18 May 2024

Şənbə, 17:47

HƏQİQƏT ANI

İrəvan ondan necə yararlanacaq?

Müəllif:

15.02.2023

Tarixdə siyasətçilərin bu və ya digər səbəbdən ölkədən qaçdığı bir çox hallar olub. Bununla bağlı, istənilən qədər nümunə çəkmək olar. Məsələn, 1917-ci ilin oktyabrında Müvəqqəti hökumətin başçısı Aleksandr Kerenskinin Petroqraddan iddialara görə qadın paltarında qaçışı (o özü bunu inkar edir), yaxud İranda şah rejiminin devrilməsindən sonra ölkənin ilk prezidenti seçilmiş Mehdi Bazarqanın qaçısı və s. O zaman antişah inqilabı islam inqilabına çevrilmiş, nəticədə, prezident İranı hicab geyərək, üstəlik, təyyarənin tualetində gizlənərək tərk etməyə məcbur olmuşdu.

İndi bu «seçilmişlər»in siyahısına Ruben Vardanyan da əlavə olunub. Doğrudur, o, öz ölkəsindən yox, Azərbaycandan qaçıb. Amma bu kriminal oliqarxın Rusiya vətəndaşlığından imtinasından sonra onun ölkəsi, ümumiyyətlə, yoxdur. Amma bu, başqa söhbətin mövzusudur.

Etibarlı mənbələrin məlumatına görə, Ruben Vardanyanı Qarabağdan Rusiya sülhməramlılarına məxsus yük maşınlarından birində utilizasiya olunmaq üçün nəzərdə tutulmuş hərbi geyim və alt paltarları ilə «birlikdə» çıxarıblar.

Bu, heç də ən yaxşı hərəkət vasitəsi deyil, lakin görünür, Vardanyanın başqa seçimi olmayıb. Amma utilizasiya məntəqəsinə gedən yük maşınında keçmiş oliqarxın da yer alması, bəlkə də, kimlər üçünsə rəmzi görünəcək.

 

Vardanyanın yüksəlişi və enişi

Separatçı «hökumət»də «dövlət naziri» elan olunmuş Vardanyanın özü Xankəndini tərk etdiyini təsdiqləmir və «Telegram» kanalında gah hansısa İspaniya qəzetinə müsahibəsi, gah da günün mövzusuna dair «moizə» ilə ortaya çıxır. Amma o, Qarabağdan qaçdığına dair xəbərləri təkzib də etmir. Halbuki o, məsələyə aydınlıq gəlməsi üçün «xalq arasına» çıxa, yaxud, heç olsasa «kabinet»inin «iclas»ını keçirə bilər. Hər halda, onun «hazırda burada olduğunu» təsdiqləyən ən yaxşı vasitə bu olardı. Belə görüntülər nə qədər gecikirsə, Vardanyanın qaçdığı haqda xəbərlərin həqiqət olduğunu düşünmək üçün əsaslar o qədər artır.

Bütün bunlarla yanaşı, Ruben Vardanyanın Xankədidən təcili qaçışını gözlənilməz də saymaq olmaz. Çünki Vardanyan qarşısına qoyduğu vəzifələrin heç birinin öhdəsindən gəlməyib və bu haqda istər KİV-də, istər ekspertlər arasında və ya «Telegram» kanallarında dəfələrlə danışılıb. O, nə Ermənistanda hakimiyyətə iddia etməsinə imkan verəcək «komanda» toplaya bilib, nə «qarabağlılar»ı birləşdirməyə nail olub. Bundan başqa, Vardanyanın yerli səhra komandiri Vitali Balasanyan ilə münasibətləri son həddədək gərginləşib. Belə vəziyyətdə Ruben Vardanyan üçün ən bayağı ifadə ilə desək, qorxmağa başlayıb.

Onun Qarabağa yollanan zaman oradakı siyasi terror ənənələri haqda məlumatlı olub-olmadığını demək çətindir. Görəsən, o, bilirdimi ki, Xankəndidə separatçı hərəkatın başladığı ilk dövrlərdən bu yana siyasi problemlər daha çox silah gücünə, partlayıcılarla, pəncərədən içəri qumbaraların atılması ilə həll edilib? İndi isə «Troyki Dialoq»un keçmiş rəhbəri Vitali Balasanyanla münaqişəsinin az qala hər separatçının silah daşıdığı bölgədə nə ilə bitə biləcəyini anlamaya bilməz. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın tələblərinin əksinə olaraq, qoşunlarının bir hissəsini hələ də Qarabağdan çıxarmayıb, Rusiya sülhməramlıları isə onları tərk-silah etməyə tələsmir. Darmadağın olunmuş ordunun bu qalıqları Azərbaycan üçün strateji təhlükə yaratmırsa, Vardanyan üçün onlar birbaşa təhdiddir.

Vardanyan yerli əhalinin (sayı çox olmasa da) getdikcə artan narazılığına da məhəl qoymaya bilməz. Xankəndidə «varyaqlar»a o qədər rəhm etmirlər. Yerli klanlar arasındakı mübarizə isə davam edir. İndi Qarabağ erməniləri Vardanyanın onları cəlb etməyə çalışdığı avantüranın mümkün fəsadları haqda düşünməyə bilməzlər. Onun bölgədə «humanitar fəlakət» yaşandığı görüntüsünü yaratmaq üçün ərzaq məhsullarının talonla satışına qərar verməsi də öz yerində. Bir sözlə, Balasanyan və digər narazıların istinad edəcəkləri şəxs var. Belə vəziyyətdə Ruben Vardanyanın Qarabağdan «arxasına baxmadan» qaçması heç də təəccüblü deyil.

Vardanyanın gedişi, şübhəsiz ki, Qarabağda nikbinlik üçün ciddi səbəbdir. Hər halda, o, Qarabağ erməniləri ilə rəsmi Bakı arasında başlamış dialoqu pozub. İndi onun gedişi həmin dialoqun bərpasına zəmanət verməsə də, ən azı şans yaradır.

Çoxları əmindir ki, indi Qarabağda vəziyyətin ciddi şəkildə gərginləşməsi ehtimalı o qədər yüksək deyil. Ermənistan-Azərbaycan sərhədi isə fərqli məsələdir.

 

Tehranla İrəvanın planı nədir

Ermənistan-Azərbaycan sərhədi məsələsi siyasi gündəmə son dövrlərdə – 2020-ci ilin payızından sonra gəlib. Bu, Azərbaycanın Zəngilan və Qubadlını hərbi, Kəlbəcəri isə hərbi-siyasi yolla azad edərək, sərhədi nəzarətə götürməsindən sonra baş verib. O vaxtadək isə müəyyən ənənələr formalaşıb. Məsələn, sərhədçilər qışı nisbətən sakit dönəm sayırlar: dağları qart örtür, yüksəkliklərdə aktiv fəaliyyət mümkün olmur və bütün manevrləri yaza saxlamaq lazım gəlir.

Belə bir vəziyyətdə Azərbaycan KİV-də gözlənilməz məlumat yayılıb: Ermənistan İranla birlikdə sərhəddə silahlı təxribat hazırlayır. Əvvəl İranın azərbaycanlılara məxsus forma geymiş «inqilab keşikçiləri» erməni postuna, daha sonra isə erməni formasında olanlar Azərbaycan postuna hücum edəcəkmiş. Niyə? Sonradan bütün bunları Ermənistana gəlmiş avropalı müşahidəçilərə Azərbaycanın pozuculuğu kimi təqdim etmək üçün.

Maraqlıdır ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan dərhal məlumatı təkzib edib. Bu, Ermənistanın narahatlıq keçirdiyini və sızmış xəbərin əsassız olmadığını göstərən ilk əlamətdir.

Bütün bunlar, əlbəttə ki, Ermənistan və İran hökumətləri arasında fəaliyyətin koordinasiyasının səviyyəsi haqda düşünmək üçün ciddi əsaslardır. Bəs İrəvan bununla nəyə nail olmaq istəyir? Düşüncə Hitlerin «Qleyvits» əməliyyatını xatırladır – o zaman polyak hərbi forması geyinmiş alman cinayətkarların Almaniya radiosuna saxta hücumu təşkil edilmiş və bundan İkinci Dünya müharibəsinə başlanılması üçün bəhanə kimi istifadə olunmuşdu. Amma Ermənistan bu gün Azərbaycanla yeni müharibəyə atılmaq gücündə deyil və bu ssenarinin gerçəkləşəcəyi təqdirdə, onu faciəvi miqyaslı darmadağından başqa heç nə gözləmir.

Nikol Paşinyanın sərhədlərin delimitasiyası prosesini pozmaq niyyəti isə başqa məsələdir. O, nəinki bu prosesi, ümumilikdə postmünaqişə nizamlanmasını pozmağa çalışır. İrəvanın sovet illərində, xüsusilə isə Azərbaycanın həmsərhəd rayonlarını işğal altında saxladığı dövrdə ərazisini xeyli böyütdüyü sirr deyil. İndi delimitasiya ilə bağlı istənilən ssenarinin gerçəkləşməsi həmin ərazilərin geri qaytarılması anlamına gələcək. Odur ki, sülh müqaviləsinin imzalanması perspektivinin İrəvanı qorxutması təbiidir.

Bu arada, Ermənistan və Almaniyanın xarici işlər nazirləri Ararat Mirzoyan ilə Annalena Berbokun görüşü də kifayət qədər düşündürücüdür. Almaniyanın XİN başçısının sözlərindən belə məlum olub ki, Avropada Qarabağ erməniləri Azərbaycanın tərkibində milli azlıq hesab edilir. Deyilənlərdən bəlli olub ki, Avropa onlara xüsusi statusun verilməsinə çalışmaq niyyətində deyil və əsas gərginlik mənbəyi kimi, sərhədlərin hələ də razılaşdırılmamasını görür. Bu, əlbəttə ki, İrəvanın eşitmək istədikləri deyildi. Bundan başqa, onlar artıq anlamağa başlayırlar ki, sülh müqaviləsini Ermənistana sərf edən şərtlərlə imzalamaq mümkün olmayacaq. Nəticədə, İrəvan regionda istənilən vasitəçilik missiyasını davamlı olaraq əngəlləyir və vaxt uzadır.

 

Pozulmuş dialoqun səhnə arxası

Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı danışıqlar prosesində ikili vəziyyət yaranıb. Bir yandan tərəflər hər kəsi sülh müqaviləsi üzərində işləməyə çağırır. Digər tərəfdən isə danışıqlarda aşkar pauza yaranıb, Avropa İttifaqının çox şey vəd edən vasitəçiliyi praktik olaraq pozulub. O, Praqa danışıqlarında Aİ rəhbəri Şarl Mişeli lə yanaşı, Fransa prezidenti Emmanuel Makronun da iştirakından sonra pozulub. Məhz Makronun aşkar ermənipərəst mövqeyi Azərbaycanı fransızların vasitəçiliyindən imtinaya vadar edib. Nəzəri olaraq, Aİ-nin vasitəçiliyindən imtina olunmayıb, lakin qurumun regiona göndərdiyi ikinci müşahidə missiyası bunu da zərbə altına qoyur.

Belə bir vəziyyətdə ABŞ-ın vasitəçilik cəhdlərini artırması sanki, çox şey vəd edir. Lakin burada da söhbət hələ ki, yalnız dövlət katibinin köməkçisi səviyyəsində telefon zənglərindən gedir və dialoqa yalnız bəzi hallarda Entoni Blinkenin özü də qoşulur. Bununla yanaşı, hələlik nə üçtərəfli görüş var, nə də hərtərəfli plan. Bu, nəzəri baxımdan İrəvanı sevindirməlidir. Praktikada isə onlar bir məqamı anlamaya bilməzlər – istər sülh müqaviləsi olsun, istər olmasın, Azərbaycan həm sərhədlərin delimitasiyasına nail olacaq, həm də Zəngəzur dəhlizinin açılmasına.

Məsələ yalnız Ermənistanın inadkarlığına görə nələr çəkməli olacağındadır.



MƏSLƏHƏT GÖR:

66