3 May 2024

Cümə, 06:18

QETMEK OLMAZ QALMAQ

Böyük Britaniyanın Aİ-ni tərk etməsinə dair razılaşma imzalansa da, bu, hələ heç nə demək deyil

Müəllif:

01.12.2018

Mel Gibson Şotlandiyanın XIII əsrin sonlarında apardığı müstəqillik mübarizəsinə dair «Cəsur ürək» filmini hələ 1995-ci ildə çəkib. Orada Sofi Marso bir neçə il sonra İngiltərə kralı II Eduardın xanımı olacaq fransız şahzadəsi İzabellanın rolunu canlandırır. Əfsanələrdən birinə görə, 1327-ci ildə haqsız əməllərə görə nişanlısını zindana salan Sofi zindançılara qəribə məktub yollayır. Məktubda heç bir durğu işarəsindən istifadə olunmur: Eduardum occidere nolite timere bonum est (Eduardı öldürmək olmaz qorxmaq). Nəticədə, kral edam olunub, amma sanki kraliçanın heç bir günahı yoxdur – onu, sadəcə, «düz anlamayıblar»…

Deyilənə görə, o vaxtdan etibarən bir-birini istisna edən nəsə ifadə olunanda, ikibaşlı fikir söylənəndə «edam etmək olmaz əfv etmək» ifadəsi yada düşür.

O vaxtdan, təxminən, 700 il ötür. Məkan və əsas qəhrəmanlar isə dəyişməyib – adada və qitədə yaşayan avropalılar. İndi yalnız bir ingilis hökmdarının deyil, ümumilikdə Birləşmiş Krallığın taleyi bir vergüldən asılıdır.

Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniyanın «boşanma» şərtlərini təxmini də olsa razılaşdırmalarına 2,5 il vaxt lazım gəldi. Bəs, niyə «təxmini»? Çünki 585 səhifəlik razılaşma sadəcə, niyyət bəyannaməsidir. Orada həyata keçirilməsi mütləq şərt olan heç nə yoxdur.

 

Razılaşmanın şərtləri

Tərəflər tam «boşanma» üçün hələ 29 mart 2019-cu ildən 31 dekabr 2020-ci ilədək nəzərdə tutulmuş «keçid dövrü»nü aşmalıdır. Onun müddəti uzadıla da bilər, lakin yalnız 2022-ci ilin sonunadək.

Bu müddətdə Aİ ilə Böyük Britaniya «Brexit»dən sonrakı yaşayış şərtlərini razılaşdırmalıdır. Hələliksə Krallıq Aİ-nin hər hansı ittifaq strukturunda iştirakçı olmadan belə, onun bütün qaydalarına əməl etməlidir. Londonun Aİ-nin qayda və qanunlarına dəyişiklik etmək hüququ da yoxdur. Lakin o, bu qayda-qanundan kənara çıxa bilməz. Bununla yanaşı, Britaniya hələ Avropa Məhkəməsinin də yurisdiksiyasında qalacaq. Üstəlik, London bütün öhdəliklərinin yerinə yetirilməsi üçün, təxminən, 50 milyard avro (bu, hələ dəqiq rəqəm deyil) ödəməlidir. Keçid dövrü uzanarsa, o, əlavə ödənişlər də etməli olacaq.

Böyük Britaniyadakı Aİ vətəndaşları və Aİ-dəki Böyük Britaniya vətəndaşları bu dövrdə yaşamaq və sosial təminat hüquqlarını özlərində saxlayacaqlar. Onların sonrakı taleyisə müzakirə ediləcək.

2020-ci ilin sonunadək Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərt sərhədlərdən qaçılmasına imkan verəcək uzunmüddətli ticarət razılaşması əldə olunmazsa, İrlandiya ərazisində «Aİ ilə Birləşmiş Krallıq arasında vahid gömrük məkanı» yaradılacaq. O da vahid Aİ bazarının qaydaları və qanunları ilə işləyəcək.

Böyük Britaniyanın baş naziri Mereza Mey üçün əsas başağrısı məhz budur. Şimali İrlandiyada vahid gömrük ərazisinin yaradılması Britaniyanın hər hansı dünya ölkəsilə tariflərin ləğvi və ya yumşaldılmasını nəzərdə tutan ticarət razılaşması əldə etməsinə mane olacaq.

Sənəddə o da bildirilir ki, Aİ ölkələrinin Böyük Britaniya sularında balıqçılıqla məşğul olması üçün ayrıca sazişin imzalanması vacibdir. Belə zəmanətin olmayacağı təqdirdə, Britaniya şirkətləri balıq məhsullarını Aİ bazarlarında sata bilməyəcək. Ümumiyyətlə, bu məsələnin müzakirəsinin kifayət qədər sərt keçəcəyi gözlənilir. Çünki Fransa prezidenti Emmanuel Makron Londonun balıqçılıq məsələsində güzəştə getməyəcəyi təqdirdə digər məhsullarla bağlı danışıqlara əngəl yaradacağını bəyan edib. Britaniya hökuməti isə buna cavab olaraq, beynəlxalq sularda öz mövqeyini qorumaq fikrində olduğunu bildirib.

Cəbəllütariğin taleyi və Kiprdəki Britaniya hərbi bazaları ilə bağlı məsələ də ayrıca razılaşma ilə həll olunmalıdır.

Keçid dövrü, şübhəsiz ki, ilk növbədə, Böyük Britaniya və Aİ-nin dövlətlərarası münasibətlərində, həmçinin biznes dairələrinin əlaqələrində transformasiyanın yumşaldılması üçün vacibdir. Lakin keçidin yumşaq, yoxsa sərt alınacağını, ümumiyyətlə, bunun həqiqətən lazım olub-olmadığını hələ heç kəs dəqiq bilmir.

 

İkinci cəhddən baş tutan sammit

Noyabr Tereza Mey üçün xüsusi «qaynar» və əsəbi aydır. Tərəflərin müzakirəsinə ötən ilin yayından başlanmış «Brexit»lə bağlı mövqeləri heç bir məsələdə tam razılaşdırılmayıb. Hətta noyabrın 17-18-nə yekun razılaşmanın imzalanması üçün təyin edilmiş sammit də təxirə salınıb. Səbəb yenə də razılaşdırılmamış məqamların qalmasıdır.

Bir həftə sonra belə, görüşün bu ay baş tutacağına heç kəs əmin deyildi. Razılaşmanın mətni noyabrın 22-də Aİ-nin bütün üzvlərinə göndərilsə də, yeni sammitin elan olunduğu 24 noyabradək Aİ və Böyük Britaniya rəhbərliyi öz şərtlərini irəli sürən ayrı-ayrı dövlətlərlə fasiləsiz danışıqları davam etdirirdi.

Fransa ilə yanaşı, İspaniya da müqavilənin bəzi şərtlərilə razı deyildi. Məsələn, sənəddə Cəbəllütariğin taleyilə bağlı danışıqlara dair dəqiq şərtlər yer almır. Madrid rəsmiləri deyirdi ki, Londonun üzərinə Cəbəllütariqlə bağlı bütün qərarlarını onlarla razılaşdırmaq öhdəliyi qoyulmazsa, İspaniya veto hüququndan istifadə edəcək. Üç gün davam edən danışıqlardan sonra – 24 noyabr axşamı Britaniya, İspaniya və Avropa məmurları, nəhayət, Madridi qane edən kompromis əldə edə bilib.

Lakin sammitə cəmi 1 gün qalmış İtaliya da müqaviləni imzalamayacağına dair hədələr səsləndirməyə başlayıb. Düzdür, bunun Britaniyaya aidiyyəti yox idi. Avropa Komissiyası İtaliyanın 2019-cu il üçün büdcə layihəsini təsdiqləməkdən imtina edirdi. Səbəb onun 2,4%-lik defisitlə nəzərdə tutulması idi. Hətta Komissiya Romanı sanksiyalarla hədələyirdi ki, bu da Aİ normalarının aşılmasıdır. Buna rəğmən, İtaliyanın iki populist partiyadan («Şimal liqası» və «5 ulduz hərəkatı») formalaşmış hökuməti hər hansı güzəştə getmək niyyətində deyildi. Jan-Klod Yunkerin İtaliyanın baş naziri Cuzeppe Konte ilə sammit günü də davam etdirdiyi danışıqlar sonda Avropa Komissiyası rəhbərinin təslim olması ilə nəticələnib.

Vəziyyətin nə qədər qəliz olduğunu göstərən daha bir məqam Almaniya kansleri Angela Merkelin bəyanatı idi. O, bütün mübahisəli məsələlərin həll olunmayacağı təqdirdə sammitə qatılmayacağını bildirmişdi.

 

«İks saatı»

Nəhayət, çoxsaylı mübahisələrdən sonra, noyabrın 25-də sənəd Aİ-nin 28 üzvünün liderləri tərəfindən imzalanıb. Artıq düşünmək olardı ki, bütün çətinliklər arxadadır və bundan sonra sənədin Böyük Britaniya, daha sonra isə Avropa Parlamentində və Avropa İttifaqı Şurasında təsdiqlənməsi qalır. Bunun üçün isə 4 ay vaxt var.

Lakin Avropa İttifaqı razılaşmaya yanaşmasını müəyyənləşdirdiyi və onun qanunverici və icarəedici strukturlarında bununla bağlı keçiriləcək səsvermənin sırf formal olduğu halda, Londonda vəziyyət fərqlidir. Tereza Mey buna nail olmaq üçün hələ Böyük Britaniya parlamentilə də «vuruşmalıdır».

Sənədin parlamentdən keçməsi üçün onun lehinə 320 deputat səs verməlidir. Meyin rəhbərlik etdiyi koalisiyada yer alan parlamentarilərin sayı bundan 13 nəfər çoxdur. Lakin Mühafizəkarlar Partiyasınnın 80-dən çox deputatı liderlərinin əleyhinə səs verəcəklərini açıq şəkildə bəyan ediblər. Hakim koalisiyaya daxil olan Şotlandiya Milli Partiyasının 9 deputatının da necə səs verəcəyi bəlli deyil. Beləliklə, Mey ilkin hesablamalara görə, yalnız 250 deputatın dəstəyinə arxalana bilər.

Leyboristlər, liberal-demokratlar, Şotlandiya Milli Partiyasının təmsilçiləri və digərləri sənədi dəstəkləmək fikrində deyil. Üstəlik, onların hər birinin bununla bağlı dəlili bir-birindən kəskin fərqlənir.

«Brexit»in tərəfdarı olan, lakin Meyin mövqeyini qəbul etməyən (onların arasında istər mühafizəkarlar, istərsə də leyboristlər var) iddia edirlər ki, London hər şeyi öz əlinə almaq əvəzinə Aİ-yə ən vacib sahələrdə həddindən artıq böyük səlahiyyətlər verir. Bu isə Böyük Britaniyanın ayrı-ayrı ölkələrlə ticarət razılaşmaları əldə etməsinə mane olacaq.

«Brexit»in əleyhdarları isə məsələnin təkrar referenduma çıxarılmasını tələb edir. Onların fikrincə, 2016-cı ildə insanlar əslində, Aİ-dən ayrılmağın nələrə yol açacağını anlamayıb və təşəbbüsü bu səbəbdən dəstəkləyib. Bununla yanaşı, Şimali İrlandiya ilə Şotlandiyada keçirilmiş referendumlarda Aİ tərəfdarları inamlı qələbə qazanıb.

«İks saatı» dekabrın 11-nə təyin olunub. Böyük Britanya parlamentində Aİ ilə razılaşma məhz həmin gün müzakirə ediləcək. Meyin opponentlərini razılaşmanın Britaniya xalqının maraqlarına cavab verdiyinə inandırması üçün bir neçə gün vaxtı var. «Tam əminliklə deyə bilərəm ki, razılaşmanın bundan yaxşı variantı yoxdur», - deyə o, deputatlara Aİ sammitinin səhəri gün ünvanladığı müraciətdə bildirib: «Nümayəndələr Palatası seçim etməlidir: xalqın referendumla etdiyi seçimi dəstəkləyərək layihəyə səs vermək, insanlarımız üçün daha parlaq perspektivin yaradılmasına başlamaq, yaxud, bütün nailiyyətlərin üzərindən xətt çəkmək. Hər halda, razılaşmanın təsdiqlənməyəcəyi təqdirdə nələrin baş verəcəyini heç kəs bilmir».

Baş nazirin səsvermənin iflasa uğrayacağı təqdirdə nə baş verəcəyini heç kəsin bilmədiyi haqda fikri tamamilə doğrudur. Prosedur, əlbəttə ki, var. Lakin o, heç nəyə zəmanət vermir.

 

Pis və daha pis

Baş nazirin məsələni səsverməyə qoymaq üçün daha bir şansı olacaq. Lakin parlament razılaşmanın ratifikasiyasından ikinci dəfə imtina edərsə, hökumətin böhrandan çıxış yolunu tapması üçün 21 gün vaxtı olacaq. Deputatları bu müddətdə ortaya qoyulacaq variant da qane etməzsə, üç yoldan biri seçilməli olacaq.

Birincisi, Birləşmiş Krallıq Aİ-ni hər hansı razılaşma olmadan tərk edir. Bu halda 2019-cu il martın 29-dan sonra heç bir keçid dövrü olmayacaq və Aİ qanunları Böyük Britaniya ərazisində işləməyəcək. Tərəflər arasında bütün siyasi və iqtisadi əlaqələr kəsiləcək. Belə olan təqdirdə, yaranacaq xaos istər London, istərsə də Brüssel üçün faciə ilə nəticələnə bilər.

İkincisi, parlament özünü buraxır və yeni seçki keçirilir, müvafiq olaraq da yeni hökumət formalaşdırılır. Bu halda yeni hökumətin danışıqlar aparmağa vaxtı olmayacaq. Üstəlik, Aİ rəhbərliyi də şərtlərin heç bir halda dəyişdirilməyəcəyini və ümumiyyətlə, təkrar danışıqlara razı olmayacağını bəyan edib.

Üçüncüsü, yeni referendum elan olunur. Bu halda iki variant var. Britaniya vətəndaşları «Brexit»lə bağlı əldə olunmuş razılaşmaya münasibət bildirir, ya da ümumiyyətlə, Aİ-də qalıb-qalmamaq məsələsinə yenidən səs verir. Yenə də vaxt problemi ortaya çıxır – referendum martadək keçirilməlidir.

Beləliklə, Böyük Britaniya üçün çətin vəziyyət yaranıb. Odur ki, Avropa Komissiyası rəhbərinin dedikləri tamamilə məntiqli görünür. O, «Brexit»in istər Böyük Britaniya, istərsə də Aİ-nin digər üzvləri üçün faciə olduğunu deyir, lakin Britaniya parlamentini razılaşmanı dəstəkləməyə çağırır.



MƏSLƏHƏT GÖR:

328