2 May 2024

Cümə axşamı, 23:38

LİVİYA YENİDƏN OD İÇİNDƏ

İztirablı Məğrib ölkəsi miqyaslı müharibə təhlükəsi ilə üz-üzə

Müəllif:

15.04.2019

Liviya sürətlə vətəndaş müharibəsinə doğru gedir. Liviya Milli Ordusunun (LMO) komandanı, feldmarşal Xəlifə Xaftarın beynəlxalq birlik tərəfindən tanınmış Faiz Sarac hökumətinin yerləşdiyi Tripoliyə doğru irəliləməsi artıq hər iki tərəfdən insan tələfatına yol açıb.

Keçmiş Cəmahiriyyədə baş verənlər NATO-nun 2011-ci ildə burada həyata keçirdiyi hərbi əməliyyatlar və Müəmmar Qəddafinin illərlə davam etmiş hakimiyyətinin devrilməsindən sonra yaranmış xaosun ölkəni hansı faciəvi duruma saldığını bir daha ortaya qoyur.

 

Xəlifə Xaftar hücumda

Qəddafi rejiminin devrilməsindən sonra baş qaldırmış liviyadaxili münaqişə ölkəni faktiki olaraq, bir neçə yerə parçalayıb. Bu gün Liviya paytaxtı Tripolidə hakimiyyət 2015-ci il dekabrın 17-də BMT-nin vasitəçiliyi ilə Mərakeşin Skhirat şəhərində imzalanmış siyasi razılaşmaya əsaslanan Milli Birlik Hökumətindədir (MBH). Beynəlxalq birlik də Liviyanın legitim hakimiyyəti kimi, bu hökuməti tanıyır. Halbuki ölkənin ümumxalq səsverməsi ilə seçilmiş və 2014-cü ilin yayında Ümumxalq Milli Konqresini əvəzləmiş Nümayəndələr Palatası (parlament) Saracın başçılıq etdiyi MBH-nin tərkibini təsdiqləməkdən imtina edib. Deputatlar bunu nazirlərin arasında ixtisaslı kadrların kifayət qədər olmaması ilə əsaslandırır. Bu üzdən, onlar hesab edirlər ki, hazırkı hökumət ölkəni birləşdirmək iqtidarında deyil.

MBH ilə razılığa gəlməyən parlament ölkənin mərkəzi Tobruk olan şimal-şərqinə yerləşib. Bununla da, Liviyada daha bir müstəqil hökumət mərkəzi yaranıb. Sarac hökumətinə meydan oxumaq fikrinə düşmüş LMO da məhz ümumxalq səsverməsilə seçilmiş parlamenti dəstəkləyir. Hökumətə gəlincə, o, paytaxtda hakimiyyətini nüfuzlu hərbi birləşmələrin dəstəyi sayəsində qoruyub saxlayır. Onların sırasında radikal islamçı dəstələr də var. LMO komandanı Xaftarın Tripolidə Liviyanın terrorçulardan təmizlənməsi tələbi ilə hücuma başlaması təsadüf deyil. Onun fikrincə, ölkədə xaos və qanunsuzluğu məhz bu qruplaşmalar gücləndirib.

Liviyadakı cəzasızlığın səviyyəsi, həqiqətən, inanılmazdır. Faktiki olaraq, parçalanmış dövlətin qərbinə müxtəlif hərbi qruplaşmalar nəzarət edir. Söhbət «İslam Dövləti» təşkilatının hissələrindən, «Əl-Qaidə»nin yerli qanadından və digər terror təşkilatlarından gedir. Korrupsiyanın hökm sürdüyü, qeyri-qanuni qruplaşmaların savaş meydanına çevrilmiş, yoxsulluğun, haqsızlığın baş alıb getdiyi ölkədən əksər liviyalıların qaçmağa çalışması da təəccüblü deyil. Məhz bu səbəblərdən, minlərlə liviyalı qeyri-leqal miqrant kimi, Avropaya üz tutur. Vətəndə qalan potensial qaçqınları isə əsir düşərgələri, qul bazarları gözləyir. Orada bu insanlar görünməmiş təhqirlərə, zorakılıqlara məruz qalır, bir sıra hallarda isə öldürülürlər. Sülhün, nizam-intizamın, mərkəzləşmiş hakimiyyətin olmaması neft sektorunda da vəziyyətin sahmana salınmasına imkan vermir. Halbuki onilliklər ərzində Liviya iqtisadiyyatının əsasını məhz neft təşkil edib.

LMO və onun komandanı, feldmarşal Xaftarın aprelin 4-də başladığı hərbi hücum da Liviyanın bu vəziyyətdən qurtulması cəhdi kimi izah olunur. O, təxminən, yarım əsrdir ölkənin siyasi proseslərinin fəal iştirakçısıdır. 1969-cu ildə Xaftar monarxiyaya son qoyaraq Müəmmar Qəddafinin rəhbərlik etdiyi respublikanın qurulması ilə nəticələnmiş hərbi çevrilişdə də iştirak edib. Vaxtilə Qəddafi müsahibələrindən birində Xaftar haqda bu fikirləri səsləndirmişdi: «O, mənim üçün oğul olub. Mən isə onun mənəvi atası idim».

Lakin 1980-ci illərdə Xaftarla «Liviya inqilabının lideri»nin yolları ayrılıb: Liviya ordusunun Çadla müharibədə məğlub olmasından sonra komandan həbs olunub. Türmədən çıxdıqdan sonra ABŞ-a yollanmış Xaftar vətənə bir də Qəddafi rejimi üçün son il olmuş 2011-ci ildə dönüb. O zaman Liviyanın şərqində qiyamçılara başçılıq edən Xaftar Qəddafinin devrilməsindən sonra da kölgəyə çəkilməyib. 2014-cü ildə əksəriyyəti islamçılardan ibarət Ümumxalq Milli Konqresinə qarşı çıxıb. LMO-nun Xaftarın rəhbərlik etdiyi hissələri Benqazidə islamçıların bazalarına hücuma keçib və bu, Liviya ictimaiyyətinin «İslam Dövləti» və «Əl-Qaidə»nin getdikcə güclənməsindən narahat olan böyük bir hissəsinin gözündə onun nüfuzunu artırıb.

Nümayəndələr Palatası adlandırılan yeni parlament özünü ölkənin dünyəvi düzəndə inkişafının tərəfdarı kimi göstərmiş Xaftara dəstək verib. 2015-ci ilin martında deputatlar onu LMO-nun komandanı təyin edib. Ordunun bir neçə nəhəng neft terminalının ekstremistlərdən azad olunması istiqamətində Xaftarın komandanlığı altında keçirdiyi uğurlu əməliyyatlarından sonra Nümayəndələr Palatasının rəhbəri Akila Saleh hələ general olan komandana feldmarşal rütbəsi verib.

2019-cu ilin əvvəlindən LMO ölkənin daha bir neçə neftlə zəngin rayonunu islamçılardan azad edib. Bu gün isə Liviyanın taleyi Tripoli uğrunda gedən döyüşlərdən asılıdır. Hazırda bu savaş o qədər şiddətlənib ki, onun tammiqyaslı vətəndaş müharibəsinə çevriləcəyi istisna deyil.

Liviyadan gələn xəbərlərə görə, LMO Xaftarın komandanlığı altında paytaxta cənub və qərb istiqamətlərindən hücumdadır. Ordu ilə MBH qüvvələri bir-birinin mövqeyinə aviazərbələr də endirir. Artıq hər iki tərəfin itkisi onlarla ölçülür.

Jurnalımız çapa hazırlanan vaxt LMO MBH-nin Tripolinin 40 kilometrliyindəki Əl-Əziziyə rayonundakı hərbi bazasının nəzarətə götürüldüyünü bəyan etmişdi. Ordunun paytaxta hücumu davam edirdi.

Liviyanın beynəlxalq birlik tərəfindən tanınmış hökumətinin başçısı Faiz Sarac Xəlifə Xaftarı satqınlıqda və dövlət çevrilişinin təşkilində ittiham edib. Lakin görünən odur ki, bu ittihamlar hadisələrin gedişinə heç bir təsir göstərməyəcək. Üstəlik, Nümayəndələr Palatası LMO-nun, sadəcə, qarşısına ümumxalq səsverməsilə seçilmiş parlament tərəfindən qoyulmuş vəzifənin icrası ilə məşğul olduğunu bəyan edib.

Bu arada daha əhəmiyyətli amil dünyanın güc mərkəzlərinin baş verənlərə münasibətidir. Onların Liviyadakı qarşıdurmada iştirak edən qüvvələrə münasibəti bütünlükdə regionda ciddi geosiyasi qarışıqlığın yaşana biləcəyini göstərir.

 

Kimin iradəsi üstün gələcək?

Görünən odur ki, Liviya Qərblə Rusiya arasındakı qarşıdurmanın növbəti arenasına çevrilə bilər. Liviyada vəziyyətin pisləşməsi səbəbilə oradakı hərbi kontingentinin yerini dəyişmək qərarına gəlmiş ABŞ Xaftardan Tripoliyə hücumun dayandırılmasını tələb edib. «Biz Xəlifə Xaftarın hərbi əməliyyatlarına qarşı olduğumuzu açıq şəkildə bəyan edirik. Onu israrla paytaxta istiqamətlənmiş hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq», - deyə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

LMO-dan hərbi əməliyyatların dayandırılmasını Qərbin aparıcı fövqəldövlətlərini özündə birləşdirmiş «Böyük yeddilik» də tələb edib.

Rusiya isə Liviyada silahlı münaqişənin başlamasına görə NATO ölkələrini günahlandırır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirə səfəri zamanı bildirib ki, «Liviyadakı böhranın səbəbi NATO üzvlərinin 2011-ci ildə bu ölkədə etdikləridir». «Məhz həmin vaxtdan Liviya dağılmış dövlətə çevrilib. Gəlin, hər şeyi öz adı ilə çağıraq. Məhz o vaxtdan Liviya terrorçuların cənuba axışdığı qara dəliyə, silah qaçaqmalçılığının həyata keçirildiyi bölgəyə, qeyri-leqal miqrantların axın mənbəyinə çevrilib», - deyə Lavrov qeyd edib.

Moskvada hesab edirlər ki, «birtərəfli qaydada günahkar elan etmək» lazım deyil və gələcəkləri ilə bağlı qərarı liviyalıların özləri verməlidirlər. Bununla yanaşı, Rusiya BMT Təhlükəsizlik Şurasında feldmarşal Xaftarın Tripoliyə hücumu dayandırmasını tələb edən qətnamənin qəbuluna da imkan verməyib.

Qeyd olunanlardan belə çıxır ki, Qərb Xaftara qarşıdır, Rusiya isə onu dəstəkləyir. LMO komandanının Rusiya ilə əlaqələri haqda söhbətlər hələ Xaftarın, daha sonra isə parlament sədri Akila Salehin və feldmarşalın elçisi Abdel-Basit əl-Badrinin 2016-cı ildə Moskvaya səfərlərindən sonra yayılmışdı. 2017-ci ildə isə Xaftar «Admiral Kuznetsov» təyyarə gəmisinə qonaq olmuş, oradan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə videoəlaqəyə çıxmış, onunla beynəlxalq terror təşkilatları ilə mübarzə məsələlərini müzakirə etmişdi.

Moskva ilə LMO komandanının qarşılıqlı maraqları Xaftarın mətbuat katibi, briqada generalı Əhməd əl-Mismarinin ötən il səsləndirdiyi bir bəyanatdan sonra da ortaya çıxmışdı. O, «ayrı-ayrı dövlətlərin liviyalıların taleyilə oynamaqlarına son qoyması üçün Rusiyanın siyasi müdaxiləsinə ehtiyacın olduğunu» bildirmişdi.

Güman ki, Xaftara yaxın dairələr Rusiyadan silah almağa hazırdır. Onlar Moskvaya Liviyada neft və qaz hasilatı ilə məşğul olmasını da təklif edirlər. Britaniyanın «The Times» nəşri feldmarşala yaxın şəxslərdən olan Əkrəm Buxulayquya istinadən xəbər verir ki, Xaftar «Admiral Kuznetsov» təyyarə gəmisində olarkən onlara lazım olan silahların siyahısını ortaya qoyub, rusiyalılar isə BMT-nin liviyadaxili qarşıdurmanın tərəflərinə tətbiq etdiyi embarqoların aradan qaldırılmasına çalışacaqlarını deyiblər.

Aydındır ki, silah embarqosu üzündən Rusiya LMO-ya rəsmən silah tədarük edə bilməz. Lakin Xaftarın Tripolini ələ keçirərək ölkəni birləşdirməsi vəziyyəti dəyişə bilər. Bu halda Rusiya nəinki yeni silah alıcısı qazanacaq, həm də Liviyanın Aralıq dənizi sahillərində öz hərbi bazasını açmaq imkanı əldə edəcək. Qərbin Xaftarın qarşısını almaq cəhdləri də buradan qaynaqlanır. Çünki LMO-nun uğuru Rusiyanın Liviyaya və ümumilikdə şimali Afrikaya geosiyasi dönüşü ilə nəticələnə bilər.

Bütün bunlara rəğmən, Liviyada baş verənlərdə əsas məqam iddialı fövqəldövlətlərin geosiyasi hədəfləri yox, yaşananların liviyalılar üçün nə ilə nəticələnəcəyidir. Hissələrə parçalanmış Liviyada indiki hadisələr Müəmmar Qəddafinin hakimiyyətə gəlişindən, təxminən, yarım əsr sonraya təsadüf edir. 8 il əvvəl isə «Liviya inqilabının lideri» devrilib və hər kəsin gözü qarşısında linc edilib. İndi Məğribin enerji resursları ilə ən zəngin, lakin həm də iztirablı ölkələrindən olan Liviyanın taleyi yenidən həll olunur.

Xaftarın Tripoliyə hücumunun BMT-nin mövqeyinə, onun aprelin ortalarında ölkədə ümumxalq səsverməsinin keçirilməsi təşəbbüsünə zidd olduğu aydındır. Yəni LMO əməliyyatlara BMT-nin seçki anonsundan cəmi bir neçə gün əvvəl başlayıb. Lakin görünür, mərkəzi hakimiyyətdən məhrum ölkədə Xaftar buna əvvəldən ciddi yanaşmayıb.

Beynəlxalq birlik tərəfindən tanınmış Sarac hakimiyyəti üçün Xaftar ölkədə hərbi diktatura qurmağa çalışan qiyamçıdır. LMO-nun qalib gələcəyi təqdirdə ABŞ və Avropa ölkələrinin ona saysız-hesabsız sanksiya tətbiq edəcəyi də istisna deyil. Amma digər yandan, parçalanmış Liviya xalqının sabitliyə, dayanıqlı mərkəzi hakimiyyətə ehtiyacı var. Xəlifə Xaftarın hakimiyyətə gələcəyi təqdirdə, bunun təmin olunacağı da istisna deyil.

İstənilən halda, Liviya xalqı, həqiqətən də, öz yolunu özü seçməlidir. Bəs, Liviya xalqının iradəsilə o qədər də maraqlanmayan nəhəng qlobal mərkəzlər xalqa bu seçim imkanını verəcəkmi?



MƏSLƏHƏT GÖR:

279