14 Dekabr 2025

Bazar, 14:40

"DƏVƏ İSTƏ Kİ, QOYUN ALASAN"

Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru Sanat Kuşkumbayevin "R+" jurnalına müsahibəsi

Müəllif:

24.09.2013

Xəzəryanı ölkələrin dənizin hüquqi statusunun müəyyənləşdirilməsilə bağlı mövqelərində yaxınlaşma var. Lakin bu yaxınlaşma məsələnin əsas məqamları ilə yox, əlavə məqamlarla bağlıdır. Sentyabrda İşçi Qrupun Bakıda keçirilmiş toplantısının iştirakçıları danışıqlarda irəliləyişə nail olunduğunu bildirsələr də, milli sektorların tam razılaşdırılması və Xəzərin yekun statusunun müəyyənləşdirilməsi, güman ki, tezliklə baş verməyəcək.

Bu prosesin necə inkişaf edə biləcəyi, Xəzəryanı ölkələrin razılığa gəlməsinə mane olan əsas məqamların nədən ibarət olduğu haqda Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru Sanat Kuşkumbayevlə söhbətləşmişik.

- Uzun illərdir davam etdirilən danışıqlara baxmayaraq, Xəzəryanı ölkələr Xəzər dənizinin statusuna dair razılığa gələ bilmirlər. Ən kiçik sahilyanı əraziyə malik olan İran dənizin su hissəsinin 20%-ni tələb edir. Bu, sovet dövründə SSRİ-İran müqaviləsinə əsasən ona məxsus olan ərazidən böyükdür. Türkmənistanın mövqeyisə heç aydın deyil. Tehranla Aşqabadı digər Xəzəryanı ölkələrin mövqeyilə razılaşdırmağın yolunu necə görürsünüz?

- Dənizi sektorlara böldükdə İrana ən kiçik pay düşür. Bu səbəbdən də, İran məşhur qazax məsəlində deyildiyi kimi edir: "Dəvə istə ki, qoyun alasan". Danışıqlar prosesində hər bir ölkə daha çoxuna nail olmaq istəyir. İran "stavka"nı qaldırmağa çalışır. Yaxın zamanlarda Tehranın mövqe- yində dəyişiklik olmayacaq. Yalnız ekologiya, balıqçılıq və digər mövzularda danışıqlarda irəliləyiş var. Bizim üçün isə ən vacibi Xəzərin hüquqi statusudur. Digər vacib amil İranın Xəzərdə, demək olar ki, karbohidro-gen yataqlarının işlənməsilə məşğul olmamasıdır. O, neft və qaz hasilatını cənubda, Fars körfəzi regionunda aparır. Buna görə də İran, sanki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsilə bağlı problemin həllində maraqlı deyil. Bu məsələ daha çox Azərbaycanı, Qazaxıstanı və Türkmənistanı narahat edir. Çünki bu ölkələr dənizin özlərinə məxsus sektorundakı enerji daşıyıcılarının hasilatını həyata keçirirlər və iqtisadi rifahlarını Xəzərlə bağlayırlar. Ölkələrin hələ ki, güc vasitələrindən imtina edərək danışıqlar prosesində iştirakı çox vacibdir. Ola bilsin ki, İran Xəzərin özünə- məxsus ərazisində yataqların işlənilməsinə başladıqdan sonra tərəflərlə əvvəlcə de-fakto, sonra isə de-yure razılığa gəlsin.

Azərbaycan, Qazaxıstan və Rusiya praktiki olaraq dənizin dibinin də bölüşdürülməsilə bağlı razılığa gəlib və bu istiqamətdə çərçivə razılaşması imzalayıblar. Təəssüf ki, İran dənizin Azərbaycan və Türkmənistan sektorlarına iddia edir. Türkmənistanın mövqeyisə prinsipcə, dənizin sektorlara bölünməsilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiyanın mövqeyilə üst-üstə düşür.

- Lakin hüquqi status məsələsinin çözülməmiş qalması Xəzərin hərbləşdirilməsi üçün şərait yaradır. Məsələn, İran Xəzərə orta mənzilli raketlərlə təchiz olunmuş hərbi gəmilər və sualtı qayıqlar buraxa biləcəyi hədəsini səsləndirir...

- Xəzərin tədricən hərbiləşdirilməsi artıq birinci il deyil gedir. Bütün Xəzəryanı ölkələr yaxşıya can atsalar da, pisə də hazırlaşırlar. Artıq onların hər birinin Xəzərdə az-çox hərbi-dəniz qüvvələri var. Eyni zamanda hərbi-dəniz qüvvələrinin müasirləşdirilməsi prosesi də gedir. Hər kəs terrorçular tərəfindən hipotetik hücum ehtimalından danışır. Amma bu qüvvələrin regiondakı qonşulara qarşı istifadə olunacağı da istisna deyil. Bu, əlbəttə ki, qətiyyən arzulanan ssenari deyil. Amma əzələ nümayişindən müəyyən dərəcədə danışıqlardakı tərəfdaşlara təzyiq vasitəsi kimi istifadə olunur.

- Bu yaxınlarda Qazaxıstanın "Kaşaqan" yatağından neft hasilatına başlanılıb. Deyəsən, Türkmənistan və Azərbaycan kimi, Qazaxıstan da İranın dənizin hüquqi statusunun müəyyənləşdirilməsinədək Xəzərdə karbohidrogen yataqlarının işlənilməməsinə dair tələblərinə məhəl qoymamaq fikrinə düşüb.

- Bəli, "Kaşaqan" yatağından ilk neftin hasilatına start verilib. Qazaxıstan nefti dənizin özünə aid sektorundan çıxarır və bu halda İranın iddialarının heç bir əsası yoxdur. Bizim iqtisadi durumumuz Xəzər məsələsinin nə vaxt çözüləcəyini gözləməyə imkan vermir. Artıq qeyd etdiyim kimi, bu mənada İranın işi asandır. Tehran danışıqları sonsuzluğadək davam etdirə, Xəzərin hüquqi statusu məsələsini dondura  bilər. Yeri gəlmişkən, İranda məsələnin birmənalı olmadığını anlamayan siyasətçilər var. Qazaxıstan üçün "Kaşaqan" yatağının işlənilməsini Xəzərin bölünməsinədək təxirə salmaq qeyri-rasionallıq, düşüncəsizlik olardı. İqtisadi vəziyyətimiz yeni yataqların istismarını tələb edir. Azərbaycan kimi, Qazaxıstan da dənizdəki neft yataqlarının işlənilməsinə dünya investorlarını çətinliklə cəlb edib.

- Bəs, "Kaşaqan"dan çıxarılan neftin haraya axacağı bəllidirmi - Çinə, Rusiyaya, yoxsa Azərbaycana? Azərbaycanın neft nəqli infrastrukturu tanker daşımaları da daxil olmaqla, az qala ildə 20 milyon ton neft nəql etmək iqtidarındadır.

- Çin şirkətinin "Kaşaqan" layihəsində iştirakı Qazaxıstan neftinin kommunikasiya və nəqli ilə bağlı geosiyasətində elə bir ciddi dəyişikliyə səbəb olmayacaq. "Kaşaqan" layihəsinin əsas iştirakçıları həm də Bakı-Tiflis-Ceyhan neft borusunun səhmdarlarıdırlar. Qazaxıstan neft ixracı marşrutlarını şaxələndirməyə çalışır. Bu səbəbdən də, Qazaxıstan həm Bakı-Tiflis-Ceyhandan, həm Azərbaycan vasitəsilə dəmir yolu daşımalarından, həm də Rusiyadan keçən Xəzəryanı neft kəmərindən və Çindəki neft kəmərindən istifadə edəcək. Biz mümkün olan bütün istiqamətlərdə ixracı  həyata keçirməyi planlaşdırırıq.

- "Kaşaqan" yatağında neft hasilatına başlanılması Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlara hansısa formada təsir göstərə bilərmi?

- "Kaşaqan"ın bu məsələyə hər hansı ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki bu, daha çox siyasi məsələdir. Amma "Kaşaqan" yatağının işlənilməsi Azərbaycanla Qazaxıstanı daha da yaxınlaşdıracaq. Bizim ölkələrimiz Xəzərin əks tərəflərində yerləşsələr də, amma necə deyərlər, "bir qayıqda üzürlər". İqtisadiyyatda, neft nəqlində və sairdə ümumi maraqlarımız var. Təbii ki, iqtisadi tərəfdaşlığın güclənməsi daha ciddi siyasi yaxınlaşmaya səbəb olacaq. Qazaxıstan neftinin əsas bazarları Qərbdədir. "Kaşaqan" neftinin Qərb bazarlarına çıxış yolu isə Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisilə neft ixracı Qazaxıstan üçün rentabelli və daha sərfəlidir.


MƏSLƏHƏT GÖR:

632