6 May 2024

Bazar ertəsi, 02:13

DÖVLƏT ƏHƏMİYYƏTLİ BƏLƏDİYYƏ SEÇKİSİ

Türkiyənin hakim partiyası yerli özünü idarəetmə orqanlarına seçkisində bir sıra aparıcı şəhərləri əldən versə də, bələdiyyələrin 56%-nə nəzarəti əldə saxlaya bilib

Müəllif:

01.04.2019

Türkiyədə artıq arxada qalmış bələdiyyə seçkisi ciddi siyasi hadisə, şəxsən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və tərəfdarları üçün ciddi imtahan idi. Ərdoğanın ötən il keçirilmiş prezident seçkisi nəticəsində geniş səlahiyyətlər əldə etməsindən sonra ölkədə təşkil olunmuş ilk seçki kampaniyası olan bu proses dövlət başçısının hazırda nə dərəcədə dəstəkləndiyini göstərməli idi.

 

«Cümhur ittifaqı» «Millət İttifaqı»na qarşı

Bələdiyyə seçkisində 12 siyasi partiyanın namizədləri iştirak edib. Onların ən nüfuzluları iki siyasi blokda birləşmişdilər. Ərdoğanın yaratdığı və idarə etdiyi Ədalət və İnkişaf Partiyası (ƏİP) Dövlət Bağçalının Millətçi Hərəkat Partiyası (MHP) ilə birlikdə «Cümhur İttifaqı» blokunu qurmuşdu. Aparıcı müxalifət qüvvələri olan Cümuhryyət Xalq Partiyası (CXP) ilə «Yaxşı Partiya» (YP) isə «Millət İttifaqı»nda bir araya gəlmişdilər.

Maraqlıdır ki, «Millət İttifaqı» kürdpərəst Xalqların Demokratik Partiyası (XDP) tərəfindən də dəstəklənirdi. Məhz bu üzdən sonuncu İstanbul, İzmir və paytaxt Ankara kimi nəhəng şəhərlərdə seçkiyə öz namizədilə qatılmamışdı. Türkiyənin müxalifət partiyalarına ilk dəfə aşkar dəstəyini ortaya qoymuş XDP əsas təbliğatını kürdlərin sıx məskunlaşdığı cənub-şərq bölgəsində aparırdı.

Müxalifətin əsas ümidi getdikcə ağırlaşan iqtisadi konyunkturdan narazı olan elektorata idi. Türkiyə iqtisadiyyatında, təxminən, ötən ilin ortalarından durğunluq yaşanmaqdadır. 20%-lik inflyasiya və 13,5% təşkil edən işsizlik məhz bunun göstəricisidir. Doğrudur, Ərdoğan hökuməti boş oturmur və əhalinin, xüsusilə onun aztəminatlı təbəqəsinin qiymət böhranından qorunması istiqamətində tədbirlər görür. Hakim partiya seçkiqabağı dövrdə iqtisadi problemi olan seçicilərin diqqətini təhlükəsizlik, ərazi bütövlüyü, həmçinin dini məsələlər kimi həyati əhəmiyyətli problemlərə də çəkməyə çalışıb. Məsələn, Ərdoğan çıxışlarında ölkədə fəaliyyəti qadağan olunmuş kürd təşkilatlarından gələn təhdidləri hər imkanda xatırladaraq, terrorçuluğa aidiyyəti olan istənilən bələdiyyə məmuruna qarşı sərt cəza tədbirlərinin görüləcəyini bildirib. Bununla yanaşı, o, dini xarakterli əhəmiyyətli bir bəyanatla da yadda qalıb – prezident Ayasofya muzeyinə girişin pulsuz olacağı məscid statusunun qaytarılmasının vacibliyini bəyan edib.

Lakin sıravi vətəndaşlara bilavasitə təsirini göstərmiş iqtisadi problemlər, eyni zamanda xüsusilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ideallarını müdafiə edən, ƏİP-i Kamalçı dövlət düzəninə son qoymağa çalışmaqda günahlandıran müxalifətin təzyiqləri hakim partiyanın mövqeyini xeyli zəiflədib. Bəzi ekspertlər artıq ƏİP-in xüsusilə aparıcı şəhərlərdə məğlub olacağını belə, proqnozlaşdırmağa başlamışdı.

 

Xalqın iradəsi

Beləliklə, Türkiyə Mərkəzi Seçki Komissiyası seçkinin ilkin nəticələrini elan edib. Seçici fəallığının 83,8% təşkil etdiyi seçkidə ƏİP-in qələbə qazandığı bəlli olub. Onun formalaşdırdığı «Cümhur İttifaqı» seçicilərin 51,62, müxalifətçi «Millət İttifaqı» isə 37,56%-nin səsini qazanıb.

Səsvermə başa çatar-çatmaz, prezident Ərdoğan Ankarada tərəfdarları qarşısına çıxaraq, ƏİP-in bələdiyyə seçkisində qalib gəldiyini açıqlayıb. Onun sözlərinə görə, ƏİP təmsilçiləri ölkə bələdiyyəsinin, təxminən, 56%-nə rəhbərliyi ələ alıb.

Bununla yanaşı, hakim partiya, təxminən, 25 ildir hakimiyyəti əlində saxladığı paytaxt Ankaranı uduzub. Burada qələbə CXP-nin seçicilərin 50,6%-nin səsini qazanmış namizədi Mənsur Yavaşa qismət olub. Böyük ehtimalla Kamalçılar daha 19 bölgədə qələbə qazanıblar. Onların arasında İzmir, Antalya, Mersin, Eskişehir və s. bölgələr var.

Kürdpərəst XDP isə gözlənildiyi kimi, bəzi cənub-şərq vilayətlərində qalib olub – Diyarbəkir, Mardin, Van və s.

Son illər hakim partiyanın müttəfiqinə çevrilmiş MHP 12 bölgədə qalib olub – Ercinzan, Kastamonu, Manisa və s.

Ən qızğın siyasi mübarizə İstanbulda qeydə alınıb. Burada hakim partiyanın namizədi, sabiq baş nazir və ölkə parlamentinin sabiq spikeri Binəli Yıldırım «Millət İttifaqı»ndan olan Əkrəm İmamoğlu ilə mübarizə aparmalı olub. Nəticədə, Binəli Yıldırım cüzi səs fərqilə rəqibinə məğlub olub. Doğrudur, seçkinin yekun nəticələri ortaya müəyyən sürprizlər çıxara bilər. Lakin İstanbulda qələbəni məhz müxalifət namizədinin bayram etmə ehtimalı çoxdur.

 

«Yolumuza yeni enerjilə davam edəcəyik»

Bələdiyyə seçkisindən dərhal sonra Türkiyə prezidenti düz 2023-cü ilədək ölkədə heç bir seçki kampaniyasının olmayacağını xatırladıb. O, bununla demək istəyib ki, hökumət Türkiyə Cümhuriyyətinin 100 illiyi (2023-cü ildə qeyd olunacaq) ərəfəsində seçkiyə vaxt və güc sərf etməli olmayacaq və bunun əvəzində «vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması» ilə məşğul olacaq.

Lakin Ərdoğanın bundan sonra yürüdəcəyi xarici siyasət də daxili məsələlərdən az maraq doğurmur. Bələdiyyə seçkisinin ilkin nəticələrinə əsaslansaq, onun növbəti dəfə xalqın etimadını qazandığını söyləyə bilərik. Bu gün bu sahədə ən aktual məsələlərdən biri, əlbəttə ki, son illər çətin dönəmini yaşayan Türkiyə-ABŞ münasibətlərinin gələcəyidir. Ərdoğan son seçki kampaniyasının gedişində də Qərbin, ilk növbədə, ABŞ-ın siyasətinin tənqid olunduğu bir sıra bəyanatlar səsləndirib. Məsələn, o, ötən il Türkiyədə iqtisadi böhranın yaşanmasına görə Vaşinqtonu günahlandırıb. Ərdoğanın sözlərinə görə, Türkiyənin maliyyə bazarında 2018-ci ilin avqustunda baş vermiş manipulyasiyalar bir sıra Qərb dövlətinin, ilk növbədə ABŞ-ın Ankaraya təzyiq cəhdi imiş.

Görünən odur ki, Ərdoğan Vaşinqtonun istəyinin əksinə olaraq, Rusiya ilə strateji əməkdaşlığı inkişaf etdirməkdə qərarlıdır. Məsələn, o, Moskva ilə «S-400» raketlərinin alqı-satqısında dair sövdələşməni məntiqi sonluğuna çatdırmaq niyyətindədir.

Ankaranın əyilməzliyinin daha bir göstəricisi kimi, onun hələ də müharibənin davam etdiyi Suriya ilə bağlı siyasətini qeyd etmək olar. Bələdiyyə seçkisində «Cümhur İttifaqı»nın qələbə qazanması ƏİP tərəfindən həyata keçirilən və MHP-nin dəstəklədiyi siyasətin davam etdiriləcəyi anlamına gəlir. Söhbət Qərbin birbaşa hərbi, siyasi və maddi dəstəyilə fəaliyyət göstərən kürd təşkilatlarının terror əməllərinin qarşısının alınmasına yönəlmiş siyasətdən gedir.

Ərdoğan bələdiyyə seçkisi ərəfəsində açıq şəkildə bildirib ki, Türkiyə Suriya böhranını danışıqlar masası arxasında deyil, «meydanda» çözmək niyyətindədir. Düşünmək olar ki, o, Suriyanın şimalında kürdlərə qarşı yeni əməliyyatlara start vermək fikrindədir. Prezidentin aprelin 1-dən, yəni səsvermə başa çatar-çatmaz, «yolumuza yeni enerji ilə davam edəcəyik» bəyanatı da bunu təsdiqləyir.

Yeri gəlmişkən, seçki ərəfəsində Türkiyənin müdafiə naziri Hulusi Akar Suriyanın Fərat çayından şərqdə yerləşən rayonlarında planlı əməliyyatların həyata keçirilməsi mərkəzinin açılış mərasiminə qatılmış, Türkiyə Hərbi Hava Qüvvələri isə terrorçu «Kürd Fəhlə Partiyası»nın İraqın şimalındakı obyektlərinə zərbələr endirmişdi. Odur ki, Türkiyə təhlükəsizliyi üçün təhdidlərlə mübarizəni davam etdirir. Yaxın 4 ildə ölkədə seçki ajiotajının olmayacağını da nəzərə alsaq, bu işə mane olacaq heç nə yoxdur.



MƏSLƏHƏT GÖR:

281