
YANLIŞ YANAŞILAN BÖLGƏ
Cənubi Qafqaz üzrə ekspert, Britaniyanın "Barışıq resursları" təşkilatının kuratoru Lorens BROERSİN "R+" jurnalına müsahibəsi
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
- Hər şeydən öncə, Putinlə Sarqsyan arasında Moskvada aparılmış danışıqlarla bağlı fikrinizi bilmək istərdik. Moskvanın Gömrük İttifaqına üzvlüklə bağlı istəyini necə şərh edərdiniz?
- Bu, elə bir Qafqaz hadisəsidir ki, eyni vaxtda həm sensasiyadır (mən bunun baş verəcəyinə inanmırdım), həm də qətiyyən təəccüblü deyil. Hazırda hansı mövqedə olduğumuzu nəzərə alsaq, bu, ciddi, uzunmüddətli strateji səhv kimi görünür. Amma biz, əlbəttə ki, prezident Sarqsyana hansı təzyiqlərin göstərildiyini də bilmirik. Ermənistanın Rusiyadan asılılığını azaltmaq cəhdləri bəlkə də, uzunmüddətə donduruldu. İndi Ermənistanda özünütənqid dalğası baş qaldıracaq. Bu, dövlət quruculuğu prosesinə böyük zərbədir. Çoxları bunun Qarabağı Azərbaycanın mümkün hücumundan qoruyacağını deyəcək. Mən isə istənilən halda belə hücumun yaxın zamanlarda baş verə biləcəyini düşünmürəm. Bu, həm də demokratikləşmə istiqamətindəki uzunmüddətli prosesə zərbədir. Halbuki, münaqişənin transformasiyası üçün yeganə real ümid bu idi.
- Aİ-nin regional proqramları ilə birlikdə fəaliyyəti Qarabağ probleminin həllinə yardım baxımından nə dərəcədə uğurlu ola bilər?
- Bu, bizim nəyi uğur adlandırmağımızdan asılıdır. Aİ Qarabağ münaqişəsinin həlli prosesində yardımçı rol oynayır. Onun bundan artığını etmək üçün sadəcə səlahiyyəti yoxdur. Aİ-nin işi insanlar arasında əlaqələrin dəstəklənməsi, müxtəlif qruplar arasında dinc dialoqun təşkili, sülh prosesi iştirakçılarına mümkün olduğu zaman təşəbbüslər irəli sürməkdir.
Ola bilsin, bunlar "uğur" kimi səslənmir. Amma sərhədlərin bağlı olduğu, təmas xəttində hər ay itkilərin baş verdiyi, hərbiləşmənin davam etdiyi, qarşılıqlı soyuqluğun getdikcə dərinləşdiyi hazırkı şəraitdə belə diskussiyaların dəstəklənməsi uğurdur. Kənar müdaxilə yalnız yerlərdəki şəraitin imkan verdiyi dərəcədə uğurlu ola bilər. Ümid edirəm ki, zaman keçdikcə bu şərtlər yaxşılığa doğru dəyişəcək və daha nəzərəçarpan uğurlara aparıb çıxaracaq. Amma eyni zamanda, azərbaycanlılar və ermənilər dialoqu davam etdirməlidirlər - bu, tam aşkar və nəzərəçarpacaq səviyyədə olmasa belə, gələcəkdə mümkün irəliləyiş üçün olduqca vacibdir.
- Təəssüf ki, əcnəbilərin heç də hamısı regiondakı reallıqlarla sizin qədər tanış deyil. Fikrinizcə, avropalılar arasında Cənubi Qafqazla bağlı hansı yanlış fikir mövcuddur və bu, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivinə necə təsir göstərir?
- Əksər avropalılar hələ də Qafqazın harada yerləşdiyini, onun nə olduğunu ümumiyyətlə bilmir. Təəssüf ki, bu məsələdə istisnalar yalnız regionda zorakılıq, yaxud müharibələrin yaşanması, onların televiziya efirlərinə çıxması halında olur. Amma müsbət reklam da var. "Eurovision", idman, Britaniya-Gürcüstan Təşkilatı, Avropa-Azərbaycan Cəmiyyəti kimi təşkilatların fəaliyyəti buna misaldır.
- Avropalılar Qafqaz haqqında nə düşünür? Bu, çox böyük məsələdir (hətta qafqazlıların avropalı olduqlarına dair bəzi fikirlər nəzərə alınmadan belə). Fikrimcə, Qafqaz çoxları üçün real yox, xəyali bir region kimi görünür...
- Məncə, Qafqaza yanaşmada bir romantizm var. Bu regiona vəhşi və ya ekzotik bir yer kimi baxırlar və bu, Avropadan fundamental şəkildə fərqlənir. Əlbəttə ki, xüsusiyyətindən asılı olmayaraq, əksər insanlar harada olurlarsa-olsunlar, oxşar əsas tələbatlara, hətta dəyərlərə malikdirlər. Biz avropalılar insanları "bizdən fərqli" və ya ekzotik etməklə onlara heç də köməklik göstərmirik.
Daha bir yanlış fikir Cənubi Qafqazın heç zaman heç nəyə sonadək nail olmaması ilə bağlıdır - bu regionun xalqları daim "böyüyk seçim qarşısında", "keçid dövründə", "hansısa yolda" və ya "yolayrıcı"ndadırlar. Mən düşünürəm ki, Cənubi Qafqaz qərarların verildiyi, seçimlərin edildiyi real region, real mövcud olan məkan kimi qəbul olunmalıdır. Böyük məsuliyyət hissinin yaradılmasının yolu məhz budur.
Daha bir və çox yanlış olan fikir "dondurulmuş münaqişələr", "nə hərb, nə sülh", yaxud, hətta "postsovet münaqişələri"lə bağlıdır. Bu statistik və köhnəlmiş kateqoriyalar regional münaqişələrə dair əsassız olaraq özünü sakitləşdirməyə yol açır. Bu, xüsusilə söhbətin Dağlıq Qarabağ münaqişəsindən getdiyi vaxt aktualdır. Əminəm ki, ona haqqında dondurulmuş münaqişə kimi yox, fasiləsiz, daim hərbiləşmənin davam etdiyi rəqabət kimi baxmaq lazımdır.
- Bu münaqişənin yalnız region yox, Avropa və Avroatlantikanın təhlükəsizliyi üçün problem kimi qəbul edilməməsi nə ilə bağlıdır?
- Düşünürəm, Dağlıq Qarabağ münaqişəsinə təhlükəsizliyə problem kimi yanaşılır. Sadəcə, ona prioritet kimi yanaşılmır. Bunun bir neçə səbəbi var.
Birincisi, münaqişə və onun həll prosesi hər hansı vacib hadisələr fonunda cərəyan etmir. Təmas xəttində mütəmadi insidentlər davam edən hərbi əməliyyatlar fonunda baş vermir. Danışıqlarda da nəzərəçarpacaq heç nə yoxdur. Təəssüf ki, Minsk qrupu təsadüfi bəyanatlar istisna olmaqla (onlar da bir qayda olaraq məyusluq yaradır), ictimai diplomatiyada iştirak etmir. Odur ki, xəbər veriləsi nə var ki? İnsanlar xüsusilə Yaxın Şərqdə baş verənlərlə müqayisədə, Qarabağ münaqişəsi ilə bağlı heç nə eşitməyiblər.
İkincisi, regiona baş çəkən, baş verənləri tam mənzərəsi ilə göstərə biləcək insanların sayı o qədər də çox deyil. Bəzən insanlar münaqişə tərəflərindən birini qəbul edir və digər tərəfi dinləmək istəmir.
Üçüncü səbəb paradoksaldır: Cənubi Qafqazın vacib geosiyasi region olduğu deyilsə də, fikrimcə, onun geosiyasi əhəmiyyəti şişirdilib. Doğrudur, onun vacib enerji və nəqliyyat infrastrukturu var, lakin regionun vacibliyi özü ilə bağlı deyil. Bu, bir sıra başqa siyasi prioritetlərlə əlaqəlidir. Bu baxımdan, Qarabağ münaqişəsi həmin prioritetlərə təhlükə yaratmayanadək diqqət çəkməyəcək. Cənubi Qafqazdakı bütün münaqişə tərəfləri regionun geosiyasi əhəmiyyəti ilə oynamağı sevir. Reallıq isə odur ki, burada müharibə baş verməyincə, region ikinci və hətta, üçüncü dərəcəli bölgələr sırasındadır.
- Yeri gəlmişkən, yeni müharibənin başlanması nə qədər realdır?
- Məsələ söhbətin hansı formada müharibə reallığından getməsindədir. Düşünürəm, Ermənistan və Azərbaycan hələ uzuq müddət hərbi qarşıdurma şəraitində olacaqlar. Hesab edirəm, Azərbaycanın Qarabağı hərbi yolla geri qaytarmaq cəhdi Ermənistan və ya Azərbaycanda daxili siyasi böhransız mümkün olmayacaq.
Amma başqa imkanlar da var. Onlardan biri planlaşdırılmamış müharibəyə səbəb olacaq təsadüfi qarışıqlıqdır. Bu, lazımi hazırlığı olmayan çağırışçıların cəbhə xəttinə göndərilməsinə yol açacaq. Bu üzdən də biz münaqişələrin önlənilməsi, təmas xətlərində komandirlər arasında "qaynar xətt"in bərpası mexanizmlərinin səviyyəsinin artırılmasını, insidentlərin birgə araşdırılması üçün yeni mexanizmlərin yaradılmasını (qurbanların qalıqlarının tapıldığı hallarda da əməkdaşlıq daxil olmaqla), ATƏT monitorinqinin gücləndirilməsini istəyirik. Həqiqətən də erkən xəbərdarlıq sistemi, böhranların tənzimlənməsi üçün çox məhdud imkanlar var və bu, böyük problemdir.
Daha bir imkan "strateji müstəqil zəbtetmə"dir. Burada söhbət hərbi texnikaya ciddi pullar xərcləmiş hökumətin sonda ondan istifadə etmək qərarına gəlməsindən gedir. Bəlkə də məqsəd silahlanma yarışı ilə Ermənistanı müflis etməkdir. Amma ola bilsin, bir gün Azərbaycan rəhbərliyi öz xərclərini əsaslandırmaq üçün silahlarından istifadə etmək qərarına gəlsin.
Ümumilikdə düşünürəm ki, hərbi rəqabət və "normal qeyri-sabitlik" bu münaqişə tərəflərinin maraqlarına cavab verir.
- Ermənistanda rəsmi statistika demoqrafik problemin ölkənin milli təhlükəsizliyi üçün ən ciddi təhdidlərdən birinə çevrildiyini etiraf edir. Bu problem Ermənistanın siyasi kursuna hansı təsir göstərə bilər və bu özünü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində göstərə bilərmi?
- Bəli, doğrudur ki, emiqrasiya Ermənistanda ciddi narahatlıq yaradır. Bu, bir sıra digər postsovet ölkələrində də belədir. Bu, yenilik deyil və xeyli vaxtdır, müşahidə olunmaqdadır. Əslində, narahatlıqverici məsələ ölkəni Ermənistanda qalaraq sistemdə islahatların aparılmasına köməklik göstərə biləcək insanların tərk etməsidir. Onlar hüquq və azadlıqların təmini sahəsində inkişafa nail ola bilərdilər. Narazılıq və onun ifadəsi üçün imkanlar çox olsaydı, bu, status-kvoya münasibətin dəyişməsinə, hansı işlərin görülməsinin vacibliyinə dair diskussiyalara yol açardı. Bu, Qarabağ münaqişəsi ilə bağlı siyasətə də aiddir.
Regionda monopoliyanın necə önlənilməsi, getmək istəyən insanları ölkədə qalmağa razı salmaq üçün onlara daha geniş imkanların verilməsi məsələlərini qoymaq olar. Burada məsələ Azərbaycanın qarşısında kimi görmək istəməsindədir - hər şeyin status-kvonun qorunmasına yönəldildiyi, güzəştə getməyən qonşunu, yoxsa Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh prosesinə dair müxtəlif variantları qiymətləndirə bilən daha birləşmiş cəmiyyəti?
MƏSLƏHƏT GÖR: