14 Mart 2025

Cümə, 21:46

ACI TƏCRÜBƏ

Deyəsən, ehramlar ölkəsi üstünlüyü yenidən generalitet liderlərinə verir

Müəllif:

15.10.2013

Misirdə yaşananlar yenidən dünya mediasının gündəmini zəbt edib. Qahirə küçələrində yenə atəş səsləri eşidilir, yeni qan tökülür. Yeni toqquşmalarda, ən azı, 50 nəfər həlak olub. Toqquşmalar oktyabrın 6-da Misirin milli bayramı - Ordu günü və  Misirdə "Ramadan müharibəsi", İsraildə isə "Məhşər günü müharibəsi" adlandırdıqları müharibənin bitməsinin 40-cı ildönümündə baş verib.

Yəqin ki, dünyada çox az müharibə olar ki, sonunda hər iki tərəf özünü qalib saysın. 1973-cü il oktyabrın 6-da Misir və Suriyanın İsrailə hücumu ilə başlamış həmin müharibə məhz belələrindəndir.

Müharibənin əvvəlində ərəb ölkələrinin ordusu həqiqətən uğur qazanıb. Misirlilər hətta israilin "Bar-Leva xətti" adlandırılan müdafiə eşelonunu yarmağa da müvəffəq olmuşdular. Lakin sonradan vəziyyət də- yişdi və İsrail ordusu əks-hücuma keçdi. Dünya diplomatiyasının "ağır fiqurları"nın tərəfləri atəşkəs haqda razılaşmaya getmək üçün dilə dilə tutduqları bir vaxtda İsrail ordusu Süveyş kanalını aşaraq Qahirəyə çatdı. Amma Misirdə "Bar-Leva xətti"nin keçildiyi 6 oktyabr tarixi qələbə günü kimi qeyd olunur.

İndi isə 6 oktyabr həm də Misirin yeni hərbi rəhbərliyinin tərəfdarları ilə devrilmiş "Müsəlman qardaşlar" tərəfdarları arasında "güc sınanması" tarixinə çevrildi. Ordu məlum səbəblərdən bu günü hər şeydən əvvəl öz bayramı hesab edir. Euronews xəbər verir ki, Misirin yeni hökumətinin tərəfdarları Təhrir meydanına yalnız hərbi parad və aviaşounu izləmək üçün yox, həm də orduya dəstək nümayişi məqsədilə yığışıblar. Meydana toplaşmın insanların əksəriyyəti əllərində ölkənin müdafiə naziri general Abdel Fəttah əl-Sisinin şəklini tutub. Müşahidəçilərin fikrincə, Misirin növbəti prezidenti məhz o ola bilər. Hər halda, ölkədə artıq seçkidə iştirak etmək niyyətində olmadığını açıqlamış generala müraciət ünvanlanması üçün ünvanlanmış müvafiq müraciət üçün imza toplanılır. "Müsəlman qardaşlar" isə buna cavab olaraq, bütün ölkə ərazisində "Çevrilişə yox!" şüarı ilə etiraz aksiyaları keçirir.

Məlum olduğu kimi, 1981-ci ilin məhz 6 oktyabr tarixində keçirilmiş paradda yeni güclənməkdə olan islamçılar ölkə prezidenti Ənvər Sadatı güllələmişdilər. Buna səbəb İsraillə sülh razılaşmasının imzalanması idi. O zaman sülh razılaşmasının imzalanması nəticəsində Misirin Sunaya nəzarəti özünə qaytarması kimi "xırda məqam"a nədənsə diqqət yetirilməmişdi.

Hər halda, misirlilər "Müsəlman qardaşlar"ın oktyabrın 6-da ölkədə gərginliyin daha da artırılmasına cəhd edə biləcəyinə hazır idi. Ölkənin təhlükəsizlik qüvvələri onların Təhrir meydanına girməsinə imkan verməmək üçün bütün tədbirləri görmüşdü. Daxili işlər naziri isə hökumətin "oktyabrın 6-da bayram tədbirinin pozulmasına ediləcək istənilən cəhdin qarşısını alacağını" açıq şəkildə bəyan etmiş, məsələ ilə əlaqədar televiziya ilə xalqa müraciət edən baş nazir Hazem Beblaui "birləşməyə, gələcəyə nikbinliklə baxmağa" çağırmışdı.

Bununla yanaşı, "qardaşlar"a məhkəmə-siyasi təzyiqlər də güclənir. Noyabrın 4-də Qahirədə ötən il paytaxtda keçirilmiş nümayişlər zamanı aksiya iştirakçılarının qətlə yetirilməsilə bağlı ilk məhkəmə dinləməsi olacaq. Müttəhimlər arasında ölkənin eks-prezidenti, "Müsəlman qardaşlar"ın lideri Məhəmməd Mursi də var. Sentyabrın 23-də isə Misir məhkəməsi "Müsəlman qardaşlar" assosiasiyasının fəaliyyətinə qadağa qoyub, onun qeyri-kommersiya yönümlü ictimai təşkilat statusunu ləğv edib. Təşkilata məxsus bütün mülkiyyətə də həbs qoyulub. İslam təşkilatının nəzarətində olan bütün fondlar və müxtəlif strukturların fəaliyyəti də qadağan olunub. Hərəkat nümayəndələri məhkəmənin bu qərarını qanunsuz, siyasi qərar adlandırır. Lakin onlar hələ də qərara rəsmi etirazlarını bildirməyiblər.

İndisə Misir hökuməti "Müsəlman qardaşlar" islam assosiasiyasının rəsmən buraxıldığını bəyan edib. Bunu Misirin ictimai həmrəylik naziri Əhməd Bari keçirdiyi mətbuat konfransında açıqlayıb. Misir Ali Məhkəməsinin Hakimlər Kollegiyası "Müsəlman qardaşlar"ın siyasi qanadı olan "Azadlıq və Ədalət" partiyasının da buraxılmasını tövsiyyə edib. Tövsiyyə ölkənin Ali İnzibati Məhkəməsinə göndərilib. Qurum oktyabrın 19-da partiyanın buraxılması məsələsinə baxacaq.

Təbii ki, Misir islahçıları sözün birbaşa və dolayı mənasında döyüşsüz təslim olmağı düşünmür. Onlar üçün mübarizənin adət etdikləri güc yolu ilə aparılması prioritetdir. Amma artıq Misirdə onların hakimiyyəti dövrünün arxada qaldığı şübhə doğurmur. Əl-Sisinin ölkə başçısı postunu tutmaq şansı durmadan artır. Deyəsən ehramlar ölkəsi üstünlüyü yenidən generalitet liderlərinə verir.

Yaranmış vəziyyət hələ iki il əvvəl "ərəb baharı" və "jasmin inqilabı" adlandırılan hadisələrin nəticələrinə yenidən nəzər salınması zərurəti yaradır. Xatırladaq ki, həm Tunis paytaxtındakı meydanların, həm Qahirənin Təhrir meydanının adının dünyada dillər əzbəri olduğu həmin dövrdə əksər analitiklər və ekspertlər "kütlənin demokratiya istəyindən", "feysbuk inqilabı"ndan danışır, universitetlərdə "demokratik islahatların yayılmasında sosial şəbəkələrin rolu" mövzusunda dissertasiyalar yazmağa hazırlaşırdılar. Bu zaman onlar geniş reklam olunmuş bu "jasmin inqilab"larının, əvvəla, "demokratik irəliləyiş" deyil, sosial qiyam olması, ikincisi isə, onun önündə demokrat adlandırılması mümkün olmayan qüvvələrin getməsi haqda xəbərdarlıqları qulaqardına vururdular.  Çünki "kütlələrin demokratiya istəyi" kimi romantikaya inananlar, bütün bu xəbərdarlıqlara köhnə filmlərdən birində səslənən "Skeptiklər, siz necə də murdarsınız!" cümləsi ilə cavab verirdilər. 

Amma çox keçmədi ki, "inqilabsonrası" Tunis və Misirdən gələn məlumatlar həmişə olduğu kimi, bu dəfə də "murdar skeptiklərin" haqlı olduqlarını üzə çıxardı. Hər iki ölkədə hakimiyyət islamçıların, ən yaxşı halda "mülayim" islamçıların əlinə keçdi və onlar çox tezliklə sələflərinin üzləşdiyi sosial-iqtisadi problemlərlə qarşı-qarşıya qaldılar. Nəticədə yeni liderlərin populyarlığı sürətlə azaldı, insanlar küçələrə çıxdı və bu dəfə yeni hökumətlərə qarşı etirazlar başladı...

İslamçılar isə buna gözlənildiyi formada cavab verdilər. Qahirədə nümayişçilər atəşə tutuldu, Tunisdə dünyəvi müxalifətin bir neçə liderinə qarşı terror aktı həyata keçirildi və onlar aradan götürüldü. Bütün bunlar "ərəb baharı" dövründə yaranmış ümidlərin doğrulmadığını göstərdi.  Bir müddət sonra Misir və Tunisdəki "jasmin inqilabı"nın kədərli təcrübəsi sübut etdi ki, "kütlələrin demokratiya istəyi", əslində, düşünülmüş islahatlar kimi effektiv demokratikləşmə aləti deyilmiş.  Bu cür islahatlar çoxlarına "ləng" görünsə də, bu, daha effektli seçimdir. 



MƏSLƏHƏT GÖR:

525