13 Mart 2025

Cümə axşamı, 17:42

RUSLAR MÜHARİBƏ İSTƏYİRMİ?

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanının bəyanatı Moskvanın nüfuzuna zərbədir

Müəllif:

06.11.2013

Rusiyanın Ermənistandakı hərbi bazası Azərbaycanın Dağlıq Qarabağı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə, silahlı münaqişəyə cəlb oluna bilər. Bu fikri Rusiya Müdafiə Nazirliyinin nəşr orqanı olan "Krasnaya zvezda"ya müsahibəsində Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının komandanı polkovnik Andrey Ruzinski səsləndirib.

Onun sözlərinə görə, hərbi bazanın məsuliyyət zonasındakı hərbi-siyasi durum qeyri-sabit olaraq qalır və bu, bir sıra amillərlə bağlıdır. Ruzinski bu amillərin "Ermənistan-Azərbaycan münaqişə zonasında qarşıdurmanın baş qaldırma ehtimalının olması ilə" izah edib.

"Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində nəzarəti hərbi yolla bərpa etməyə qərar verərsə, hərbi baza Rusiyanın KTMT çərçivəsindəki öhdəliklərinə uyğun olaraq, silahlı münaqişəyə cəlb oluna bilər", - deyə Ruzinski bildirib. Bununla yanaşı, o, hərbi bazanın daim hazırlıq vəziyyətində olduğunu da qeyd edib.

Şübhəsiz ki, rusiyalı hərbçinin bu bəyanatı Bakıda yumşaq desək, anlaşılmazlığa səbəb olub. "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın bu ərazisi işğal altında olsa da, heç kəs onun Ermənistana məxsus olduğunu göstərən bir dənə də sənəd ortaya qoya bilməz. Ən başlıcası isə belə sənədin qəbulu üçün şərait də yoxdur", - deyə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. Vitse-spiker xatırladıb ki, heç bir sənəd Ermənistana təşkilatın imkanlarından İrəvanın yurisdiksiyasında olmayan ərazilərin "müdafiəsi" üçün hüquq vermir. Bahar Muradova hesab edir ki, Ruzinskinin bəyanatı onun səlahiyyətlərini aşmasıdır: "Bu şəxs belə bir bəyanat səsləndirərkən səlahiyyətlərini aşır. Çünki bu cür bəyanatlarla yalnız KTMT rəhbərliyi çıxış edə bilər. Bundan başqa, bu cür bəyanatlarla çıxış etmək üçün təşkilatın bütün üzvlərinin birgə qərar qəbul etməsi lazımdır".

Qeyd edək ki, Rusiya hərbi bazası komandanının bəyanatı Rusiyanın Ermənistanla həm KTMT çərçivəsində, həm də ikitərəfli əməkdaşlığa dair imzaladığı müqavilələrdəki öhdəliklərə ziddir. Hər iki sənədə görə, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə hərbi müdaxiləsi yalnız xarici dövlətin (yəni Azərbaycanın) Ermənistana hücumu halında mümkündür. Azərbaycan rəhbərliyi isə ən yüksək səviyyədə hazırkı Ermənistanın ərazisinə iddiasının olmadığını bəyan edir (halbuki bu respublikanın özü tarixi Azərbaycan torpaqlarında yaradılıb). Bununla yanaşı, Bakı öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməsinin mümkün olduğunu bildirir. Bu haqqı KTMT üzvləri də daxil olmaqla, bütün dünya tanıyır. Məsələnin hüquqi tərəfi haqda danışırıqsa, bu halın mümkünlüyü Azərbaycanla bağlı bütün beynəlxalq sənədlərdə də əksini tapıb. Misal kimi, ilk növbədə, işğal altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonu Azərbaycanın ayrılmaz hissəsi hesab edən BMT-ni göstərmək olar.

Bundan başqa, münaqişə zonasında Rusiya sülhməramlıları yoxdur və bu, avtomatik olaraq Rusi-yanın 2008-ci ildə Gürcüstanla yaşanmış müharibədə olduğu kimi, öz vətəndaşlarının müdafiəsi bəhanəsilə məsələyə müdaxiləsini istisna edir.

B.Muradovanın da dediyi kimi, ən qəribəsi Ruzinskinin ümumilikdə KTMT-nin adından danışmasıdır. Hər halda, təşkilatın rəyini açıqlayan əsas şəxs - baş katib Nikolay Bordyuja Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü hərbi yolla bərpa etmək qərarına gələcəyi təqdirdə, Rusiya hərbi bazasının silahlı münaqişəyə müdaxilə edə biləcəyini heç zaman söyləməyib. Bundan başqa, Bordyuja bu cür müdaxiləni məqsədəuyğun saymır. "Qarabağ məsələsilə bir neçə institut, məsələn, ATƏT-in Minsk Qrupu məşğul olur. Odur ki, biz prosesə müdaxilənin, o cümlədən KTMT tərəfindən müdaxilənin məqsədəuyğun və səmərəli olmayacağını düşünürük", - deyə baş katib KTMT-nin hansısa halda Qarabağ münaqişəsinə müdaxilə etməsi imkanları haqda sualı cavablandırarkən bildirib.

Üstəlik, Rusiya ordusunun əsassız olaraq suveren Azərbaycan Respublikasının ərazisinə girməsinin KTMT-nin digər üzvləri - Belarus və Mərkəzi Asiya ölkələri tərəfindən etirazla qarşılanacağı da şübhə doğurmur. Bu ölkələrin rəhbərləri Dağlıq Qarabağın Bakının yurisdiksiyasında olduğunu açıq şəkildə bəyan edirlər. Nəzərə alsaq ki, KTMT-də qərarlar konsensus yolu ilə qəbul olunur, bu, heç də az əhəmiyyət daşıyan məqam deyil.

Fikirlərini birbaşa söyləməsilə tanınan Belarus prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda bildirib ki, Ermənistanın Gömrük İttifaqına qoşulması Dağlıq Qarabağ münaqişəsilə əlaqədar olaraq, Azərbaycanla razılaşdırılmalıdır. Bu bəyanat İrəvanda ciddi təlaşa səbəb olub. Tam zərərsiz bir məsələ ilə bağlı ortaya bu cür mövqe qoyulursa, Rusiyanın kollektiv müqaviləyə əsaslanaraq, əslində isə onun birtərəfli şəkildə pozulması ilə suveren Azərbaycanın ərazisinə açıq müdaxiləsinə Belarus liderinin hansı reaksiyanı verəcəyini ehtimal etmək olar.

Rusiya rəsmi olaraq Dağlıq Qarabağı Azərbaycan ərazisi sayır. Bundan başqa, Moskva münaqişənin silahlı dövründə Ermənistana gizli və ya açıq dəstək verdiyini, xüsusilə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı qətliam törətmiş 366-cı alayın tərkibində rusiyalı hərbçilərin olduğunu bütün vasitələrlə inkar edir. Odur ki, bir dövlətin ordusunun digər bir dövlətin ərazisinə soxulmasının mümkünlüyü haqda bəyanatı (hətta 102-ci bazanın şəxsi heyətinin yarıdan bir qədər azı etnik ermənilər olsa belə) səlahiyyətlərini aşan rusiyalı polkovnikin başısoyuqluğu kimi qiymətləndirmək olar.

Amma başqa bir məsələ də var. A.Ruzinski bu fikri hansısa adi nəşrə və ya dezinformasiya yaymaqla məşhur olan Ermənistan KİV-nə açıqlamayıb. Onun müsahibəsi Rusiya Müdafiə Nazirliyinin nəşri olan "Krasnaya zvezda" qəzetində dərc olunub. Üstəlik, onun sözlərindən belə çıxır ki, Ermənistandakı Rusiya hərbi bazasının əsas tə-yinatı, əsasən, İranla və NATO üzvü olan Türkiyə ilə sərhədlərin təhlükəsizliyinin təmini yox, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsilə bağlı qanuni cəhdlərinin önlənilməsidir. Halbuki əvvəllər bazanın əsas təyinatının məhz bu olduğu bildirilirdi.

Faktiki olaraq, Rusiyalı hərbçinin bəyanatı nə qədər absurd olsa da, onun açıqlamalarına görə məsuliyyəti birbaşa ölkənin Müdafiə Nazirliyi daşıyır. Yəni bundan sonra, Ruzinskinin rəsmi Moskvanın və KTMT-nin mövqeyinə zidd olan bəyanatına hər hansı düzəlişlərin edilməsi, çətin ki, Bakını razı salsın.

Görünür, Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında balanslaşdırılmış siyasəti aparmaq cəhdləri içərisində çaş-baş qalıb. Moskvanın bir yandan Azərbaycana böyük həcmdə hücum silahları satmasını (hər halda, Bakının ərazisini işğal etmiş Ermənistandan başqa kiminləsə vuruşmaq niyyəti yoxdur), digər tərəfdən isə Ermənistandakı komandanının dililə Bakını öz ərazisini işğaldan azad etmək cəhdindən çəkindirməyə çalışmasını başqa cür qiymətləndirmək mümkün deyil.

 

 



MƏSLƏHƏT GÖR:

434