27 Aprel 2024

Şənbə, 05:20

SÜRPRİZLƏR BUNDESTAQI

Angela Merkel ardıcıl dördüncü dəfə Almaniya parlamentinə seçkilərdən qalib çıxsa da, koalisiya üçün yeni tərəfdaşlar axtarmaq məcburiyyətindədir

Müəllif:

01.10.2017

«Mənim vaxtım, demək olar ki, başa çatır». Bu sözləri Angela Merkel Bundestaqın sentyabrın 24-də, parlament seçkisi öncəsi keçirilən son toplantısındakı çıxışını başa vurarkən deyib. Kansler, əslində, ona çıxış üçün ayrılmış vaxtı nəzərdə tuturdu. Lakin fikir kifayət qədər simvolik səslənib və zalda gülüşə səbəb olub.

Xanım kansler, əlbəttə ki, siyasi karyerasını başa vurmağa hazırlaşmırdı və növbəti, dördüncü qələbəsini qazanacağına tam əmin idi. Belə də oldu. Onun rəhbərlik etdiyi və 2 partiyadan ibarət XDİ/XSİ bloku səslərin əksəriyyətini toplaya bildi - 33%. Bu, koalisiyanın qurulması üçün kifayətdir. Lakin, güman ki, bu dəfə koalisiyada əvvəlki tərəfdaşlardan sosial-demokratlar (ASDP) yer almayacaq. Hazırda koalisiyanın yaradılması üçün Azad Demokrat Partiyası (ADP - 10,7%) və «İttifaq-90/Yaşıllar» (8,9%) ilə intensiv danışıqlar aparılır.

Bu partiyaların heç biri böyük siyasətdə yeni deyil və müxtəlif illərdə hakim koalisiyaların tərkibində hökumətdə təmsil olunublar. Azad demokratlar 1949-2013-cü illər arasında, ümumilikdə, 41 il hökumətdə yer alıb. Buna onlar ya ASDP, ya elə Merkelin də dövründə XDİ ilə əməkdaşlıq etməklə həyata keçiriblər. «Yaşıllar» isə 1998-2005-ci illərdə Herard Şröderin dövründə hökumətdə olub.

 

«Yamayka» yığması

Yeni koalisiya partiyaların rənglərinin Karib adasındakı ada dövlətinin bayrağının rənginə bənzədiyindən «Yamayka» adını qazanıb - XDS/XSİ-də qara, ADP-də sarı və «yaşıllar»da, təbii ki, yaşıl.

Bu partiyalar indiyədək heç zaman federal səviyyədə əməkdaşlıq etməyib. Regional əməkdaşlıq təcrübəsi isə var. Doğrudur, bu əməkdaşlıq da heç də hər zaman uğurlu alınmayıb. Məsələn, 2009-cu ildə Saar federal torpağında bu ittifaq çox dözməyib. Şlezviq-Qolşteyndə isə o, bu yaxınlarda - mayda qurulub.

Merkel yeni koalisiyanı Milad bayramına, yəni dekabrın 25-dək formalaşdıracağını bildirir. Lakin əksəriyyət buna şübhə ilə yanaşır. Onlar hesab edir ki, bu müddətdə Merkel potensial koalisiya üzvü olan 4 partiya arasındakı ziddiyyətləri həll edə bilməyəcək.

Hazırda, hətta blokda illərdir tərəfdaş olan partiyalar arasında belə fikir ayrılıqları var. Məsələn, qaçqınlarla bağlı problemin həlli yolları ilə bağlı. XSİ illik 200 min insanın qəbulunu nəzərdə tutan kvotanın tətbiqini istəyir, Merkel isə bunun Almaniya Konstitusiyasına zidd olduğunu deyir. O, Konstitusiyanın ölkədə sığınacaq hüququna qarant olduğunu bildirir.

XSİ «yaşıllar»la azad demokratların peşəsinə ölkədə tələbat olan emiqrantlara Almaniyada yaşamaq və işləmək hüququnun verilməsi təklifinə də etiraz edir. Prinsipcə, bu, «yaşıllar»la ADP-nin mövqeyinin üst-üstə düşdüyü azsaylı məqamlardandır. Əsasən onların ölkə iqtisadiyyatına, ekologiyasına və xarici siyasətinə baxışları fərqlidir.

Bütün bunlarla yanaşı, tərəflər daxili siyasi məsələlərdə kompromisə getməyə hazırdır. Xarici siyasət, xüsusilə Rusiya əleyhinə sanksiyalarla bağlı isə ciddi ziddiyyətlər var. «Yaşıllar» onların liberallaşdırılmasına, hətta tam ləğvinə tərəfdardır. Əsasən iri və orta biznes dairələrinin maraqlarını təmsil edən ADP də işgüzar əlaqələrə zərər vuran sanksiyaların ləğvi yollarının tapılmasını təklif edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın türkəsilli vətəndaşlarını «Türkiyənin düşməni» olan XDİ, ASDP və «İttifaq-90/Yaşıllar»a səs verməməyə çağırmasını Almaniyada çoxları ölkənin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirib. Məsələn, «yaşıllar» Ərdoğanın bu əməlinə sərt cavab verilməsini tələb edir. Lakin Merkel hesab edir ki, Aİ ilə Türkiyə arasında miqrasiya böhranın tənzimlənməsinə dair razılaşma pozulmaq təhlükəsilə qarşı-qarşıya qalmamalıdır.

Qanun yeni hökumətin formalaşdırılması üçün vaxt məhdudiyyəti nəzərdə tutmur. Odur ki, tərəflər Miladadək razılığa gələ bilməsə, müzakirələr gələn il də davam etdirilə bilər.

 

«Teflon ledisi»nin prinsipləri

Ola bilsin ki, bu qədər fərqli mövqedə olan siyasi qüvvələri bir araya gətirməyi çoxları bacarmasın. Amma bu, tərəfdarları tərəfindən soyuqqanlı hesablamaları, hər şeyi nəzarətdə saxlamaq istəyi üzündən «teflon ledisi» adlandırılan Merkelə aid deyil.

«O, şahmat taxtasında fiqurları elə düzür ki, heç kəs ona təhlükə yaratmasın», - deyə Merkelin bioqrafı, jurnalist Jaklin Boyzen bildirir.

Müxalifətə keçən ASDP lideri Martin Şults isə seçkidə üzləşdiyi məğlubiyyətdən (20,5%m səs) dərhal sonra kansler postu uğrundakı rəqibini sistematik olaraq başqalarının ideyalarını mənimsəməkdə günahlandırıb.

Onu anlamaq olar. XDS ilə əməkdaşlıq illəri nəticəsində vəziyyət elə gətirib ki, bu partiyaların proqramları bir-birinə çox bənzəyir. Onların orta statistik seçicisi isə eynidir - alitəhsilli, aylıq gəliri, təxminən, 3 min avro təşkil edən şəxslər.

Şults bu ilin martında ASDP-nin sədri seçilən zaman ictimai rəy sorğuları əhalinin bu partiyaya marağının kəskin şəkildə artmağa başladığını göstərirdi. İnsanlar yeni liderdən yeni ideyalar və daha fəal olmasını gözləyirdi. Seçkiyə az qalmış isə ASDP-nin reytinqi düşməyə başladı və sonda o, tarixinin ən pis nəticəsini qazandı. Görünür, Şults seçicilərə əsas rəqibindən fərqli heç bir yeni ideya təqdim edə bilməyib.

Lakin yenə də elə həmin Boyzen Merkelin davranışını fərqli izah edir: «O, qərarları rəqəmlər, məlumatlar və faktlar əsasında qəbul edir, arqumentlər hər hansı addımın haqlı olduğunu göstərirsə, partiyasının ideoloji quruluşunu asanlıqla unudur».

İxtisasca fizik olan Merkel 2009-cu ildə hər kəsi atom elektrik stansiyalarının gələcəyin enerjisi olduğuna əmin edir, onlardan imtinanın yanlış olduğunu deyirdi. 2011-ci ildə «Fukusima» AES-dəki qəzadan sonra isə Almaniya kansleri ölkəsinin nüvə enerjisindən imtina etdiyini bildirib. Nəticədə, daim buna çağırış edən «Yaşıllar» bir anda tərəfdarlarının bir hissəsini itirib.

Elə həmin 2011-ci ildə «teflon ledisi» ümumi hərbi öhdəliklər məsələsində öz partiyasının mühafizəkar hissəsinin əleyhinə gedərək, peşəkar ordunun yaradılmasını istəyən gəncləri öz tərəfinə çəkə bilib. 2015-ci ildə solçu müxalifətin istəyini tam yerinə yetirərək 100 minlərlə qaçqını Almaniyaya buraxdıqda da Merkeli, yəqin ki, XDİ-nin böyük hissəsi dəstəkləmirdi. Cəmi 1 il sonra ölkənin bu qədər miqrantı «həzm etmək» gücündə olmadığı üzə çıxıb və ictimaiyyətdə artan terror aktları və kriminaldan narazılıq yüksəlməyə başlayıb. Bu zaman Merkel tədbirlər görməyə başlayıb və ölkəyə miqrant axını azalıb (ötən ilin ilk yarısı ilə müqayisədə, bu ilin eyni dövründə 72% azalma), qaçqın statusu almaq isə çətinləşib.

Bu ilin yazında aparılmış sorğu göstərib ki, Almaniya əhalisinin əksəriyyəti eyni cinsdən olan insanlar arasında nikah hüququnun klassik kişi-qadın nikahı ilə eyni səviyyəyə gətirilməsinə tərəfdardır. Artıq iyunda Bundestaq bu dəyişikliyə səs verib. Çünki qarşıdan seçki gəlir, koalisiyanın formalaşmasında potensial tərəfdaş olan qüvvələr isə «nikah hər kəs üçün» prinsipinin qanuniləşdirilməsini tələb edirdi.

Beləliklə, seçki baş tutdu. İndi Merkel cəmi bir neçə ay əvvəl arzularını nəzərə almağa başladığı partiyalarla koalisiya qurmağa çalışır. Amma qarşıda yeni çağırışlar var. XDİ/XSİ bloku 2013-cü illə müqayisədə qazandığı səslərin 8%-ni itirib və bu, həm də onun elektoratının bir hissəsinin gənc «Almaniya üçün alternativ» (AüA) partiyasının tərəfinə keçməsilə bağlıdır. Yeri gəlmişkən, AüA kifayət qədər yaxşı sayıla biləcək 12,6% səs toplayaraq, ilk dəfə Bundestaqa düşə bilib.

Seçkinin keçirildiyi günün axşamı «teflon ledisi» partiyadaşları ilə görüşdə qarşıya yeni vəzifə qoyub - AüA-nın tərəfinə keçmiş seçicilərin «geri qaytarılması»!

 

Nasistlər Bundestaqda?

«Alternativ» də borclu qalmayıb və «xanım Merkelə qarşı ova başlayacaqlarını» bəyan edib. Məsələn, onlar Almaniya kanslerinin 2015-ci ilin yayındakı fəaliyyətilə bağlı araşdırmanın aparılması üçün parlament komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etmək niyyətindədirlər. AüA-da hesab edirlər ki, həmin vaxt kansler parlamentarilərlə razılaşmadan sərhədləri açıb və bu, ölkəyə idarəolunmaz qaçqın axınının gəlməsinə səbəb olub.

Qeyd edək ki, AüA məhz antimiqrant ritorikası ilə böyük siyasətə «soxula» bilib. Üstəlik, o, toplanmış səslərin sayına görə Bundestaqda üçüncü yeri tutub. Amma bu nailiyyət partiyanın hökumətdə yer alması üçün kifayət deyil. Çünki digər siyasi təşkilatlar artıq AüA ilə əməkdaşlıqdan imtina edib.

Bu partiya 4 ilə yaxındır ki, yaradılıb. Bu dövrdə o, özünə mənfi imic qazanıb. Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyir ki, İkinci dünya müharibəsindən sonra ilk dəfə Bundestaqda «əsl nasistlər» də əyləşəcək.

Hər şey 2013-cü ildə avroskeptik-ziyalıların ya avrodan imtina, ya da Avropa Valyuta İttifaqının dəyişdirilməsi tələbilə hərəkətə keçməsilə başlayıb. Partiya Yunanıstan iqtisadiyyatına milyardlarla yardım edilməsinə də etirazını bildirirdi. Lakin bu mövzular seçiciləri o qədər də maraqlandırmadığından, həmin il AüA Bundestaqa düşmək üçün lazım olan 50%-lik baryeri aşa bilməmişdi.

2015-ci ildə Merkelin sərhədləri qaçqınların üzünə açması ilə AüA hökumətin bu əməlindən narazı insanları öz tərəfinə çəkə bilib. Frauke Petri kimi radikallar partiyada nüfuzlarını xeyli artırıb və nəticədə, onun yaradıcıları, o cümlədən iqtisadiyyat üzrə professor Bernd Lukke belə, ikinci plana keçib. Sonda o, ümumiyyətlə, partiyanı tərk edərək, yeni siyasi təşkilat qurmağa başlayıb.

AüA-nın yeni rəhbərliyi, xüsusilə «yubkalı fürer» adlandırılan (o, Almaniyaya soxulmağa çalışan qaçqınların sərhəddəcə güllələnməsini təklif edib) Frauke Petri millətçi və antiislam ritorikasına üstünlük verməyə başlayıb. Bu, öz nəticəsini verib. 2015-ci ilin yayında partiyanın reytinqi 3-4%-dən çox deyildisə, 2016-cı ilin yazında bəzi regional seçkilərdə o, 11-30%, hətta daha çox səs qazana bilib.

Lakin zaman keçdikcə, emiqrant mövzusu da aktuallığını itirməyə başlayıb və bu zaman AüA liderləri kifayət qədər sərt bəyanatlar səsləndirməyə başlayıblar - nasist keçmişi ilə bağlı fikrin dəyişməsinin vacibliyi, Berlindəki Holokost abidəsinin «paytaxtın göbəyində utanc abidəsi» olduğu və s…

Ən maraqlısı isə vaxtilə partiyaya aşkar nasistlərin və sağçı millətçilərin cəlbi üçün çox iş görmüş Petrinin onlarla münaqişə yaşamağa başlamasıdır. Bundestaqa birbaşa mandat qazandığı parlament seçkisindən sonra o, AüA-nın radikallaşması ilə razı olmadığını, «sağlam mühafizəkarlıq ruhunda əsl siyasətlə məşğul olmaq üçün» partiya sıralarını tərk etdiyini bildirib. Bəzi ehtimallara görə, hətta o, Bundestaqa düşə bilmiş AüA üzvlərinin bir hissəsilə ayrıca fraksiya yaratmaq haqda da düşünür. Parlamentin qaydalarına görə, bunun üçün o, 35 nəfərin, yəni deputatların 5%-nin razılığını almalıdır.

Odur ki, 6 fraksiya ilə (parlamentə düşmüş partiyaların sayına uyğun) rekord vurmuş indiki parlament elə hazırkı tərkibdə bu rekordu da təzələyə bilər.

Görünən isə odur ki, sürprizlər bununla da bitməyəcək.



MƏSLƏHƏT GÖR:

395