
QARABAĞIN MÜSTƏMLƏKƏYƏ ÇEVRİLMƏSİ MÜMKÜN DEYİL
"R+" jurnalının suallarını Polşanın Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Konrad Zaştovt cavablandırır
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
-Yaxın zamanlarda Aİ ilə 6 keçmiş sovet respublikası arasında Şərq Tərəfdaşlığı çərçivəsində danışıqların canlandırılması gözlənilir. Postsovet məkanındakı "dondurulmuş münaqişələr" Avropaya inteqrasiya prosesinə necə təsir göstərir?
- Hələlik aparılan danışıqlarda bu ölkələrin Aİ-yə qəbul məsələsi qoyulmur. Danışıqlar bu ölkələrin Avropa İttifaqı ilə yaxınlaşmasına kömək edəcək müqavilənin bağlanması ilə əlaqədardır. Postsovet məkanında münaqişələrin mövcudluğunu Avropaya inteqrasiya prosesində keçilməsi mümkün olmayan maneə saymaq lazım deyil. Şərq Tərəfdaşlığı təhlükəsizlik proqramı olmasa da, o, bütövlükdə regional təhlükəsizliyə müsbət təsir göstərəcək. Aİ bu münaqişələrin həllində vacib rol oynaya bilər. Ərazisində "dondurulmuş münaqişə" olan ölkənin Aİ-yə üzvlüyü imkanına gəlincə, Kipr Respublikasını misal göstərmək olar. O, Kipr türkləri ilə münaqişə şəraitində olmasına rəğmən, Avropa İttifaqına qəbul edildi. Fikrimcə, Kiprin Aİ-yə qəbulu qərarında tələskənliyə yol verilib. Çünki bunun üçün optimal variant yunan tərəfini Aİ-yə üzvlük üçün Kiprin türk əhalisinə barışmağa məcbur etmək olardı. İndi münaqişəni çözmək çox çətin olacaq. Di- gər tərəfdən, Yunanıstanla əldə olunmuş razılaşmaya əsasən, Polşa və bir sıra digər Şərqi Avropa ölkələri Nikosiyanın Aİ-yə üzvlüyünü dəstəkləməli idilər ki, Yunanıstan öz növbəsində həmin ölkələrə analoji dəstəyi versin.
- İsrailin işğal altındakı ərəb torpaqları - İordan çayının Qərb sahili, Qəzza sektoru və Holand yüksəkliklərində fəaliyyət göstərən şirkətlərinə Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar bu gün qüvvəyə minir. Eyni qərar Azərbaycan, Gürcüstan və Moldovanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qurumlara da tətbiq oluna bilərmi?
- Aİ hər bir münaqişədə neytral olmağa, bitərəflik nümayiş etdirməyə çalışır. Məqsəd qarşı-qarşıya duran tərəflər arasında mizrab rolu oynamaq imkanı əldə etməkdir. Aİ-nin münaqişələrin həlli üçün istifadə edə biləcəyi bir neçə alət var. Amma bu üsulların Cənubi Qafqaza tətbiqinin nə qədər mümkün olduğunu söyləmək çətindir. Bu addımlar Cənubi Qafqazda da effektiv ola bilərmi?
İşğal olunmuş ərəb torpaqları Aİ üçün iqtisadi yox, siyasi maraq kəsb edir. Həmin ərazilərdə çalışan İsrail şirkətlərinə tətbiq olunan sanksi-yalar Azərbaycan və ya Gürcüstanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qurumlara da aid oluna bilər. Bu, bir presedent olaraq mümkündür. Amma unutmaq olmaz ki, İsrail-Fələstin münaqişəsi ilə Cənubi Qafqazdakı münaqişələr arasında fərq var. Biz İordan çayının Qərb sahili və Qəzza zolağında yəhudi yaşayış məntəqələrinin inşasını müşahidə edirik. Cənubi Qafqazda isə Rusiyanın hərbi bazaları olsa da, rus yaşayış məntəqələrinə, bu ərazilərə yeni əhalinin köçürülməsi hallarına rast gəlinmir.
- Amma Ermənistan Suriya ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirilməsinə cəhd edir...
- Dağlıq Qarabağın müstəmləkələşdirilməsinə cəhd edilərsə, Aİ-nin sanksiyaları işə düşəcək. Amma Dağlıq Qarabağda iqtisadi vəziyyət çox çətindir, oraya köçürülənlər necə yaşayacaqlar? Bu ərazilərin müstəmləkələşdirilməsi mümkün deyil.
Aİ-nin siyasətçiləri, xüsusilə Polşa rəhbərliyi Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə bəyan ediblər. Amma bu, o demək deyil ki, Qərb dövlətləri avtomatik olaraq "dondurulmuş münaqişələr"ə müdaxilə edirlər. Siyasi nöqteyi-nəzərdən Aİ-nin mövqeyi bütün münaqişələrin sülh yolu ilə həllinin dəstəklənməsidir.
- Avropa İttifaqına inteqrasiya Azərbaycana nə verəcək?
- Polşanın misalında bizim Aİ-yə inteqrasiyadan nə qazandığımızı söyləyə bilərəm. Polşa bundan ilk növbədə, çox vacib layihələrin maliyyələşdirilməsini qazanıb - müasir avtostradaların tikintisindən tutmuş, binaların, müəssisələrin bərpasınadək. Ən vacibi isə biz həyatın ən müxtəlif sahələri ilə bağlı yeni keyfiyyət standartları qazanmış və onları tətbiq etmişik. Aİ-yə üzvlük hesabına kommunist keçmişimizdən tez bir zamanda xilas olmuşuq. Yeni standartlar dövlətin vacib sahələrinin yenidən formalaşdırılmasını diktə edir - qanunvericilikdə islahatlardan tutmuş, korrupsiya ilə mübarizə, müasir ordu quruculuğunadək. Bu təcrübənin Azərbaycanda və Cənubi Qafqazın digər ölkələrində tətbiqi də effektiv ola bilər. Avropa standartları sabit inkişaf sistemidir.
Aİ-yə müxtəlif siyasi və iqtisadi baxışları olan dövlətlər üzv olur. Bu, müəyyən mənada qərarların qəbulu prosesini çətinləşdirir. Baxmayaraq ki, Aİ iqtisadi birlik kimi yaradılmışdı, o, vacib siyasi qərarlar da qəbul edir. Gələcəkdə bu proses daha mütəşəkkil şəkildə tədqiq ediləcək. Məsələn, Şərq Tərəfdaşlığı Proqramı Aİ-nin 6 postsovet ölkəsinin gələcəyini necə təsəvvür etdiyini göstərir. Yaxın keçmişədək bu, yox idi. Avropa Qonşuluq Siyasətində belə konkretliyə rast gəlinmirdi. İndi Aİ-nin nə görmək istədiyi tam aydındır. Brüssel müxtəlif problemlərlə bağlı bəyanatla çıxış etmirsə, bu, Aİ-nin həmin problemlə bağlı heç bir mövqeyinin olmadığı anlamına gəlməməlidir.
- Belə olan təqdirdə, niyə Aİ-nin keçmiş SSRİ məkanında Rusiya və ABŞ-la rəqabəti müşahidə olunmur? Məsələn, niyə Aİ münaqişələrin həlli ilə bağlı heç bir təşəbbüs irəli sürmür?
- Bu, arzulanan dərəcədə nəzərə çarpmır. Amma Aİ-nin postsovet məkanında mövcudluğu getdikcə daha çox hiss olunmaqdadır. Məsələn, gürcü-abxaz və gürcü-osetin münaqişə zonalarında Aİ-nin Müşahidə Missiyası var. Bu, öz-özlüyündə sülh prosesinin dəstəklənməsidir. Çünki missiyanın mövcudluğu vəziyyətə təsir edir, regionda gərginliyin artmasını önləyir.
Şərq Tərəfdaşlığı Proqramı müəyyən dərəcədə münaqişələrin həllinə də təsir göstərəcək. Aİ-nin bu ölkələrlə maraqlanması faktının özü birliyin regiondakı fəallığının, regionla əməkdaşlığının artacağı deməkdir.
- Yeri gəlmişkən, Azərbaycan bu yaxınlarda Transadriatik boru xəttinin xeyrinə qərar qəbul edib. Bu, Polşada necə qiymətləndirilir?
- Polşada Azərbaycan qazının birbaşa bizim ölkəyə gəlib-çıxacağını gözləmirdilər. Amma Azərbaycan qazının Avropa bazarına çıxarılması istənilən halda Avropaya qaz nəqlinin şaxələndirilməsinə yol açır. Polşa "Nabukko" layihəsini dəstəkləyirdi. Odur ki, Azərbaycanın TAP-ı dəstəkləməsi bizi məyus etdi. Amma istənilən halda, Azərbaycan qazının Avropa bazarlarına ixracı Avropa İttifaqının enerji təhlükəsizliyinin təmini baxımından çox müsbət haldır.
MƏSLƏHƏT GÖR: