26 Aprel 2024

Cümə, 14:34

ERMƏNİSAYAĞI «MARMOT GÜNÜ»

Ermənistandakı mövcud vəziyyət Serj Sarqsyan rejiminin süqutu ərəfəsini xatırladır

Müəllif:

15.09.2020

«Həyat daha yaxşı oldu, yoldaşlar, həyat daha əyləncəli oldu». Rəsmi istorioqrafiya bu cümlənin İosif Vissarionoviç Stalinə məxsus olduğunu yazır. Ermənistanda isə təbii ki, 30-cü illərin SSRİ-sindən fərqli olaraq, bu fikir şüar kimi tirajlanmır. Nikol Paşinyanın «kabab inqilabı»ndan sonra bu ölkədə həyat, əlbəttə ki, heç də əvvəlkindən yaxşı deyil. Lakin indi Ermənistanda darıxmaq da mümkün olmur. Ekspertlər hesab edir ki, orada son 2-3 ilin səs-küylü hadisələrinin «ikinci dalğa»sı başlaya bilər. Bir sözlə, Ermənistandakı mövcud vəziyyət Serj Sarqsyan rejiminin süqutu ərəfəsini çox xatırladır.

 

Bir az tarix

Paşinyanın «inqilab»ı, «Mənim addımım» hərəkatı və s. haqda kifayət qədər danışılıb və yazılıb. Serj Sarqsyanın nəyin bahasına olursa olsun, hakimiyyətdə qalmağa çalışmasının detonator rolu oynadığından da çox bəhs edilib. Məlum olduğu kimi, prezident kimi 2 səlahiyyət müddəti başa çatan Sarqsyan bu dəfə baş nazir kürsüsündə bütün idarəçiliyi əlində cəmləməyə çalışırdı. Lakin başqa bir həqiqət də var. Serj Sarqsyanın idarəçiliyinə son həlledici zərbəni 2016-cı ilin aprelində Azərbaycanın Ermənistanı darmadağın etməsi vurdu. Məhz o zaman bu ölkənin vətəndaşları qəflətən Azərbaycanın müasir, əla hazırlığa və silah-sursata malik ordusunun olduğunu dərk etdi. Onlar anladılar ki, Qarabağ uğrunda müharibə heç də bitməyib, real qüvvələr balansı isə 1990-cı illərdə olduğundan çox fərqlənir.

Məhz aprel döyüşlərindən az sonra – 2016-cı ilin iyununda radikal «Sasna srer» partiyasının yaraqlıları Yerevanda polis bazasını ələ keçirmişdilər. Doğrudur, o zaman onları təslim olmağa razı sala bildilər. Lakin məlum oldu ki, bu, silahlı qiyam planının yalnız bir hissəsi imiş. Ermənistan hakimiyyəti qiyamın qarşısını son anda, onun əsas təhrikedicisi olan peşəkar terrorçu Jirayr Sefilyanı həbs etməklə ala bildi. Bunun ardınca Ermənistanda daha bir neçə terror planı ifşa edildi. Sonda Sarqsyan rejimi qan axıdılmadan yola salınsa da, ölkədə güc tətbiqi ssenarisinin təkrarlanmayacağına zəmanət varmı?

 

Paşinyan üçün «dejavyu»

Nikol Paşinyanın nəzəri baxımdan siyasi gələcəyilə bağlı narahatlıq yaşamasına, əlbəttə ki, əsas yoxdur. O, ölkənin baş naziridir, rəhbərlik etdiyi «Mənim addımım» partiyası parlamentdə mütləq çoxluğa malikdir. Üstəlik, Paşinyan tam qanuni yolla olmasa da, «inqilab həmləsi» hesabına ölkənin Konstitusiya Məhkəməsini də özünə tabe edib, bununla da əslində, şəxsi diktatura rejimi yaradıb.

Lakin bütün bunlara rəğmən, bu gün Ermənistandakı vəziyyət Serj Sarqsyan hakimiyyətinin devrilməsi ərəfəsini xatırladır. N.Paşinyan, əlbəttə ki, Naxçıvan istiqamətindəki Qızılqaya-Günnüt əməliyyatının nəticələri, Ermənistanın orada yaşadığı «logistik faciə» ilə bağlı məsuliyyəti boynundan atmağa çalışa bilər. Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidmətinin məlumatına görə, həmin əməliyyat nəticəsində Azərbaycan Ordusu Xunut dağını, Ağbulaq yüksəkliyini, Qızılqaya və Mehridağ dağlarını ələ keçirib. Nəticədə, ümumilikdə, 11 min hektardan artıq ərazi Azərbaycanın nəzarətinə keçib ki, onun da 8 min hektarı əkinçiliyə yararlı torpaqlardır. Bundan başqa, dəniz səviyyəsindən 1683 metr hündürdə yerləşən Qızılqaya yüksəkliyinin tutulması ilə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu tam Azərbaycan Ordusunun nəzarətinə keçib. Bütün bunlar 2018-ci ilin iyununda məlum olub və o vaxt Paşinyan baş nazir kürsüsünü yenicə tutmuşdu. Odur ki, o, baş verənlərə görə məsuliyyətdən qaça bilib.

Lakin Qazax və Tovuz istiqamətində baş verənlərlə bağlı vəziyyət tam fərqlidir. İrəvanda, təbii ki, hansısa uğurlarla bağlı əfsanələr tirajlana bilər. Reallıqda isə Ermənistanın Tovuz istiqamətində bu ilin iyulunda əl atdığı təxribat ermənilər üçün tam fiasko ilə nəticələnib. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin də dediyi kimi, həmin döyüşlər nəticəsində Azərbaycan tərəfi öz mövqelərini 1500-1700 metr irəli çəkib.

Bu gün – Paşinyanın küçə triumfundan 2 il keçdikdən sonra onun təmtəraqlı vədlərinin əksəriyyəti yoxa çıxıb. Ermənistanın əsas müttəfiqi və tərəfdaşı olan Rusiya ilə münsibətləri «tükdən asılıdır». İrəvan isə hər şeydə olmasa da, çox şeydə məhz Moskvadan asılı vəziyyətdədir. Rusiyanın dəstək və dotasiyalarını bir qədər azaltması kifayətdir ki, Ermənistan iqtisadiyyatı çökməyə başlasın. Yaxın keçmişdə belə nümunələr olub. İndi, üstəlik, Qərblə münasibətlərdə də vəd olunan irəliləyiş görünmür.

Baş nazir kürsüsündə əyləşmiş Paşinyan istəsə də, istəməsə də, regional reallıqlarla barışmalıdır. Odur ki, o, Qərbdəki himayədarlarını tam razı salmaq iqtidarında deyil. «Ermənistanın səsi» öz mənbələrinə istinadən yazır ki, bu günlərdə Corc Soros Ermənistandakı əsas nümayəndəsi Laris Minasyan vasitəsilə Paşinyana narazılığını çatdırıb. Sorosu baş nazirin Aleksandr Lukaşenkonu yenidən Belarus prezidenti seçilməsi münasibətilə təbrik etməsi narazı salıb. «Həqiqətən də, suveren Ermənistanın lideri «inqilabın qalib gəldiyi ölkənin qürurlu vətəndaşları» adından «Avropanın son diktatoru»nu necə təbrik edə bilər? Minasyan baş verənlərə dövlətlərarası münasibətlərə dair protokolun tələbləri və s. kimi arqumentlərlə haqq qazandırmağa çalışsa da, Soros rəhm etməyib. O, Nikolun Lukaşenkonu təbrik etməklə yanlışlığı yol verdiyinin baş nazirə detallı şəkildə çatdırılmasını istəyib», - deyə yazıda bildirilir.

Brüssellə Vaşinqton da İrəvanın KTMT və Aİİ-dən çıxmaq istiqamətində real addım atmasınadək ona hədiyyələr göndərməyə tələsmir.

«Paşinyan özündən əvvəlki rejimi devirməklə, missiyasını başa vurub», - deyə müxalifətçi «İşıqlı Ermənistan» partiyasının sədri Edmon Marukyan bildirib: «Onun bundan artıq görəcəyi iş yoxdur. O, nə iqtisadiyyat, nə dövlət idarəçiliyi üzrə mütəxəssisdir. Odur ki, Paşinyanın iqtisadiyyatı dirçəldəcəyini gözləməyə dəyməz. Onun Ermənistanın beynəlxalq münasibətlərdə qarşıya qoyduğu vəzifələrin öhdəsindən gələcəyini gözləmək də yanlış olardı».

Bundan başqa, bu gün erməni ekspertlər bir şeyi də etiraf edir: Azərbaycan Avropa İttifaqının rəsmi sənədlərinə bir müddət əvvələdək heç özünün də təsəvvür etmədiyi fikirlərin salınmasına nail olur.

Nəhayət, Ermənistana Qərb investisiyalarının axacağına olan ümidlər də puça çıxıb. Burada bir qədər detallara varmaq lazım gəlir.

 

«Qızıl mirajlar»

Ermənistanda daha bir səs-küylü iqtisadi layihə iflasa uğrayır. Söhbət Cermuk yaxınlığındakı Amulsar qızıl mədənindən gedir. Mədəni Britaniyanın «Lydian International» ofşorunun törəmə şirkəti olan «Lydian Armenia» qrupu işləməli idi. Bununla yanaşı, iki il idi ekoloqlar, qadın hüquqlarının müdafiəçiləri (!) və digər fəallar Amulsar mədəninin işlənməsinə qarşı etiraz aksiyaları keçirirdilər. «Lydian Armenia» isə lazımi tədbirlərin görülməsini tələb edirdi və nəhayət, proses məntiqi, daha dəqiq desək, absurd sonluğuna çatıb. «Azatutyun» radiosunun məlumatına görə, Avropa Yenidənqurma və İnkişaf Bankı «Lydian International» şirkətini (səhmlərinin 100%-i məhz ona məxsusdur) 2019-cu ildən ödəmə qabiliyyəti olmayan şirkət elan edib. Məhkəmələrdən birində onun müflis elan olunması məsələsinə baxılır. Layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı da tərk edir. İndi ekoloqlar və digər QHT-lər qələbəni bayram edə bilər. Lakin bu, Paşinyanın komandasına da aiddir: Ermənstanda «Lydian Armenia»nın Ermənstanın hazırkı prezidenti Armen Sarqsyanla əlaqəsi haqda çoxdan danışılır. Deyilənə görə, bu əlaqənin kökləri hazırkı prezidentin hələ Ermənistanın Britaniyadakı səfiri kimi çalışdığı dövrlərə gedib çıxır.

Əlbəttə ki, Ermənistanda prezidentin səlahiyyətləri baş nazirlə müqayisədə çox azdır. Sarqsyanın hakimiyyətdə dekorativ fiqur olacağı lap əvvəldən bəlli idi. Lakin o, formal dövlət başçısı olmaqla yanaşı, hakimiyyət strukturunda «qarabağlılar»ın «sonuncu mogikanı» sayılır. «Qarabağlılar»ın mümkün revanşı halında isə ölkənin faktiki liderliyinə əsas namizəd məhz Sarqsyan sayılır. Belə plan isə əlbəttə ki, var. Xüsusilə indi.

Görünən odur ki, Paşinyanı Sarqsyanın iqtisadi maraqlarına zərbə endirməyə vadar edən də məhz bu məsələdir. Lakin baş nazir bu zərbənin ümumilikdə Ermənistan iqtisadiyyatına təsirini düz hesablamayıb. Yəqin ki, Paşinyan bir məşhur deyimi də unudub: «İstənilən göbələyi yemək olar, lakin bəziləri yalnız bir dəfə yeyilməlidir. İstənilən investora «atmaq» olar. Lakin yalnız bir dəfə».

İndi siyasi texnoloq Vigen Akopyanın da dediyi kimi, Ermənistanda 3 müxalifət qütbü formalaşır. Birincisi «Daşnaksutyun» və «Çiçəklənən Ermənistan»la bir eyni cəbhədə olan Artur Vanetsyanın «Vətən» partiyasıdır. Onlar ayrı-ayrılıqda fəaliyyət göstərə bilərlər. Lakin birlikdə onların resursları və imkanları daha genişdir.

İkinci qütb Robert Koçaryan, üçüncüsü isə Serj Sarqsyanın başçılıq etdiyi Respublika Partiyasıdır.

Ən əsası isə Nikol Paşinyan «Sasna srer»in yaraqlıları ilə də savaşın astanasındadır.

 

Terrorçular baş nazirə qarşı

Xatırladaq ki, əvvəllər Nikol Paşinyanla «Sasna srer» terrorçuları arasında münasibətlər «əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunda» olub. Onların polis bazasını ələ keçirdiyi, oradakı insanları girov götürdüyü vaxt zəbt olunmuş binaya yalnız o zaman parlamentin müxalifətçi deputatı olan Paşinyan maneəsiz girib çıxa bilirdi. «İnqilab»ın qələbəsindən sonra isə terrorçular tezliklə azadlığa buraxıldı və özlərinə partiya belə, yaratdı. Nəticədə, onlar haqlı olaraq, Paşinyanın müttəfiqi sayılırdılar. Lakin indi bu «tərəfdaşlıq» çat verir. Post-patrul xidmətinin binasını ələ keçirməkdə ittiham olunan «Sasna srer» fəallarının məhkəməsi bu yaxınlarda yekunlaşıb. İrəvanda keçirilmiş məhkəmənin qərarı ilə 30 yaraqlı əfv olunsa da, 9 nəfər üçün prokuror 8-9 il müddətinə həbs cəzası istəyib. Polis əməkdaşının qətlində təqsirləndirilən Armen Bilyana 21 il, Smbat Barseqyana isə ömürlük azadlıqdan məhrumetmə cəzası istənilib. Məhz bundan sonra yaraqlılardan biri, prokurorun 8 il 9 ay müddətinə həbs olunmasını istədiyi Varujan Avetisyan qəzəbli çıxışı ilə yadda qalıb. O, bildirib ki, Paşinyanın qələbəsindən sonra «yarımmüstəmləkə sistemdə yalnız kosmetik dəyişikliklər baş verib», «xalq Nikol Paşinyan tərəfindən aldadılıb» və «Sasna srer» Ermənistanın tam xilası uğrunda mübarizəni davam etdirəcək.

Artıq erməni ekspertlər və müşahidəçilər Paşinyanla «Sasna srer»in arasından «qara pişiyin keçdiyinə» əmindirlər. Güman ki, məhkəmədə ittiham aktının səsləndirilməsindən sonra terrorçular özlərini aldadılmış hiss ediblər. Bununla bağlı, saysız-hesabsız versiya var. Paşinyan onlara nəsə vəd edib, sonradan sözündən qaçıb, yoxsa onu sadəcə, «düz anlamayıblar» və s. İstənilən halda, Varujan Avetisyan baş nazirə müharibə elan edib. Söhbət isə terrorçulardan gedir. Nəzərə alsaq ki, «Sasna srer» Rusiyanın qatı əleyhdarı kimi tanınır, demək, Rusiyanın Ermənistan ərazisindəki obyektləri də hədəfə çevrilə bilər. Bütün bunlar göstərir ki, Ermənistanda yaşanacaq əsas hadisələr hələ qarşıdadır.



MƏSLƏHƏT GÖR:

292