24 Dekabr 2024

Çərşənbə axşamı, 09:11

ZƏNGƏZUR DƏHLİZİ: KİM ƏLEYHİNƏDİR?

Azərbaycanla NMR arasında dəhlizin açılmasına regional oyunçuların heç də hamısı razı deyil

Müəllif:

15.09.2024

Cənubi Qafqazda siyasi yay fasiləsi bitdi. İndi yerli siyasətçilər və ekspertlərin diqqəti yenidən Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasına, o cümlədən Zəngəzur dəhlizinə yönəlib. Üstəlik, bu dəfə əsas xəbər qaynaqları Bakı ilə İrəvan yox, Moskva ilə Tehrandır.

Zəngəzur dəhlizi məsələsi 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə bəyannamə imzalaması ilə gündəmə gəlib. Həmin sənəddə bir sıra digər məsələlərlə yanaşı, o da bildirilir ki, «Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Ermənistan Respublikası Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təmini üçün nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirir».

Amma artıq bu gün buna inanmaq çətindir. Halbuki müharibənin son günü «isti-isti» imzalanmış bu sənəddən sonra ekspertlərin əksəriyyəti Zəngəzur dəhlizinin açılmasını az qala «texniki məsələ» sayırdı. Eyni zamanda həmin dövrdə kommunikasiyaların mümkün qədər tez açılmasını sanki durmadan «blokada»dan danışan Ermənistan daha çox istəyirdi.

 

Ortaya çıxan problemlər

Azərbaycan lap əvvəldən Üçtərəfli Bəyannamədə yer almış öhdəliklərə əməl olunmasını tələb edib və edir: hələ SSRİ illərində mövcud olmuş köhnə marşrut üzrə dəmir və avtomobil yolu Rusiya FTX-nin nəzarəti altında istismara verilməlidir. Bu yol praktik olaraq, İran sərhədi boyunca uzanır, oranı isə Ermənistan tərəfindən məhz rusiyalı «yaşıl furajkalılar» qoruyur. Həmin ərazidə sərhəd zonası rejimidir. Bakı nəqliyyat dəhlizinin təhlükəsizliyini Ermənistana etibar etməyə tələsmir, çünki doxsanıncı illərin sonlarında baş vermiş hadisələr hələ yaddaşlardadır. O zaman Qarabağ münaqişəsinin lap əvvəli idi və erməni yaraqlıları dəmir yolunun Meğridən keçən hissəsində diversiya törətmişdilər. Naxçıvan faktiki olaraq, 1989-cu ildən blokadada idi. İndi Azərbaycan həmin hadisələrin təkrarlanmasını istəmir. Amma bu, eyni zamanda Bakının şıltaqlığı yox, İrəvanın da imzaladığı öhdəlikdir. Bununla yanaşı, Bakı Zəngəzur dəhlizi məsələsini gələcək sülh razılaşmasında «ayrıca sətir»ə çevirmək fikrində deyil. Onun açılışının sülh razılaşmasının finalı olmasının vacibliyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dilə gətirib. Bakı və Ankara ümid edir ki, Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında yolu əhəmiyyətli dərəcədə qısaldacaq və «düzləşdirəcək». Lakin Prezident İlham Əliyev hələ yazda deyirdi ki, «Zəngəzur dəhlizinə gəlincə, bu, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda açıq şəkildə əks olunub. Bəli, «Zəngəzur dəhlizi» sözü qeyd olunmayıb, lakin deyilib ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Rusiya sərhəd təhlükəsizliyi qüvvələri nəzarəti təmin etməlidir. Bu sənəd Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur». Dövlət başçısı fikrini belə davam etdirib: «İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar, sadəcə olaraq, Naxçıvan Muxtar Respublikası ilə quru yolu əlaqəsini qurmaq imkanını bloklayırlar. Bu davranış, sözsüz ki, çox məyusedicidir».

Ermənistanda, həqiqətən də, anlaşılmaz nələrsə baş verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu yaxınlarda İrəvanın mövqeyini tez-tez dəyişdiyinə diqqət çəkib. Sentyabrın 2-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri qarşısında çıxış edən nazir Bakı-İrəvan münasibətlərinə də toxunub. Lavrov bildirib ki, «münasibətlərin normallaşması Cənubi Qafqazda Qarabağ probleminin həlli kontekstində çözülməli olan digər problemlərin həllilə paralel getməlidir». Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il noyabrın 10-na keçən gecə imzaladıqları birgə bəyannaməni xatırladan nazir həmin sənədə əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpa edilməli olduğunu deyib: «Həm dəmir yolu əlaqəsi, həm də avtomobil yolu. O, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları qüvvələrinin təhlükəsizliyi təmin etməsi ilə bərpa olunacaq». S.Lavrov fikrini belə davam etdirib: «Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda verdiyi müsahibəni təəccüblə oxudum. O, Ermənistanın prosesi ləngitməkdə günahlandırılmasını əsassız adlandırır, guya hər şey baş-ayaq olubmuş. Qəribədir. Çünki Ermənistan əvvəlcə avtomobil yolundan imtina edib, yalnız dəmir yolu əlaqəsinin bərpasını tələb edib. Azərbaycan imtinaya səbəb görməyib və bizim vasitəçiliyimizlə buna razılaşıb. Sonra İrəvan orada Rusiya sərhədçilərinin olmasına etiraz edib, halbuki bu, Üçtərəfli Bəyannamədə açıq-aydın yazılıb. Biz bunu anlamadıq. Onlar təhlükəsizliyi özlərinin təmin edəcəklərini bildirdilər. Azərbaycan isə bildirir ki, tərəflər arasında inamsızlıq, düşmənçilik o qədər yüksəkdir ki, Ermənistan ərazisindən Naxçıvana yollanan zaman təhlükəsizliyin təmin ediləcəyinə əmin deyillər».

 

Gözlənilməz reaksiya

Deyilənlərə İrəvandan hiddət dolu bəyanat gözlənilən idi. Amma gözlənilmədən, diqqət mərkəzinə İran düşüb. Rusiyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona deyilib: «Bu nədir? Rusiya bilir ki, İran Zəngəzur dəhlizinin əleyhinədir!» Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan «Tasnim» agentliyi xəbər yayıb: Tehranda əmindirlər ki, Zəngəzur dəhlizi «NATO-nun Cənubi Qafqaza soxulması olacaq və bu, yolverilməzdir!» Tehranda hesab edirlər ki, Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair müqavilə üzərində işin getdiyi vaxtda Lavrovun bəyanatı yersizdir. «Tasnim» yazır ki, ruslar İranın yüksək rütbəli məmurları tərəfindən məlumatlandırılmışdılar və bilirdilər ki, Tehran Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılmasına qarşıdır. İranlılar deyirlər ki, burada hər hansı sürpriz mümkün deyil və beynəlxalq normalara görə Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi, geosiyasi mövqeyi digərlərinin maraqlarından üstün tutula bilməz. İndi iranlı ekspertlər Rusiya tərəfinin Ermənistanla problemlərinin həlli üçün Zəngəzur dəhlizindən istifadəni niyə mümkün saydığını «anlamırlar». «Tasnim»də dərc olunmuş yazıda bildirilir ki, Zəngəzur dəhlizinin açılması «İranın Avropaya qapılarından birinin qapanmasına və onun qonşularının azalmasına» səbəb olacaq. Bunun ardınca isə ultimatum gəlir: «Hər hansı ölkə düşünürsə ki, öz problemlərini başqa torpaqlarda yeni münaqişə cəbhəsi açmaqla çözə bilər, dünyada heç bir yer təhlükəsiz olmayacaq və daimi xaos yaranacaq». İranda hesab edirlər ki, Rusiya XİN-i Ermənistanla problemlərin mifik Zənzəgur dəhlizinin açılması yolu ilə çözülməsinin onların maraqlarına cavab verdiyini düşünməkdə yanılır. İranlılar bildirirlər ki, bu dəhliz Tehranın iradəsinə rəğmən, açıla bilməz.

 

Kadr arxasında nələr var?

Rusiyanın Zəngəzur dəhlizinin açılmasında niyə israr etdiyi aydındır. ATƏT-in Minsk qrupunun iflasından sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamə Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasında Moskvanı əsas vasitəçiyə çevirmiş, regiona Rusiya sülhməramlıları da məhz həmin sənədə əsasən yerləşdirilmişdi. Amma indi çox şey dəyişib. Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatından sonra Rusiya sülhməramlıları bölgəni tərk edib. Nəticədə, İrəvanın kulisarxası oyunlarında artıq özlərini heç də yaxşı tərəfdən göstərməyən yeni oyunçular peyda olub – Avropa İttifaqı və ABŞ.

Belə bir vəziyyətdə kommunikasiyaların açılması məsələsi Moskvanın moderator rolu oynadığı yeganə məsələdir. Həm də ona görə ki, Üçtərəfli Bəyannaməyə əsasən, açılacaq dəhlizin təhlükəsizliyini məhz Rusiya sərhədçiləri təmin etməlidir. Bundan başqa, Ermənistan dəmir yolları şəbəkəsinin məhz Rusiyanın mülkiyyətində olduğunu da unutmaq olmaz.

Bakı təcrid durumunda qalmış bölgəsi ilə etibarlı nəqliyyat əlaqəsi istəyir. Bəs Tehranın bu inadkarlığı nə ilə bağlıdır? Zəngəzur dəhlizinin əleyhinə çıxan heç də yalnız «Tasnim» agentliyi deyil. Paşinyanla görüşdə onu İranın ali dini lideri ayətolla Əli Xamenei də «zərərli» adlandırıb. Halbuki bu dəhliz Tehranın təhlükəsizliyinə heç bir təhdid yaratmır və onun qonşularının sayını qətiyyən azaltmır.

Ermənistanın inadkarlığı da anlaşılan deyil. Zəngəzur dəhlizi açılmayacaqsa, digər yollar da işləməyəcək. Azərbaycan ilin böyük hissəsini bağlı olan, təhlükəsizliyin lazımi səviyyədə təmin edilmədiyi və heç zaman edilməyəcəyi «alternativ yollar» anlayışını da qəbul etməyəcək. İrəvanın yolun mühafizəsinin özəl strukturlara həvalə olunması təklifi isə ümumiyyətlə anlaşılmazdır. Qeyd edildiyi kimi, Üçtərəfli Bəyannamədə təhlükəsizliyin Ermənistanın özəl təhlükəsizlik strukturları deyil, Rusiya sərhədçiləri tərəfindən təmin olunacağı kifayət qədər konkret göstərilib.

Belə bir vəziyyətdə İrəvanın tərsliyi Azərbaycan Prezidentinin bu halda Ermənistanın həmişəlik dalan olaraq qalacağına dair xəbərdarlığını yada salır. «Əgər dediyim marşrut (Zəngəzur dəhlizi) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir», - deyə İlham Əliyev hələ bu ilin yanvarında bildirib.

Belə xəbərdarlıqlardan isə vaxtında nəticə çıxarmaq lazımdır.



MƏSLƏHƏT GÖR:

61