26 Aprel 2024

Cümə, 21:19

ALVER ALƏTİ

KXDR-in nüvə dövlətinə çevrilmək cəhdləri onu buna görə cəzalandıranların işinə yarıya bilər

Müəllif:

01.09.2017

İyulda Pxenyan qitələrarası ballistik raket (QBR) sınağını uğurla həyata keçirib və Koreya yarımadasındakı böhran yeni mərhələyə qədəm qoyub - indi, KXDR bilavasitə ABŞ ərazisinə təhdid yarada bilər. Düşünmək olar ki, bu, qüvvələr nisbətini dəyişir və Amerikanın prevantiv tədbirlər görməsini, demək, həm də sonrakı münaqişəni qaçılmaz edir. Bəs reallıqda vəziyyət necədir? Danışıqları bərpa etmək, həqiqətənmi, mümkünsüzdür?

Son ayların xəbərlərinə nəzər salsaq görərik ki, hadisələr son dərəcə təhlükəli ssenari üzrə inkişaf edir. Şimali Koreya hökumətinin avqustun 8-də yaydığı təbliğat videosunda Amerikanın Quam adasına raket zərbələrinin necə endirilə biləcəyi əks olunub. Qeyd edək ki, ABŞ-ın Andersen aviabazası və Apra-Xarborn hərbi-dəniz bazası bu adada yerləşir. Bundan bir neçə gün sonra Prezident Donald Tramp ölkəsinin Şimali Koreyanın nüvə təhlükəsini önləmək üçün diplomatik və iqtisadi tədbirlərləy anaşı, güc tətbiqinə də əl ata biləcəyini dilə gətirib. Kim Çen In isə hələlik zərbəni «ləngitməyə» və "axmaq yankilərin axmaq hərəkətləri"ni kənardan izləməyə söz verib.

Bu arada Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Pxenyanın yeni, 6-cı nüvə sınağına hazırlığa başladığını bəyan edib (son belə sınaq 2016-cı ilin sentyabrında keçirilib). Bundan başqa, avqustun 26-da KXDR-in Kanvondo əyalətindən havaya növbəti «sürpriz» qalxıb - beynəlxalq ekspertlər bunun ballistik raket, yoxsa irikalibrli reaktiv mərmi olduğunu tam müəyyənləşdirə bilmir. KXDR-in nüvə-raket proqramı üzrə ekspert Vladimir Xrustalev Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb ki, bu «sürpriz» bir çox cəhətdən qeyri-adiliyi ilə seçilib: atış istiqaməti, «kiçikmənzilli raketlərlə son hərbi atışlarla müqayisədə, atışlar arasında intervalın həddindən artıq uzun olması», həmçinin «birgünlük sınaq üçün atış sayının çoxluğu».

Cənubi Koreya tərəfinin qiymətləndirməsinə görə, Pxenyan yeni ağır yaylım atəşi sistemini sınaqdan keçirib və məlum olub ki, onun qət etdiyi məsafə 50 kilometr uzanıb. Bu, çox narahatedici məqamdır. Hesab olunur ki, münaqişə başlayarsa, müharibəyə ilk olaraq artilleriya cəlb ediləcək və zərbələr yalnız hərbi hədəflərə və infrastruktur obyektlərinə yox, həm də Cənubi Koreyanın yaşayış məhəllələrinə endiriləcək. Məhz bu səbəbdən, Cənubi Koreya Prezidenti Mun Çje İn dərhal hərbi strukturlarda islahatlar planının hazırlanmasını tələb edib. O, hesab edir ki, bu strukturlar «müasir müharibənin tələblərinə cavab verməlidir». Cənubi Koreya ordusu dünyanın ən böyük ordularından olmaqla yanaşı, texniki cəhətdən çox yaxşı təchiz edilib (ölkənin müdafiə büdcəsi Pxenyanın hərbi xərclərindən qat-qat çoxdur). Havadan və dənizdən də üstünlük cənublulardadır. Buna rəğmən, Seul sözügedən təcili tədbirlərin görülməsini vacib sayır. Üstəlik, Şimali Koreyanın hərbi potensialını heç kəs dəqiq bilmir.

Bu da son deyil. Avqustun 29-na keçən gecə KXDR növbəti ballistik raketi havaya buraxıb. Yaponiyayadək uçan raket Xokkaydo adasının Erimo burnunun 1 180 kilometrliyinə düşüb.

Odur ki, KXDR rejimi qeyri-adekvat, hər şeyə qadir rejim kimi qiymətləndirilir. Amerikalıların, təxminən, 75%-i Pxenyanı ən ciddi təhlükələrdən sayır. 77% isə əmindir ki, Kim Çen In ABŞ ərazisinə nüvə zərbəsi endirə bilər. O, bu imicini təsdiqləmək üçün əlindən gələni edir. Bununla yanaşı, Şimali Koreyanın ilk hücum etməsi üçün heç bir əsasının olmadığı da ortadadır. KXDR hakimiyyəti nə qədər qəribə olsa da, qonşu ölkə ərazisini ələ keçirmək planına malik ola bilməz. Pxenyanın ABŞ və regiondakı müttəfiqləri ilə istənilən müharibədən məğlub çıxacağını anlamaması mümkün deyil. Şimali Koreya müdafiə savaşına yaxşı hazırdır, hücum müharibəsinə yox!

Odur ki, KXDR ətrafındakı böhranda əsas məqamlar bəlkə də onun raketlərinin «bacarığı», ordusunun sayı və artilleriyası deyil. Əksinə, bunlar ikincidərəcəli məsələlərdir və sadəcə, regionda və ondan kənarda yaşanan geosiyasi oyunlara «xidmət edirlər».

Bu, nə oyundur?

Birincisi, belə bir fikir var ki, ABŞ Prezidenti Donald Tramp məqsədli şəkildə Koreya yarımadasında gərginliyin artırılması kursunu seçib. Bu fikirdə olanlar düşünür ki, onu heç də Pxenyana həddinin bildirilməsi maraqlandırmır. Tramp, sadəcə, Pekinə təzyiq göstərməyə çalışır. Koreya böhranı həqiqətən də Trampın Ağ evə gəlişi ilə daha da qızışıb və bunun təsadüf olub-olmadığını söyləmək çətindir. Diqqəti Yaxın Şərqə yönəltmiş sələflərindən fərqli olaraq, Tramp ilk andan bütün fikrini Cənub-Şərqi Asiyaya cəmləyib. O, hələ seçki kampaniyası dövründə Çinin ünvanına kifayət qədər sərt sayıla biləcək bəyanatlar (ən azı, ticarət sahəsində) səsləndirirdi. İndi isə ABŞ-ın ekspressiv və və təxminedilməz prezidenti lap KXDR lideri kimi danışır. Kim Çen Inın «Amerikalılar hər an «ətrafa və arxaya boylanaraq yaşamalıdırlar» bəyanatına Tramp belə cavab verib: «Yaxşı olar ki, Şimali Koreya ABŞ-ı hədələməyə son qoysun. Əks təqdirdə, onlar dünyanın indiyədək şahidi olmadığı alov, şiddət və gücü ilə qarşılaşacaqlar». Bu cür «lütfkarlıq» mübadiləsi, əlbəttə ki, Şimali Koreyanın qonşularında nikbinlik yaratmır. Digər yandan, Çini də vəziyyətdən öz maraqları naminə istifadə etmək istəyində günahlandırmaq olar. Hər halda, KXDR-in iqtisadi baxımdan Çindən tam asılı olduğu heç kəs üçün sirr deyil.

2016-cı ildə Şimali Koreyanın beynəlxalq ticarət dövriyyəsi 6 milyard dollar təşkil edib ki, bunun da 91,5%-i Çinin payına düşür. Pekin KXDR-ə neft məhsulları və ya ərzaq tədarükünə tam embarqo qoyarsa, bu ölkədə tam faciə yaşanar. Demək, Pekin Kim Çen Ina nə istəsə edə bilər. Lakin nədənsə, heç nə etmir. Acından ölmək həddinə çatacaq Şimali Koreya əhalisinin Çinə axışmağa başlayacağı haqda arqument əsassız deyil. Amma o qədər də yox. Məsələ ondadır ki, KXDR hazırkı formasında Pekin üçün zaman-zaman birlikdə dəniz təlimləri keçirən, yaxud, məsələn, Cənubi Koreyada ABŞ-a məxsus THAAD HHM sistemi yerləşdirməke istəyən Vaşinqton və müttəfiqləri qarşısında bufer rolu oynayır. Şimali Koreya Çin üçün həm də məqsədlərinə çatmaq üçün daim istifadə etdiyi kartdır. Məsələn, «Il Foglio» yazır ki, çinlilər xaricdəki biznesini genişləndirməyi, risksiz yatırımları artırmağı düşünür və hətta guya, artıq hədəf olaraq «Fiat Chrysler» seçilib. Yaxıda iddia olunur ki, bunun əvəzində Pekin Kiç Çen Inı danışıqlara razı sala bilər. Yeri gəlmişkən, bəlkə də Çin son zamanlar məhz bu üzdən Şimali Koreyaya qarşı mövqeyini bir qədər sərtləşdirib; məsələn, o, BMT-nin Pxenyana tətbiq etdiyi sanksiyalara dəstək verib. Sanksiyalar Şimali Koreyanın kömür, dəmir, qurğuşun və dəniz məhsulları ixrac etməsinə qadağa qoyub. Bundan başqa, KXDR-in Xarici Ticarət Bankının hesabları dondurulub, onun BMT-nin qətnamələrini pozan gəmilərinin bütün dövlətlərin limanlarına yanaşması, həmçinin Şimali Koreya vətəndaşlarının işə götürülməsi qadağan edilib. Sanksiyalar Şimali Koreya şirkətləri ilə əməkdaşlığı, artıq işlək olan birgə layihələrə yeni investisiyaların yatırılmasını da qadağan edir.

İkincisi, Şimali Koreya digər qonşusu - Rusiya üçün də eyni funksiyaları daşıyır - bufer və alver vasitəsi. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu yaxınlarda bildirib ki, Moskva Donald Tramp ilə Kim Çen In arasında vasitəçilik edə bilər. Doğrudur, Rusiyanın Pxenyana Pekin qədər iqtisadi təzyiq göstərmək imkanı yoxdur. Amma onlar da 2020-ci ilə aralarındakı ticarət dövriyyəsini 10 dəfə artırmağı planlaşdırır. Avqustda, yəni böhranın ən qızğın vaxtında Şimali Koreya Rusiyada özünün ilk turizm agentliyini (NKOREAN) açıb. İki ölkə arasında 18 kilometrlik sərhəd var. Maraqlıdır ki, Pxenyanın Yaponiya istiqamətində raket atmasından sonra S.Ryabkov «KXDR-ə sanksiyalarla təzyiq resurslarının iflasa uğradığını» bəyan edib. Onun fikrincə, «bundan sonra BMT TŞ-də problemin hərbi yolla həllinin mümkünsüzlüyünü əks etdirən qətnamələrin qəbulu alınmayacaq».

Üçüncüsü, son vaxtlar hamını maraqlandıran sual daha da aktuallaşıb - KXDR nüvə texnologiyalarını haradan əldə edib axı?

Beynəlxalq ekspertlər hesab edir ki, Şimali Koreyadakı raket mühərrikləri Sovet İttifaqına aid "RD-250" ailəsinə aiddir və ola bilsin ki, onların Pxenyana qanunsuz yollarla Ukraynadan gedib çıxır. KİV 2011-ci ildə Ukraynanın təhlükəsizlik xidmətinin 2 Şimali Koreya vətəndaşını - Ryu Sonqçel ilə Li Txekili saxladığını xatırladır. Onlar QBR-ə aid, məxfi qrifli elmi dissertasiyaların şəklini çəkirlərmiş.

«New York Times» Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məruzəsinə istinadən verdiyi məlumata görə, Şimali Koreya raketləri böyük ehtimalla, Ukraynanın «Yujmaş» raket müəssisəsi və «Yujnoe» şirkətindən «sızmalar» hesabına yaradılıb. Bu qurumlar Rusiya-Ukrayna böhranından sonra vəsait çatışmazlığı ilə üzləşib. Çünki onların məhsullarının əsas alıcısı Rusiya idi. Ukraynalı məmurlar bu ehtimalları Rusiya xüsusi xidmət orqanlarının uydurduğu «təxribat» adlandırır. Buna baxmayaraq, Ukrayna Prezidenti Pyotr Poroşenko məsələnin araşdırılmasına dair tapşırıq verib. Maraqlıdır ki, bütün bunlar ABŞ-ın Ukraynaya tank əleyhinə raketlər tədarük edib-etməmək haqda düşünməyə başladığı vaxta təsadüf edib.

Buradan da belə bir fikir yaranıb ki, indi, Şimali Koreya böhranı «qaynama nöqtəsi»nədək qızışdırıla bilər. Hər halda, KXDR-in nüvə proqramı tamamilə realdır, əksər region ölkələrinin, xüsusilə ABŞ-ın ordusu isə kifayət qədər qüdrətli. Bununla yanaşı, mümkün münaqişənin heç bir perspektivinin olmadığı, çox sayda insanın həyatına son qoyacağı, ən başlıcası isə yalnız Kim Çen In rejimini deyil, Donald Tramp administrasiyasını da dəfn edə biləcəyi bəllidir. Odur ki, münaqişəyə cəlb olunmuş tərəflər maraqlarını bu və ya digər dərəcədə təmin etdiklərini düşündükləri an (bəlkə də müəyyən hərbi qarşıdurma mərhələsindən sonra) danışıqlar masasına qayıdacaq, beynəlxalq ictimaiyyət isə diqqətini qlobal geosiyasi qarşıdurmanın növbəti qurbanına yönəldəcək. Acınacaqlısı odur ki, bütün bunlara görə ən çox zərbəni alan Şimali Koreyanın adi sakinləri olacaq (Kim Çen In yox!). Beynəlxalq sanksiyaların əsas zərbəsi məhz onlara dəyəcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, bu il KXDR-də 2011-ci ildə qeydə alınmış nadir quraqlıq yaşanır. Nəticədə, ötənilkindən 3 dəfə az məhsuldarlıq gözlənilir. Odur ki, ölkədə aclıq və epidemiyanın baş qaldıracağı istisna deyil.



MƏSLƏHƏT GÖR:

390