3 Dekabr 2024

Çərşənbə axşamı, 21:44

SÜLH POZULUR YA ERMƏNISTAN ODLA OYNAYIR?

Ermənistan Azərbaycanla sərhəddə təxribatlara əl atmaqla nəyə nail olmaq istəyir?

Müəllif:

15.09.2024

Azərbaycan Ermənistan sərhəd boyu mövqelərini gücləndirməyə davam edir. Yerli informasiya agentlikləri xəbər verir ki, ölkənin müdafiə naziri general-polkovnik Zakir Həsənov və müavini general-leytenant Hikmət Mirzəyev Ermənistanla şərti sərhəddə dislokasiya olunmuş hərbi hissələrə baş çəkib, oradakı hərbçilərin sosial-məişət şəraiti ilə tanış olublar.

İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Amma bu, məhz ilk baxışdan belə görünür. Həsənovla Mirzəyevin bu səfəri sərhədin müxtəlif istiqamətlərində Ermənistan tərəfinin təxribatlarının ciddi şəkildə artdığı vaxta təsadüf edib. Baş verənləri «atəşkəs rejiminin pozulması» və ya «insident» də adlandırmaq olar, amma onun ən dəqiq ifadə forması məhz təxribatdır.

 

İrəvanın ikili oyunu

Sərhəddə odla oynamağın suallar yaratdığını desək, bu, çox yüngül olar. Bakı ilə İrəvan sülh danışıqları aparır. Azərbaycan Prezidenti İlham Əliyev Çernobbioda (İtaliya) keçirilən beynəlxalq forumun «Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu» mövzusunda təşkil olunmuş sessiyadakı çıxışı zamanı deyib ki, «biz Cənubi Qafqazda sülhə nail ola bilərik». Dövlət başçısı hesab edir ki, Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları nətixəsində bu, mümkündür. Bundan başqa, İlham Əliyev bildirib ki, sülh müqaviləsi mətninin təxminən 80%-i artıq razılaşdırılıb. «Sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır. Beləliklə, biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək», - deyə Prezident qeyd edib.

Sanki Bakının sülh çağırışına İrəvandan cavab da gəlmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin həmsərhəd rayonlarına səfəri zamanı sakinləri sərhədin 50 kilometrliyində yerləşən məktəbdə onların övladları üçün hər hansı təhlükənin olmadığına əmin edib. Üstəlik, İrəvanda artıq Konstitusiya islahatlarından danışmağa da başlamışdılar.

Lakin bunun fonunda Ermənistan tərəfindən Azərbaycan ordusunun mövqelərinin atəşə tutulduğuna dair məlumatlar səngimir. Bunu necə başa düşək?

Əlbəttə, «sakitləşdirici versiyalar»a əl atmaq da olar: əsəblər dözmür, sərhəd dağlıq, meşəlik ərazilərdən keçi və belə şəraitdə istənilən şübhəli hədəfə atəş açıla bilər… Lakin bu «təsadüfi insident»lər o qədər çoxalıb ki, artıq onları təsadüf saymaq olmur. Təsadüf bir atəş ola bilər, kütləvi gülləbaran, Azərbaycan ordusunun mövqelərinə tərəf kəşfiyyat dronlarının göndərilməsi və s. yox. Bu isə öz növbəsində, həyəcan yaratmaya bilməz: sanki Azərbaycanın öz müdafiə xəttinin vəziyyəti yoxlanılır və bu, həm atəşə tutmaqla, həm hava kəşfiyyatı ilə, həm də bir sıra digər vasitələrlə edilir. Hər halda, belə hallar «hər ehtimala qarşı» olmur. Görünən odur ki, İrəvan ikili oyun oynayır. Bir yandan guya sülh danışıqlarında iştirak edir, sülh müqaviləsinin mətnini razılaşdırır və s., digər tərəfdən isə sürətlə silahlanır, şərti sərhəddə son dərəcə təhlükəli oyunlar oynayır. Məqsəd nədir?

 

Hərbi xülya

Xatırladaq ki, real qüvvələr nisbəti İrəvana yaxşı heç nə vəd etmir. Ermənistan 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibədə ağır məğlubiyyət alıb. Daha sonra razılaşmaya rəğmən, Qarabağın Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazisində qalan 15 minlik qrup darmadağın edilib. Nəticədə, Ermənistan Silahlı Qüvvələri 5 milyard dollar dəyərində silah və zirehli texnika itirib. Onun əsas silah tədarükçüsü olan Rusiyanın başı bu gün Ermənistandan daha vacib işlərə qarışıb. Paşinyan və komandası isə Qərbdən olan yeni dostlarına «silah yalvarışı» etməkdədir. Sanki onların bu yalvarışları müəyyən nəticələr verir. Amma bu, işə yaramır. Ermənistan Silahlı Qüvvələrinin 2020-ci ilin sentyabrına qədərki vəziyyətinə qayıtmasına hələ çox var. Üstəlik, Azərbaycan da yerində addımlamır. Bakı yeni silahlar almaqla ordusunu yeniən silahlandırır. Bu gün Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibədə olduğundan dəfələrlə güclüdür. İrəvan, çətin ki, bunu bilməsin. Amma uzunmüddətli və miqyaslı müharibə planlamaq başqadır, tam fərqli məqsədlər güdən təxribatlara əl atmaq başqa. Görünür, Ermənistan «strateq»ləri Azərbaycanın azad olunmuş torpaqlarda kifayət qədər möhkəmlənə, orada lazımi infrastrukturu qura, müdafiə mövqeləri yarada bilmədiyinə inanırlar. İrəvanın Azərbaycanın müdafiə xəttində zəif yer tapmağa çalışdığı da istisna deyil. Bu, əlbəttə ki, onlara strateji uğur gətirməyəcək. Lakin taktiki nəticələr mümkündür – erməni tərəfi belə düşünür. İrəvanda ciddi-ciddi hesab edirlər ki, sərhəddə gərginliyin yaranacağı təqdirdə Azərbaycanı müharibəyə cəlb etmək mümkün olacaq və bu zaman köhnə və yeni dostların hərbi dəstək vədi reallaşacaq. Ən əsası isə sərhəddə silahlı təxribatlar İrəvanın ssenarisinə qətiyyən uyğun getməyən danışıqlar prosesini pozmaq üçün yaxşı vasitədir.

 

Razılaşma istəmədən aparılan danışıqlar

Azərbaycan öz siyasətini prinsipial və təmiz aparır. Prezident İlham Əliyevin sözü ilə əməli arasında heç bir ziddiyyət olmur. Dövlət başçısının sözü rəsmi imzaya bərabərdir. Ermənistanda isə vəziyyət fərqlidir.

Ermənistanlı diplomatlar dialoqun pozulmasına görə məsuliyyəti üzərlərinə götürmək istəmirlər. İrəvan Azərbaycanın irəli sürdüyü şərtlərlə sülh müqaviləsi imzalamağa da çox həvəsli görünmür. Məsələ ondadır ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsinə iddiaların yer maddələri konstitusiyasından çıxarmaq istəmir. Halbuki, payızın ilk günlərində İrəvanda sanki Konstitusiya islahatlarından bəhs olunurdu. Amma bu müzakirələr nə qədər çəkəcək və konkret olaraq, Qarabağa iddia məsələsi sənəddən çıxarılacaqmı? Hələlik yalnız o məlumdur ki, İrəvan razılığa gəlmək istəmədən danışıqlar aparmağı yaxşı bacarır. Öhdəlikləri, hətta rəsmi imzalanmış sənəddə yer alan öhdəlikləri «unutmaq», bir şey bəyan edib reallıqda başqa cür davranmaq, danışıqlar aparmaq, lakin razılığa gəlməmək üçün əlindən gələni etmək İrəvan üçün adi haldır. ATƏT-in məlum Minsk qrupunun himayəsi altında aparılmış danışıqlar, atəşkəs razılaşmasının mütəmadi olaraq, o cümlədən 44 günlük müharibə zamanı pozulması hər kəsin yadındadır. Bəs 2023-cü il sentyabrın 2-si? Nikol Paşinyan Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair sənəd imzalamasına rəğmən, Xankəndidəki qeyri-qanuni xuntanın rəhbərliyinə «Artsaxın müstəqillik günü» münasibətilə təbrik ünvanlayırdı. O zaman Bakı bunu təbii olaraq əldə edilmiş razılaşmaların və danışıqlar prosesinin kobud şəkildə pozulması kimi qiymətləndirmişdi.

 

Erməni revanşistlərin «smotr sil»

2024-cü il sentyabrın 2-də separatçıların ünvanına daha bir təntənəli təbrik gedib. Nə münasibətlə? Axı Qarabağ işğaldan azad edilib, xunta devrilib, hətta özünü buraxdığını bəyan edib… Buna baxmayaraq, həmin gün İrəvanda yerli separatçılar yenidən «üzə çıxıblar». Devrilmiş xuntanın sonuncu başçısı olmuş Samvel Şahramanyan və onun bir qrup «silahdaş»ı «Yerablur» hərbi qəbiristanlığını ziyarət ediblər. Orada İrəvandakı «Artsax nümayəndəliyi»nin qapılarının hər zaman açıq olacağı bəyan olunub.

«Qarabağ klanı»nın rəhbərlərindən ibarət müxalifət də səssiz qalmayıb. Eyni şeyi erməni kilsəsi haqda da demək olar. Eçmiədzin katolikosu II Qaregin xüsusi müraciətində güc yolu ilə revanşdan da danışıb: «Artsaxın işğal olunduğu, erməni əhalinin oradan qovulduğu bir şəraitdə biz bu tarixi günü qeyd edirik. Çünki Artsax keçmiş deyil, o, Artsax ermənilərin minilliklər boyu yaşadıqları, yaratdıqları tarixi vətəndir. İnanırıq ki, tarixi yaddaşımız və əcdadlarımızın qəhrəmanlığı bizi gücləndirəcək, xalqımız inam və ümidlə müharibənin dəhşətli nəticələrini adlayacaq, vətənpərvərlik ruhu və əcdadlarımıza, köklərimizə sadiqliklə ümumxalq arzusunu reallaşdıracaq».

Qeyd edək ki, hökumət rəsmiləri baş verənlərə qarışmayıb. Amma Ermənistanda devrilmiş xuntanın strukturunun qalması faktının özü çox şeydən xəbər verir. Üstəlik, bu, İrəvanın danışıqlar prosesini uzatmaq və var qüvvəsi ilə ciddi qərarlardan yayınmaq cəhdləri fonunda yaşanır.

Burada da anlaşılan səbəblər göstərmək olar: guya Nikol Paşinyan üçün ictimai rəyi nəzərə almamaq çətindir, ictimai rəy isə Qarabağa iddialardan əl çəkmir. Amma rəsmi İrəvanın əməlləri göstərir ki, o, prosesi ləngitməyə, özü üçün manevr imkanları saxlamağa çalışır ki, revanş, Azərbaycan ərazilərinin təkrar işğalı şansı yarandığı an ondan istifadə etsin. Bəs kimin köməyi ilə – Fransanın, ABŞ-nin, Rusiyanın, yoxsa İranın?Ermənilər «bunu zaman göstərər» düşüncəsindədirlər. Bu, həmin Paşinyandır ki, Araik Arutunyanın «inauqurasiya» mərasimini Şuşada keçirir, «Qarabağ Ermənistandır və nöqtə» deyir, «yeni ərazilər uğrunda yeni müharibə» vəd edir və sonda «uğurla» məğlub olmağı bacarır. Ermənistan hökuməti son müharibədən nəticə çıxarsaydı, ən azı 2023-cü ilin antiterror tədbirlərinə ehtiyac qalmazdı. İnanaq ki, xuntanın tam darmadağın edilməsindən sonra İrəvan, nəhayət, vəziyyəti düzgün qiymətləndirə, baş verənlərdən doğru nəticə çıxara biləcək.



MƏSLƏHƏT GÖR:

62