26 Aprel 2024

Cümə, 07:59

«QARA DA İŞIQ SAÇIR»

Arif HÜSEYNOV: «Yaradıcılıqda həmişə bizim ənənələrə, mədəniyytimizi unikal edən milli bayramlara diqqət ayırmağa çalışmışam»

Müəllif:

01.10.2020

"Dünya öz təbiətinə görə yalnız bir rəsm sənət əsəri deyil, həm də bir rəssamdır", - böyük Siseron belə deyib. Gerçəkdən də, hər sənətkarın öz dünyası var. Rəssam Arif Hüseynovunku isə özəl və nağıl dünyasıdır. Əsərlərindəki hər bir cizgi dərin bir məna daşıyır və şübhəsiz ki, hər yeni nəslin izləyicisi onun barəsində mübahisə edəcək. Mənanın özünü isə yalnız Yaradan bilir.  

Ancaq mental yaddaşın qeyri-iradi səviyyəsində həmişə başa düşülən bir dəyər var - milli ənənələr, adətlər, çalarlar, motivlər. Ustadın texnikasını asanlıqla tanımaq olur – doğma və ürəyinə yaxın Azərbaycana olan sevgisi əsərlərinin hər birinə hopub. Oktyabrda Arif Hüseynovun 77 yaşı tamam olacaq. O, Azərbaycanın xalq rəssamı, məşhur azərbaycanlı dəzgah qrafiki, plakatçı, uşaqlar və böyüklər üçün kitabların illüstratorudur. Rəssamın "Baykal - Amur Magistralı ", "Dostluq palitrası" seriyasından olan əsərləri, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə illüstrasiyaları, sənədli-bədii qrafika janrında işlənmiş "Qarabağnamə. Tarix səhifələri ” silsiləsi yalnız bədii deyil, həm də məlumatlandırıcı dəyərə malikdir.

Qonaqpərvər ev yiyələri - Arif müəllim və Sevda xanım HÜSEYNOVLAR bizi böyük səmimiyyətlə qarşıladılar. Bağ evi, gözəl meyvə ağacları, samovar, milli şirniyyatlar. Səmimi söhbət üçün daha yaxşı bir şəraiti təsəvvür belə etmək olmur.

- Payız isti keçir. Bütün yayı və payızı bağda keçirməyə üstünlük verirsiniz?

- Mən hər yay buraya köçürəm. Pandemiyaya görə daha erkən gəldim.

- Şəhər sizi özünə çəkmir? Şəhər səs-küyü üçün darıxmırsız?

- İş məni darıxmağa qoymur. Bura mənim ikinci emalatxanamdır, burda özüm özümlə, düşüncələrimlə təkbətəkqalıram. Əsas emalatxanam Rəssamlar Evindədir, orada sözün əsl mənasında, bütün həyatım keçir. Oradan evə gec qayıdanda məndən soruşurlar: "Nədir, qonaq gəlmisən?" (gülür). Emalatxanada xüsusi bir atmosfer var, sizi bələyə bükər, dünyadakı hər şeydən ayırar. Təsəvvür edin, əgər bir yerə, təxminən, üç gün getməsəm, orada yad oluram. Sonra yenidən öyrəşməli, emalatxananın ruhuna köklənməli və yalnız bundan sonra yaratmağa başlamalı olursan. Tənhalıq yaradıcılığı qidalandırır. Mənim emalatxanama hətta pişik gəlsə belə, mən onu qovuram (gülür).

- Sizi bu qədər gənc və müsbət saxlayan nədir?

- Üç şey. Ünsiyyətcillik. Nikbinlik. Paxıllığın olmaması. Mən insanların uğurlarına ürəkdən sevinə bilirəm. Bununla yanaşı, öz dəyərimi bilirəm. Bu, nə olursa olsun, məni yaxşı əhval-ruhiyyədə saxlayır. Səksən yaşımın ərəfəsində mənim əsas həmsöhbətlərim - tələbələr və uşaqlardır, vaxtımı onlarla keçirməyə üstünlük verirəm.

Mən balacalar üçün bir studiya açmışam, orada onlara rəsm çəkməyi öyrədirəm. Bəzən onların əsərlərini satın da alıram – düzdür, elə də baha olmur (gülür) və onlara bu pulu yalnız boya almağa xərcləmələrini tapşırıram.

- Bəs, aldığınız əsərlərin sonrakı taleyi necə olur?

- Mənim emalatxanada kolleksiyam var, orada yerləşdirirəm, gözəl aura yaradır. Şagirdlərim bəzən elə gözlənilməz rəng həlləri tapırlar ki, bu, məni heyran edir və özüm üçün yeniliklər kəşf elirəm.

- Yəni müəllimin də onlardan öyrənəcəyi şeylər var...

- Şübhəsiz, mən bunu heç vaxt gizlətmirəm. Ümumiyyətlə, rəssam və yaradıcı insan təəccübləndirməyi və təəccüblənməyi bacarmalıdır. Bağçada açılan çiçək sanki ilk dəfə görürmüş kimi kiminsə könlünü aça bilər, amma kimlərsə bunu heç görməz. Beləliklə, ruhun yoxsullaşması baş verir. Bağımda artıq məndən hündür olan qamışlar var (bitkiləri göstərir). İnsanlar onları qoparıb zibil kimi atırlar, amma məndə onlar hətta çiçək açırlar.

- Arif müəllim, bilirik ki, beş ilinizi qrafikaya həsr etmisiniz, "Qarabağnamə" üzərində çalışmısınız. Qrafikanın qara və ağ çalarları sizi yormurdu?

- Qrafika məni özünəməxsus şəkildə cəlb edir, çünki qara da "işıq" saçır. Ancaq etiraf edirəm, rənglər üçün darıxırdım (gülür). İnsan hər zaman özünü rənglərin parlaqlığı ilə əhatə etmək istəyir - həm həyatda, həm də yaradıcılıqda. Buna görə də "Qarabağnamə" ilə paralel olaraq mən Mədəniyyət Nazirliyinin sifarişi üzərində işlədim. Bu, üç cilddə nəşr olunan "Aşıq poeziyası" nağıllar kitabı (folklor mövzusu) oldu.

- Siz "Qarabağnamə"ni işləyən zaman Qarabağ tarixinin öyrənilməsinə illərinizi vermisiniz. Bu işdə sizi ən çox təsirləndirən nə oldu?

- Mən izləyicilərə ermənilərin Azərbaycana kütləvi köçürülməsi ilə bağlı I Pyotrun planlarından bəhs edirəm. Alban kilsələrinin və Qarabağın Azərbaycan abidələrinin ermənilər tərəfindən mənimsənilməsindən, Qarabağ xanəndələrimizdən və onların yaratdığı böyük musiqidən, Türkmənçay müqaviləsinin imzalanmasından, məşhur generallardan və başqa çox şey haqqında danışıram. Azərbaycan xalqının tarixi abidələrinə qarşıvandalizm məni narahat edir. Bir rəssam olaraq bu barbar münasibət, məhz ermənilərin dahi Üzeyir Hacıbəyovun, Natəvanın, Bülbülün büstlərini gülləbaran etməsi məni özümdən çıxarır... Bu abidələrin çoxu İncəsənət Muzeyinin həyətindədir. Ancaq mən bir neçə dəfə üzərində güllə izləri olan bu büstlərin şəhərin ən çox ziyarət edilən və görkəmli yerlərində qoyulmasını təklif etmişəm. Onları hər kəs görməlidir.

- Karantin dövrü yaradıcılığınıza daha da dərindən dalmağa imkan verdimi? Bu müddət ərzində nə isə yaratmısınız?

- Millibayram Novruza həsr olunmuş silsilə mənim yaradıcılığımda aparıcı yerlərdən birini tutur. Həmişə mədəniyyətimizi özünəməxsus edən ənənələrimizə, adətlərimizə, milli bayramlarımıza illüstrasiya çəkməyə xüsusi diqqət yetirməyə çalışmışam. Pandemiya zamanı sevdiyim Novruz bayramına həsr olunmuş rəsm əsərləri yaratmışam: «Yel çərşənbəsi» və «Su çərşənbəsi» əsərlərini, karantinə qədər isə «Od çərşənbəsi»ni bitirmişdim. Yalnız "Torpaq çərşənbəsi"ni çəkməyim qalır. Bu da planımda var. Nə isə, gəlin, sizi emalatxanamla tanış edim.

Bol məhsullu əncir və nar ağacları olan bağdan keçərək, ensiz pilləkənlərlə qalxdıq və səliqəli şəkildə yığışdırılmış kiçik bir emalatxanaya girdik ki, bu, rəssamlar arasında nadir rast gəlinir.

"Mən qrafika ilə məşğul oluram, o isə son dərəcə səliqə və dəqiqlik tələb edir, buna görə burada yaradıcılıq xaosu görməyəcəksiniz", - deyə Arif müəllim sualımıza aydınlıq gətirdi.

Otağın ortasında molbertdə yağlı boya ilə işlənmiş "Fitnə" (Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanlarından biri) işıq saçırdı və göz oxşayırdı. Ailə fotoşəkilləriasılmış divarlar emalatxanaya xüsusi bir rahatlıq verirdi.

- Bura mənim kiçik emalatxanamdır, burada kiçik həcmli işlərlə məşğul oluram. Ailə fotoları olan bu stendi 27 yaşında bədbəxt hadisə zamanı vəfat edən oğlum yaradıb... (düşünür). O da çox yaradıcı bir insan idi, filmlər çəkirdi... Biz onun ənənələrini davam etdiririk və emalatxananı fotoşəkillərlə zənginləşdiririk. Nəvəmin çəkdikləri xüsusilə önəmlidir – o qız evdə olmadıqda onlara baxıram və söhbət edirəm...

- Bir çox nağıllara illüstrasiya çəkmisiniz Nəvənizə hansı nağılı oxuyursuz?

- Ömründə iki dəfə bir nağıl oxuyursan – bir çox kiçik olanda, bir də qocalanda. Təbii ki, qavrayış da fərqlidir. Uşaqlıqda “Kim yatmış, kim oyaq” sözlərini quru bir süjet kimi qəbul edirsən, böyük yaşlarda gizli alt mətni başa düşürsən: “Yatan adam həyatda ən vacib olanları əldən verir”.

- Arif müəllim, çoxları nağıl qıtlığından şikayətlənir...

- Mən həmişə bu problemə diqqət yetirirəm və hər zaman yenilərini yaratmağı xahiş edirəm. Təbii ki, hər şey maliyyələşmə ilə bağlıdır. Mən artıq 40 ildir «Cırtdan»ı çəkirəm. Nə qədər olar? Bu yaxınlarda çağdaş bir müəllifin çox ədəbsizsüjeti ilə məni sarsıdan bir nağılına rast gəldim. Uşaqların bunu oxumamaları daha yaxşıdır. Absurddur...

- Sizin bağınızdakı nar ağacı "Nar çiçəyi" əsərinizi xatırlatdı, əsər rəmzləri, milli elementləri, motivlərin çulğaşması ilə doludur. Bu qədər mürəkkəb işlərdə həddi keçməməyi necə bacarırsınız?

- Allah Toğrul Nərimanbəyova rəhmət etsin. Hal-hazırda özüm qarışıq bir çox rəssamların müraciət etdiyi nar simvolunu yaradan o olub. Biz onunla Moskvada birlikdə işləyirdik və dostluq edirdik. Nar həm xarici görkəminə (çox tilli formasına və təpədəki tacına) görə,həm də daxili quruluşuna (strukturunun mürəkkəbliyinə) görə bənzərsizdir. Hər sənətkar onu özünəməxsus şəkildə təsvir edir və ona öz fəlsəfəsini qoyur. Həddə gəldikdə isə, belə deyək: kiçik bir cizgi bütün işi poza bilər. Hansı rəssam yaxşıdır? Boyanı hara yaxacağını bilən rəssam. Rənglərin çuğlaşması ustadan asılıdır. Elə də olur ki, bir şey düşünürsən, amma sonunda tamamilə fərqli bir şey alınır. İşin gedişində hər şey dəyişə bilər. Ölçü hissi rəssamın zövqünə və həssaslığına bağlıdır.

- İçinizdə nələrisə dəyişən hansısa bir məqam varmı ...

- Olub. Bu, o deməkdir ki, 2006-cı ilə qədər hər şeydə çağdaş qrafika tətbiq etməyə çalışırdım, çox təcrübə apardım. Sonra məni Yaponiyanın paytaxtı Tokiodasərgi təşkil etməyə dəvət etdilər. Bu, yapon Avrasiya şirkəti idi, işimlə tanış olmaq üçün Bakıya gəlmişdilər. Mən bu sərgiyə Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın dəstəyi ilə getmişdim. Sərgi səs-küylü Tokionun tam mərkəzində keçirilirdi: bu, mənim seçimim idi, çünki məqsəd sadəcə simvolik olaraq bir sərgi keçirmək deyildi, məqsəd insanlara işimi göstərmək və onların reaksiyasını öyrənmək idi. Və əlbəttə ki, bu ölkəyə getmək və onun tanımamaq, xalqının ruhunu hiss etməmək günah olardı. İnanmazsınız, yaponların bir araya gətirə bildiyi super çağdaşlığın və ənənəviliyin sintezi məni nə qədər heyran etdi. Onlar ənənələrə, adətlərə hörmət edirlər və öz irslərinə hörmət edirlər, indiki gerçəkliyi onun əsasında yaradırlar. Bu an mənim yaradıcılığa baxışımı dəyişdi. Bu səfərdən sonra mən yenidən düşündüm və öz rəsm texnikamı dəyişdirdim.

- Sizcə, Azərbaycan təsviri incəsənət tarixində bum hansı dövrdə baş verdi?

- 60-cı illərdə. Nərimanbəyov, Salahov, Rasim Babayev kimi adlar incəsənətdə parıldadı. O dövrdə onlar çox idi. Moskva aralarından yaxşıları seçirdi və sərgilər təşkil edirdi. Beləliklə, ümumi sovet təsviri incəsənəti yaranırdı. Bu dövrdə dəzgah qrafikası sahəsində axtarışlar müsbət nəticələr verdi və qrafika sənətinin bütün sahələrinin inkişafına başladı. Ələkbər Rzaquliyev, Nadir Axundov, Maral Rəhmanzadə və başqaları bu dövrdə dəyərli obrazlar yaratdılar. Mən sənətə artıq 70-ci illərdə gəlmişəm.

- O dövrdə sizin yetişməyinizə nə kömək etdi?

- Həmin vaxt bizdə Bakıda qrafiki incəsənət və litoqrafiya yox idi. Bir neçə ildən bir mən iki aylıq Moskvaya gedirdim və bu, mənim üçün böyük bir universitet oldu. Fərqli insanlarla, müxtəlif ölkələrdən olan gənclərlə ünsiyyət qururdum. İndi bu rəssamlar görkəmli incəsənət nümayəndələridir. Bu sistem bizi yetişdirdi. Fikrət Həşimovla birlikdə Çexoslovakiyaya səfərim də yaradıcılığımda çox aydın əks olundu. Bu ölkəyə, xalqına və əlbəttə, orada tanış olduğumuz sənətkarlara (Yozef Velçovskiyə, Pavel Vavrisə) həsr olunmuş bir çox qrafiki əsərlərimiz yarandı. Bugünkü gerçəklikdən danışırıqsa, texnologiya dünyasında yaşamağımız çox yaxşıdır, amma mənfi tərəfi odur ki, bizi təbiilikdən uzaqlaşdırır. Məsələn, bu gün uşaqlardan nəyinsə üzünü köçürməyi xahiş etdiyim zaman, evdə etmək üçün fotoşəkilini çəkirlər. Ancaq incəsənətdə bu, qəbuledilməzdir. Bəs, kameranın təhrif etdiyi çalarlar, rənglər nə olacaq?! Mən həvəs və bacarıq görmədiyim şagirdlərimə hər zaman açıq bildirirəm ki, onlar boş yerə vaxt itirməsinlər. Yaradıcılıq sevgisiz nəfəs almır.

- Akademik təhsilin rolu vacibdirmi?

- Bəzən o, hətta mane olur. Səni çərçivəyə salmaqla, görmə qabiliyyətini təhrif edir və sənin anadangəlmə texnikanı dəyişdirir.

- Bəs, "dəb"də olanları yaradanlar haqqında nə demək olar?

- Bizim çox sayda muzeyimiz var, onların arasında gözəl dostumuz Altay Sadıqzadənin rəhbərlik etdiyi Müasir İncəsənət Muzeyi də var ki, orada çağdaş rəssamların əsərləri təqdim olunur. Bilirsiniz, bura gələn insanlar bizim köklərimizi hiss etmək, rənglərimizi anlamaq istəyirlər, çünki milli hər şey onlar üçün maraqlıdır. Abstraksiyanı və başqa çağdaş cərəyanları onlar öz vətənlərində də görə bilərlər. Bu onlar üçün tanışdır və buna görə də onları bununla təəccübləndirmək mümkün deyil. Mən heç vaxt hansısa bir incəsənət növünü təkzib etməyə çalışmamışam, amma inanıram ki, o, xalqla və onun həyat tərzi ilə bağlı olmalıdır. Axı, insan içində olduğu mühiti daha yaxşı çatdıra bilər. Elə incəsənət sahələri var ki, heç bir şəkildə bizim təbiətimizə xas deyil. Əgər rəssam qeyri-səmimidirsə və sadəcə, kimisə təqlid etməyə çalışırsa, bu, ötərgi bir şey olacaq. İnanın, hətta ən ortabab rəssam səmimi olduğu təqdirdə izləyicini cəlb edə bilər. Mən heç də həmişə məndən istənilənləri yaratmıram.

- Portret çəkməyə çalışmısınız?

- Bəli, öz nəvəmi. Bir yaşında olanda özümə söz verdim ki, 18 yaşına qədər hər il onun rəsmini çəkəcəm. Bu gün onun səkkiz portreti var. Mənim ona hədiyyə edə biləcəyim yalnız budur.

- Öz miniatürlərinizdə Azərbaycanın qədim fəlsəfəsini əks etdirirsiniz. Bu gün üçün miniatür yaratmalı olsaydınız, nəyi təsvir edərdiniz?

- XV-XVI əsrlərdə Şah İsmayıl şairlər və rəssamları toplayaraq, güclü Təbriz miniatür məktəbini yaratdı,Sultan Məhəmməd, Behzad və başqaları orda işləyirdi. İşə başlamalarından bir il sonra hakimiyyət dəyişdi və onlar hamısı oradan ayrıldı. Ancaq bu məktəb bu günə qədər gəlib çatıb. Milli motiv folklora və tarixə daha yaxındır. Mən bu istiqamətə xüsusi diqqət yetirirəm və milliliyə meylimi qoruyuram. Buna görə də məhz qədim fəlsəfəni təsvir etməyi sevirəm. Öz oğlum Orxan Hüseynovu da buna alışdırmağa çalışmışam. Bu gün biz tam fərqli üslublarda yaradırıq, amma istənilən halda yenə də mən onun təməlinə doğru bir anlayış qoymağa çalışmışam.

- Bəs, sizin atanız sizə nə öyrətməyə çalışırdı?

- Mən sifətdən atama çox oxşayıram (kitabdakı bir fotoşəkili göstərir). İbtidai sinif müəllimi idi. Mən də atamın öz qəzəllərini yazdığı kitabça hələ də durur. Şeirə həvəs göstərirdi. Kitabı vərəqləyərkən üzündə xal, çatmaqaş bir qızın şəklinə - "may 1943" yazısı ilə rast gəldim. Bu, mənim anadan olduğum il idi. Orxanın rəssamlığa həvəsi onun boyalar və rəsmlər arasında doğulması izah edir, atamın əli ilə çəkilmiş bu kiçik rəsmi də mənim taleyimi öncədən müəyyən etdi...

- Arif müəllim, səmimiliyinizə, nikbinliyinizə və yaradıcılığınıza görə sizətəşəkkür edirəm.  

- Yaradıcılığıma göstərdiyiniz diqqətə görə sizə və mənə yaratmaq isdedadı verdiyi üçün Tanrıya təşəkkür edirəm! (Gülümsəyir).



MƏSLƏHƏT GÖR:

284