20 May 2024

Bazar ertəsi, 00:57

ƏBƏDİ SUQSVANQ

Noyabrda keçiriləcək parlament seçkisi İsraili növbəti siyasi dalandan çıxaracaqmı?

Müəllif:

15.07.2022

Ekspertlərin proqnozları özünü doğrultdu – Knessetin deputatları parlamentin buraxılmasına, bu il noyabrın 1-də növbədənkənar parlament seçkisinin keçirilməsinə səs veriblər. Bu, İsraildə son 3,5 ildə keçiriləcək 5-ci parlament seçkisi olacaq. Ölkənin siyasi partiyaları qanunverici orqanda 2019-cu ilin aprelindən bu yana hakim koalisiyanı formalaşdıracaq çoxluğu təmin edəcək sayda yer qazana bilmirlər.

 

Hakimiyyət bölgüsü

Ölkənin yeni, sayca 14-cü baş naziri 58 yaşlı Yair Lapid seçilib. «Yeş Atid» («Gələcək var») partiyasına rəhbərlik edən Lapid bunadək xarici işlər naziri olub. O, hökumətə növbəti kabinetin formalaşmasınadək başçılıq edəcək. Hazırkı hakim koalisiyada Lapidin tərəfdaşı – artıq sabiq baş nazir Naftali Bennet həmkarına bu sözlərlə xeyir-dua verib: «Mən sənə bu əsanı və dövlət məsuliyyətini təqdim edirəm. Arzu edirəm ki, sən onu, Allah isə səni qorusun».

Bennet baş nazir postuna ötən ilin iyununda, siyasi partiyalardan heç birinin çoxluq qazana bilmədiyi parlament seçkisindən sonra gətirilmişdi. O zaman ölkədə analoqu olmayan siyasi koalisiya yaradılmışdı. Hər halda, səkkiz partiyanın yer aldığı koalisiyanı başqa cür adlandırmaq mümkün deyil. Koalisiyada sağçılar – Aviqdor Libermanın rəhbərlik etdiyi «Evimiz İsrail» və Bennetin lideri olduğu «Yamina» partiyaları, eyni zamanda solçular – «Avoda», «Meres» və Mansur Abbasın başçılıq etdiyi RAAM ərəb partiyası, həmçinin Yair Lapid və Beni Hansın mərkəzçi «Yeş Atid» və «Kaxol-Lavan» partiyaları yer alırdı. RAAM 1948-ci ildən bu yana Knessetə düşməyi bacarmış ilk müstəqil ərəb partiyası idi. Həmin seçkidən sonra Bennet ilə Lapid hökumətə hər biri 2 il müddətinə başçılıq etməklə bağlı razılığa gəlmişdilər. Yəni Bennet hakimiyyəti 2023-cü ilin sentyabrında Lapidə təhvil verməli idi. Lakin hələ o zaman çoxları hesab edirdi ki, bu qədər müxtəlif yönümlü partiyaları birləşdirən yeganə hədəf sabiq baş nazir Binyamin Netanyahu və onun sağ-mərkəzçi «Likud» partiyasının hakimiyyətə qayıdışına imkan verilməməsi idi. Nəticədə, koalisiya, həqiqətən də, dağıldı. Bunun formal səbəbi koalisiyaya daxil olan partiyaların bir sənədin müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməməsidir. Söhbət İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələri sakinlərinin Fələstin Muxtariyyətinin deyil, İsrailin qanunları ilə yaşamasını nəzərdə tutan sənəddən gedir. Ərəb deputatlar, təbii ki, bu sənədin müddətinin uzadılmasına qarşı çıxıblar. Amma ərəblər olmadan belə, parçalanma gözlənilən idi. Başqa sözlə, koalisiya  onsuz da  «can üstə» idi – Naftali Bennetin partiyasını hakimiyyətdə olduğu müddətdə iki deputat tərk etmişdi. Belə bir vəziyyətdə «birliy»in bir il davam etməsi, hətta büdcəni təsdiqləməsi həqiqətən ciddi nailiyyət sayıla bilər.

İctimai rəy sorğuları göstərir ki, hazırda heç bir partiya koalisiyası çoxluğu əldə edə bilməyəcək. İsraildə parlament demokratiyasıdır və qanunverici orqana seçki proporsional sistemlə keçirilir. Bu isə müxtəlif birliklərə hakimiyyətdə təmsil olunmaq imkanı yaradır. Digər tərəfdən sistem ən kiçik partiyaların belə, ciddi hakimiyyətə yiyələnməsinə yol açır. Çünki bir siyasi təşkilatın parlamentdə hökuməti təkbaşına formalaşdırmağa imkan verəcək qədər yer toplaması real deyil. Amma son 4 ili saymasaq, bu sistem İsraildə hər zaman işə yarayıb. Bundan sonra vəziyyətin necə olacağını isə heç kim proqnozlaşdıra bilmir.

 

Netanyahu andını yerinə yetirəcəkmi?

Bu haqda kimlər bədbin fikirdə olsalar da, 72 yaşlı Binyamin Netanyahu nikbindir. İndiyədək 12 il fasiləsiz hakimiyyətdə olmuş Netanyahu əmindir ki, onu məğlub sayanlar tələsiblər. Hakimiyyətə qayıdacağına and içmiş sabiq baş nazirin indi buna nail olması üçün şansı pis deyil – Netanyahu və onun «Likud» partiyası növbəti parlament seçkisində nisbi çoxluğu qazanmaq imkanına malikdir. Hazırda parlamentdəki 120 yerdən 29-u «Likud» üzvlərinə məxsusdur və növbəti seçkidə onlar bu rəqəmi 34-dək artıra bilərlər. Bu, əlbəttə ki, hökumətin təkbaşına formalaşdırılması üçün kifayət deyil (bunun üçün ən azı 61 mandat tələb olunur), lakin mübarizə aparmağa bəs edir. Məsələn, Bennetin gedişindən sonra «Yamina» partiyasına bunadək daxili işlər naziri olmuş Ayelet Şaked rəhbərlik edir. Şakedin Netanyahu ilə mümkün koalisiyaya gedəcəyi istisna deyil.

Netanyahu özü isə koalisiyanın dağılmasını «İsrail üçün əla xəbər» adlandırıb. 2020-ci ildən korrupsiya ittihamı ilə istintaq altında olan siyasətçi (o, işi saxta hesab edir) öz gücünə çox əmindir. Noyabr seçkisi onun üçün, şübhəsiz ki, son şans olacaq. Odur ki, sabiq baş nazir bu yarışa ikiqat güc qoyacaq.

Amma baş nazir iddialarını ortaya qoymuş daha bir populyar siyasətçi var. Bu, hazırkı maliyyə naziri Aviqdor Libermandır. O, bütün namizədlərdən daha çox dövlətçilik və siyasi təcrübəyə malik olduğunu bildirir. Bəs, İsrail ictimaiyyəti keçmiş SSRİ-də mühacir həyatı yaşamış şəxsin ölkəyə rəhbərlik etməsinə hazırdırmı?

Müşahidəçilər hesab edir ki, bütün dünyada geosiyasi təlatümlərin yaşandığı indiki mərhələdə İsrailin, həqiqətən, güclü liderə və siyasi sabitliyə ehtiyacı var. Əksər ekspert əmindir ki, İsrail, məsələn, ərəb qonşuları ilə münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş siyasətini davam etdirməlidir. Bunun üçün isə İsrail hökuməti nisbətən təxminedilən olmalıdır.

 

Qərb kömək edəcək

Hesab olunur ki, ölkənin proqnozlaşdırıla bilən, gücə, sabitliyə, İranla gələcək qarşıdurma ilə bağlı uzunmüddətli planlar qurmaq (o cümlədən onun həyata keçirilməsi üçün ehtiyatlara) bacarığına ehtiyacı var.  İndi İsrail üçün xarici siyasətdə (elə daxili siyasətdə də) çox şey ABŞ prezidenti Cozef Baydenin Yaxın Şərq turnesinin nəticələrindən asılıdır. Ağ Ev sahibi bu turne çərçivəsində, təbii ki, yəhudi dövlətinə də baş çəkəcək. KİV artıq indidən bu səfəri «tarixi səfər» kimi qiymətləndirir, onun regionda yeni proseslərin başlanğıcı olacağını yazır. Bildirilir ki, qlobal böhranlar, ilk növbədə isə Ukrayna və Suriyadakı vəziyyət Vaşinqtonu Yaxın Şərq siyasətinə yenidən baxmağa vadar edir. Belə bir vəziyyətdə İsrail üçün əsas prioritet ABŞ-ın İranla bağlı siyasətini sərtləşdirməsinə nail olmaqdır. Söhbət o cümlədən «Yaxın Şərq NATO-su»nun yaradılmasından gedir. Hər halda, İordaniya kralı II Abdulla Amerikanın «CNBC» telekanalına müsahibəsində belə təkliflə çıxış edib.

Yəhudi dövlətinin Rusiya ilə münasibətlərinin necə inkişaf edəcəyi də Baydenin səfərindən asılıdır. Bu məsələdə «ilk qaranquş» artıq özünü göstərib – məlumata görə, Moskva Yəhudi Agentliyindən Rusiyada fəaliyyəti dayandırmasını tələb edib. Müşahidəçilər bunu Lapidə aşkar ismarıc kimi qiymətləndirirlər. Məlumdur ki, o, Moskvaya münasibətdə Bennetdən qat-qat sərt mövqedədir.

Beləliklə, bütün daxili və xarici amilləri nəzərə alsaq, deyə bilərik ki, bu, İsrail üçün ən çətin və uzun seçki kampaniyası olacaq. «Midgam Research» tərəfindən keçirilmiş və nəticələri İsrail Demokratiya İnstitutu yanında Viterbi ictimai rəyin öyrənilməsi və siyasət Mərkəzi tərəfindən elan olunmuş sorğu göstərir ki, respondentlərin 52%-i sağçı blokun sabit yeni hökumət formalaşdırmaq bacarığına əmindir. Bununla yanaşı, yeni seçkinin ölkəni son illərin siyasi dalanından çıxaracağına israillilərin yalnız üçdə biri inanır.



MƏSLƏHƏT GÖR:

98