13 May 2024

Bazar ertəsi, 13:46

İNKİŞAFA APARAN MEMARLIQ

Babək NOŞİRVANİ: “Memarlıqda innovasiyaları təşviq edən Azərbaycan dizaynerlərə sərhədləri aşmağa və valehedici dünya yaratmağa imkan verir”

Müəllif:

15.07.2023

Azərbaycan memarlıq və tikintinin inkişafının rəmzinə çevrilib. Bu da ölkənin müasirlik, dayanıqlılıq və innovasiya istəyi sayəsində baş verib. Perspektivli strategiyaların həyata keçirilməsinə diqqət yetirilməsi ölkənin iqtisadi yüksəlişinə töhfə verib, onun memarlıq sahəsində regional liderə çevrilməsinə imkan verib. Memarlıq üzrə fəlsəfə doktoru (PhD), Azərbaycanın ən böyük memarlıq şirkətlərindən birinin baş icraçı direktoru və aparıcı mütəxəssisi, Bakıda bir çox mühüm layihələrin və həllərin müəllifi Babək Noşirvani “R+”a müsahibəsində Azərbaycanın bu sahədə nəzərəçarpacaq tərəqqisinə töhfə verən əsas amillərdən danışıb. O, ölkənin modernləşməyə, dayanıqlılığa, su ehtiyatlarının idarə edilməsinə və mədəni dəyərlərin qorunub saxlanmasına diqqət yetirdiyini vurğulayır.

- Azərbaycanda memarlıq və tikinti sektorunda mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Bu aspektdə Azərbaycanın texnoloji nailiyyətlərdən səmərəli istifadə etməsi əsas rol oynayıb. Ölkənin texnoloji tərəqqinin önündə olmaq istəyi memarlıq və tikinti sektorunda inqilaba səbəb olub. Virtual və əlavə reallıq, süni intellekt kimi qabaqcıl texnologiyaların inteqrasiyası layihələşdirmə və tikinti proseslərini dəyişib. Bu yeniliklər mütəxəssislərə layihələri daha dərindən vizuallaşdırmağa, potensial problemləri erkən müəyyən etməyə və əsaslandırılmış qərarlar qəbul etməyə imkan verib. Üstəlik, bunlar layihə nəticələrinin yaxşılaşmasına və risklərin azalmasına gətirib çıxarıb.

- Bəs dayanıqlı inkişaf prinsipləri və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi məsələləri ilə bağlı vəziyyət necədir?

- Yaxşı sualdır. Dayanıqlılıq aparıcı prinsipdir. Bu gün Azərbaycanın dayanıqlı inkişaf arzusu xüsusilə nəzərə çarpır. Bu da məhz memarlıq və tikinti təcrübələrində özünü göstərir. Hökumət “yaşıl tikinti” standartları və sertifikatlaşdırma, enerji səmərəliliyi layihələri və bərpa olunan enerji mənbələrinin inteqrasiyasını tətbiq edib. Azərbaycan dayanıqlı tikintiyə üstünlük verməklə ətraf mühitə təsirini minimuma endirməyə, daha sağlam və rahat yaşayış əraziləri yaratmağa çalışır. Azərbaycan dayanıqlı inkişafa diqqət yetirməklə həm də ölkəni ekoloji baxımdan, investorlar və turistlər üçün cəlbedici məkana çevirir.

- Sizcə, ölkə memarlığında innovativ dizaynın belə təbliğinə hansı nümunələrini göstərmək olar?

- Təbii ki, belə nümunələr var. Azərbaycanın memarlıq landşaftı innovativ dizayn konsepsiyalarından istifadə olunmasından xəbər verir. İddialı və uzaqgörən layihələrə dövlət dəstəyi ilə ənənəvi memarlıq konsepsiyalarına meydan oxuyan əlamətdar görməli yerlər yaradılıb. Heyrətləndirici Heydər Əliyev Mərkəzindən tutmuş, hündürmərtəbəli “Alov Qüllələri” və “Crescent Development” layihəsinə qədər memarlıq möcüzələri dünyanın diqqətini cəlb edir, mədəni turizm və iqtisadi artım üçün maqnit rolunu oynayır. Azərbaycan memarlıq innovasiyalarını təşviq etməklə dizaynerlərə sərhədləri genişləndirməyə və valehedici tikililər dünyası yaratmağa imkan verir.

- Bəs bu sahədəki yüksək səviyyəni qorumaq üçün nə etmək lazımdır?

- Belə bir yüksək səviyyəni təhsil və bacarıqların inkişafı ilə qoruyub saxlamaq olar. Azərbaycanın təhsil və ixtisasın artırılmasına sərmayə qoyması memarlıq və tikinti sektorlarının inkişafı üçün çox vacibdir. Yeri gəlmişkən, ölkədə artıq memarlıq və mühəndislik ixtisasları üzrə dünya səviyyəli təlim proqramları yaradılıb. Bu proqramlarla gələcək mütəxəssislərin hərtərəfli təhsili və praktiki təlimləri həyata keçirilir. Yerli istedadları yetişdirmək və onlara qabaqcıl beynəlxalq təcrübələrə çıxış təmin etmək yolu ilə Azərbaycan bu sektorun davamlı inkişafına təkan verə biləcək ixtisaslı işçi qüvvəsini artırır. Davamlı peşəkar inkişaf proqramları bu sahənin mütəxəssislərini ən son tendensiyalar və texnologiyalardan xəbərdar etməklə onların bacarıqlarını artırır.

- Məlum olduğu kimi, Azərbaycan məhdud su ehtiyatlarına malikdir. Bu da ölkəmizdə sudan rasional istifadəni zəruri edir. Bəs bu amil memarlıq və tikinti sektorunda necə nəzərə alınır?

- Dayanıqlı infrastruktur məhz su resurslarının idarə edilməsidir. Azərbaycan da memarlıq-tikinti sahəsinin inkişafında su resurslarının səmərəli şəkildə idarə edilməsinin vacibliyini qəbul edir. Hökumət su ehtiyatlarının səmərəli istifadəsini və mühafizəsini təmin etmək üçün innovativ həllər və strategiyalar həyata keçirir. Suyun resirkulyasiyası və yağış suyunun yığılması ilə bağlı qabaqcıl sistemlər binalara inteqrasiya olunur. Üstəlik, “yaşıl infrastruktur” suyun təbii filtrasiyasına yardım göstərir və yağış suyunun axmasını azaldır. Azərbaycan su resurslarının idarəçiliyinə üstünlük verməklə dayanıqlı və ekoloji cəhətdən təmiz şəhər mühiti yaradır.

- Sizcə, müasir Azərbaycan memarlıq sahəsində mədəni kimliyini itiribmi?

- Əksinə, hər şeydə mədəni kimlik vurğulanır. Müasirliklə ayaqlaşan Azərbaycan zəngin mədəni irsini həssaslıqla qoruyur. Memarlar və dizaynerlər Azərbaycan mədəniyyətinin, incəsənətinin və ənənəvi memarlığının elementlərini bilərək müasir layihələrə inteqrasiya edirlər. Bu yanaşma qədimlik və yeniliyin harmonik vəhdətini təmin edir. Bununla ölkənin irsinə hörmətlə yanaşılır və eyni zamanda müasir dizayn imkanlarından istifadə edilir. Üstəlik, memarlıq və tikinti layihələrində Azərbaycanın mədəni irsinin qorunub saxlanılması böyük iqtisadi əhəmiyyət də kəsb edir. Ənənəvi elementlərin müasir dizaynlara daxil edilməsi də ölkəmizə səfər edən qonaqlar üçün unikal və orijinal təcrübə yaradır. Mədəni turizm yerli biznesə, hotellərə, restoranlara və dekorativ-tətbiqi incəsənət sahəsinə xeyir verir və iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilir. Mədəni irsin qorunub saxlanılması həm də sakinlər arasında qürur hissinin inkişafına kömək edir, sosial quruluşun möhkəmlənməsinə və iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılmasına yardım göstərir.

- Hazırda Azərbaycanın memarlıq sahəsində regional lider olduğunu söyləyə bilərikmi?

- Şübhəsiz. Azərbaycanda memarlıq və tikinti sahəsinin inkişafı ölkənin müasirliyə, dayanıqlılığa, su resurslarının idarəçiliyinə və mədəniyyətin qorunmasına sarsılmaz sadiqliyini nümayiş etdirir. Texnoloji tərəqqi, davamlı inkişaf, təhsil və mədəni irsin qorunması sayəsində Azərbaycan çiçəklənən sənaye yaradıb. Bu isə öz növbəsində iqtisadi artımı stimullaşdırır, ölkəyə xarici investisiyaların cəlb edilməsinə səbəb olur, yeni iş yerlərinin açılması üçün imkanlar yaradır və ölkəni memarlıq sahəsində regional liderə çevirir. Belə vahid yanaşma Azərbaycanın dayanıqlı və firavan gələcəyini təmin edir. Bu, dayanıqlı yaşamaq üçün əlverişli və ekoloji cəhətdən təmiz mühitin yaranmasına səbəb olur, iqtisadi inkişafı stimullaşdırır və vətəndaşların ümumi həyat keyfiyyətini yüksəldir.

- Müsahibəyə görə təşəkkür edirəm.



MƏSLƏHƏT GÖR:

63