26 Aprel 2024

Cümə, 07:44

QƏLBİMLƏ BAKIYA BAĞLIYAM

Rus Dram Teatrında İsraildə yaşayan azərbaycanlı aktrisa Dina Tumarkinanın yaradıcılıq gecəsi keçirilib

Müəllif:

15.06.2017

«Bakıda, Xəqani küçəsində, Rus Dram Teatrında…». - İsraildə yaşayan bakılı Aleksandr Aqranovskinin dostu, gözəl insan, 1960-1970-ci illərdə bakılıların kumiri olmuş Dina Tumarkinaya ithaf etdiyi şeir belə başlayır. Rus Dram Teatrının səhnəsində Azərbaycan SSR-in Xalq Artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Dina İosifovna Tumarkinaya həsr olunmuş bədii gecə keçirilib. Gecə aktrisanın anadan olmasının 85 illiyinə həsr edilmişdi. Tədbirin təşkilatçıları «Azİz» İsrail-Azərbaycan Dostluğu Assosiasiyası və Rus Dram Teatrı idi. Gecənin tam anşlaqla keçməsini görmək çox xoş idi.  

 

Aktrisa 1990-cı ildə İsrailə köçsə də, çox xoşbəxt olduğu Bakını, bu günə kimi də isti dostluq əlaqələri saxladığı bakılıları heç zaman unutmayıb. «Azİz»çilərin Yerusəlimdə keçirdiyi çoxsaylı poeziya, ədəbiyyat, teatr məclislərini onun iştirakı, keçmişdə yaşamış və müasir Azərbaycan müəlliflərindən ifa etdiyi şeir və nəsr parçaları olmadan təsəvvür etmək mümkün deyil.

 

Ruhun halı

Azərbaycan mədəniyyətinə sevgi aktrisanın ruhunun əbədi halıdır. Buna görə o, Azərbaycanın çağdaş həyatından danışarkən «bizdə», «biz», «bizim şəhərdə», «bizim ölkədə» deyə fikrini ifadə edirdi. Bu, zalda hərarət və alqışlara səbəb olurdu. Belə çıxır ki, tez-tez işlədilən «keçmiş bakılılar olmur» ifadəsi gerçəkdir. O, 30 ilə yaxındır ki, başqa ölkədə yaşasa da, ruhu ilə Bakıya bağlıdır.  

Bəs, bu nə deməkdir? Sevginin yalnız bir qismi küçələrə, evlərə, memarlığa aid olur. Əgər bütün bu gözəlliklər insanlarla, onların həyat tərzi, bir-birləri ilə ünsiyyət üslubu, əxlaq və mənəviyyat dəyərləri ilə canlanmırsa, sevgiyə layiq görülmür. İnsanlar başlıca dəyərdirlər, müsbət emosiyaların, şəxsi münasibətlərin daşıyıcılarıdırlar. Xalqlar və dövlətlər arasında dostluq əlaqələrini onlar yaradırlar ki, bu da dünyanı qorumağa kömək edir.  

Bu cür görüşlərin də önəmi bariz fakta çevrilir. Yubileyi keçirilən xanım bu barədə danışaraq, sevdiyi torpaqda və səhnədə olmaq, həmkarları, dostları və yaradıcılığının pərəstişkarları ilə görüşmək imkanına görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna, Milli Məclisin üzvü Fuad Muradova, «Azİz» İsrail-Azərbaycan Dostluğu Assosiasiyasına, doğma Rus Dram Teatrına və direktor Ədalət Hacıyevin şəxsində teatrın rəhbərliyinə təşəkkür edib.  

«Mən bu gün burada - bu şəhərdə, bu səhnədə, həmkarların, dostların və tanışların arasında, hamı ilə - mənim sevimli izləyicilərimlə birlikdə olmaqdan çox xoşbəxtəm. Azərbaycanda yetişdiyimə, bizim gözəl Bakıda inkişaf edərək qəbul edildiymə görə, xoşbəxt olmaya bilməzdim», - deyə o bildirib.  

Həmkarları teatrın aktrisası Aleksandra Nikuşinanın şeirləri ilə böyük aktrisanın əfsanəvi keçmişinin himnini «səsləndirdilər». Bədii gecə iki saat davam etdi, bu iki saat aktrisanın sevimli həmvətənləri, dostları, ölkəsi və teatr haqqında səmimi sözləri ilə yaddaqalan oldu. Cavabda isə zalda oturanların və indi başqa ölkələrdə yaşasa da, Bakını sevən, aktrisanın istedadı qarşısında baş əyən, onu öz gəncliklərinin və xoşbəxt keçmişlərin yadigarı sayan insanların hörmət, ehtiram və etiraf sözləri səsləndi.

 

Aktrisa, dost və vətənpərvərin ünvanına  

Çox sayda teleqram vardı. Dina İosifovna Tumarkinanın həmkarları - xalq artistləri Yuri Baliyev, Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, əməkdar artistlər Fuad Osmanov, Rita Əmirbəyova, Yevgeniya Nevmerjitskaya, Natalya Baliyeva, Yelena Spitsina bir-birlərini əvəz edərək, aktrisanı salamladılar, birgə yaradıcılıq çağlarını xatırladılar, aktrisaya yubileyi münasibətilə Rusiyadan, Almaniyadan, ABŞ-dan, Kanadadan, İsraildən göndərilmiş teleqramları oxudular.  

«Azİz» Beynəlxalq Assosiasiyanın Ağsaqqallar Şurasının sədri Mixail Aqarunov deyib: «…Bilirəm və əminəm ki, biz, yəni İsraildə yaşayan dostlarınız və pərəstişkarlarınız kimi, Bakı tamaşaçıları da sizinlə - görkəmli aktrisa, gözəl xanım və cazibədar insanla görüşə sevinirlər. Mən hələ də 1996-cı ildə çap edilmiş "Bakı" qəzetini saxlayıram. Orada dahi azərbaycanlı Heydər Əliyev haqqında İsraildə ibrani dilində çap edilmiş kitabın təqdimetmə mərasimində sizin Heydər Əliyevlə görüşünüz barədə məlumat dərc edilmişdi. Siz onda böyük və riqqətli niqlə çıxış etdiniz, həmyerlilərimizə İsraildə yaşayan keçmiş Azərbaycan vətəndaşlarının hamısının adından səmimi salam və xoş arzular çatdırdınız. Cavab nitqində Heydər Əliyev bizim teatr və sizin haqqınızda bu sözləri dedi: «Bu gün hamıya bizim teatrın ulduzu Dina Tumarkinanı dinləmək xoş oldu. Biz həmişə onun sənətinin pərəstişkarı olmuşuq. Azərbaycanda Rus Dram Teatrının həmişə böyük nüfuzu olub və bu indi də davam etməkdədir, bu teatrın tamaşaçısı, daimi publikası həmişə olub. Çoxları bu teatra həm bütünlükdə gözəl sənətdən, həm də məhz gözəl aktrisa Dina Tumarkinanın gözəl oyunundan həzz almağa gedirdilər». Mən də bu sözlərə qoşulur və sizə böyük xoşbəxtlik arzulayıram!».  

«Emmi-2017, San-Dieqo» mükafatının nominantı İrina Dubova: «Siz mənim həyatımda böyük rol oynamısınız. Yəqin ki, siz tamaşalardan sonra sizi gözləyən, hədsiz inadkarlıqla, ən azı, 15 dəqiqə yanınızda olmaq istəyən, sizi metroya qədər ötürən 13 yaşlı qızı xatırlayırsınız. Sizin dözümlü münasibətiniz və diqqətiniz gələcək aktrisa İrina Duboavanın taleyini müəyyən etdi. Çox sağ olun ki, sizdən çox şey öyrənməyə imkan verdiniz!».  

Viktoriya Dolinskaya, İsrail: «REKA radiostansiyasında Dina Tumarkinanın hər bir çıxışı radiodinləyicilərin coşğun rəylərinə səbəb olur. Bu gözəl qadının və aktrisanın üzərində zamanın hökmü yoxdur».

İlya Nemtsov, yazıçı, jurnalist, İsrail: «Dina Tumarkina İsrailin fəal teatr həyatına qoşulmaqla və əcdadlarının çətin dilini öyrənməklə yanaşı, İsrail səhnəsində 20-yə yaxın daim xatırlanacaq rol oynayıb. Onun rollarında «oyun» yox idi, onlar yaşanan həyatın parçaları idilər. Təsadüfi deyil ki, Dina Tumarkina həm Azərbaycan, həm də İsrail teatrının əfsanəsi idi. Dina Tumarkina kimi insanlar müxtəlif xalqları birləşdirən körpülər olmaqla yanaşı, həm də sözün tam mənasında, ümumi bəşəri mədəniyyəti təcəssüm etdirirlər».

 

Keçmiş bakılılar olmur  

Dina Tumarkina… Aktrisa, maraqlı şəxsiyyət, valehedici təbəssümə və son dərəcə gözəl obertonları olan səsə malik qadın olmaqla yanaşı, həmin axşamı bayrama çevirən bir xanım idi. O, öz istedadını bəxş etməklə, şeirlər oxumaqla zalla ünsiyyəti kiçik tamaşaya - tövbə və anlaşma tamaşasına, sevginin, yaddaşın və minnətdarlığın etirafı tamaşasına çevirdi. İsraildə ibrani dilində 7 və rus dilində 8 tamaşada oynamış Dina Tumarkina hazırda səhnəyə çıxmır. Amma «Azİz»çilərin İsraildə keçirdiyi heç bir tədbir onun iştirakı olmadan keçmir.

Ona əvvəlki kimi tələb var və öz yaradıcılığının pərəstişkarları tərəfindən sevilir, özünü daim peşəkar formada saxlayır və bununla da həyatı ilə sübut edir ki, nə keçmiş bakılı, nə də keçmiş aktrisa olur. Əgər sən doğrudan da aktrisasansa, deməli, bu, əbədilikdir. Həyatın özü kimi. Diaqnoz kimi. Tale kimi. Tumarkinanın həyatında bu anlamlar birləşir. Buna görə də yubiley axşamının pərdələri altında o, pərəstişkarlarına tükənməz yaradıcılıq eşqinin sirlərini açıb, «Mənim əzizlərim! Aktrisa həmişə on səkkiz yaşındadır! O, sevmək və öz sənətini, sevgisini bəxş etmək istəyir! Peşə gəncliyinin sirri bundadır».



MƏSLƏHƏT GÖR:

411