18 Aprel 2024

Cümə axşamı, 17:28

ASİYASAYAĞI YENİLƏNMƏ

Güclənən Qazaxıstan-Özbəkistan tandemi Mərkəzi Asiya siyasətində aparıcı amilə çevrilə bilər

Müəllif:

15.03.2023

Rusiya-Ukrayna müharibəsinin yalnız beynəlxalq siyasi münasibətlər sisteminə deyil, planetin ayrı-ayrı regionlarındakı proseslərə də təsir göstərdiyi haqda fikirlər tamamilə əsaslıdır. Buna əmin olmaq üçün Mərkəzi Asiyada yaşananlara diqqət yetirmək kifayətdir. Bu mənada, ABŞ-ın dövlət katibi Entoni Blinkenin sözügedən bölgəyə bu yaxınlarda etdiyi səfər, şübhəsiz ki, nümunəvi hadisə sayıla bilər.

 

Vaşinqton-Moskva dueli

Məlumdur ki, amerikalı ali qonaq Mərkəzi Asiyaya səfəri çərçivəsində bölgənin ən iri iki dövlətinə – Qazaxıstanla Özbəkistana baş çəkib. Burada o, Vaşinqtonun bu ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha dilə gətirməklə, Rusiyadan gələn təhdidlərə eyham vurub.

Təbii ki, bu səfər Rusiyanın da diqqətindən kənarda qalmayıb. Məsələn, bu ölkənin həmin dövrdə Bakıda səfərdə olan xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) təhlükəsizlik üzrə tamhüquqlu pan-Avrasiya strukturuna çevrilməsini, aktuallığını itirən ATƏT-i əvəzləməsini dəstəkləyir. Bu fikri müşavirənin təşəbbüskarı və əsas «siyasi sponsor»u olan Qazaxıstana tərəf reverans saymaq olar. Eyni zamanda Lavrovun bəyanatı amerikalı diplomatın səfərinin effektini azaltmaq cəhdi kimi də qiymətləndirilə bilər. Məlum olduğu kimi, Blinken səfər zamanı diqqəti daha çox Amerikanın regiondakı maraqlarına çəkib, Vaşinqtonun bölgənin aparıcı dövlətləri ilə tərəfdaşlıq çərçivəsində görmək istədiyi işlərdən danışıb.

Digər tərəfdən, AQFETM-də ABŞ və NATO-nun digər aparıcı dövlətlərinin yer almaması da Moskva üçün vacibdir. Bu, platformanı pan-Asiya coğrafiyasında ŞƏT-in ideya və dəyərlərinin irəli çəkilməsi üçün daha effektiv hala gətirir. ŞƏT-də aparıcı rollardan birinin Rusiyaya məxsus olduğu isə sirr deyil.

Regionun yeni yaranan siyasi ekosistemində AQFETM kimi təşəbbüsə bütün iştirakçılar, ilk növbədə, Asiya ölkələrinin maraqlarının həyata keçirilməsi imkanı kimi baxır. Qazaxıstan üçün isə bu prosesdə vacib tərəfdaş ABŞ yox, Çin, Rusiya, Hindistan, Türkiyə və digər Asiya nəhəngləridir.

ABŞ-ın dövlət katibinin regiona səfərinə qayıdaraq qeyd edək ki, o, Qazaxıstanın parlament seçkisinə hazırlaşdığı dövrə təsadüf edib. Eyni zamanda bu, Amerikanın bir nömrəli diplomatının Kasım-Jomart Tokayevin Qazaxıstan prezidenti seçilməsindən sonra bu ölkəyə etdiyi ilk səfər idi. Ona müəyyən mənada Qazaxıstan rəhbərliyinin siyasətinə dəstək addımı kimi də yanaşmaq olar.

Astana ilə Daşkənd Rusiyanın Ukraynaya hücumunu dəstəkləməyib. Eyni zamanda onların hər ikisi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin istər Qazaxıstan, istərsə də Özbəkistan Qərb-Rusiya qarşıdurmasına bilavasitə cəlb olunmaq istəmir və bundan qaçmağa çalışır. Onlar üçün Rusiyanın yalnız iqtisadi baxımdan deyil, regional təhlükəsizliyin digər aspektlərinin də reallaşdırılmasında oynadığı rolun Vaşinqton tərəfindən anlayışla qarşılanması vacibdir. Bu anlayış isə əsasən mövcuddur. Lakin Amerika bu anlayışı öz maraqlarına uyğun nümayiş etdirir. Məsələn, Vaşinqton Qazaxıstan neftini Rusiya ərazisi ilə Qərbə nəql edən Xəzər boru xətti konsorsiumunu sanksiyalardan azad edib. Eyni zamanda bu ölkələrin Rusiyaya tətbiq olunmuş sanksiya rejiminin əsas parametrlərinə əməl etməsinə çalışır.

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Blinkenlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, bu sanksiyalara əməl edilməsi çətindir. Qazaxıstan və Rusiya iqtisadiyyatlarının «uzun illərdir bir-birinə bağlı olduğunu» xatırladan nazir onların hər ikisinin Avrasiya İqtisadi İttifaqında yer aldıqlarını xatırladıb.

«Sərhədsiz mal və xidmətlərin bu azad ticarətini necə təmin edə biləcəyimizi idarə etmək bəzən çox çətindir. Lakin bununla yanaşı, biz Rusiya və ya digər xarici şirkətlərin sanksiyalardan yayınması ehtimalından qaçmağa çalışırıq”, - deyə qazaxıstanlı nazir qeyd edib.

 

Mərkəzi Asiya üçün prioritetlər

Vaşinqtonla Mərkəzi Asiya «beşliyi» arasında əlaqələrin güclənməsi haqda ayrıca olaraq, Amerikanın dövlət katibinin region dövlətlərinin XİN başçıları ilə «5+1» formatında keçirdiyi görüşdə də danışılıb. Bu, hansısa dərəcədə formal görüş olub. Amma amerikalı qonaq orada da ölkəsinin xarici siyasi prioritetlərindən bəhs edib, ABŞ-ın region dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini bildirib.

Dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Donald Lu səfər ərəfəsində bildirmişdi ki, Dövlət Departamentinin «əsas hədəfi» «Rusiyadan fərqli olaraq, Birləşmiş Ştatların etibarlı tərəfdaş olduğunu nümayiş etdirməkdir».

Blinken isə qazaxıstanlı həmkarı ilə birgə mətbuat konfransında Astananın ötən ilin fevralında başlamış Rusiya-Ukrayna müharibəsindən qaçmış 200 mindən artıq Rusiya vətəndaşına qucaq açmasını, həmçinin Ukraynaya ərzaq, geyim və digər humanitar yardımlar göndərməsini alqışlayıb. Eyni sözlər son bir il ərzində on minlərlə rusiyalıya sığınacaq vermiş digər regional aktorlara da aiddir.

Amma ABŞ-ın bu regionla bağlı narahatlığının yeganə səbəbkarı Rusiya deyil. Vaşinqtonun buradakı digər geosiyasi əhəmiyyətli rəqibi Çindir. Odur ki, ABŞ Mərkəzi Asiya ölkələri ilə münasibətləri qurarkən Pekinin regiona iqtisadi təsirlərini azaltmağa çalışır, bu məqsədlə də bölgə dövlətlərinin iqtisadi planlarının həyata keçirilməsinə dəstək vəd edir. Lakin bu, Amerika şirkətlərinin fəal iştirak etdiyi sahələr, ilk növbədə, enerji sektoru istisna olmaqla, daha çox deklarativ xarakter daşıyır. Məsələn, ABŞ-ın dövlət katibi Daşkənddə xarici işlər naziri səlahiyyətlərini icra edən Baxtiyor Saidov ilə bu ölkəyə Amerika investisiyalarının artırılması imkanlarını da müzakirə edib. Özbəkistanda artıq bir neçə ildir ki, Özbəkistan ABŞ birgə müəssisəsi fəaliyyət göstərir. Burada öz nümayəndəliklərini açan Amerika firmaları isə əsasən avtomobil istehsalı, neft-kimya, inşaat materialları və xidmətlər sahəsində ixtisaslaşır. Amma ABŞ investisiyasının həcmi kimi, belə şirkətlərin sayı da çox deyil. Odur ki, Daşkəndlə Vaşinqton əməkdaşlıq tempinin artırılması yollarını öyrənirlər.

Son illər, xüsusilə Birləşmiş Ştatların Əfqanıstanı tərk etməsindən sonra Özbəkistanın əfqan probleminin həllindəki rolu xeyli artıb. İndi Daşkənd Vaşinqton üçün həm də bu mövzuda mediator kimi maraqlı tərəfə çevrilib. Lakin Daşkəndin potensialından Əfqanıstan istiqamətində praktik istifadədən hələ ki, söhbət getmir.

Birləşmiş Ştatlarla Çin Xalq Respublikası arasında strateji rəqabətin artdığı dövrdə Əfqanıstanda mövqelərin itirilməsi Vaşinqtonun rəqiblərinin xeyrinə işləyə bilər. Dünyanın digər dövlətləri kimi, ABŞ və müttəfiqləri də Əfqanıstanın taliblərin başçılıq etdiyi hökumətini tanımır. Belə bir vəziyyətdə Pekinlə Moskva Əfqanıstanın yeni rəhbərliyi ilə fəal kommunikasiya qurur. Belə olan təqdirdə, Amerika məsələyə yanaşmasını dəyişə bilər və bu halda Daşkənd Əfqanıstan hökuməti ilə amerikalılar arasında siyasi dialoqun qurulmasında öz rolunu oynaya bilər. Ən azı ona görə ki, bu ölkədə İŞİD-in ayrı-ayrı qanadları hələ də qalmaqdadır və bu, ABŞ-ın Yaxın və Orta Şərqdəki maraqlarına təhdiddir.

 

Çəkisini artıran tandem

Bütün baş verənlər fonunda bir məqamı da diqqətdən kənarda qoymaq olmaz: indi Mərkəzi Asiya ölkələrinin özləri də dünya gücləri arasındakı çəkişmələrə səhnə olmaq istəmir və getdikcə ortaya daha ciddi mövqe qoyurlar. Martın 3-də Qazaxıstanın Çimkənd şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə qazaxıstanlı həmkarı Tokayev arasında görüş keçirilib. Rəsmi məlumata görə, tərəflər Kasım-Jomart Tokayevin Daşkəndə 2022-ci ilin dekabrında etdiyi səfər zamanı əldə olunmuş razılaşmaların reallaşdırılma vəziyyətini müzakirə edib. Məlum olduğu kimi, o zaman Özbəkistanla Qazaxıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə, həmçinin sərhədlərin demarkasiyasına dair razılaşma imzalanıb. Bu sənədlər onların hərbi-siyasi, iqtisadi və humanitar komponentlərdən ibarət ümumi təhlükəsizlik sistemi yaratmalarına imkan verir. Bir müddətdir ki, tərəflər birgə hərbi təlim formatını da reallaşdırmağa başlayıb. Güman olunur ki, yaxın illərdə iki ölkə arasındakı müttəfiqlik münasibətlərində hərbi sahə daha da inkişaf etdiriləcək.

Güclənən Qazaxıstan-Özbəkistan tandemi Mərkəzi Asiya siyasətinin aparıcı amilinə çevrilmək potensialına malikdir. Amma məsələ bununla məhdudlaşmır. Türk əməkdaşlığı çərçivəsində əməkdaşlığın iki şərti qütbü də yaranır: Xəzər sahilindən qərbdə Azərbaycan-Türkiyə, şərqdə isə Qazaxıstan-Özbəkistan tandemi. Beləliklə, türk inteqrasiyasının bu qütblərinin effektiv əməkdaşlığından həm də bu vacib regional geosiyasi formatın gələcəyi asılı olacaq.

Hazırda Özbəkistan-Qazaxıstan tandemi getdikcə güclənir və lazımi «infrastruktur»u yaradır. Söhbət ilk növbədə iqtisadiyyatda sıx kooperasiya əlaqələrinin yaradılmasından gedir. İndiki mərhələdə tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiyaların cəlbi, sənaye, enerji, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində kooperasiyaların inkişafı perspektivindən danışırlar. Ötən ilin yekunlarına əsasən, tərəflər arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dolları ötərək, rekord həddə çatıb. Bununla yanaşı, onlar bu tempin azalmasına imkan verilməməsi, əksinə, yaxın vaxtlarda bu rəqəmin 10 milyard dollara çatdırılmasına dair razılığa gəliblər. Bu, makroiqtisadi dayanıqlılığı təmin edəcək, iki ölkənin formalaşmaqda olan ittifaqının iqtisadi bazasını yaradacaq.

Şübhəsiz ki, bütün bunları xarici oyunçular da izləyir. Mərkəzi Asiya regionunda nüfuzlarını artırmağa çalışan güc mərkəzləri üçün Astana-Daşkənd tandeminin güclənməsi onların bu tandemin «oyun qaydaları»na uymayan maraqlarının təmini yolunda maneəyə çevrilə bilər. Bu qaydaların bilavasitə region ölkələri tərəfindən müəyyənləşdiriləcəyinə əminlik isə getdikcə artır.



MƏSLƏHƏT GÖR:

65