3 May 2024

Cümə, 00:21

VAŞİNQTON BƏYAN EDİR Kİ,..

Planetin ən qaynar regionunda yaxın perspektivdə hadisələrin inkişafı haqqında

Müəllif:

01.08.2022

ABŞ Prezidenti Cozef Baydenin Yaxın Şərq səfəri bir çox məqamları ilə diqqət çəkib. Çünki söhbət təkcə superdövlətin birinci şəxsinin planetin ən həssas və gərgin nöqtəsinə səfərindən getmir, həm də yerləşdiyimiz regionun gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Prezident Baydenin səfərinin 3-cü “dayanacağı” olan Səudiyyə Ərəbistanında mətbuat konfransında söylədiyi bir cümlə əslində bu səfərin regionun siyasi taleyini və ABŞ-ın strategiyasını müəyyənləşdirdiyini açıqlayırdı.

Onun “Yaxın Şərqdə Rusiya və Çinin doldurması üçün hər hansı bir boşluq buraxmayacağıq” deməsi səfərin əslində regional siyasət kontekstindən kənara çıxdığını göstərirdi. Qeyd edək ki, Vaşinqton artıq bir neçə ildir ənənəvi rəqibi, indi isə düşmən elan elədiyi Çinin Yaxın Şərqdə getdikcə artan iştirakından narahatdır. Buna görə də güman edə bilərik ki, bu səfər həm də qlobal siyasət nöqteyi-nəzərindən Rusiya və Çinin Yaxın Şərqdəki siyasi ekspansiyasına qarşı idi. Bəs Bayden bu hədəfinə nail ola bildimi?

 

Əvvəlki hala qayıtmaq

Əslində amerikalılar bir qədər gecikib. Çünki Rusiya artıq 10 ilə yaxındır Yaxın Şərqdə fəallaşıb. Çin isə planetdəki ilk xarici hərbi bazasını 2015-ci ildə Cibutidə qurmaqla regiondakı varlığını elan edib. Moskva “ərəb baharı” və terror müharibələri dövründə Yaxın Şərq ölkələrinə böyük miqdarda silah və hərbi texnika satıb, Suriya və Şimali Afrikada hərbi mövcudluğunu gücləndirib. Pekin isə daha əvvəl birgə iqtisadi layihələr, borc verməklə yaxınlaşdığı region ölkələri ilə artıq birgə hərbi təlimlər həyata keçirir, yüz milyardlarla dəyəri olan enerji müqavilələri imzalayır.

ABŞ indi köhnə əlaqələri yeniləmək, regionda mövqeyini gücləndirməyə çalışır. Eyni zamanda Ukrayna müharibəsindən sonra dünya enerji bazarında baş verən çalxalanmalar, ABŞ və Avropada neft-qaz qiymətlərinin bahalaşması Cozef Baydenin Yaxın Şərqə səfərinin əsas səbəbləri sırasında idi.

Məlum olduğu kimi, ABŞ Prezidentinin regiona səfərinin 3 dayanacağı olub: İsrail, Fələstin və Səudiyyə Ərəbistanı. Səudiyyə Ərəbistanında prezident Bayden rəsmi şəxslərin, kralın və vəliəhd-şahzadə ilə yanaşı, Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələr və daha üç dövlətin - İraq, Misir və İordaniya liderlərinin qatıldığı sammitdə iştirak edib.

 

İsrail ismarıcları

Ər-Riyadda ABŞ prezidenti yüksək səviyyədə qarşılanıb. Səudiyyə Ərəbistanı ilə ABŞ arasında bir sıra sahələrdə, o cümlədən hərbi sahədə müqavilələr imzalanıb.

Bu arada, ABŞ və İsrail arasında Yerusəlim Birgə Strateji Əməkdaşlıq Bəyannaməsi imzalanıb. Bundan başqa, İsrail vətəndaşlarının ABŞ-a giriş vizalarının sadələşdirilməsi, həmçinin Vaşinqtonun İsrailin lazer hava hücumundan müdafiə sistemlərini inkişaf etdirmək üçün maliyyə və texniki yardım etməsi barədə razılaşmaları yəhudi dövləti alqışlayıb.

Üstəlik, Baydenin İsrail hökumətini tənqid etməməsi, yeni yaşayış məskənlərinin salınması, fələstinli jurnalistin ölümü və dəfn zamanı baş verən hadisələri yada salmaması İsrail rəsmiləri üçün xoş sürpriz olub. Lakin eyni zamanda İsrail baş nazirinin israrlı bəyanatlarına rəğmən ABŞ prezidenti İran mövzusu üzərində çox dayanmayıb və ümumi tezislərlə kifayətlənib. Belə ki, o, İranın nüvə dövləti olmasına imkan verməyəcəklərini, həmçinin İranın ballistik raket proqramı və regiondakı silahlı qruplara dəstəyini dayandırması üçün İsraillə əməkdaşlıq kimi ümumi istiqamətləri xatırladıb. Həmçinin Bayden daha əvvəlki ABŞ prezidentləri kimi İsrail-Fələstin münaqişəsinin həlli üçün iki dövlət prinsipini yada salıb.

Lakin Cozef Baydenin Beytləhimdə Fələstin muxtariyyəti lideri Mahmud Abbasla görüşü və verdiyi ismarıclar göstərib ki, Fələstin münaqişəsi hazırda Vaşinqton üçün ciddi gündəm təşkil etmir. Bayden Fələstinin səhiyyə sahəsinə 100 milyon dollar, fələstinli qaçqınlara isə 200 milyon maliyyə yardımı ayıracağına söz verib, həmçinin fələstinli jurnalistin ölümü hadisəsinin şəffaf şəkildə araşdırılmasına dəstək verməyə hazır olduğunu bildirib. Əlbəttə ki, Mahmud Abbas isə bir daha Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğunu bəyan edib.

Bütün bunlar onu göstərir ki, Fələstin mövzusu indi ABŞ üçün prioritetlər arasında deyil. Bunun əvəzində Baydenin İsraildə verdiyi ən mühüm ismarıc isə “İbrahim razılaşması”, yəni ərəb ölkələri ilə İsrail arasında barışığın yaranmasını nəzərdə tutan Tramp dövründə hazırlanmış layihəyə dəstək verməsi olub. Bu layihəyə dəstəyini nümayiş etdirən Bayden tarixdə ilk dəfə İsraildən Səudiyyə Ərəbistanına birbaşa reyslə səfər edib. Şübhəsiz, bu hadisə həm də regionun gələcəyi ilə bağlı ciddi bir prosesin başladığını göstərir.

 

Səudiyyə Ərəbistanının hədəfləri

ABŞ dövlət başçısının Yaxın Şərq regionuna səfərinin əsas dayanacağı birmənalı olaraq Səudiyyə Ərəbistanı idi. Burada o, bir neçə ərəb ölkəsinin lideri ilə bir araya gəlib, bir çox dövlətlə bağlı fikirlərini açıqlayıb. Bu ölkədə keçirilən görüşlər, verilən ismarıclardan üzə çıxan əsas nəticə o idi ki, Krallıq ABŞ-ın regional siyasətində qarşıdakı illərdə çox mühüm yer tutacaq, Vaşinqton Ər-Riyadla yaxından əməkdaşlıq edəcək.

Bu əməkdaşlığın iki əsas istiqaməti var. Birincisi, Vaşinqton Səudiyyə Ərəbistanını Yaxın Şərqin, xüsusən də körfəz regionunun lider dövləti olaraq qəbul edir, “İbrahim razılaşması”nın həyata keçməsi bu dövlətin üzərindən olacaq.

İkincisi, Səudiyyə Ərəbistanı dünya neft bazarında sabitliyin əldə olunması üçün ABŞ-ın ehtiyac duyduğu dövlətdir. Başqa sözlə, dünya enerji bazarını ABŞ məhz Səudiyyə Ərəbistanı vasitəsilə sabitləşdirməyə çalışacaq.

Bu səbəbdən də, bir neçə il əvvələ qədər Səudiyyə rəhbərliyini ciddi şəkildə tənqid edən, onu təcrid olunmuş dövlət adlandıran Bayden vəliəhd-şahzadənin əlini sıxmağa, daha sonra onunla 3 saatlıq görüş keçirməyə məcbur olub.

Yeri gəlmişkən, ABŞ və Səudiyyə Ərəbistanı arasında 18 sənəd imzalanıb. Bu sənədlər əsasən enerji, sərmayə, rabitə, kosmik tədqiqatlar, informasiya mübadiləsi, səhiyyə sahələri ilə bağlı olub. Əlbəttə, əsas mövzu enerji idi.

Bu səbəbdən də, imzalanan sənədlərin əksər hissəsi enerji sahəsinə aid idi.

Bu da təsadüfi deyil. Çünki Səudiyyə Ərəbistanı indi dünya bazarında davam edən qiymət manipulyasiyalarının qarşısını ala biləcək, bazara “kənar müdaxilələri” zərərsizləşdirmək gücündə olan əsas dövlətdir.

Digər tərəfdən Baydenin təyyarəsinin Təl-Əviv hava limanından birbaşa Ciddəyə uçması ərəb aləmində yeni dövrün başlaması idi. Bu başlanğıc əsasən vəliəhd-şahzadə Məhəmməd bin Salmanın sayəsində baş verib.

ABŞ prezidentinin regiona səfərində daha bir diqqət cəlb edən mövzu İraq idi. Prezident Bayden bildirib ki, onların bu ölkə ilə bağlı əsas məqsədi İraqın elektrik təminatının Səudiyyə Ərəbistanı vasitəsilə körfəz ölkələri hesabına həyata keçirilməsidir. Bununla da, İraqın İrandan enerji asılılığı aradan qalxacaq. ABŞ dövlət başçısı deyib ki, hələ vitse-prezident olarkən onun məqsədi İraqın İrandan asılılığını azaltmaq olub və o, bu məqsədinə də “nəhayət nail olub”. Bu, o deməkdir ki, ABŞ ərəb ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı vasitəsilə İraqı İrandan qoparmağa çalışır. Başqa sözlə, qarşıdakı dövrdə İraqda Səudiyyə Ərəbistanı ABŞ-ın siyasətini həyata keçirəcək və İranla rəqabət yeni mərhələyə daxil olacaq.

 

Və nəhayət...

ABŞ Prezidenti Cozef Baydenin Yaxın Şərq regionuna ilk və hələlik sonuncu səfəri supergücün siyasətinin konturlarını müəyyənləşdirib. Beləliklə, Baydenin region səfərinin nəticələrinin qısa siyahısını artıq hazırlamaq mümkündür. Məsələn, ABŞ İsrailə maliyyə, texniki dəstəyini davam etdirəcək, onu hər cür kənar müdaxilədən qoruyacaq. Bunun əvəzində isə İsrail İrana ABŞ-ın razılığı olmadan hücum etməməlidir. Bununla yanaşı, “İbrahim razılaşmaları” davam edəcək, ABŞ isə Fələstin dövlətinin yaradılmasını dəstəkləyəcək.

ABŞ-ın Səudiyyə Ərəbistanı ziyarətinin ismarıcları isə daha maraqlı oldu. Vaşinqton Yaxın Şərqdə əsas missiyanı Ərəbistan hakimiyyətinin üzərinə qoyur. “İbrahim razılaşmaları”nın əsas aparıcı qüvvəsi Səudiyyə Ərəbistanı krallığı olacaq. Güman ki, proses daha da sürətlənəcək və krallığın İsraillə yaxınlaşması davam edəcək. Krallıq həmçinin körfəzdə ABŞ-la birgə hərəkət edəcək, İraqda İran təsirini azaltmaq üçün birgə layihələr həyata keçirəcək.

Bir sözlə, Baydenin Səudiyyə Ərəbistanına səfəri kifayət qədər maraqlı ismarıclarla yadda qalıb. Vaşinqton Yaxın Şərqdəki əsas missiyanı krallığın hökumətinə həvalə edir, onu “İbrahim razılaşmaları”nın aparıcı qüvvəsi hesab edir. Çox güman ki, bu proses sürətlənəcək və Ər-Riyadla yəhudi dövləti arasında yaxınlaşma davam edəcək. Bundan başqa, Səudiyyə Ərəbistanı, həmçinin Fars körfəzi regionda ABŞ ilə birgə fəaliyyət göstərəcək və İraqda İranın təsirini azaltmaq üçün birgə layihələr həyata keçirəcək.

Nəhayət, Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanının yeni kralı olması yolunda yaşıl işıq yandırılıb. Bir çox müşahidəçilərə görə, Vaşinqtonun israrlarına rəğmən Ər-Riyad Bayden-bin Salman görüşü üçün israr edib və bu görüş onun yeni kral olması yolunda əsas maneənin aradan qaldırılması baxımından əhəmiyyətli idi. Görüşün 3 saat davam etməsi Səudiyyə Ərəbistanının faktiki hakiminin kim olduğunu və ən əsası ABŞ-ın bu reallığı qəbul etdiyini göstərib.

Bir sözlə, ABŞ prezidentinin Yaxın Şərq səfərinin yaxın gələcəkdə regionda yeni proseslərə gətirib çıxaracağını gözləmək olar.



MƏSLƏHƏT GÖR:

94