
DİSSONANS
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Ölkələrinin Tədqiqatı Mərkəzinin direktoru Stanislav Çernyavskinin "R+" jurnalına müsahibəsi
Müəllif: Almaz MAHMUD Bakı
Son zamanlar postsovet məkanında yeni inteqrasiya layihələri irəli sürülməkdədir. Onlar, sanki, MDB-nin rolunu kölgədə qoyur. Rusiya, Belarus və Qazaxıstan artıq Gömrük İttifaqı yaradıblar. Ermənistan da onlara qoşulmağa hazırlaşır. Bu dövlətlər Avrasiya İttifaqının yaradılması təşəbbüsü ilə də çıxış edirlər. Bundan başqa, MDB-nin bəzi üzvləri digər strukturlar çərçivəsində də inteqrasiya olunurlar. KTMT, GUAM və ŞƏT-i buna misal göstərmək mümkündür.
MDBMİ-nin Postsovet Ölkələrinin Tədqiqatı Mərkəzinin direktoru Stanislav Çernyavski MDB-nin inkişaf perspektivləri, birliyə üzv dövlətlərin inteqrasiya yolları, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları kimi məsələlərə dair fikirlərini "R+" jurnalına müsahibəsində açıqlayıb.
- SSRİ-nin dağılmasından sonra bəzi postsovet ölkələri iqtisadi çətinliklərlə yanaşı, milli zəmində münaqişələrlə də qarşılaşdılar və həmin münaqişələr hələ də davam edir. Postsovet məkanında yaradılmış Müstəqil Dövlətlər Birliyi nə qədər fəaldır, onun fəaliyyətində məhsuldarlıq nə dərəcədə yüksəkdir? MDB postsovet ölkələrinin problemlərini həll etmək iqtidarındadırmı?
- Hesab edirəm ki, hazırda MDB bir struktur olaraq postsovet ölkələrinin problemlərini çözmək iqtidarında deyil. Bu, özünü vacib məsələlərdə, ən azı münaqişələrlə bağlı fəallığın nə qədər zəif olmasında göstərir. Hələ çoxdan, səhv etmirəmsə 1993-cü ildə Heydər Əliyev (1993-2003-cü illərdə Azərbaycan prezidenti) MDB çərçivəsində münaqişələrlə məşğul olacaq xüsusi qrupun yaradılması təklifilə çıxış etmişdi. O, həmin qrupun həyata keçirə biləcəyi tədbirlər paketinin hazırlanmasını da təklif edirdi. Söhbət münaqişələrin əvvəlcədən proqnozlaşdırılması, onların monitorinqindən, dağıdılmış ərazilərin müharibədən sonra bərpasından gedirdi. Amma bu təklifə son dərəcə soyuq yanaşıldı və o, gerçəkləşdirilmədi. Sonradan Qırğızıstanda baş verənlər göstərdi ki, MDB operativ məsələləri birgə həll etmək iqtidarında deyil.
- Bəzi ekspertlər və siyasətçilər Cənubi Qafqazda davam edən münaqişələrə görə Rusiyanı günahlandırırlar. Konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində açarın Rusiyada olduğu deyilir.
- Qarabağ probleminin həlli açarının Moskvanın əlində olması haqda düşüncələr yanlışdır. Məsələ ondadır ki, bu münaqişənin həllində, ilk növbədə, qarşı-qarşıya dayanmış tərəflər maraqlı olmalıdır: həm Ermənistan, həm də Azərbaycan. Amma burada bir fərqli məqam da var: rəsmi Bakının mövqeyi Azərbaycan dövlətinin milli maraqlarına əsaslanır. Ermənilər üçün isə vəziyyət xeyli çətindir. Məsələ ondadır ki, bu ölkə lap əvvəldən çoxsaylı erməni diasporunun təsiri altında olub. Odur ki, Ermənistan vətəndaşları əsas məsələlərlə bağlı mövqelərini diaspor ilə razılaşdırmalıdırlar. Fransada, Birləşmiş Ştatlardakı erməni lobbisi isə Ermənistanın hazırkı problemlərinə bir qədər fərqli yanaşır. Bir-iki həftəliyinə İrəvana gələn diaspor nümayəndələri vətəndə olmaqdan sevinc hissi keçirir, amma orada işsiz, ağır şəraitdə yaşayan insanları unudurlar. Məhz Ermənistanın mövqeyindəki bu dissnonans, diaspor ilə ölkə rəhbərliyinin mövqeyi arasında balansın tapılması cəhdləri konkret mövqeyin formalaşdırılmasına mane olur. Bundan başqa, məlum olduğu kimi, həm Sarqsyan, həm də Koçaryan Qarabağ ermənilərinin təmsilçiləridirlər və nə qədər ki, Sarqsyan hakimiyyətdədir, bu münaqişənin həllində ciddi irəliləyişin olacağını gözləmək çətindir.
- Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin nəticələrini necə qiymətləndirirsiniz? Bu səfər iki ölkə arasındakı münasibətlərə hansı yenilikləri gətirəcək?
- Səfərlərdən gözlənilməz nəticələr yalnız o halda gözlənilir ki, ölkələr arasında münasibətlər pis olsun. Vladimir Putin 2001-ci ildə Bakıya ilk dəfə səfər etdikdə, həqiqətən də, münasibətlərdə yaxşılığa doğru ciddi dəyişiklik olmuşdu. Amma indi bizim münasibətlərimiz o qədər sabitdir ki, meydana çıxan yeganə çətinlik təsərrüfat subyektlərilə bağlı fikir ayrılıqları olur: gah neft daşınması, nəqli sahəsində, gah da hansısa şirkətlər arasında. Lakin bunlar bir daha deyirəm ki, dövlətlər arasında yox, təsərrüfat subyektləri arasındakı fikir ayrılıqlarıdır. Bu səbəbdən də, hesab edirəm ki, bu səfər sadəcə dost münasibətlərin daha da möhkəmləndirilməsi idi. Bu münasibətlər lazımi səviyyədə balanslaşdırılıb və yaxşı inkişaf edir.
- Rusiya postsovet məkanının birliyi üçün Avrasiya İttifaqının yaradılması təşəbbüsünü irəli sürüb. Bu qurum MDB ölkələrinə nə verəcək?
- Vladimir Putin bu təklifi hələ seçkiqabağı çıxışı zamanı səsləndirib. İndi söhbət Rusiya, Belarus və Qazaxıstan arasında gömrük sahəsindəki fikir ayrılıqlarının aradan qaldırılmasından, vahid bazarın yaradılmasından gedir. Tarix göstərir ki, hər şey o qədər də asan deyil. Müxtəlif siyasi və siyasətə yaxın elitalar bundan öz maraqları üçün istifadə edir. Amma hər halda, proses gedir. Perspektivdə o, əlbəttə ki, uğurla sonuclanacaq. Hansısa siyasi ittifaqa gəlincə, mən bu haqda danışmaq istəməzdim. Fikrimcə, bu haqda danışmaq hələ çox tezdir.
MƏSLƏHƏT GÖR: