisində ölkə ərazisində, ümumilikdə, 12,64% səs qazanmışdı. Lakin partiya təmsilçisi yalnız 1 dairədə qalib gələ bilmişdi. Nəticədə, partiya parlamentdə yalnız 1 deputatla təmsil oluna bildi.

Odur ki, hazırda mühafizəkarlar arasında proqnozlar üzrə məşhur amerikalı mütəxəssis Natan Silverin qənaəti qızğın müzakirə olunmaqdadır. Xatırladaq ki, ABŞ-da keçirilmiş prezident seçkisi zamanı hər bir ştatda əldə edilmiş nəticə Silverin proqnozları ilə üst-üstə düşüb.

Onun fikrincə, Böyük Britaniyada aparılan sosioloji sorğuların nəticələri inandırıcı deyil və qarşıdan gələn seçki torilər üçün kifayət qədər risklidir. Hər halda, mühafizəkarların təkpartiyalı hökumət formalaşdırmaq imkanını əldən verməsi üçün parlamentdə cəmi 6 yer itirməsi kifayətdir.

 

Korbin satqındırmı?

Əksər seçici üçün Korbin parlaq lider deyil. Üstəlik, leyboristlər daxili qarşıdurmalarla çox «çalxalanıb». Partiyaya 2015-ci ilin seçkisindəki məğlubiyyətdən sonra rəhbərlik etməyə başlamış Korbin nəinki leyboristləri gücləndirə, yeni tərəfdarlar cəlb edə bilməyib, hətta partiyada parçalanmaya yol açıb. Nəticədə, leyboristlərin reytinqi sürətlə azalmağa başlayıb.

Beləliklə, iyunda ənənəvi olaraq leyboristləri dəstəkləyən, lakin «Brexit»ə «hə» demiş seçicilər Tereza Meyin Aİ ilə çətin danışıqların öhdəsindən daha yaxşı gələcəyini düşünə bilər. Bundan başqa, «Brexit»ə qarşı çıxmış digər «leyborist dairələr”i Korbini satqın hesab edir. Səbəb onun Aİ ilə “sərt şəkil”də ayrılmağa səs verməsidir. Onlar öz səslərini Britaniyanın ən avropapərəst partiyası sayılan Liberal-Demokrat Partiyasına (LDP) verə bilər.

Hər halda, leyboristlər seçicilərin rəğbətini geri qaytaracaqlarına ümidlidir. «Mən Baş nazirin Britaniya xalqına əksəriyyətin istəyini prioritet sayacaq hökumət seçmək imkanı verməsini alqışlayıram», - deyə Ceremi Korbin bildirib. Partiyasının növbədənkənar seçki qərarını dəstəkləməsini izah edən Korbin fikrini belə davam etdirib: «Leyboristlər ölkəyə iqtisadiyyatı yenidən qura bilməyən hökumətə effektiv alternativ təklif edir. İndiki hökumətin dövründə insanların həyat səviyyəsi getdikcə pisləşir, məktəblərə, milli səhiyyə sisteminə ayrılan vəsait ixtisar olunur».

Leyboristlərin uğur qazanması 2015-ci ilin məğlubiyyətindən dərs çıxarıb-çıxarmayacaqlarından çox asılı olacaq. O zaman leyboristlər onsuz da güclü olduqları dairələrdə mövqelərin daha da gücləndirilməsinə həddindən artıq diqqət ayırmış, rəqiblərinin güclü olduğu dairələrdə ciddi mübarizəyə girişməmişdi. Bu taktika təkrarlanarsa, hazırkı mandatların əksəriyyətinin parlamentdəki yerini qoruyacağına şübhə yoxdur. Amma eyni zamanda, bu, təkpartiyalı hökumətin formalaşdırılması uğrunda mübarizədən imtina da deməkdir.

 

Liberal-demokratların şansı

Qarşıdan gələn seçkinin «Brexit»in güclü təsiri altında keçəcəyinə şübhə yoxdur. Odur ki, Liberal-Demokrat Partiyası 2015-ci ildə uğradığı sarsıdıcı məğlubiyyətin əvəzini çıxa bilər. İki il əvvəl LDP 49 mandatını itirərək, parlamentə yalnız 8 deputatla düşə bilmişdi. Bu, partiyanın 1970-ci ildən sonra göstərdiyi ən pis nəticədir. LDP tərəfdarlarının əksəriyyəti ondan, ilk növbədə, mühafizəkarlarla koalision hökumət qurmağa razılıq verdiyi üçün üz döndərmişdi. Çünki bu halda onların koalision hökumətin siyasətinə təsir imkanı olmayacaqdı.

İndi, liberal-demokratlar 2015-ci ilədək ciddi dəstəyə malik olduqları bir çox seçki dairələrində, xüsusilə əhalinin avropapərəst olduğu cənub əyalətlərində mandatları geri qaytaracaqlarına ümid edirlər.

Partiyanın əsas elektoratı gənclər, orta sinfin nümayəndələri və etnik azlıqlardır. Onlar isə ötən il Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs verib.

«Bu, ölkənin istiqamətini dəyişmək imkanıdır. Əgər Britaniyanın vahid Avropa bazarını tərk etməsini istəmirsinizsə, açıq, tolerant, birisi kimi qalmasını istəyirsinizsə, bu, sizin şansınızdır», - deyə LDP lideri Tim Farron partiyasının seçki platformasını şərh edərkən bildirib.

 

İttifaqa yer yoxdur

Növbədənkənar seçki elan olunar-olunmaz, Tereza Mey müxalifət partiyalarını mühafizəkarlara qarşı blok yaratmaq cəhdində günahlandırıb. O, buraya leyboristlər və liberal-demokratlarla yanaşı, Şotlandiya Milli Partiyasını (ŞMP - buraxılmış parlamentdə 56 yerə malik idi), İngiltərə və Uelsin Yaşıllar Partiyasını (1 yer) da aid edib.

«Bu seçkidə seçim çox dəqiq olacaq. Bu, mühafizəkarlardan ibarət güclü, sabit rəhbərliklə Ceremi Korbinin başçılıq etdiyi zəif, qeyri-sabit xaos koalisiyası arasında seçimdir», - deyə Baş nazir bildirib.

Həqiqətən də, ŞMP lideri, Şotlandiyanın birinci naziri Nikola Sterjen ilə yaşılların rəhbərliyi belə təklif səsləndiriblər. Korbinlə-Farron isə bu ideyanı dəstəkləməyiblər.

«İnsanlar Korbini simpatik insan, lakin səriştəsiz şəxs sayır», - deyə Farronun köməkçilərindən biri bildirib: «Biz leyboristlərdən daha səriştəli müxalifət olduğumuzu göstərməliyik».

Leyboristlərin lideri isə öz növbəsində, nəinki hər hansı koalisiya haqqında xəbərləri təkzib edib, müxalifət liderləri arasında seçkiqabağı debatlara qatılmaqdan birmənalı şəkildə boyun qaçırıb. Halbuki, telekanallar belə debatların təşkilinə hazırdır. Məsələ ondadır ki, Tereza Mey heç bir debata qatılmayacağını əvvəldən bəyan edib. Korbin isə buna cavab olaraq, leyboristlərin seçkiyə əbədi müxalifət kimi deyil, parlamentdə liderliyi ələ almağa iddialı qüvvə kimi getdiyini bildirib. Telekanalların təklif etdiyi format onu bu səbəbdən qane etmir.

 

Brüsseldən baxış

Avropa Parlamentinin prezidenti Antonio Tayani Lissabon müqaviləsinin Aİ-dən ayrılma prosesini tənzimləyən 50-ci maddəsinin işə düşməsindən sonra, «geriyə yolun olmadığını» deyən Tereza Mey ilə razı deyil. O, hesab edir ki, «Böyük Britaniya seçkidən sonra «Brexit»i dayandırmaq istəyərsə, bunun üçün çox sadə prosedur var».

Avropa Parlamentinin «Brexit» üzrə koordinatoru Gi Verxovstadt isə növbədənkənar seçki qərarını «Torinin daha bir fırıldağı» sayır. O, məsələyə istehza ilə münasibət bildirib: «Böyük Britaniyanı bürümüş sürrealizm dumanının yatmasından sonra gələcək münasibətlərimizi ciddi şəkildə müzakirə edə biləcəyik. Ümid edirəm, bu münasibətlər çox yaxın olacaq».



MƏSLƏHƏT GÖR:

377