19 May 2024

Bazar, 16:01

YAĞIŞDAN ÇIXIB YAĞMURA DÜŞMƏK

Dünya müharibəsindən yeganə xilas yolu Kiyevlə Moskva arasında birbaşa dialoqdur

Müəllif:

01.03.2022

Rusiya prezidenti Vladimir Putin fevralın 24-nə keçən gecə Donbasda «xüsusi hərbi əməliyyata başlanıldığını» elan edib. Əməliyyatlara başlanılmasına səbəb kimi Moskvanın müstəqilliyini yeni tanıdığı «Luqansk Xalq Respublikası» («LXR») və «Donetsk Xalq Respublikası»nın («DXR») dəstəklənməsi göstərilir. Bununla da, Rusiya-Ukrayna böhranında hərbi ssenaridən qaçmağa olan son ümidlər də puça çıxıb. Müvafiq olaraq, Ukrayna ətrafında Rusiya-Qərb qarşıdurması da dönməz xarakter alıb.

 

Müharibə labüd idi?

Hadisələr müharibəyə doğru sürətlə getməyə hələ fevralın 21-də başlamışdı. Rusiya «LXR» və «DXR»i müstəqil respublikalar kimi tanıdığını məhz həmin gün bəyan edib. Vladimir Putin bundan bir qədər əvvəl Fransa və Almaniya liderlərinə Ukrayna ərazisindəki separatçı rejimləri müstəqil respublikalar kimi tanımaq niyyətini açıqlamışdı.

Beləliklə, «Normand dördlüyü» kimi, Minsk razılaşması da aradan qalxıb, Ukrayna ətrafında siyasi-hüquqi vəziyyət isə əsaslı şəkildə dəyişib.

Moskvanın qərarı ilə bağlı xalqa müraciət edən Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, o, bu məsələyə BMT TŞ və ATƏT səviyyəsində qiymət verilməsini gözləyir. Dövlət başçısı tərəfdaşlarını Rusiyaya qarşı «ciddi addımlar» atmağa çağırıb, əvvəlkitək, münaqişənin diplomatik yolla, sülh prinsipləri əsasında həllinə sadiq olduğunu söyləyib. Məlumdur ki, Zelenski bununla yanaşı, BMT TŞ-nin daimi üzvlərinin Ukrayna, Türkiyə və Almaniyanın iştirakı ilə toplanmasını da tələb edib.

Bununla yanaşı, prezidentin sözlərindən məlum idi ki, Kiyev Rusiya tərəfini hərbi əməliyyatlarla nəticələnəcək təxribata çəkmək niyyətində deyil. Hər halda, Moskvanın yeni tanıdığı «respublika»lara hərbi dəstək vermə ehtimalı yüksək idi.

Rəsmi Kiyev son anadək böyük müharibədən qaçmağın mümkün olacağına ümid edirdi. Lakin Rusiyanın tanıdığı «LXR» və «DXR»in Moskvaya hərbi yardım üçün müraciətindən dərhal sonra Vladimir Putin bölgədə «xüsusi hərbi əməliyyat»a başladıqlarını elan edib. O, bildirib ki, əməliyyata başlanılması «Ukraynanın demilitarizasiyası və denasifikasiyası zərurəti»ndən irəli gəlir.

Beləliklə, Rusiya hücum əməliyyatına başlayıb. Lakin əməliyyatın ilk günündə rus qoşunları ciddi, amma demək olar ki, o qədər də yaxşı təşkil edilməmiş müqavimətlə üzləşib. KİV-də və sosial şəbəkələrdə Rusiyanın «bliskriq»i və onun mümkün iflası ilə bağlı müzakirələr başlayıb. Amma Rusiya tərəfinin məqsədinin «bliskriq» olub-olmadığı da dəqiq məlum deyil.

Qərbin baş verənlərə reaksiyasına gəlincə, NATO-nun baş katibi Yens Stoltenberq müharibənin ilk saatlarındaca blokun Ukraynaya qoşun göndərmək niyyətində olmadığını bəyan edib. Əvəzində, Qərb Moskvanı görünməmiş «sanksiya atəşi»nə tutub.

Avropa İttifaqı ölkələri, ABŞ, Kanada, Yaponiya, Avstraliya gözlənildiyi kimi, Moskvaya qarşı sanksiyaları sərtləşdiriblər. Nəticədə, Rusiya iqtisadiyyatı ciddi zərbə alıb. Ölkənin aparıcı şirkətlərinin səhmləri hərbi əməliyyatlara başlandığı ilk sutkadaca darmadağın olub, Rusiya rublu rəsmi məzənnədə dollara nisbətdə 30 %-dən çox ucuzlaşıb. Ekspertlər rublun dəyərini itirməsi prosesinin davam edəcəyini düşünür. «Qara bazar»da isə Amerika dolları bir neçə dəfə bahalaşıb.

Qərb dövlətləri Almaniya ilə danışıqlardan sonra fevralın 26-da Rusiya banklarını SWIFT-dən kənarlaşdırmaq haqda da qərar qəbul ediblər. Beləliklə, münaqişəyə hərbi müdaxilədən açıq şəkildə boyun qaçıran Qərb faktiki olaraq Rusiyaya total iqtisadi müharibə elan edib.

Son anadək Ukraynaya hərbi yardım göstərməkdən imtina edən, «Şimal axını-2» qaz kəməri layihəsi ilə bağlı razılaşmaların qüvvədə qalmasını istəyən Almaniya sonda Rusiya qazından tam imtina etmək qərarına gəlib. Berlin yaranacaq defisiti qarşılamaq üçün ABŞ-dan qaz tədarük etmək fikrindədir.

Fevralın 27-də isə Aİ hava məkanını Rusiyanın üzünə tam qapayıb.

 

Gözlənilən gözlənilməzlik

Elə həmin gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Qərbin sanksiyalarının vaxtında hazırlaşdığını, onların əksəriyyətinin əvvəldən proqnozlaşdırılan olduğunu bildirib. Bununla yanaşı, Peskov sanksiyaların Rusiya iqtisadiyyatı üçün ağrılı olacağını etiraf edib.

Məlumdur ki, Rusiya prezidenti son aylarda Hindistan və Çinə səfər etmişdi. Rusiyanın enerji resurslarının satışı, eyni zamanda əsas ixrac mallarının Rusiyaya gətirilməsi üçün əsas alternativ kimi məhz bu ölkələrin adı çəkilir. Həftənin ortalarında isə Pakistanın baş naziri İmran Xan Moskvaya səfər etmişdi. Onun burada apardığı danışıqlarda əsas mövzulardan biri Rusiyadan qaz idxalı məsələsi olub. Yaxın vaxtlarda Rusiyanın bu və bir sıra digər ölkələrə enerji daşıyıcıları tədarükünü artıracağı gözlənilir. Doğrudur, Rusiya bu ölkələrə qazı Avropa bazarları ilə müqayisədə daha aşağı qiymətlərlə satacaq, lakin bu, istənilən halda ənənəvi bazarları hansısa dərəcədə kompensasiya edəcək.

Beləliklə, Rusiyanın inkişaf etməkdə olan ölkələrlə iqtisadi-ticari əməkdaşlığının xeyli artacağı gözlənilir. Bu, sanksiyalara tuş gəlmiş sahələrə, o cümlədən texnologiyalar mübadiləsi, investisiya əməkdaşlığı və s. də aiddir. Total sanksiyalar şəraitində Rusiya biznesi aparıcı inkişaf etməkdə olan ölkələrdən gəlirli aktivlər almağa, onların ərazisində fəaliyyəti genişləndirməyə də maraq göstərə bilər. Beləliklə, Moskvanın yaxın xaricdə birgə müəssisələrin yaradılmasına marağının ciddi şəkildə artacağı istisna deyil.

Lakin eyni zamanda, Rusiyadan xarici kapital axını, ölkənin investisiya cəlbediciliyinin azalması və s. mənfi fəsadlar da qaçılmazdır.

İstənilən halda, Qərbin Rusiya ilə iqtisadi müharibəyə başlamaq qərarı Ukraynaya hərbi dəstək vermək seçiminə də təsir göstərdi. Son həftələrdə Qərbin praktik olaraq bütün ölkələri Ukraynaya silah tədarükünə məhdudiyyətləri aradan qaldırıb. Rusiya artıq Avropa Şurasından kənarlaşdırılıb, bununla da faktiki olaraq, Avropada təhlükəsizlik sisteminin siyasi mexanizmindən çıxarılıb.

Bəs Kiyevin Qərbdən gözləntiləri özünü doğruldubmu? Ukrayna siyasi isteblişmentinin də, ictimaiyyətinin də Qərbin aktiv hərbi-siyasi dəstəyinə ümid etdiyini göstərən bütün əlamətlər var. Vladimir Zelenskinin fevralın 25-də verdiyi bəyanat da təsadüf deyildi. «Biz dövlətimizi təkbaşına qorumaq məcburiyyətindəyik. Bizimlə birlikdə savaşmağa hazır olan varmı? Düzünü desəm, mən görmürəm. Bəs Ukraynaya NATO-ya üzvlük zəmanətini kim verir? Açıq desəm, hamı qorxur! - deyə Zelenski qeyd edib.

Lakin Qərb liderləri anlayırlar ki, onların Ukrayna tərəfdən hərbi əməliyyatlara bilavasitə qoşulması Rusiya ilə açıq münaqişəyə yol açacaq. Bu zaman nəinki bütün silah arsenalından istifadə, hətta nüvə silahı məsələsi də gündəmə gələ bilər.

Müttəfiqləri ilə həmrəylik nümayiş etdirən ABŞ prezidenti Cozef Bayden fevralın 26-da bildirib ki, Rusiyaya sanksiyaların tətbiqi yolunun seçilməsini düzgün hesab edir, çünki əks halda dünya müharibəsi riski yaranacaqdı.

Lakin xoşbəxtlikdən Üçüncü Dünya müharibəsi başlamasa da, bu gün hərbi əməliyyatlar istər Ukrayna, istərsə də Rusiya üçün əsl fəlakətə çevrilib. Bu fəlakətin miqyası isə gündən-günə artır.

 

Bakının vacib rolu

Müharibənin daha dəhşətli nəticələrindən qaçmaq istəyən Ukrayna prezidenti xalqa telemüraciətində Moskva ilə dialoqu bərpa etmək haqda düşündüklərini bildirib. Onun köməkçisi isə daha konkret danışıb: «Ukrayna hər zaman danışıqlara yer qoyub. Bu, Rusiyanın tammiqyaslı hücuma başladığı indiki günlərdə də belədir. Müharibəni dayandırmaq lazımdır».

Danışıqlara ciddi ehtiyacın olduğunu Ukrayna və Rusiyanın qonşuları, məsələn, Türkiyə ilə Azərbaycan da hiss edir. Hər iki ölkənin liderləri tərəflər arasında müvafiq olaraq İstanbul və Bakıda görüş təşkil etməyə hazır olduqlarını bildiriblər.

Ukrayna prezidenti Vladimir Zelenski də öz növbəsində, Rusiya ilə danışıqlara hazır olduğunu deyib, lakin bunu Belarusda etməyi düşünmədiyini söyləyib.

«Varşava, İstanbul, Bakı. Biz Rusiyaya danışıqların aparılması üçün bu şəhərləri təklif etmişik. Görüş Ukraynanın raket atəşinə tutulmayan istənilən şəhəri də ola bilər», - deyə o, ukraynalılara müraciətində bildirib.

Bununla yanaşı, Bakının Kiyevə humanitar yardım göndərməsini yüksək qiymətləndirən Zelenski Azərbaycanın dövlət başçısı İlham Əliyevi dost adlandırıb. Bu isə Ukrayna hökumətinin Azərbaycanın siyasi rəhbərliyinə böyük inam bəslədiyini təsdiqləyir.

Bununla yanaşı, Azərbaycanla Rusiya arasında müttəfiq münasibətlərinə dair Bəyannamənin imzalanması Bakı-Moskva münasibətlərini də keyfiyyətcə daha yüksək səviyyəyə qaldırıb ki, bu da Azərbaycanın belə vacib danışıqlar üçün optimal meydan olmaq imkanını artırıb.

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin ilə azərbaycanlı həmkarı İlham Əliyev arasında fevralın 26-da baş tutmuş telefon danışığında Ukrayna ətrafında yaşananlar müzakirə olunub. Ehtimal etmək olar ki, Bakı tərəflər arasında mümkün görüşlə bağlı konkret təkliflər irəli sürüb. Postsovet məkanının təcrübəli siyasətçilərindən, bu bölgədəki çətin münaqişələrin həllinin memarlarından biri olan İlham Əliyevin danışıqlar prosesini aparmaqla bağlı zəngin təcrübəsi var. Odur ki, Azərbaycan Prezidenti bu kritik günlərdə Moskva ilə Kiyev arasında dialoqun qurulmasında ciddi rol oynaya bilər.

 

Danışıqlar, yoxsa «qırmızı düymə»?

Daha miqyaslı fəlakət təhlükəsi qarşısında tərəflər, nəhayət, fevralın 27-də Belarus ərazisində danışıqlara başlamaq haqda razılığa gəlib, bununla da, vəziyyətin düzələ biləcəyinə dair cüzi də olsa nikbinlik yaranıb. Lakin danışıqlara başlanıldığının elan olunduğu həmin gündəcə Vladimir Putin Rusiyanın nüvə silahının qarşısının alınması qüvvələrinin xüsusi hərbi hazırlıq vəziyyətinə gətirilməsi əmrini verib. Bu isə təəssüf ki, artıq tamamilə fərqli tarixin başlanğıcı ola bilər…



MƏSLƏHƏT GÖR:

114