26 Aprel 2024

Cümə, 18:17

TOTAL MÜHARİBƏ MEYDANI

Suriya yalnız ölkədaxili qüvvələr arasında deyil, həm də xarici dövlətlər arasında hərbi əməliyyatlar meydanına çevirlib

Müəllif:

01.05.2017

Suriyada Xan-Şeyhun şəhərinə kimyəvi hücum və Amerikanın Homs əyalətində hökumət qüvvələrinə məxsus Şayrat bazasına aviazərbələri nəticəsində kəskin şəkildə artmış gərginlik davam edir. Vəziyyət o həddə çatıb ki, indi, sülhə ümid etmək belə, çox çətindir. Ölkə, sözün əsl mənasında, müharibə qazanında qaynayır. Regional və qlobal siyasi mərkəzlərin də «səyləri» ilə gərginlik pik həddə çatıb.

 

Amerikanın planı və Türkiyənin zərbəsi

Suriya müharibəsinin əsas cəbhəsi ABŞ və Rusiyanın beynəlxalq koalisiyalarla «İslam Dövləti»nə (İD) qarşı apardığı savaş olaraq qalır. İndi, sonuncular Suriyadakı paytaxtlarını Rakkadan 140 kilometr cənub-şərqdə yerləşən Deyr əz-Zora köçürüb. İndi, illərdir, müharibənin davam etdiyi ölkədə məhz bu şəhərlər hərbi əməliyyatların əsas episentrinə çevrilib. Onların “İD”dən azad olunması uğrunda həm Suriyanın hökumət qüvvələri, həm də beynəlxalq güclər və onların dəstəklədiyi Suriya müxalifətçiləri vuruşur. Strateji hesablamalara görə, Rakka və Deyr əz-Zor uğrunda döyüşlər “İD”nin Suriyadan tam çıxarılması işində həlledici olacaq.

ABŞ Prezidenti Donald Trampın məhz bu günlərdə Pentaqonun istər Suriyada, istərsə də “İD” ilə mübarizənin davam etdiyi daha bir meydanda - İraqda səlahiyyətlərini artırması təsadüf deyil. Söhbət Birləşmiş Ştatların Müdafiə naziri Ceyms Mettisin üzərinə qoyulmuş yeni vəzifədən gedir. O, bu ölkələrdə «çox sayda» amerikalı hərbçi yerləşdirməlidir.

Bu yerdə onu da xatırladaq ki, Pentaqon başçısı «xilafətin darmadağın edilməsi üzrə hərbi plan»ı Prezident Trampa hələ fevralda təqdim etmişdi. Plana əsasən, “İD” ilə mübarizədə əməliyyatların effektivliyini təmin etmək üçün həm Suriya, həm də İraqın «cihadçılar»ın əlində olan iri şəhərlərinin 50-60 kilometrlik radiusu boyunca ABŞ-ın hərbi məntəqələri yaradılmalıdır. Mettis etiraf edib ki, “İD” obyektlərinə, sadəcə, aviazərbələrin endirilməsi ilə qalib gəlmək mümkün deyil.

Güman ki, Suriyanın döyüş meydanında Amerikanın mövqelərini gücləndirmək üçün ABŞ-ın praktik olaraq, artıq yaradılmış «Rmeylan», «Komani» və «Tabka» bazarından istifadə ediləcək. Onlar kürd əhalinin sıx yaşadığı ərazilərdə yaradılıb. Bu, Suriya müharibəsində Amerika siyasətinin əsas silahı kimi, kürd əhalinin çıxış etdiyini bir daha təsdiqəlyir; məsələn, «Suriya Demokratik Qüvvələri» (SDQ) ötən ilin noyabrından Amerika aviasiyası və xüsusi təyinatlılarının dəstəyi lə “İD”yə qarşı «Fəratın qəzəbi» adlı hərbi əməliyyat keçirir.

Lakin ABŞ-ın kürdpərəst siyasətinin nəticələrindən biri də Suriyanın şimalında kürd muxtariyyətinin yaradılması ola bilər (amerikalıların İraqda yaratdıqları kimi). Hələ ötən ilin martında Vaşinqton Suriya kürdlərini «Şimali Suriya Federativ Regionu»nun yaradılması ideyası ilə ruhlandırıb. Prezident Tramp isə özündənəvvəlki administrasiyanın bu istiqamətdəki siyasətini davam etdirməklə, faktik olaraq, Fəratın şərqində yerləşən və kürdlərin yaşadığı rayonların Dəməşqin yurisdiksiyasına qaytarılmasına imkan verməyəcəyini göstərir.

Suriya rəhbərliyi, əlbəttə ki, ölkənin parçalanmasını nəzərdə tutan bu plana qarşıdır. Prezident Bəşər Əsəd də RİA «Novosti»yə müsahibəsində açıq şəkildə bildirib ki, ölkənin şimalında kürdlərin özünüidarə ilə məşğul olması şəraitində mümkün olsa da, dinc dövrdə buna heç bir ehtiyac qalmayacaq. Onun fikrincə, Suriyanın regionlarına özünüidarə hüququnun verilməsi yalnız yeni Konstitusiya çərçivəsində həll oluna bilər. «Suriya müxtəlif mədəniyyətlərin, etnik qrupların, dinlərin, sektaların və s. birgə qaynadığı qazandır. Odur ki, bu sosial layların heç biri Suriyanın gələcəyini müəyyənləşdirə bilməz. Konsensus vacibdir», - deyə Əsəd qeyd edib.

Rəsmi Dəməşqin Suriyanın ərazi bütövlüyünü qoruyub-saxlamaq cəhdi isə əlbəttə ki, Birləşmiş Ştatları qane etmir. Eyni zamanda, Türkiyənin daha bir kürd muxtariyyətinin yaranmasına yol verməmək səyləri də Vaşinqtonun xoşuna gəlmir. ABŞ-ın Türkiyə HHQ-nin Suriya və İraqın şimalında kürd terrorçularının, ilk növbədə, PKK yaraqlılarının mövqelərinə aviazərbələr endirməsinə mənfi münasibəti də buradan qaynaqlanır. ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner deyib: «ABŞ administrasiyası Türkiyənin Suriya və İraqın şimalına Vaşinqtonla lazımi koordinasiya olmadan zərbələr endirməsindən narahatdır. Üstəlik, onlar bunu «İslam Dövləti»nə qarşı qlobal koalisiya ilə də koordinasiyasız şəkildə edib».

Bu yerdə xatırladaq ki, təxminən, 1 ay əvvəl SDQ komandanlığı Vaşinqtona Türkiyədəki strateji əhəmiyyətli «İncirlik» bazasının Suriya ərazisində ABŞ-a tabe olan «Tabka» və digər hərbi obyektlərlə əvəzlənməsini təklif edib. Türkiyənin aviazərbələrindən dərhal sonra isə Suriya kürdlərinin liderləri ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya müraciət ünvanlayaraq, Ankaraya təzyiq göstərilməsini istəyib. Bundan başqa, Suriya kürdlərinin daha bir hərbi strukturu olan «Suriyalı kürdlərin qeyri-nizami qoşunları» ölkənin şimalında uçuşsuz zonanın yaradılması təklifi ilə çıxış edib.

Beləliklə, Suriya kürdləri və “İD” ilə müharibə meydanında onların arxasında dayanmış ABŞ, həm də Suriyanın unitar dövlətçilik sisteminin ləğvinə, Türkiyənin regional gücünün azaldılmasına çalışır. Faktiki olaraq, buferzonanın yaradılması planı da Suriyanın şimalında uçuşsuz zonanın yaradılması kimi, eyni anda həm Dəməşqin, həm də Ankaranın maraqlarına qarşı yönəlmiş ideyaya bağlıdır. ABŞ bu plana iki yaxın müttəfiqi olan İsraillə İordaniyanı da qoşub.

 

«Cənub cəbhəsi» yaranacaqmı?

Suriyanın cənubunda buferzonanın yaradılması ideyasını ABŞ Prezidenti Tramp İordaniya Kralı II Abdullah ilə fevralda keçirdiyi görüşündə də müzakirə edib. Amerikapərəst koalisiya üçün bu ideyanın nə qədər aktual olduğu onun hələ də “İD”nin nəzarətində qalan Rakka şəhərində üzləşdiyi çətinliklər zamanı da özünü göstərib. İordaniya KİV-in məlumatına görə, hazırda ABŞ, Böyük Britaniya və İordaniya Silahlı Qüvvələrindən ibarət birgə qrup Suriyanın, əsasən, «cihadçılar»ın nəzarətində olan cənub hissəsinə girmək üçün əmr gözləyir. Burada eyni zamanda, söhbət həm də “İD” ilə mübarizədə daha bir cəbhənin açılmasından - İordaniyadan Suriyanın cənubuna, Suriya səhrasının şərq hissəsinə və Dara şəhərinə hücum edilməsindən gedir.

Amerika mənbələri xəbər verir ki, İordaniyaya əvvəldən atılmış Amerika-Britaniya ordusu artıq «xeyli vaxtdır ki, Suriya-İordaniya sərhədində əməliyyatlar aparır». Bu yerdə, “İD”yə istər «cənub cəbhəsi»ndən, istərsə də «şimal»dan hücumun Qərbin çoxdankı ideyasının reallaşdırılması ilə müşayiət olunacağına şübhə yoxdur. Söhbət Bəşər Əsəd rejiminin devrilməsindən gedir. Görünən odur ki, ABŞ Prezidenti Trampın siyasətində də bu ideya özünə tam yer edib. O, Ağ evə rəhbərliyə başladığı ilk günlərdə bu ideyadan imtina etsə də, İdlib əyalətinə kimyəvi hücumdan sonra Bəşər Əsədin hakimiyyətdən dərhal uzaqlaşdırılmalı olduğunu düşünür. Qeyd edək ki, Qərb kimyəvi hücumun Suriyanın hökumət qüvvələri tərəfindən törədildiyini düşünür.

Amerika-Britaniya-İordaniya qüvvələrinin Suriyanın cənubuna mümkün həmləsi haqqında danışarkən, Rusiyanın mövqeyi də nəzərə alınmalıdır. Bu perspektiv Moskvanı heç cür qane etmir. «Cənub cəbhəsi»nin açılması amerikapərəst koalisiyanın güclənməsi demək olacaq. Onsuz da o, Suriyadakı aviabazaya zərbələrin endirilməsindən sonra qüvvələr nisbətini öz xeyrinə dəyişməyə yaxındır. Trampın dövründə Vaşinqtonun «Suriya siyasəti»nin nəzərəçarpacaq dərəcədə fəallaşması fonunda buna müqavimət göstərən Rusiya öz hava hücumundan müdafiə (HHM) sistemlərinin Dəməşqə satılması üçün Suriya hökuməti ilə danışıqlara başlayıb. Moskvada hesab edirlər ki, bu, Suriyanı ABŞ-ın qanadlı raketlərinin növbəti hücumundan qoruya bilər.

Bu arada Rusiya ekspertləri Moskvanın Suriyaya yerüstü hərbi dəstək imkanlarını müzakirə edir. Suriya Prezidenti Bəşər Əsəd isə RİA «Novosti»yə müsahibəsində Rusiyanın quru qoşunlarının dəstəyinə ehtiyacının olduğu haqqında fikirləri təkzib edib. Bununla yanaşı o, Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriya Ordusuna dəstəyini yüksək qiymətləndirib. Buna baxmayaraq, rusiyalı strateqlər Moskvanın Suriyada yerüstü əməliyyatlara başlamayacağı təqdirdə, Dəməşqin müharibəni qalib başa vura bilməyəcəyini düşünür. Bu ehtimal isə vəziyyəti daha da qarışdırır. Xüsusilə, artıq qeyd etdiyimiz məqam - amerikalılarla müttəfiqlərinin «cənub cəbhəsi» açması ehtimalı…

 

Təl-Əviv və Əmman üçün İran «sümüyü»

«Cənub cəbhəsi»nin açılması ehtimalından danışarkən İran amilini nəzərə almamaq olmaz. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Suriyadakı total savaşın əsas xarici iştirakçılarından biridir. Son zamanlar İİKK-nin Suriyada mümkün stasionar baza əldə etməsi ilə bağlı qızğın müzakirələr gedir. Onun bu ölkədə hərbi-dəniz bazası yaratması da gündəmdədir. Bununla da İran Suriya ərazisində strateji dayaq nöqtəsi yaradacaq üçüncü dövlətə çevriləcək. Məlum olduğu kimi, hazırda Rusiya de-yure Hmeymim və Tartusda hərbi bazalara malikdir, Birləşmiş Ştatlar isə de-fakto Suriya Kürdüstanında öz bazalarını yaradıb. Suriya ərazisində İran bazasının yaradılması perspektivi, təbii ki, Vaşinqton və müttəfiqlərini qətiyyən qane etmir. Söhbət, ilk növbədə, Suriyanın bilavasitə qonşuları olan İsraillə-İordaniyadan gedir. Üstəlik, bu baza Suriyada Tehranın yaxın müttəfiqi, Təl-Əviv və Əmmanın isə qatı düşməni olan «Hizbullah» şiə qruplaşmasının hərbi mövcudluğunun artmasına yol açacaq.

İsraillə-İordaniya Suriyanın cənubunda buferzonanın yaradılması zərurətini sərhədləri yaxınlığında İranla «Hizbullah»ın hərbi mövcudluğunun güclənməsinə imkan verməmək niyyəti ilə əsaslandırır. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə ifadə edib. Yəhudi dövlətinin Kəşfiyyat naziri İsrael Kats isə Vaşinqtona səfəri zamanı Təl-Əvivin Birləşmiş Ştatlarla xüsusi bir razılaşma əldə etmək niyyətində olduğunu söyləyib. Onun sözlərinə görə, bu razılaşma «İrana Suriyada, havada, yerdə, dənizdə daimi hərbi qüvvə saxlamaq imkanı verməyəcək». İsrail bu məsələnin Suriya münaqişəsinin həllinə dair istənilən mümkün beynəlxalq razılaşmada qeyd olunmasını tələb edir.

İordaniyaya gəlincə, Kral II Abdullah «The Washington Post»a müsahibəsində Əmmanın öz sərhədləri yaxınlığında İİKK-nin mövcudluğu ilə barışmaq niyyətində olmadığını qəti şəkildə bəyan edib.

Amma İordaniya ABŞ-dan Suriyanın cənubundakı mümkün hərbi əməliyyatlarda iştirakına icazə gözləyirsə, İsrail, deyəsən, artıq Vaşinqtondan bu razılığı alıb. Artıq Təl-Əviv Suriya ərazisinə müntəzəm zərbələr endirməyə də başlayıb. O, bu addımını müharibə burulğanına düşmüş ərəb ölkəsində İranla «Hizbullah»ın hərbi mövqelərinin güclənməsinə imkan vermək istəməməsi ilə əsaslandırır; məsələn, fevralın sonlarında İsrail HHQ «Hizbullah» döyüşçülərinin Dəməşqdən şimalda, Əl-Katif şəhəri yaxınlığındakı Kalyamun dağ silsiləsində yerləşən düşərgəsinə raket zərbələri endirib. Martda onlar Kalyamunu yenidən bombalayaraq, «Hizbullah»ın buradakı sığınacağını, eyni zamanda, həm də Suriya Ordusunun HHM batereyasını məhv edib. Aprelin son rübündə isə İsrail HHQ Holan yüksəkliyi yaxınlığındakı əl-Kuneytra əyalətində Suriya Ordusuna hücum edib. Bununla da Təl-Əviv İrana və qruplaşmaya öz qüvvələrini Holan yüksəkliyinə, İsrailin şimal sərhədlərinə yönəltmək imkanı verməyəcəyini göstərib. Bundan başqa, «Hizbullah»ın Dəməşq beynəlxalq aeroportu ərazisindəki silah anbarına da zərbələr endirilib. İsrailin Müdafiə naziri Aviqdor Liberman ölkəsinin İranın Suryada fəallaşmasından narahatlığını etiraf edib. O, xüsusilə Suriya ərazisindən İran silahının Livandakı «Hizbullah» təşkilatına silah keçirmək üçün istifadə olunmasından narahatlığını dilə gətirib.

Beləliklə, Suriya fasiləsiz döyüş meydanına çevrilib. İndi, burada yalnız suryiadaxili qüvvələr deyil, həm də öz hərbi-siyasi iddialarını təmin etməyə çalışan xarici dövlətlər döyüşür. Bəs sonda bu hərbi «ziyafət»dən, artıq yüzminlərlə qurban vermiş Suriya xalqına nə çatacaq? Deyəsən, bu sualın cavabı suriyalıların özündən başqa, heç kəsi düşündürmür. Bədbəxtlikdən, Suriyanın özündə də siyasi qüvvələr o qədər qarışıb ki, birləşə, parçalanmış, qan içində boğulan vətənlərinin xilası naminə vahid mövqedən çıxış edə bilmirlər…



MƏSLƏHƏT GÖR:

377