18 May 2024

Şənbə, 09:20

DALAŞMAQ DEYİL, BARIŞMAQ LAZIMDIR

Ankara–Təl-Əviv münasibətlərini əvvəlki məcrasına qaytarmaq mümkün olacaqmı?

Müəllif:

15.11.2023

HƏMAS-ın İsrailə hücumu ilə başlayan növbəti İsrail-HƏMAS müharibəsi tədricən bərpa olunmağa başlayan Türkiyə-İsrail münasibətlərini yenidən ağır şəkildə zədələdi. Qəzzada müharibə şiddətləndikcə Ankara-Təl-Əviv əlaqələri də paralel olaraq soyudu.

Oktyabrın 19-da İsrail təhlükəsizlik səbəbini əsas gətirərək Türkiyədəki diplomatlarını geri çağırdı. Doğrudur, iki həftə sonra İsrailin Baş naziri Benyamin Netanyahu Ankaradakı səfirin “məsləhətləşmə”lər üçün geri çağırıldığını bildirdi. Amma bundan sonra növbəti addım səfirin geri çağırılması ola bilər ki, bu da ölkələr arasında münasibətlərin pozulması demək olardı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Qəzza zolağında silsilə bombalı hücumlara görə sərt şəkildə tənqid etdi. Təbii ki, Təl-Əviv də səssiz qalmayıb və Türkiyə dövlət başçısının bəyanatlarına qarşı çıxdı.

Türkiyə hökuməti noyabrın 4-də İsraildəki səfirini geri çağırmaqla bağlı qərar qəbul etdi. Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı açıqlamasında qeyd olunub ki, İsrailin Qəzzada atəşkəs təklifini rədd etməsi və humanitar yardımın maneəsiz çatdırılması ilə bağlı “məsləhətləşmələr” aparılması üçün səfir Şakir Özkan Torunlar Ankaraya geri çağırılıb. Başqa sözlə, hazırda iki ölkə diplomatik əlaqələri “qopma” nöqtəsinə yüksəlmiş oldu.

Yeri gəlmişkən, Türkiyə lideri İsrailin baş naziri sərt şəkildə tənqid edərək “o, artıq danışa biləcəyimiz biri deyil, sildik” deməklə münasibətlərdəki dramatik vəziyyəti açıqladı. Lakin eyni zamanda Prezident Ərdoğan Türkiyə dövlət qurumları ilə İsrail və Fələstin dövlət qurumları arasında kontaktların davam etdiyini qeyd etdi. Bu səbəbdən də bir çoxları hazırkı Türkiyə-İsrail gərginliyində açar şəxsin Netanyahu və onun başçılıq etdiyi sağçı hökumət olduğunu düşünür. Bu haqda bir qədər sonra...

 

Enişli-yoxuşlu əlaqələr

Türkiyə İsraillə ən yaxın əlaqələri saxlayan azsaylı Yaxın Şərq ölkələrindən biri idi. İki ölkə arasında geniş spektrli əlaqələr ticarət, iqtisadiyyat və hərbi sənaye sahələrini əhatə edirdi. Lakin 2010-cu il “Mavi Marmara” hadisəsi iki ölkə münasibətlərini ciddi şəkildə zədələyib. O vaxt Türkiyədən humanitar yardım gəmisi “Mavi Marmara” ilə Qəzza zolağına yardım aparan könüllülərə İsrail ordusunun hücumu və 10 nəfər könüllünün öldürülməsi Ankara və Təl-Əviv münasibətlərini qırılma səviyyəsinə gətirmişdi. Hər iki ölkə qarşılıqlı olaraq səfirlərini geri çağırmışdı. Hətta Türkiyə İsraili BMT-yə şikayət etmişdi. Hətta 2013-cü ildə o zamankı ABŞ Prezidenti Barak Obamanın birbaşa müdaxiləsi ilə İsrail və Türkiyə baş nazirləri Netanyahu və Ərdoğan arasında barışıq əldə olunmasına, İsrail hökumətinin üzrə istəməsinə rəğmən, münasibətlərdəki soyuqluq davam edib. Yalnız bir neçə il əvvəl münasibətlər tədricən qaydaya düşməyə başlayıb, 2022-ci ilin martında İsrail Prezidenti Türkiyəyə səfər edib.

Buna baxmayaraq, iki ölkə arasında iqtisadi və ticarət əlaqələri nəinki qorunub saxlanıldı, hətta beş dəfə artdı. Məsələn, iki ölkə arasında ticarət dövriyyəsi 2002-ci ildə 1,41 milyard dollar olduğu halda 2022-ci ildə bu rəqəm 8,91 milyard dollara yüksəlib. Ticarət dövriyyəsində üstünlük Türkiyəyə məxsus olub. Məsələn, 2002-ci ildə Türkiyənin İsrailə ixracatı 861,4 milyon dollar, İsraildən idxal isə 544,5 milyon dollar idi. Ötən il isə Türkiyə İsrailə 6,74 milyard dollar məhsul ixrac etdiyi halda, İsraildən 2,17 milyard dollarlıq mal idxal edib.

Üstəlik, Türkiyə hakimiyyəti İsrail tərəfindən Aralıq dənizinin şərq sahillərində çıxarılan təbii qazın Türkiyə üzərindən Avropa bazarına çıxarılması layihəsinə isti yanaşır və Təl-Əvivlə Ankara arasında bu mövzuda ilkin danışıqlar var idi, hər iki tərəf bunda maraqlı görünürdü.

Bu mənada indiki vəziyyətdə Türkiyə-İsrail münasibətlərinin kəskin şəkildə zədələnəcəyini demək dəqiq olmaz. Çünki həm keçmiş təcrübə, həm də hazırkı vəziyyət və Türkiyə hakimiyyətinin mövqeyi əlaqələrin tamamilə qopmasını deməyə əsas vermir. Belə ki, noyabrın 5-də Qazaxıstan səfərindən geri dönərkən Türkiyə Prezidenti Ərdoğan təyyarədə jurnalistlərlə söhbətində etiraf edib ki, Netanyahu ilə əlaqələri olmasa da, Ankara və Təl-Əviv arasında təmaslar qalır. Onun sözlərinə görə, Türkiyə və İsrail arasında xarici işlər naziri və kəşfiyyat idarəsi rəhbəri vasitəsilə təmaslar davam edir. Yəni əlaqələrin tamamilə qopması gündəmdə deyil.

Bir sıra ekspertlərin fikrincə, Türkiyə hakimiyyəti beynəlxalq hüquq çərçivəsində İsrailə təzyiq göstərmək və Qəzzada təcili atəşkəsə nail olmağa çalışır. Çünki Ankara elan edib ki, hazırda prioritet Qəzzada atəşkəsə nail olunmasıdır. Digər tərəfdən, Türkiyə hökuməti Baş nazir Netanyahunun hakimiyyətdən gedəcəyi ehtimalını nəzərə alır. Güman ki, müharibə başa çatdıqdan sonra və ya müharibənin gedişində qurulacaq yeni İsrail hökuməti ilə münasibətlərin bərpa oluna biləcəyi ehtimalını da nəzərə alır. Bu mənada indiki halda İsrail-Türkiyə münasibətlərinin 13 il əvvəl “Mavi Marmara” hadisəsində olduğu kimi, kökündən qopduğunu demək olmaz.

 

Sərt Ankara

Maraqlıdır ki, rəsmi Ankaranın İsraillə bağlı mövqeyi ərəb dövlətlərindən daha sərt görünür. Bunun bir sıra səbəbləri var. Əlbəttə ki, ilk növbədə İsrailin beynəlxalq hüquq və humanitar davranış qaydalarını pozaraq Qəzza zolağını amansızcasına bombalaması, minlərlə dinc insanın, o cümlədən uşaqların ölümü bütün dünyada olduğu kimi, Türkiyədə çox ciddi etiraz doğurdu. Türkiyə ictimaiyyəti Qəzza hadisələrinə kütləvi yürüşlər və aksiyalar, boykot hərəkətləri ilə cavab verdi. AKP-nin dini-mühafizəkar və millətçi elektoratının baş verənlərə daha həssas münasibəti xüsusilə qeyd etmək lazımdır. Təbii ki, bunu hökumət də nəzərə alır. Bu səbəbdən də Türkiyənin İsrailə reaksiyası mərhələli oldu. İlki dövrdə rəsmi Ankara İsrailin həddin artıq güc tətbiqini qınamaqla kifayətləndi, eyni zamanda hər iki tərəfi atəşkəsə çağırdı. Lakin sonrakı günlərdə Qəzzaya bombardmanlar şiddətləndi və bütün dünyada, o cümlədən Türkiyədə İsrail qarşı etirazlar artdı. Təbii ki, rəsmi Ankara da “aşağıdan” gələn səsləri eşitməyə bilməzdi. Lakin düşünürəm ki, Ankaranın İsrail hakimiyyətinə qarşı qəzəbinin şiddətlə yüksəlməsinin əsas səbəbi Təl-Əvəvin Türkiyəni görməzdən gəlməsi oldu. İsrail hakimiyyəti hətta kiçik körfəz ölkəsi Qətərlə müqayisədə Ankaradan gələn çağırışları qulaqardına vurdu. Üstəlik ərəb ölkələrinin seyrçi münasibəti Ankaranı İsrailə qarşı daha sərt mövqe sərgiləməyə sövq etdi.

Daha bir həssas nöqtə yaranmış hərbi-siyasi vəziyyətdə Türkiyənin imicinin zərbə altında qalması idi. Son 20 ildə Yaxın Şərq regionunda, xüsusən də İsrail-Fələstin münaqişəsində müsəlman aləminin lideri mövqeyində olan Türkiyə sonuncu eskalasiya zamanı sanki səhnədən sıxışdırıldı. Əvəzində isə diplomatik cəbhədə Qətər və Səudiyyə Ərəbistanı, hərbi-siyasi cəbhədə isə İran və onun proksi qüvvələri önə çıxdı. Ankara isə həm tarixi mirasa sahiblənməli, həm də islam dünyasının lideri mövqeyini qorumalı idi.

Mümkündür ki, Təl-Əviv Ankaradan gələn diplomatik çağırışları diqqətə alsa, azı formal da olsa hesablaşdığını nümayiş etdirsəydi, Ankaranın mövqeyini bu şəkildə sərtləşdirməsinə ehtiyac olmayacaqdı. Lakin Türkiyəyə məhəl qoymamaq və bölgədə onu ikinci plana keçirməyə çalışmaq Ankaranı daha da qəzəbləndirdi.

Məhz bu səbəbdən Ankara sonrakı günlərdə Tehranla diplomatik təmasları artırdı, Ankaraya gələn ABŞ dövlət katibi Antoni Blinkeni isə Esenboğa limanında sadəcə XİN-nin şöbə müdiri və Ankara valisinin müavini qarşıladı.

Ankara hər cür şəkildə nümayiş etdirir ki, regional siyasətdə onu qiymətləndirməmək və ya ikinci plana atmaq olmaz. Eyni zamanda o, beynəlxalq təzyiq mexanizmlərindən istifadə edərək regionda atəşkəsə nail olmağa çalışır. Bunun üçün hazırda kəşfiyyat (MİT) rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan fəal şəkildə çalışırlar. Prezident Ərdoğanın bəyan etdiyi kimi, Ankaranın əsas məqsədi əvvəlcə atəşkəsə nail olmaq və yalnız bundan sonra münaqişənin köklü həlli üçün danışıqlar prosesinə başlamaqdır. Lakin bunun üçün Təl-Əvivə güclü beynəlxalq təzyiq göstərilməlidir.



MƏSLƏHƏT GÖR:

49