19 Aprel 2024

Cümə, 04:26

HƏLLEDİCİ DÖYÜŞ

Türk xalqı mayın 14-də hansı hakimiyyəti seçəcək?

Müəllif:

01.05.2023

Türkiyədə ümumi seçkilərə (eyni vaxtda həm prezident, həm də parlament) çox az vaxt qalıb. Yaranmasının 100 illiyini qeyd edən cümhuriyyət mayın 14-də sadəcə bu və ya digər siyasi sinfin nümayəndələrini seçməyəcək, həm də ölkənin hansı inkişaf yolu ilə gedəcəyini müəyyənləşdirəcək. Bu, həqiqətən, taleyüklü seçimdə ciddi daxili və xarici amillər bir-birinə qarışıb. Türkiyənin aparıcı siyasi qüvvələri aralarındakı mübarizənin şiddətini də məhz onların bu amillərə fərqli münasibəti  müəyyən edir.

 

İqtisadiyyat «alyans» savaşının episentrindədir

Diqqətlər, ilk növbədə, prezident seçkisinə yönəlib. Halbuki, o, məhz parlament seçkisi ilə birlikdə sanki hakim komandaya etimad üzrə ümumxalq referendumudur. Söhbət, əlbəttə ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasından (ƏİP) gedir.

Əsas mübarizə iki güc mərkəzi arasında gedir. Birincisi, ƏİP-in illərdir koalisiyada olduğu Millətçi Hərəkat Partiyası (MHP) ilə yaratdığı «Cümhur ittifaqı»nın namizədi Ərdoğan, ikincisi, 6 aparıcı müxalifət partiyasından ibarət «Millət ittifaqı»nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıçdaroğlu. Onlardan başqa, prezident seçkisində daha iki namizəd yarışır – «Ata» alyansından Sinan Oğan və Məmləkət Partiyasının lideri Məhərrəm İncə.

Daxili siyasi mübarizənin nə qədər qızışdığını müşahidə olunan kriminal hallar da təsdiqləyir. Məsələn, bir müddət əvvəl hakim ƏİP-in İstanbuldakı və Adana əyalətindəki ofisləri hücuma məruz qalıb.

Amma seçkiqabağı debatların əsas predmeti ölkənin iqtisadi inkişafı ilə bağlı problemlər və dəhşətli zəlzələnin nəticələridir. Müxalifət hökuməti iqtisadi siyasətin uğursuz olmasına görə tənqid edir, bu zaman inflyasiyanın həddinə diqqət çəkir (son il ərzində qiymətlər 50% bahalaşıb), Türkiyə lirəsinin dəyərini itirməsinin bu siyasətin nəticəsi kimi qiymətləndirir. Bu tənqid Ərdoğanın rəqiblərinə, həqiqətən də, müəyyən dividendlər gətirir, çünki o, xüsusilə ərzaq məhsullarının əhəmiyyətli dərəcədə bahalaşmasından yaranan sosial narazılığa əsaslanır. Ekspertlər hesab edir ki, bu amil hakim partiyanın baza elektoratının əhəmiyyətli hissəsinin ondan üz döndərməsinə səbəb ola bilər. Söhbət orta sinfin aşağı təbəqəsindən gedir, çünki inflyasiyadan ən çox əziyyət çəkən onlardır.

Lakin Prezident Rəcəb Tayyib Ərdoğan ona qarşı irəli sürülən ittihamlara kifayət qədər tutarlı arqumentlərlə cavab verir. Hökumətin müəyyənləşdirdiyi aşağı faiz dərəcələri sayəsində ölkəyə böyük həcmdə investisiyaların yatırıldığına diqqət çəkən dövlət başçısı inflyasiyanı azaldacaqlarını, ərzaq məhsullarının qiymətini sabitləşdirəcəklərini bildirir. Ərdoğan ölkənin gələcək sosial-iqtisadi inkişafını onun enenrji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə əlaqələndirir. Türkiyəyə Qara dəniz qazının nəqlinə başlanılması ilə bağlı Zonquldağ əyalətindəki «Filos» qaz emalı kompleksində keçirilmiş mərasimdə prezident bildirib ki, istehlakçılar bir il ərzində mətbəxdə, həmçinin su qızdırılması və evlərin isidilməsində istifadə olunacaq qaza görə pul ödəməyəcəklər. Onun anonsunu verdiyi sosial tədbirlər sırasında nikaha girən gənclərə faizsiz kreditlərin veriləcəyi də var. Bu kreditləri əldə edəcək ailələrə ödənişə başlamaları üçün müəyyən müddət də tanınacaq. Bununla yanaşı, evdar qadınlar pensiyaya çıxan zaman onların sığorta ödənişlərinin bir hissəsini dövlət qarşılayacaq.

Hökumətin iqtisadi siyasətinin effektivliyini şübhə altına alan müxalif fikirlərə Ərdoğana yaxın şəxslər cavab verir, prezidentin qərarlarının doğruluğunu ictimaiyyətə onlar çatdırır. Onlardan biri seçki kampaniyası zamanı dövlət başçısının komandasının əsas ruportarından birinə çevrilmiş daxili işlər naziri Süleyman Soyludur. Soylu Ərdoğanı «dəyərlərinə sadiq inqilabçı» adlandırır, onun Türkiyəni «hazır infrastruktura malik, sürətlə gələcəyə doğru hərəkət edən» Türkiyənin lideri hesab edir.

Soylunun səs-küylü bəyanatlarının bir hissəsi də kampaniya zamanı daxili siyasi məsələlər qədər kəskin müzakirə olunan xarici siyasətə aiddir. Bu diskussiyalar yalnız yerli deyil, həm də Qərb ekspertlərinin qarşıdan gələn seçkinin Ankaranın gələcək geosiyasi kursunu müəyyənləşdirəcəyi haqda fikirlərini təsdiqləyir. Ərdoğanın təkrar prezident seçilməsi Türkiyənin regional və qlobal siyasətin müstəqil güc mərkəzinə çevrilməsi kursunun davam etdiriləcəyi anlamına gəlirsə, Kılıçdaroğlunun hakimiyyətə gəlməsi ölkənin Qərbin, ilk növbədə, ABŞ-ın orbitinə qayıtması ilə nəticələnə bilər.

 

Əsas məsələ – «tam müstəqillik»dir

Soylu ABŞ-ı Türkiyənin yaşadığı çoxsaylı problemlərin əsas səbəbkarı olmaqda günahlandırıb. Buraya investisiyaların azalması, ölkədə etirazçı əhvalın yüksəlməsi və terror təhlükəsi də daxildir. Terror təhdidi dedikdə, daxili işlər naziri Birləşmiş Ştatların Suriya və İraqdakı kürd terrorçularına dəstəyini nəzərdə tutur. Ankara son illər ərzində onlara qarşı 4 miqyaslı hərbi əməliyyat keçirib.

Amma ümumilikdə Soylunun anti-Amerika bəyanatlarının məğzini ABŞ və bütünlükdə Qərbin Türkiyəni suverenlikdən məhrum etmək cəhdləri təşkil edir. Bu mənada nazir hesab edir ki, qarşıdan gələn seçkilər sadəcə ölkə rəhbərliyinə seçki deyil, həm də Türkiyənin siyasi müstəqilliyini qoruyub saxlaması məsələsidir.

«Biz indi Ərdoğanı yox, Türkiyənin gələcəyini, tam müstəqilliyini seçirik. Amerika, Avropa bu üzdən təzyiqləri dayandırmır», - deyə Soylu bildirib: «Allahın köməyi ilə Amerikanın, Avropanın və bütünlükdə şərin ağzı bağlanacaq. 50 qramlıq bülletenlər özünü dünyanın ən qüdrətlisi hesab edənlərə demokratiyanın nə olduğunu, onların demokratiyadan heç nə anlamadıqlarını göstərəcək». Süleyman Soylu seçiciləri «öz vətəninin övladı» olmağa, «xalqın fundamental dəyərlərini qorumağa» çağırıb.

Türkiyə rəhbərliyinin Vaşinqtonla onsuz da yaxşı olmayan münasibətləri ABŞ səfiri Ceff Fleykin Türkiyə prezidentliyinə müxalifətin namizədi Kamal Kılıçdaroğlu ilə görüşündən sonra daha da kəskinləşib. Amerikalı diplomatın bu demarşına kəskin reaksiya verən Ərdoğan bildirib ki, səfirin həmsöhbəti müxalifət lideri yox, Türkiyə Prezidenti olmalıdır. Müxalifət lideri ilə nümayişkaranə danışıqlar aparan səfirin bu hərəkətinə cavab olaraq, Ərdoğan onunla əməkdaşlıqdan imtina edib. «Bizim qapılarımız onun üzünə qapandı! O, artıq bizim qapımızdan içəri keçə bilməz!», - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Beləliklə, Ərdoğan Türkiyəsi ilə ABŞ, daha geniş anlamda isə Qərb arasında özünü ƏİP-in hakimiyyətinin ilk illərindən göstərən qarşıdurma nəticəsi Türkiyənin gələcəyini müəyyənləşdirəcək hazırkı seçki yarışının gedişində də özünü göstərir.

Türkiyədəki daha bir «düyün» də elə bu ziddiyyətə bağlıdır. Ölkənin siyasi elitası sırf dünyəvi dövlət tərəfdarları ilə mühafizəkar ənənəçilərə bölünüb. Birincilər əsasən Atatürkçü CXP-nin, ikincilər isə mötədil islamçı mövqedən çıxış edən hakim ƏİP-in ətrafında cəmləşib.

Maraqlıdır ki, partiyalararası mübarizənin «dini» aspekti namizədlərin seçki kampaniyasının gedişinə də sirayət edir. Məsələn, Kamal Kılıçdaroğlu ölkənin cənub-şərqində yerləşən, zəlzələdən ciddi ziyan çəkmiş Adıyaman əyalətinə səfəri zamanı müqəddəs Ramazan ayının başa çatması ilə əlaqədar, bayram namazına qatılıb, Məhəmməd Peyğəmbərin silahdaşlarından birinin mavzoleyini ziyarət edib. Hər iki halda kütlə Kılıçdaroğlunu məzəmmət edib, onun «Fatihə» surəsini düzgün oxuya bilmədiyi», «müsəlman olmadığı» haqda şüarlar səsləndirilib, «bura onun yeri deyil» fikirləri səsləndirilib. Nəticədə, müxalifət liderinin səfərini tezliklə dayandıraraq Adıyamanı tərk etməkdən başqa yolu qalmayıb.

Türkiyədə həyati əhəmiyyətli seçkiyə gedən yolda əsas siyasi ştrixlər bunlardır. Hakim partiyanın namizədi Ərdoğan da bu seçkini «həyati əhəmiyyətli» hesab edir. Onun bu fikrini müxalif düşərgənin də bölüşdüyünə şübhə yoxdur. Amma bu, Türkiyə hökuməti ilə müxalifətinin eyni düşündüyü çox azsaylı məsələlərdən biridir. Əslində, onların hər biri Türkiyənin gələcəyini öz zəfərləri ilə əlaqələndirir. Sonda kimin qalib olacağını türk xalqı müəyyənləşdirəcək.

Seçki yarışının əvvəlində sosial araşdırmaların nəticələri Kılıçdaroğlunun Türkiyə Prezidenti seçilmək şansının daha çox olduğunu göstərirdisə, son sorğular Ərdoğanın vəzifəsində qalacağı ehtimalının artdığını nümayiş etdirir. Bununla yanaşı, araşdırmalar seçkinin ikinci tura qalacağını da istisna etmir.



MƏSLƏHƏT GÖR:

59