19 May 2024

Bazar, 03:14

YENİ DÖVRÜN ÖZƏLLİKLƏRİ

Tokayev postsovet ölkələrinin siyasi kursundakı ümumi tendensiyanı ortaya qoyub

Müəllif:

01.07.2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Peterburq Beynəlxalq İqtisadi Forumunun (PBİF) plenar iclasında səsləndirdiyi fikirlər postsovet məkanında, hətta bütün dünyada böyük rezonans doğurub. Bu bəyanatların motivləri və məzmunu yalnız Qazaxıstan və onun liderinin siyasi mövqeyi haqda deyil, həm də Avrasiyada, xüsusilə onun «postsovet» məkanında gələcək geosiyasi proseslərin mümkün xarakteri haqda vacib qənaətlərə gəlməyə imkan verir.

 

Tokayev forumda

Kasım-Jomart Tokayev açıq şəkildə bildirib ki, Qazaxıstan Ukraynanın cənub-şərqində elan olunmuş «DXR» və «LXR» kimi separatçı qurumları tanımır və tanımaq fikrində deyil. «Hesablamalar göstərir ki, xalqların öz müqəddəratını təyin etməsi hüququ bütün dünyada tanınarsa, 193 dövlətin əvəzinə 500-600-dan artıq dövlət yaranar. Bu, xaos olardı. Odur ki, biz nə Tayvanı, nə Kosovanu, nə Cənubi Osetiyanı, nə Abxaziyanı tanıyırıq. Eyni yanaşma kvazidövlət hesab etdiyimiz Luqansk və Donetskə münasibətdə də keçərlidir», - deyə Qazaxıstan prezidenti qeyd edib.

Tokayev bu sözləri yanında əyləşmiş Rusiya Prezidenti Vladimir Putin ilə polemika kimi səsləndirib. Rusiya lideri Ukrayna müharibəsinin başladığı ilk anlardan ona «LXR» və «DXR»in müdafiə olunması zərurəti ilə haqq qazandırmağa çalışır, qonşu dövlətin ərazisində aparılan hərbi əməliyyatların beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunda israr edir.

Bundan başqa, Tokayev Qazaxıstanın Amerika və Avropa tərəfindən Rusiyaya tətbiq edilmiş sanksiyalara qoşulacağını istisna etməyib, çünki «sanksiya sanksiyadır». Buradan belə məlum olur ki, iqtisadiyyatı dünya iqtisadiyyatı ilə sıx bağlı olan, Avropa İttifqaı, ABŞ, Böyük Britaniya, həmçinin Çin və Türkiyə kimi qlobal təsərrüfat mərkəzlərinə istiqamətlənmiş Qazaxıstan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan yayınma meydanı və ya alətinə çevrilməyi düşünmür.

İstər Rusiyada, istərsə də dünyada bir çox ekspert Tokayevin bəyanatlarını Qazaxıstan liderinin Kremlə və şəxsən Putinə meydan oxuması kimi qiymətləndirib. Bu mənada Qazaxıstan prezidentinin Rusiyanın Aleksandr Nevski ordenini qəbul etməməsinə diqqət çəkilir. Qazaxıstan KİV-i isə dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, Tokayev səlahiyyət müddətinin sonunadək bütün xarici təltiflərdən imtina edib. Yeri gəlmişkən, analoji vəziyyət Tokayevin Qırğızıstana səfəri zamanı da yaşanıb. O, bu ölkənin ən ali dövlət mükafatı olan birinci dərəcəli «Manas» ordenini də qəbul etməyib.

Lakin görünən odur ki, bu arqumentlər, həmçinin Qazaxıstan prezidentinin bəyanatları bundan əvvəl də Qazaxıstanı ərazi iddiaları, siyasi problemlər, iqtisadi təzyiqlərlə hədələmiş Rusiya dairələrini o qədər də qane etməyib. Bu, Moskvanın real olaraq Nur-Sultanı qorxutmağa çalışacağı anlamına gəlirmi? Hələlik bu sualı cavablandırmaq çətindir. Hələlik bir şey dəqiqdir ki, Tokayevin səs-küylü Peterburq bəyanatları ilə eyni vaxtda Rusiya Novorossiyskdə Xəzər boru xətti konsorsiumuna Qazaxıstan neftinin yüklənməsini əvvəlcə azaldıb, sonra isə tamamilə dayandırıb. Doğrudur, Rusiyanın rəsmi versiyasında bu addım limanda İkinci Dünya müharibəsi dövründən qalmış döyüş sursatlarının zərərsizləşdirilməsi zərurəti ilə əsaslandırılıb. Amma istənilən halda, Qazaxıstan prezidentinin Peterburq forumunda səsləndirdiyi bəyanatlar yalnız Nur-Sultan ilə Moskva arasındakı dialoqun hazırkı səviyyəsini göstərmir. Tokayevin səsləndirdiyi fikirlərin postsovet Avrasiyasının taleyinə birbaşa aidiyyəti var.

 

Yenə erməni barmağı

Hər şeydən əvvəl son dərəcə maraqlı olan bir məqama toxunmaq lazımdır. Tokayev forumdakı əsas çıxışında təcrübəli diplomat olaraq, xüsusilə Ukrayna müharibəsi və Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalarla bağlı kəskin məqamlardan yan keçib. Lakin Putinlə birgə iştirak etdiyi plenar iclasda o, bəlkə də təxribatçılıq məqsədi ilə verilmiş sualı cavablandırmaq məcburiyyətində qalıb. Sualı isə diskussiyanın moderatoru, «RT»nin baş redaktoru Marqarita Simonyan verib. Xatırladaq ki, Simonyan dəfələrlə Nur-Sultanın siyasətini tənqid etməklə yadda qalıb, Qazaxıstanı bu ilin yanvarında bürümüş siyasi böhran vaxtı isə bu ölkənin Moskvanın buyuruğu altında yaşamağa vadar edilməsi çağırışlarını səsləndirib. Simonyan o zaman bildirmişdi ki, qazaxlar Rusiyanı iddialarına uyğun milli və dil siyasəti yürütməyə məcbur edilməlidir. Eyni anti-Qazaxıstan mövqeyini onun həyat yoldaşı, təbliğatçı rejissor Miqran Keosayan da nümayiş etdirir. O, Qazaxıstana qarşı «Ukrayna nümunəsi»nin tətbiqi hədələrini belə səsləndirir. Məhz bu səbəbdən, Qazaxıstan Xarici İşlər Nazirliyi Keosayanın ölkəyə girişinə qadağa qoyub.

Əminliklə demək olar ki, həmin plenar iclasda Qazaxıstanla Rusiya arasındakı dost münasibətləri pozmağa çalışan destruktiv qüvvələrin «dəyirmanına su tökən» bəzi rusiyalı deputatlardan, jurnalistlərdən, mədəniyyət xadimlərindən danışan Tokayev, «rus dünyası»nın ağlı, şərəfi və vicdanı adına iddia edən bu erməni cütlüyü də nəzərdə tutub. Simonyanın xüsusilə Rusiya prezidentinin yanında Tokayev pis vəziyyətdə qoymaq cəhdinə də Qazaxıstan prezidentinin cavabı layiqli olub.

 

İddiasız

Simonyan-Keosayan cütlüyünün təxribatından daha əhəmiyyətli növbəti məqam Qazaxıstan prezidentinin separatizm təhlükəsinin bütün dünya üçün qəbuledilməz olduğu haqda fikirlərinin məna yüküdür. Aydındır ki, separatizmin azğınlaşacağı halda yarana biləcək «500-600 dövlət» arasında hazırda Rusiya ərazisi olan bir sıra bölgələr də yer ala bilər. Odur ki, Tokayevin kvazidövlət törəmələrinin mövcudluğunun, dəstəklənməsinin beynəlxalq təhlükəsizlik və sabitliyə təhdid olduğuna dair fikirləri elə Rusiyanın özünə ünvanlanmış incə eyhamdır. Xüsusilə nəzərə almaq lazımdır ki, Rusiya lideri Putin panel iclasın gedişində növbəti dəfə guya Rusiyanın SSRİ-nin dağılması nəticəsində müstəqillik qazanmış respublikalara «hədiyyə etdiyi» ərazilərdən söz açıb. O, Sovet İttifaqını «tarixi Rusiya» adlandırıb, bununla da, bilərəkdən və ya bilməyərəkdən belə iddiaların təhlükəli olduğunu təsdiqləyib. Bu, Rusiyanın öz maraqları kontekstində də belədir – hazırda o, Qərb ilə sərt qarşıdurma şəraitində, məsələn, tarixən almanlara məxsus olmuş Keniqsberqi – Kalininqradı necə qoruyub saxlamaq haqda da düşünməlidir.

Tokayev-Putin polemikasının ən vacib məqamı isə Qazaxıstan prezidentinin ölkəsinin müstəqilliyini və suverenliyini qorumaq məsələsində möhkəm iradəyə malik olduqlarını nümayiş etdirməsidir. O, açıq və ya gizli təhdidlər qarşısında bu əzmdə olduqlarını göstərib.

Bununla yanaşı, Qazaxıstan prezidentinin PBİF-in işində iştirakı, şübhəsiz ki, Moskva ilə Nur-Sultan arasında strateji tərəfdaşlığın, müttəfiqliyin yüksək səviyyəsinin göstəricisidir. Qazaxıstanın məhz belə münasibətlərin inkişafında maraqlı olduğunu Tokayevin bu sözləri də təsdiqləyir: «Həqiqətən də, bizim aramızda bu və ya digər yollarla, xalqlarımız arasına nifaq toxumu səpərək şişirdiləcək heç bir məsələ yoxdur». Forumdan sonra isə Tokayev Putin ilə yaxın münasibətlərdən məmnun olduğunu deyib, onu ölkəsinin etibarlı müttəfiqi saydığını söyləyib.

Kasım-Jomart Tokayevin Peterburq səfəri Rusiya-Qazaxıstan müttəfiqliyinin çərçivəsini də ortaya qoyub. O, Qazaxıstanın «qırmızı xətt»inin keçilməməsi şərti ilə müəyyənləşir. Söhbət, ilk növbədə, Rusiyanın nüfuzlu siyasi dairələrinin Qazaxıstanın ərazi bütövlüyünə «dil uzatması»nın qarşısının alınmasından gedir. Lakin Tokayevin dediklərindən də məlum olduğu kimi, ən vacibi başqa məqamdır: Qazaxıstan üçün Rusiya ilə tərəfdaş, müttəfiq münasibətləri sonuncunun maraqlarına tabe olmaq anlamına gəlmir. Bu mənada, Tokayevin Qazaxıstanda bu ilin yanvarında baş vermiş faciəvi hadisələr haqda danışarkən, o zaman göstərilmiş dəstəyə görə konkret olaraq Rusiyaya və onun ordusuna yox, KTMT-yə minnətdarlıq etməsi də maraqlıdır. «Rusiyada bəzi şəxslər guya Qazaxıstanı Rusiyanın xilas etdiyi və bu üzdən indi Qazaxıstanın onun ayağına yıxılmalı olduğunu deməklə, vəziyyəti təhrif edir. Düşünürəm ki, bu, tamamilə yanlış düşüncədir», - deyə Tokayev qeyd edib.

Beləliklə, Qazaxıstan özünü suverenliyini qorumağa hazır olan, qlobal siyasətin hər hansı güc mərkəzinin vassalına çevrilməyi düşünməyən dövlət kimi göstərir. Fərqi yoxdur, Rusiya olsun, Çin, yaxud Qərb.

Ümumiyyətlə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi cəhdləri yalnız Qazaxıstanın yox, postsovet məkanının praktik olaraq bütün dövlətlərinin siyasi kursunda ümumi tendensiyadır. Bu isə qarşılıqlı münasibətlərdə birinin digərinə tabe olmasını nəzərdə tutan hər hansı «tarixi» iddianın reallaşmasının mümkünsüzlüyünü göstərir.

Aydındır ki, XXI əsrdə güc yolu ilə hər hansı regional və ya qlobal inteqrasiyaya nail olmaq mümkün deyil. Qazaxıstanın və bütünlükdə Mərkəzi Asiyanın da gələcəyi, şübhəsiz ki, «tarixi imperiya»nın dirçəlişini qəbul etmir. Moskva ilə Nur-Sultan arasındakı dialoqun müxtəlif nüansları da bunu göstərir.



MƏSLƏHƏT GÖR:

114