20 Aprel 2024

Şənbə, 11:18

ÜÇ YOLDAN BİRİ

Təl-Əvivin İranla bağlı hansı planları ola bilər?

Müəllif:

01.05.2023

İsrailin Baş naziri Benyamin Netanyahunun uğursuz məhkəmə islahatlarını elan etməsindən sonra başlayan və minlərlə narazı insanın etirazları ilə nəticələnən daxili problemlərin həlli ilə məşğul olmasına baxmayaraq, İran mövzusu hələ də İsrailin gündəmində birinci yerdədir. Rəsmi Təl-Əviv, təxminən 10 ildir ki, İranın nüvə silahı əldə etməyə yaxın olduğunu, buna görə də Tehran nüvə silahı əldə etməmişdən öncə bu ölkənin nüvə infrastrukturuna zərbələr endirəcəyini bildirir.

Qəribədir ki, bu məsələdə İsrailin qarşısında əsas maneə ABŞ olub, çünki İsrailin İranla müharibəyə girməsi Vaşinqton üçün Yaxın Şərqdə yeni cəbhənin açılması deməkdir. Məhz buna görə də İsrail hətta Donald Trampın dövründə də İrana hücum etməyə risk etməyib.

 

Ənənəvi metodun riskləri

Bu ilin fevralında ABŞ və İsrail ordusu Aralıq dənizində şərti olaraq İranın nüvə stansiyalarının hədəfə alınmasının həyata keçirildiyi təlimlər keçirib. Təlimlərdə hər iki ölkənin hərbi aviasiyaları bunkerləri dağıdan bombalardan istifadə edərək bir sıra hava hücumları həyata keçirib. Amma ekspertlərin fikrincə, bu təlimlər həm çəkindiricilik, həm də Tehranı nüvə danışıqlarına məcbur etmək məqsədi də daşıya bilərdi.

Bir çox ekspertlərə, o cümlədən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) təhlilinə görə, İsraildə baş verən məhkəmə islahatlarına qarşı etirazlar B.Netanyahu hakimiyyətini zəiflədib. Bu da İrana hücumla bağlı planların təxirə salınmasına səbəb ola bilər. Bəli, Netanyahu hökuməti diqqəti hərbi əməliyyatlara cəlb etmək üçün İranın nüvə reaktorlarının bombalanması planına getmək istəyir. Lakin hökumət daxilindəki fikir ayrılıqları, başqa sözlə, hakimiyyətin zəifləməsi bu planın reallaşması qarşısında maneədir. Bu ehtimalı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin fevralın 23-də hazırladığı və ötən ay İsrail mediasının əlinə keçən hesabatda da əks olunub.

O da aydındır ki, əgər İran uranın zənginləşdirilməsini nüvə silahı əldə etmək üçün kifayət edən 90%-ə çatdırarsa, o zaman yəqin ki, İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməkdən başqa çarəsi qalmayacaq. Bu baxımdan indi israillilərin İranla bağlı hərbi hazırlıqları İrandan daha çox ABŞ-ı narahat edir. Çünki İsrailin İrana hücumu paralel olaraq ABŞ-ın müharibəyə cəlb olunması deməkdir. Bu isə Vaşinqton üçün əlverişli deyil. Bu səbəbdən də, indi ABŞ hakimiyyəti İsrailin İranla bağlı addımlarını diqqətlə izləyir.

İsrailin İrana qarşı birbaşa hərbi müdaxiləsi ehtimalını zəiflədən daha bir amil isə Çinin başlatdığı Yaxın Şərq barışıq prosesidir. Xatırladaq ki, Çin hakimiyyətinin birbaşa vasitəçiliyi ilə martın 10-da Pekində 7 ildən çoxdur düşmən münasibətləri olan İran və Səusiyyə Ərəbistanını barışıb. Bir həftə sonra isə oxşar barışıq İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında baş tutub. Bununla da son 7 ildə Yaxın Şərqdə siyasi münasibətlər sistemini müəyyən edən böyük düşmənçilik prosesi faktiki olaraq başa çatıb.

Başqa sözlə, İranla ərəb dövlətləri arasında barışıqla İsrail İrana qarşı ərəb müttəfiqlərini itirmiş olub. Təbii ki, mümkün müharibədə ərəb ölkələrinin İsrailə birbaşa dəstək verməsi mümkün deyil, lakin ABŞ-ın dəstəyi ilə formalaşan anti-İran cəbhəsini parçalanmış hesab etmək olar. Beləliklə, Çin Yaxın Şərqdə əsl aktiv oyunçuya çevrilib.

Hələ aprelin əvvəlində Çin və İsrailin xarici işlər nazirləri Qin Qanq və Eli Kohen arasında telefon danışığı olub və bu zaman israilli nazir Pekindən nüvə proqramını dayandırmaq üçün Tehrana təsir göstərməsini xahiş edib.

Bu, Çinin İran və İsrail arasında vasitəçilik səyləri ilə bağlı KİV-lərdə yayılan xəbərlərə cavab sayıla bilər. Yeri gəlmişkən, tərəflərdən heç biri bu iddiaları təkzib etməyib. Belə görünür ki, Çinin belə bir təşəbbüsü olub, amma bu proses baş tutmayıb. Lakin bu müraciətin özü belə Çinin artıq bu regionda nüfuzlu oyunçu olduğunu, İsrailin bu reallığı qəbul etdiyini göstərir.

Vaşinqton və Pekinin səylərinə baxmayaraq, İran-İsrail münaqişəsi getdikcə qaçılmaz olur. İsrailin Aralıq dənizində keçirdiyi hərbi təlimlərə paralel olaraq İran Suriyaya silah tədarük etməklə İsraillə silahlı münaqişəyə hazırlaşır. Keçən il region ölkələrinin mediasında İranın Suriyaya müxtəlif kanallar, o cümlədən sərnişin təyarələri vasitəsilə silah və texnika daşıması barədə xəbərlər yayılıb. İsrailin Dəməşq və Hələb hava limanlarına hücumlarının arxasında bu amilin dayandığı heç kimə sirr deyil.

Tehran isə İsrailin İran nüvə obyektlərinə mümkün zərbələrinə Suriya, Livan və Fələstin ərazisindən cavab verməyi planlaşdırır, vəziyyəti yenidən böyük Yaxın Şərq münaqişəsinə çevirməyə çalışır. Belə görünür ki, Təl-Əvivin İranın məhz bu planına qarşı vaxtaşırı Suriya ərazisindəki “Qüds” briqadasının bazalarını bombalamaqdan başqa hər hansı effektiv bir alternativi yoxdur. Martın sonlarında İranın dəstəklədiyi qüvvələrin ABŞ-ın Suriyanın Tənf rayonunda yerləşən bazasına hücumu İsrailin hava hücumlarının səmərəsizliyini və İranın Suriyada əhəmiyyətli potensialının olduğunu göstərib.

Hər kəs başa düşür ki, İranın nüvə obyektlərinə hücum cavab tədbirləri ilə nəticələnə və nəticədə böyük münaqişə və müharibə baş verə bilər. Ona görə də hadisələrin belə cərəyan etməsi hətta İsrailin sağçı hökumətləri üçün ən son variant kimi müzakirə olunur. Yəni İranın nüvə silahı əldə etməsi riski qarşısında İsrailin əl ata biləcəyi sonuncu vasitə İranın nüvə obyektlərinin vurulması və bununla da Tehranın nüvə fəaliyyətlərinin azı 10 il və ya daha uzun müddət geriyə salınmasıdır. 1981-ci ildə İsrail Hərbi Hava Qüvvələrinin İraqdakı OSİRAK reaktoruna qarşı həyata keçirdiyi əməliyyata bənzər hərbi əməliyyatı da İranda həyata keçirmək mümkündür. Lakin bu əməliyyat risklər daşıyır. Tehran birbaşa cavab zərbələri ilə yanaşı Yaxın Şərqdə dəstəklədiyi qüvvələr vasitəsilə İsrailə qarşı genişmiqyaslı cavab zərbəsi təşkil edə bilər. Buna görə də indi belə bir ssenarinin həyata keçəcəyi ehtimalı xeyli aşağıdır. Bu ehtimalı artıra biləcək yeganə məsələ İranın nüvə silahı əldə etməyə yaxın olması ilə bağlı təsdiqlənmiş məlumatdır. Amma hələ ki, belə bir məlumat daxil olmayıb.

 

Silsilə sui-qəsdlər

Hazırda İsrailin İrana qarşı iki əsas “silahı” var: nüvə və hərbi obyektlərə hücumlar və rejimi daxildən zəiflədə biləcək etiraz aksiyalarının, etnik separatizmin və silahlı münaqişələrin təşkili. Son illərdə İsrail kəşfiyyatı İranda ölkənin nüvə və hərbi sənayelərini, xüsusən də raket və dron istehsal edən obyektlərini hədəf alan bir sıra əməliyyatlar həyata keçirib. Bu ilin yanvarında İsfahandakı dron zavodlarından birinə hücum təşkil edilib. İran Müdafiə Nazirliyi İran ərazisindən kiçik pilotsuz uçuş aparatlarının köməyi ilə bombardman edilməsi faktını təsdiqləyib, eyni zamanda əməliyyatın uğursuz olduğunu bəyan edib. Belə ki, hücumda iştirak edən 3 PUA-dan biri havada vurulub, ikisi isə sıradan çıxarılıb. Lakin ABŞ-dakı mənbələr hücumun effektiv olduğunu və zavoda ciddi ziyan dəydiyini təsdiqləyib. Ümumiyyətlə, son 10 ildə israillilər İrana qarşı bir çox kəşfiyyat əməliyyatları, o cümlədən iranlı nüvə mütəxəssislərinə qarşı sui-qəsdlər həyata keçiriblər.

İsrail və onun müttəfiqlərinin əlində olan ikinci təsirli silah İran rejimini daxildən zəiflətmək cəhdləri, o cümlədən qeyri-sabitliyi artırmaq üçün ölkədə narazı qrupların səfərbər edilməsi ola bilər. Bu halda, yəni birbaşa hərbi hücum variantından və müharibəyə başlamaq riskindən fərqli olaraq, müttəfiqlər İsrailə mane olmayacaq, əksinə, onu kəşfiyyat və informasiya dəstəyi ilə təmin edə biləcəklər.

Ötən ilin sentyabrında başlayan və İran vətəndaşı Məhsa Əmininin ölümündən sonra 3 aydan çox davam edən aksiyalar göstərib ki, daxildə çox güclü etiraz potensialı var və bu mənbələri hərəkətə gətirmək rejim üçün ağır nəticələrə səbəb ola bilir.

Doğrudur, son İran-Səudiyyə Ərəbistanı barışığından sonra İsrail bu məsələdə ciddi dəstəkçilərini itirmiş kimi görünür. Lakin İrana qarşı bu əks-hücum xəttinin Qərbin dəstəyi ilə davam edəcəyi aydındır. Sonuncu İran şahının oğlu Rza Pəhləvinin apreldə İsrailə dəvət olunması İsrailin yaxın illərdə İrana qarşı bu silahdan istifadə edəcəyini göstərir.

Düzdür, şah ailəsinin yenidən İranda hakimiyyətə qayıtması ehtimalının az olduğu deyilir. Amma son illərdə İranda mövcud rejimə qarşı etirazların  əsas çatışmazlığı alternativ liderin olmamasıdır. Müxtəlif narazı qrupları bir araya gətirə biləcək və ya onları təmsil edəcək - ən azı etirazlar prosesində - vahid mərkəzə və liderə ehtiyac var. Bəlkə də elə buna görə də İsrailə Rza Pəhləvi indi lazım idi. Məlumdur ki, o, Təl-Əvivdəki danışıqlar zamanı İsrail hakimiyyətindən İran rejiminə qarşı etirazçılara dəstək vermələrini istəyib.

Bu səfər həm də Rza Pəhləvinin bu mövzu üçün nə qədər uyğun olub-olmadığını öyrənmək məqsədi daşıya bilərdi. Lakin istənilən halda İranda rejim dəyişikliyinə səbəb ola biləcək etirazların qarşıdakı dövrdə daha da aktuallaşacağını demək olar. Əlbəttə ki, İranın nüvə məsələsində sürətli irəliləyişi qəfil müharibənin başlanmasına gətirib çıxarmasa.



MƏSLƏHƏT GÖR:

68