24 Noyabr 2024

Bazar, 09:44

SEYSMOANOMALİYA

Azərbaycanda zəlzələləri proqnozlaşdıran yeni texnologiya hazırlanıb

Müəllif:

06.08.2013

Yəqin ki, bakılıların çoxunun yaddaşından 2000-ci ilin o noyabr gecəsi - yeddi ballıq zəlzələnin şəhər camaatının dinc gecə həyatını sözün hərfi mənada "silkələdiyi" hələ də silinməyib. Xoşbəxtlikdən bu zəlzələ qurbansız ötüşdü, amma buna baxmayaraq, uzun müddət biz sakit həyatımıza qayıda bilmədik, yenidən zəlzələ olacağından ehtiyat edərək, hər an ətrafımıza diqqətlə göz gəzdirirdik. Məlum olduğu kimi,  Azərbaycan  aktiv seysmik zonada yerləşir. Bu da təbii ki, bizi narahat edir, yaxın vaxtlarda dağıdıcı təbii kataklizmlərin olmasından ehtiyatlanmağa dəyərmi? Elm zəlzələlərin qabaqcadan xəbər verilməsi sahəsində nə dərəcədə irəli gedib?

 

İnnovasiya və tədqiqat

Böyük dağıntılar törədən və minlərlə insanın həyatını alan əsl təbii fəlakət zəlzələ- bütün dünya alimlərinin uzun illər boyu müşahidə və tədqiqatlarının predmetidir. Azərbaycan təbii xüsusiyyətlərinə görə bu tendensiyadan kənarda qalmır. "R+" ilə söhbəti zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin dediyi kimi, hazırda Azərbaycanda 31 telemetrik stansiya (onların quraşdırılması müəyyən çətinliklərlə bağlıdır, xüsusilə də dənizin dibində - müəl.) qurulub. Bundan başqa, Geologiya İnstitutu üçün yeni avadanlıq alınıb; onun köməyi ilə blok və plitələrin hərəkəti və istiqaməti müəyyən edilir. Bununla bağlı, "R+"un Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyevdən aldığı məlumat böyük maraq doğurur. Onun sözlərinə görə,  dünyada zəlzələ haqda qabaqacadan xəbər verilməsi sahəsində çox sayda nəzəriyyə və tədqiqatlar mövcuddur, lakin bu sahəyə çoxsaylı sərmayələrin qoyulmasına baxmayaraq, onların böyük əksəriyyəti hələ də praktiki tətbiqini tapa bilməyib.

Bu arada Telman Əliyevin rəhbərlik etdiyi alimlər qrupu yeraltı səslərin əsasında aparılan, prinsip etibarilə yeni tədqiqatın açılışın ediblər. Adətən, neftçıxarılan quyuların avadanlıqlarında qəza  zamanı səs meydana gəlirdi. O, siqnalların düzgün müəyyənləşdirilməsinə mane olduğu üçün, əksər hallarda aradan götürülürdü. Lakin alimlərin tamamilə yeni yanaşması məhz bu səsin təhlilindən ibarətdir. Belə ki, o səsə məhəl qoymadıqda diaqnostika üçün zəruri olan informasi-yanın bir hissəsi itir. Telman Əliyevin sözlərinə görə, bu seysmoakustik texnologiya bir sıra eskperimentlərdən keçib, nəticədə onun tam doğruluğu və effektivliyi sübut olunub: " Eksperimentlər zamanı bütün seysmik anomaliyalar başlamazdan 10-20 saat əvvəl  stansiyadan bir neçə yüz kilometr radiusda müəyyənləşdirilib".

10-20 saat, əlbəttə ki, az vaxt deyil - maqnituda və qabaqdakı zəlzələnin gücü  haqda məlumat alaraq, tədbirlər görmək və vaxtında ona hazırlaşmaq üçün  tamamilə  kifayət  edir.  Lakin  T.Əliyevin dediyi kimi zəlzələnin ocağının maqnitudası və yerinin dəqiq müəyyənləşdirilməsi üçün bir stansiya kifayət deyil. Ona görə də gələcəkdə daha bir neçə seysmoakustik stansiyaların quraşdırılması planlaşdırılır.

Ənənəvi seysmologiya stansiyası ilə müqayisədə, bu stansiyanın zəlzələni 10-20 saat öncədən demək qabiliyyətinə baxmayaraq, bu texnologiya və onun effektivliyi heç də birinicinin əhəmiyyətini azaltmır, belə ki, cari stansiyanın ancaq düzgün monitorinqi ilə birgə maksimum dəqiqliklə  bütün seysmik titrəyişləri qabaqcadan demək mümkündür.

Bununla yanaşı, Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədlinin dediyi kimi bu vaxta qədər zəlzələni qabaqcadan dəqiq deyə bilən avadanlıq yoxdur: "Əlimizdə olan avadanlıqla ancaq yer qabığında baş verən prosesləri, cari seysmik aktivliyi, yəni hazırda baş verənləri müəyyənləşdirə bilirik. Bu məlumatlar əsasında təhlil aparırıq, müəyyən zonalarda kəskinləşmə və seysmik aktivliyin artmasını nəzərə alırıq".  Bu məlumatlar, Məmmədlinin dediyi kimi,  seysmoaktiv zonaların müəyyən rəsminin yaradılmasına kömək edir. Həmçinin 2011-ci ilin sonu-2012-ci ilin əvvəlində Azərbaycanda 427-ci ildən 2010-cu ilə kimi baş verən zəlzələlərin xəritəsi hazırlanıb. Bu böyük işi RSXM həyata keçirib. Həm də xəritədə zəlzələlərin bütün mümkün sayından ancaq etibarlı tarixi mənbələrdə olan informasiyalar - ümumi sayı 223 və gücü Rixter şkalası üzrə 5 baldan yuxarı olanlar əks olunub. 

Ən çox dağıdıcı zəlzələlər Şamaxıda qeydə alınıb; 1667-ci ildə olan zəlzələ 70 min insanın həyatını alıb; 1859-cu ildəki zəlzələdən sonra isə paytaxtı Şamaxıdan Bakıya köçürmək qərarı verilib. Azərbaycanda bu təbii kataklizmlər nəticəsində ümumilikdə, təxminən, 100 min insan həlak olub.

Azərbaycanın yüksək seysmoaktiv zonada olduğunu nəzərə alaraq, demək olar ki, il ərzində sadə vətəndaşların hiss etmədiyi kifayət qədər çox zəlzələ olur. Q. Yetirmişlinin sözlərinə görə, ancaq kiçik titrəyişləri belə müəyyən edə biləcək yüksək həssaslığa malik avadanlıqların quraşdırılması bu faktları üzə çıxarmağa yardım edir. Bütün zəlzələlər, hətta gücü 2-3 balı ötməyənlər belə dərhal KİV, eləcə də Avropa Seysmologiya Cəmiyyətinə məlum olur.

 

Nə gözləyək?

Seysmik proseslərin mümkün təhlili və hətta zəlzələnin qabaqcadan xəbər verilməsinin potensial imkanı mahiyyətcə, ancaq ona vaxtında hazırlaşmağa imkan verir, lakin təbiətin gücü ilə vurulan zərərin qarşısını almır. 

Q. Yetirmişli bildirib ki, zəlzələ olmayacaq demək olmaz. Bakı üçün ən təhlükəli ocaqlar Xəzər dənizindədir. Ümumilikdə, ölkə ərazisinə gəldikdə isə seysmik aktivlik Şamaxı, Quba, Qusar, Şabran, Şəki-Zaqatala, Balakən regionlarında müşahidə olunur.

T. Məmmədli hesab edir ki, Azərbaycanda tamamilə 7, 8, 9 bal gücündə zəlzələlər ola bilər. "Düzdür, nə vaxt olacağını heç kim deyə bilməz: "Bəlkə sabah, bəlkə də 100 il sonra",- deyə o, əlavə edib. Q. Yetirmişlinin sözlərinə görəsə, 6-7 bal gücündə zəlzələlərin olma ehtimalına baxmayaraq, əslində, onlar əhali üçün belə təhlükə yaratmırlar.

Bununla yanaşı, hündür evlər və binaların tikintisi xüsusi narahatlıq doğurur-onlar yeraltı təkanlara tab gətirəcəklərmi, dağılmayacaqlarmı? Amma Tahir Məmmədli sakitləşdirir: "Bina tikilməmişdən öncə biz torpağın, yeraltı, qurunt sularının, seysmik aktivliyin təhlilini aparırıq, seysmik rayonlaşdırılmanın xüsusi xəritəsi var. Ancaq müvafiq rəy əldə etdikdən sonra evin tikintisi başlayır. Həm də bu rəyin təyin olunmuş normalara uyğunlaşdırılması üçün FHN-dən də mütləq razılıq alınır". Onun sözlərinə görə, bizim hündür binalara, hətta 9 bal gücündə zəlzələ belə qorxulu deyil. Bir sözlə,  ən yaxşısına ümid edəcəyik.


MƏSLƏHƏT GÖR:

617