18 May 2024

Şənbə, 18:22

MÜHARİBƏ İSLAHATLARA MANEƏ DEYİL

Ukrayna Avropa İttifaqına üzvlüyü tezləşdirməyə və Rusiyanın hücumlarının qarşısını kəsməyə çalışır

Müəllif:

15.02.2023

Son həftələr müxtəlif ölkələrdən olan siyasətçilər və ekspretlər fevralın 24-də 1 ili tamam olacaq Rusiya-Ukrayna müharibəsinin ilkin nəticələrinin təhlili ilə məşğuldur. Səsləndirilən qiymətləndirmələr nə qədər fərqlənsə də, iki fikrə daha çox rast gəlinir: 1. Rusiyanın buna gedəcəyini çox az adam gözləyirdi; 2. Ukraynanın ayaqda qalaraq belə uzun müddət müqavimət göstərə biləcəyinə çox az adam inanırdı.

 

Nümunəvi sammit

Avropa İttifaqının rəhbərliyinə daxil olan bütün aparıcı şəxslərin iştirakı ilə Kiyevdə keçirilmiş Ukrayna-Aİ sammiti son dövrlərin çox müzakirə edilən daha bir hadisəsinə çevrilib. Aİ liderləri Ukrayna rəhbərliyini əmin ediblər ki, Kiyev bundan sonra da Brüsselin qeyd-şərtsiz dəstəyinə bel bağlaya bilər və bu ölkənin gələcəyinin Aİ-də olduğuna şübhə yoxdur. Bununla yanaşı, Ukrayna tərəfi bu mövzuda detallı danışıqlara başlanılacağı tarixlə bağlı dəqiq vəd ala bilməyib. Nəticədə, Kiyev növbəti dəfə israrla bəyan edib ki, o, Aİ-yə üzvlüklə bağlı danışıqlara mümkün qədər tez başlanılmasını, eyni zamanda Rusiyaya sanksiyaların daha da sərtləşdirilməsini istəyir. Eyni zamanda Kiyev Ukrayna Silahlı Qüvvələrinin (USQ) uzaqmənzilli raketlərlə təchiz olunmasının vacibliyini də təkrar edib.

Cavabında, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, proses Ukraynanın Aİ-yə üzvlüyü üçün müəyyənləşdirilmiş şərtlərə əməl edilməsindən asılı olacaq.

Söhbət, ilk növbədə, əlbəttə ki, Ukraynada son həftələr həyata keçirilməkdə olan islahatların uğurlu olmasından gedir. Bu, həm də Ukrayna ordusu üçün nəzərdə tutulmuş büdcə vəsaitlərinin talan edildiyinə dair üzə çıxmış faktların ciddi şəkildə araşdırılmasını da özündə əks etdirir. Bundan başqa, ölkənin hakimiyyət strukturlarında ümumilikdə ciddi korrupsiya qalmaqalları aşkarlanıb. Nəticədə, prokurorluq orqanlarında, Müdafiə Nazirliyində, mərkəzi və regional icra hakimiyyətlərində bir sıra nüfuzlu məmurlar vəzifələrini itiriblər. İş adamı İqor Kolomoyski və sabiq daxili işlər naziri Arsen Avakovun evlərində aparılmış axtarışların məqsədi həm də hökumətin niyyətinin ciddiliyini göstərmək məqsədi daşıyıb və bu, Ukraynada ciddi ictimai rezonans yaradıb.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov da kənarda qalmayıb – hər halda, onun rəhbərlik etdiyi nazirlik korrupsiya qalmaqallarının mərkəzində yer alır. Bunun nazirin istefaya göndərilməsi ilə bitə biləcəyinə dair xəbərlərə isə Ukrayna Prezidenti Ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak münasibət bildirib. Onun sözlərinə görə, nazir yalnız o halda istefaya gedəcək ki, prezident V. Zelenski hərbi nazirlikdə korrupsiyaya görə siyasi məsuliyyətin olmasında təkid edəcək.

Dövlət başçısı isə elə bu günlərdə Ruslan Dözyubanın Ukrayna Milli Qvardiyasının komandan müavini postundan kənarlaşdırılması haqqında sərəncam imzalayıb. Maraqlıdır ki, bütün bu kampaniya Ukrayna-Aİ sammitinə bir neçə gün qalmış baş verib və müşahidəçilərin fikrincə, bu, prezident Zelenskiyə «bir güllə ilə iki dovşan vurmaq» imkanı yaradıb. Birincisi, o, sammit ərəfəsində Aİ rəhbərliyində xoş təəssürat yarada bilib, ikincisi, ictimai rəydə öz mövqelərini daha da gücləndirib. Məsələ ondadır ki, Ukrayna elitasının bir sıra ikrah oyadan simalarının cəzalandırılmaması ilə əlaqədar narazılıqlar ölkədə çoxdan hiss olunurdu.

Xeyli sayda şübhəli şəxsin cinayət məsuliyyətinə cəlbinin real olub-olmadığına dair skeptik fikirlər səsləndirilsə də, Kiyev ən azı hökuməti fəaliyyətsizlikdə təqsirləndirən tənqidçilərin arqumentlərini «zərərsizləşdirib».

Hər halda, Avropa Komissiyasının rəhbəri Ukrayna-Aİ sammitindəki çıxışında deyib: «Sizin irəliləmək əzminiz heyran edir. Siz islahatlarınızla şərtlərin yerinə yetirilməsi istiqamətində vacib addımlar atmısınız və biz unutmamalıyıq ki, siz bunu təcavüzkarla apardığınız savaşla paralel edirsiniz».

Amma aydındır ki, effektiv və obyektiv istintaqın aparılması üçün hökumət uzun bir dövrdə qanunsuz fəaliyyətin olduğuna dair sübutlar toplamalı, bütün bunları sənədləşdirməlidir. Bu miqyasda işi bi randa görmək mümkün deyil. Demək, proses aylarla, hətta illərlə davam edə bilər. Müvafiq olaraq, Ukraynanın Aİ-yə üzvlüyünün də illərlə uzanması mümkündür. Kiyevin bu istiqamətdə danışıqlara 2 il sonra start verilməsilə bağlı təklifini Brüsseldə məhz bu üzdən çoxları real saymır.

 

Yeni reallıqlarda köhnə məsələlər

Müharibənin davam etdiyi şəraitdə başqa məsələlər də vacibliyini qoruyub saxlayır: savaş nə qədər çəkəcək, onun tezliklə başa çatması üçün nələr edilməlidir?

Ukraynanın Qərb tərəfindən aşkar dəstək almasına, USQ-nin son zamanlar bariz nailiyyətlər qazanmasına baxmayaraq, çoxları bu müharibənin hələ çox uzanacağı qənaətindədir. Bir yandan Rusiya tərəfi ötən dövrdə bui ş üçün ciddi xərc çəkib və onun nöqteyi-nəzərindən geri qayıtmaq yox, irəli getmək daha anlamlıdır. Rusiya ordusunun müharibənin birinci ildönümünə yeni hücuma hazırlaşdığı haqda xəbərlər də buradan qaynaqlanır.

Digər yandan Kiyev bütün itirilmiş əraziləri geri qaytaranadək dayanmaq fikrində olmadığını açıq şəkildə bəyan edir. Demək, müharibənin dayanması ehtimalı sıfıra bərabərdir. Üstəlik, tərəflərdən heç biri danışıqlara maraq göstərmir.

Müharibənin davam edəcəyi xəbəri bütünlükdə Avropa, xüsusilə hərbi və iqtisdi baxımdan daha zəif olan Mərkəzi və Şərqi Arvopa üçün pis xəbərdir. Əlbəttə, yaranmış vəziyyətin çətinliyini hər kəs hiss edir. Bu, bir il ərzində iqtisadi göstəriciləri dəfələrlə pisləşmiş Rusiyaya da aiddir. Hərbi əməliyyatların bütün ağırlıqlarını çiyinlərində hiss edən Ukrayna üçün isə vəziyyət daha kritik görünür – onun iqtisadi potensialı, vacib sənaye və infrastruktur obyektləri hər gün zərbələrə məruz qalır, demoqrafik göstəriciləri gündən-günə pisləşir. Ukrayna hökumətinin bütün əraziləri azad edərək, hərbi əməliyyatları ən qısa zamanda başa çatdırmaq cəhdləri bununla bağlıdır.

Lakin bu planın reallaşdırılması zamanı ortaya fərqli, daha qorxulu və dağıdıcı ssenari çıxa bilər. İstər NATO ölkələrinin paytaxtlarında, istərsə də Alyansın mənzil-qərargahında onun mümkün fəsadlarını yaxşı anlayırlar. Görünən odur ki, Rusiya hərbi əməliyyatların gedişinin onun xeyrinə işləməyəcəyi halda nüvə silahından məhdud istifadə qərarı belə, verə bilər. Bu isə nüvə müharibəsinin başlaması anlamına gələcək ki, Qərb buna heç bir halda yol vermək istəmir.

Amma təşviş yaradan yalnız bu məqam deyil. Məsələ ondadır ki, hələ 2022-ci ilin iyununda Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Vadim Skibitski Rusiya-Ukrayna münaqişəsini «artilleriya müharibəsi» adlandırmışdı. NATO «Command, Control, Communications, Computers, Intelligence, Surveillance and Reconnaissance» anlamı verən «C4ISR» sistemindən istifadə qeyd-şərtsiz üstünlüyə malikdir. Rus dilinə tərcümədə bu, «İnformasiyanın toplanması, idarə olunması, onun kompüter emalı və nəzarəti, müşahidə və kəşfiyyat» anlamı verir. Amma onun artilleriya imkanları kifayət etməyə bilər.

«Kyiv Post»un məlumatına görə, 2021-ci ildə Donbasda ukraynalılar «günə 6-7 min, ruslar isə 40-50 min artilleriya atışı edirdi. Ekspertlərin hesablamalarına görə, Rusiya 2022-ci ilin sonlarında artıq günə 20 min, ukraynalılar isə cəmi 7 min artilleriya atışı edib». Müqayisə üçün qeyd edək ki, NATO-da ən güclü sənayeyə malik ABŞ ayda yalnız 15 min iri kalibrli (155 mm) mərmi istehsal edə bilər.

NATO-nun Qərbdən olan üzvləri Alyansın standartlarına uyğun artilleriya mərmilərinin (155 mm) istehsalını artırmaqla yanaşı, Mərkəzi və Şərqi Avropadan olan müttəfiqlərinə də kömək etməli, keçmiş Sovet artilleriya sistemlərində istifadə olunan 122 və 152 millimetrlik mərmilərin tammiqyaslı istehsalının bərpası üçün onların köhnə zavodlarına investisiyalar yatırmalıdır. Hazırda bu tip sursatlar, məsələn, Polşa, Çexiya və Slovakiyada istehsal olunur. Bu istehsal miqyası isə təbii ki, kifayət etmir. Bundan başqa, «Ukroboronprom»un istehsal gücünün bir hissəsi NATO və Aİ-nin maliyyə dəstəyi ilə Mərkəzi-Şərqi Avropaya köçürülə bilər.

122 və 152 millimetrlik artilleriya mərmiləri NATO standartlarına cavab vermir, lakin Ukrayna hələ də yüzlərlə bu kalibrli topdan istifadə edir. Onların Qərb sistemləri ilə əvəzlənməsinə illər lazımdır.

 

Böyük döyüş ərəfəsində turne

Kiyev məhz bu səbəbdən artıq indi çox sayda raketə ehtiyac duyur. Həlledici zərbənin endirilməsi üçün o qədər də çox vaxt qalmayıb. Ukrayna rəhbərliyi isə bunun üçün uzaqmənzilli raketlər və qırıcılar istəyir. Yeri gəlmişkən, Amerikanın Ukraynaya 2,2 milyard dollarlıq yeni hərbi yardım paketi 150 kilometr məsafəni vura bilən raketlərin tədarükünü də nəzərdə tutur. Söhbət avtomatik tuşlanan «GLSDB» («Ground Launched Small Diameter Bomb») raketlərindən gedir. Onları «RSZO M270» və «HIMARS» raket kompleksləri vasitəsilə atmaq mümkündür.

Bütün bunların fonunda USQ rəhbərliyi uzaqmənzilli raketlərin Rusiyaya tuşlanmayacağını bildirir. Ukraynanın müdafiə naziri Aleksey Reznikov Qərb ölkələrinin NATO-nun Rusiya ilə birbaşa münaqişəyə cəlb oluna biləcəyinə dair narahatlığına münasibət bildirərkən deyib ki, onlar müttəfiqlərindən aldıqları silahlarla Rusiya ərazisinə hücum etmək niyyətində deyillər: «Bizim 300 kilometrlik məsafəyə zərbə endirmək imkanımız olsaydı, Rusiya ordusu müdafiə oluna bilməyərək məğlubiyyətlə barışmaq məcburiyyətində qalardı. Ukrayna sizin silahlarınızla Rusiya ərazisinə hücum edilməyəcəyinə zəmanət verməyə hazırdır. Bizim üçün Ukraynanın müvəqqəti işğal altında olan ərazilərində kifayət qədər hədəf var və biz hədəflərimizi tərəfdaşlarımızla koordinasiya etməyə hazırıq».

Bütün bunlarla yanaşı, müharibənin başlamasının birinci ildönümü ərəfəsində Ukrayna prezidentinin görünməmiş xarici siyasi fəallığı da vurğulanmalıdır. V. Zelenski fevralın 8-də gözlənilmədən Londona səfər edib. Bu, müharibənin başlamasından sonra onun ikinci xarici səfəridir. Zelenski bu dövrdə ilk belə səfərini ötən il dekabrın sonunda Vaşinqtona etmiş, orada prezident Co Baydenlə danışıqlar aparmıq, Konqresdə çıxış etmiş, geri dönərkən isə Polşaya baş çəkmişdi.

Londondan sonra Zelenski Parisdə prezident Makron və Almaniya kansleri Olaf Şolts ilə görüşüb, oradan isə Aİ sammitinə qatılmaq üçün Brüsselə yollanıb.

Hər yerdə – həm Londonda, həm Parisdə, həm də Brüsseldə V. Zelenski tərəfdaşlarından yalnız bir şey istəyib: «Bizə daha çoz silah, daha çox tank, təyyarə, artilleriya qurğuları verin». Hər yerdə də eyni cavabı alıb: «Biz sizə nə qədər lazımdırsa, o qədər kömək edəcəyik».

Ukrayna prezidentinin Avropa paytaxtlarına qəfil səfərləri yalnız bir istəkdən irəli gəlib – Rusiyanın hər an, hətta Zelenskinin Avropada görüşlər keçirdiyi anda edə biləcəyi hücumların qarşısının alınması üçün daha çox silah əldə etmək.

Ekspertlər düşünürlər ki, nə qədər ki USQ vəd olunan silahların hamısını əldə etməyib, Rusiya planlaşdırdığı yeni hücum nəticəsində uğur qazana bilər. Bəzi məlumatlara görə isə bu hücuma artıq start verilib, sadəcə, hələlik Ukrayna mövqelərinin güclü-zəif tərəflərini yoxlanılır.

Ukrayna ordusunun rəhbərliyi isə Rusiya qoşunlarını «çoxsaylı sürprizlər»in gözlədiyinə dair bəyanatlar səsləndirirlər. Söhbətin hansı «sürprizlər»dən getdiyini rusiyalı hərbçilər, yəqin ki, yaxın günlərdə anlayacaqlar.



MƏSLƏHƏT GÖR:

70