6 May 2024

Bazar ertəsi, 09:32

QIRMIZI XƏTT

Azərbaycan-İran münasibətlərində niyə böhran yaşanır?

Müəllif:

15.11.2022

İran Azərbaycanla münasibətlərin pisləşməsinə yol açan addımlarını davam etdirir. Nəticədə, Bakı cənub qonşusunun qarşıdurma siyasətinə cavab olaraq, adekvat tədbirlər görür.

 

Tehran Ermənistanı dəstəkləyir

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən İranla mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafına yönəlmiş siyasət həyata keçirir. Lakin son dövrlərdə baş verənlər göstərir ki, Tehran ikitərəfli əməkdaşlıq üçün onilliklər ərzində formalaşmış potensialı məqsədli şəkildə dağıtmaqla məşğuldur. Belə təəssürat yaranır ki, Bakının maraqlarına zidd əməllər getdikcə İran İslam Respublikasının regional siyasi xətlərindən birinə çevrilir.

Azərbaycanın Qarabağın və Şərqi Zəngəzurun o cümlədən İranla həmsərhəd rayonlarını azad etməsi ilə nəticələnmiş 44 günlük müharibədən sonra Tehran davamlı olaraq region ölkələrinin sərhədlərinin toxunulmazlığı prinsipinə sadiqliyini bildirir, bu zaman Ermənistanın ərazi bütövlüyünün onun üçün «qırmızı xətt» olduğunu xüsusi vurğulayır. Amma İran qonşularının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələlərinə bu qədər həssaslıqla yanaşırsa, niyə son 30 ildə Azərbaycan ərazilərinin işğalını, Ermənistanın onun beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini pozmasını belə sakit qarşılayırdı? O, ermənilərin Azərbaycan ərazilərini işğalını niyə özü üçün «qırmızı xətt» elan etmirdi? Amma indi İran Ermənistanın ərazi bütövlüyünün qayğısına qalır, halbuki onu heç kim pozmur.

Bu sualların cavabı aydındır: 30 il ərzində Azərbaycan torpaqlarının işğalı sərf edirdi, çünki nəticədə, onun Ermənistanla sərhədi Azərbaycan torpaqları hesabına uzanırdı. Həmin illərdə Türkiyədən fərqli olaraq, Tehran nəinki Azərbaycan ərazilərini işğal etmiş ölkə ilə sərhədlərini qapamayıb, hətta lazımi resursların, o cümlədən qaz və elektrik enerjisi tədarükü ilə İrəvana yardım göstərib, onun üçün sözün əsl mənasında «həyat yolu»na çevrilib. 44 günlük müharibə zamanı isə Ermənistana hərbi yüklərin, o cümlədən silahların öz ərazisi ilə tranzitinə imkan yaradıb, bununla da sarsıdıcı məğlubiyyət almaqda olan ermənilərə kömək etməyə çalışıb. Müharibə bitdikdən sonra da İran tərəfi Bakının icazəsi olmadan Qarabağın dağlıq hissəsinə öz nəqliyyat vasitələrini göndərirdi. Söhbət müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisindən gedir. O zaman bu qanunsuz əməlin qarşısı yalnız Gorus-Qafan yolunun Azərbaycana aid hissəsində yerli polis və gömrük postlarının qurulmasından sonra alınıb.

Bu gün – Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsindən, Bakının öz ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış yeni regional reallıqda isə İran Ermənistanla arasındakı sərhəddən son dərəcə narahat olmağa başlayıb. Tehranı Ermənistan ərazisinin hipotetik olaraq belə, dəyişməsi qorxudur. Axı İran “mollakratiya”sı onu hər zaman «dost və qardaş ölkə» adlandırıb və adlandırır.

Tehranın Zəngəzur dəhlizinin açılması perspektivini qəbul etməməsi də buradan irəli gəlir. Halbuki bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməsində nəzərdə tutulub. Dəhliz Naxçıvan ilə Azərbaycanın digər ərazisi arasında nəqliyyat əlaqəsi yaratmalıdır. Amma İran Zəngəzur dəhlizinin yaradılmasına türk qonşuları Azərbaycanla Türkiyənin birləşməsi perspektivi kimi yanaşır. Dəhlizin Ermənistan ərazisindən keçməsinə qarşı çıxan Tehran bununla həm də regional siyasətdə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin daha da güclənməsi amilinə mane olmaq istəyir. Bu amil İran üçün o qədər arzuolunmazdır ki, onun bəyan etdiyi islam həmrəyliyinə sadiqliyi belə, bu amilin kölgəsində qalır.

Beləliklə, guya Ermənistanın ərazi bütövlüyü və sərhədlərinə təhdid yarandığından narahatlığını ifadə edən İran əslində, Azərbaycanın Cənubi Qafqaz siyasətindəki lider roluna və Bakının Türkiyə ilə strateji birliyinə qarşı çıxmağa çalışır. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə, işğal etdiyi torpaqlarda Azərbaycan xalqına məxsus mədəni irsi məhv etməsinə, o cümlədən məscidləri dağıtmasına, təhqirlərə məruz qoymasına baxmayaraq, özünü «müsəlmanların müdafiəçisi» kimi təqdim edən İran həmsərhəd olduğu islamofob, türkfob dövlətin tərəfini tutur. İranın hazırda Ermənistan ərazisi olan əzəli Azərbaycan torpağında – Qərbi Zəngəzurun Qafan şəhərində tələm-tələsik konsulluq açması da buradan qaynaqlanır. Ermənistanın baş naziri Nikol Paşinyanın İrana bu yaxınlarda etdiyi səfər zamanı “mollakratiya” ilə Ermənistan rəhbərliyinin növbəti qardaşlaşması da bununla bağlıdır.

 

Bakı adekvat cavab verir

Azərbaycanın 44 günlük müharibədən sonra regional fövqəldövlət rolununun daha da güclənməsindən narahat olan Tehran mövqeyini həm də «İslam Respublikasının düşməni» olan İsraillə Bakı arasında dostluq münasibətlərinin inkişafı ilə əsaslandırmağa çalışır. O, Ermənistanla yaxınlaşmasını belə, Azərbaycan-İsrail tərəfdaşlığına reaksiya kimi təqdim edir.

Lakin birincisi, İranla Ermənistanın sıx əməkdaşlığı Azərbaycanla İsrail arasında siyasi münasibətlərin başlamasından çox-çox əvvələ təsadüf edir. İkincisi, Tehran Azərbaycan-İsrail əməkdaşlığından guya İrana «sionist təhlükəsi»nin yarandığını nəyə əsasən deyir? Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan dəfələrlə bildirib ki, hər hansı xarici qüvvənin onun ərazisindən İrana qarşı istifadəsinə imkan verməyəcək. İslam Respublikası üçün ən ağır dönəmlərdə, onun nüvə proqramı ilə əlaqədar, Amerika və İsrail tərəfindən real olaraq hərbi zərbə almaq təhlükəsi ilə üz-üzə qaldığı vaxtlarda Bakı cənub qonşusuna hücum üçün meydançaya çevrilməyəcəyini qəti şəkildə nümayiş etdirib.

Lakin 44 günlük müharibədən sonra İranın Azərbaycana açıq şəkildə «sionist və terror təhdidi» kontekstində baxmasını yalnız bir məqamla izah etmək olar: Tehran Azərbaycanın Ermənistan üzərindəki qələbəsini qəbul edə bilmir. Üstəlik, İran ermənilərə dəstək nümayişi məqsədi ilə Azərbaycanla sərhədi yaxınlığında hərbi təlimlər belə, keçirir. Misal kimi, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bu yaxınlarda təşkil etdiyi miqyaslı manevrləri göstərmək olar.

Amma Tehranın anti-Azərbaycan mövqeyini daha açıq şəkildə ortaya qoyan bu cür addımlar ona heç bir regional dividend qazandırmayacaq. İranın bu əməllərinin Azərbaycanı öz milli maraqlarını müdafiə yolundan heç bir halda çəkindirməyəcəyinə də heç bir şübhə yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Zəfər Gününə həsr olunmuş çıxışında bəzi fikirləri təsadüfən səsləndirməyib: «Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz».

Bakının İİKK-nin İran-Azərbaycan sərhədindəki hərbi demarşına cavabı isə Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) ölkənin cənub sərhədləri yaxınlığında keçirdiyi təlim olub. XTQ komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə təşkil olunmuş təlimə Hərbi Hava Qüvvələri, həmçinin Raket və Artilleriya Qoşunlarının hissələri də cəlb olunub.

Bakı İranın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə yönəlmiş daha bir təxribatına cavab verib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) noyabrın 7-də yaydığı bəyanatda bildirilir ki, «son zamanlar saxta təşkilat olan «İranın Naxçıvan Xalq Hərəkatı»na aid bəzi sosial şəbəkə hesablarında yerli əhali adından İran hökumətinə müraciətlər ünvanlanır». Guya «Naxçıvan Muxtar Respublikasının əhalisi təhlükəsizlik, elm və ərzaq məsələlərində ciddi çətinliklər yaşayır, bu səbəbdən, könüllü olaraq İran İslam Respublikasına birləşmək istəyir». Belə təxribatlarla bağlı müvafiq tədbirlərin görüldüyünü bildirən DTX-nin bəyanatında deyilir: «Ölkəmizə düşmən mövqedə olan məlum dairələrin belə cəfəng, təxribatçı informasiyalar yayması qəbuledilməzdir və bu, vətəndaşlarımızda nifrət yaradır. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi bütünlükdə ölkə ərazisində, o cümlədən Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsizliyinin və firavan yaşamasının qarantıdır».

 

«İslam inqilabı ixracı»nın iflası

Bununla yanaşı, Tehranın Bakının maraqlarına qarşı yönəlmiş siysətində bir dərin məyusluq da hiss olunur. Bu, İran “mollakratiya”sının Azərbaycana «islam inqilabı ixracı» ilə bağlı «əzab-əziyyət»lə hazırladığı planın iflasa uğramasından yaranmış məyusluqdur. Axı «islam inqilabı ixracı» məddahlarının ümidləri və hesablamalarının əksinə olaraq, öz milli müstəqilliyini bərpa edən Şimali Azərbaycan – Azərbaycan Respublikası dünyəvi dövlət xətti götürüb, onun beynəlxalq arenadakı ən yaxın müttəfiqi isə azərbaycanlılarla qanı bir olan Türkiyədir.

Bu da son deyil. «Molla rejimi» uzun illər Azərbaycanla İran arasındakı dövlətlərarası proseslər çərçivəsində bizim ərazimizə ayaq açmış müxtəlif strukturlar vasitəsilə Azərbaycan Respublikasında öz nüfuzunu artırmaqa, mümkün qədər çox yaymağa çalışıb. İki ölkə arasında mehriban qonşuluq münasibətləri prinsipi ilə yaradılmış imkanlardan istifadə edən müxtəlif İran qurumları Azərbaycanın müxtəlif regionlarında bu çərçivədə fəaliyyət göstəriblər. Əhalinin yoxsul təbəqəsinə humanitar yardım kampaniyaları, həmçinin digər sosial və mədəni-dini istiqamətlər çərçivəsində onlar fanatik «islam inqilabı döyüşçüləri» qismində insanlar seçməklə də məşğul olublar. Azərbaycan vətəndaşlarının ələ alınması, İranın, o cümlədən bu və ya digər dərəcədə Tehranın təsir dairəsində olan ayrı-ayrı ölkələrin ərazisindəki düşərgələrdə təlimlərə cəlb olunması ilə bağlı sübuta yetirilmiş faktları nəzərə alsaq, cənub qonşumuz qeyd olunan fəaliyyətlə həm birbaşa, həm də dolayı yollarla məşğul olub. Azərbaycanda iranpərəst agenturanın yaradılması virtual məkandan istifadə ilə də fəal şəkildə həyata keçirilib, bununla da İran rezidentlərinin nəzarəti altında Tehranın maraqlarına xidmət edən mediaşəbəkələr qurulub.

Lakin Azərbaycan dövləti İranın təsiri altında olan bu agentlər şəbəkəsinin önünü uğurla kəsib və kəsir. Azərbaycan DTX-sinin noyabrın 1-də yaydığı məlumat da bunun təsdiqidir. Məlumatda bildirilir ki, DTX İran xüsusi xidmət orqanları tərəfindən yaradılmış silahlı qruplaşmanı ifşa edib. Aparılmış operativ axtarış tədbirləri nəticəsində qruplaşma üzvü olduğu ehtimal edilən 19 nəfər saxlanılıb, onların dini-ekstremist təşkilatlara aidiyyətinin olduğunu təsdiqləyən çoxsaylı dəlillər toplanıb, Azərbaycanda qadağan edilmiş dini ədəbiyyat və müvafiq videomateriallar ələ keçirilib.

Tehranın həyata keçirdiyi «islam inqilabı ixracı» doktrinasının praktik nəticələri göstərir ki, o, sadəcə İran, daha dəqiq desək, fars millətçilyinin hədəf və məqsədlərinə çatılması üçün ortaya atılmış vasitədir. Ermənistanın anti-Azərbaycan siyasətinə Tehranın tam etinasız münasibəti də bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin dediklərində bu məsələyə də açıq eyham var: «Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur».

 

Cənubi azərbaycanlılar amili

İran hər addımı ilə göstərir ki, güclü, dinamik inkişaf edən Azərbaycan bu ölkənin siyasi elitası tərəfindən arzuolunmaz qüvvə, hətta təhdid kimi qəbul olunur. Bu fakt, görünür, rəsmi Tehran üçün Bakının İranla əməkdaşlığı genişləndirmək istəyinin açıq şəkildə ifadə edilməsindən irəli gələn bütün digər, daha praqmatik mülahizələrdən üstün olub.

Üstəlik, Azərbaycan-İran sərhədinin tam bərpası ilə onların qarşısında daha böyük perspektivlər açılıb.

Bununla yanaşı, Tehranın Bakının regional nüfuzunun artmasında maraqlı olmadığını əsaslandıran amillər sırasında İranda yaşayan milyonlarla azərbaycanlının milli oyanışı «riski» də xüsusi yer tutur. İranda klerikalları hakimiyyətə gətirmiş islam inqilabı hansısa müddətdə milli məsələlərdə ciddi dəyişikliklər ümidi yaratmışdı. Lakin tezliklə məlum oldu ki, “mollakratiya” cənubi azərbaycanlıların milli hüquqlarının təmini istiqamətində heç bir ciddi addım atmağı düşünmür. Onlar bu gün də milli mədəniyyət və təhsillərinin inkişafı ilə bağlı ən elementar imkanlardan məhrumdurlar.

44 günlük müharibədən sonra Tehran Azərbaycan Respublikasının Zəfərinin, Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsinin, şimali azərbaycanlıların güc və uğur nümayişinin, həmçinin yeni regional reallıq şəraitində Azərbaycan-Türkiyə strateji ittifaqının möhkəmlənməsinin təsiri ilə Cənubi Azərbaycan amilinin önə çıxacağından narahat olmağa başlayıb. Bu amil İranda getdikcə artan etiraz aksiyalarına da öz təsirini göstərir. Cənubi Azərbaycan şəhərlərində etiraz aksiyalarına çıxanlar üzərində ən müxtəlif şüarların qeyd olunduğu plakatlar tuturlar. Məsələn, «Bizim Vətənimiz birdir! Hamımız Böyük Azərbaycanın bir hissəsiyik!» Aksiyalarda şəxsən Azərbaycan Prezidentinə müraciətlər də ünvanlanır: «Cənubi Azərbaycan sizinlədir, cənab Prezident!», «Türk gəncliyi Sizin mesajınızı alıb!».

Rəsmi Bakı isə həqiqətən cənubi azərbaycanlıların hüquqlarını qorumaq üçün bütün imkanlarını səfərbər etmək niyyətində olduğunu göstərir. İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Bağdat Amrayevlə görüşündə bir məqamı xüsusi vurğulayıb: «Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir».

TDT-nin Səmərqənddə keçirilən IX sammitində isə İlham Əliyev açıq şəkildə bildirib ki, «Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur».

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında azərbaycanlıların sayını konkret ifadə etməklə, şübhəsiz ki, İranın azərbaycanlı əhalisinin də hüquqlarının təmin olunmasının vacibliyinə diqqət çəkib.

Bütün sadalanan faktlara əsasən demək olar ki, Azərbaycan-İran münasibətləri çətin, hətta böhranlı dövrünü yaşayır. Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadənin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılması da, cavabında İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin Azərbaycan XİN-nə dəvəti də bunun göstəricisidir. Nazirlikdə Bakının İran KİV-də son zamanlar Azərbaycana qarşı aparılan təbliğatdan, yalan kampaniyasından, siyasi və hərbi xadimlərin təhdid dolu bəyanatlarından narazılığı iranlı diplomatın nəzərinə çatdırılıb. Bundan başqa, görüşdə Azərbaycan Respublikasının Konstitusion düzəninə yönəlmiş cinayətlərdə iştirak etmiş şəxslərə İranda sığınacaq verilməsinin yolverilməzliyi də vurğulanıb, Azərbaycanda separatçılıq yayan, cinayət təqibindən yayınan şəxslərin İran səfirliklərində qəbulunun dost əməli olmadığı qeyd edilib.



MƏSLƏHƏT GÖR:

70