5 Dekabr 2025

Cümə, 19:08

CENEVRƏ İRƏLİLƏYİŞİ

İranla "altılıq" arasında əldə edilmiş müvəqqəti razılaşma uzunmüddətli sülhə yol açacaqmı?

Müəllif:

03.12.2013

Cenevrə danışıqları İran və beynəlxalq vasitəçilər (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında Tehranın nüvə proqramına dair razılaşmanın imzalanması ilə başa çatıb. Əhatəli razılaşmanın imzalanmasına hələ çox qalsa da, Tehran və "altılıq" arasında aparılan danışıqların son raundunun nəticəsini əsl diplomatik irəliləyiş saymaq mümkündür.

Cenevrə razılaşmasında İranın dinc xarakterli atom hüququnun olduğu qeyd edilir. Bununla yanaşı, islam respublikası Fordodakı zavoda yeni sentrifuqalar quraşdırmamaq, Natanzdakı sentrifuqalardan istifadə etməməklə bağlı öhdəlik götürüb. Tehran MAQATE müfəttişlərinin bu zavodlara hər gün baş çəkməsinə imkan yaradacaq. Bundan başqa, Arakda plutonium istehsalına imkan verməli olan ağır su reaktorunun tikintisi dayandırılacaq. İran 20%-dək zənginləşdirilmiş uranın hamısını məhv etməyə də razılıq verib. Xatırladaq ki, hazırda iranlılar 200 kiloqramadək belə urana malikdirlər. Əldə edilmiş razılaşmaya əsasən, İran uranı maksimum 5%-dək zən- ginləşdirə bilər. Razılaşmanın şərtlərinə əməl olunacağı təqdirdə, Tehrana beynəlxalq birlik tərəfindən tətbiq edilmiş iqtisadi sanksiyalar aradan qaldırılacaq.

Sanksiyaların yumşaldılması İrana neft-qaz ticarətini bərpa etmək hüququ verəcək. Nəticədə, islam respublikası yarım il ərzində 6-7 milyard dollar gəlir əldə edə biləcək.

Razılaşma müvəqqəti xarakter daşıyır. Bundan sonrakı 6 ay ərzində tərəflər müqavilənin daha uzunmüddətli variantını hazırlamalıdırlar. İranla "altılıq" arasında aparılan danışıqlarda irəliləyişin davam etməsi üçün şansın yarandığını birmənalı şəkildə söyləmək olar. Cenevrədə əldə edilmiş razılaşmanın səbəblərinə gəlincə, onlar bir neçədir. Həm İranın, həm də qarşı tərəfin mövqeyindən irəli gələn bəzi səbəblər üzərində dayanaq.

İran beynəlxalq sanksiyalardan yaxa qurtarmaqda son dərəcə maraqlıdır. Son illərdə bu sanksiyaların İran iqtisadiyyatını xeyli zəiflətdiyi heç kəsə sirr deyil. Qərb isə ən azı hazırkı dövrdə İranla münasibətlərdə gərginliyi artırmağı lazım bilmir. Çünki bu, yaxın gələcəkdə daha genişmiqyaslı hərbi münaqişəyə çevrilə bilər. Xüsusilə ABŞ İslam şərqində on il fasiləsiz davam edən hərbi əməliyyatlardan sonra bir qədər nəfəs dərmək istəyir. Vaşinqtonun "İran siyasəti"nin yumşalmasında Amerika iqtisadiyyatında yaşanan problemlərin də rolu az deyil. Hazırda Barak Obama administrasiyası var qüvvəsilə məhz bu problemlərin həllinə çalışır. Bu mənada "The Associated Press" agentliyinin bir məlumatı da maraqlı görünür: ABŞ prezidenti Barak Obamanın göstərişilə bu il ərzində Birləşmiş Ərəb Əmirlikləri və bir neçə Yaxın Şərq ölkəsində tam məxfi şəkildə Amerika-İran danışıqları aparılıb. Bu görüşlərin son dördü İranda Həsən Ruhaninin prezident seçilməsindən sonra baş verib. Cenevrədə razılaşmanın əldə edilməsinə aparıb çıxarmış həlledici görüşlər məhz onlar olub.

İranın Qərbdəki digər düşməni - Avropa İttifaqı da Avropadakı böhran və Yaxın Şərqdəki qarışıqlıq fonunda yeni qarşıdurmaya getmək arzusunda deyil. Brüssel bu qarşıdurmanın gözlənilməz fəsadlara yol aça biləcəyini anlayır. Fransanın danışıqlarda tutduğu sərt mövqe də bu məqamı təkzib etmir. Paris İranla razılığın əldə edilməsinə mane olmağa çalışıb. Lakin Fransa prezidenti Fransua Ollandın son xarici siyasi demarşları strateji məqsədlər güdməkdən daha çox süni xarakter daşıyır. Bu addımlar daha çox daxilə hesablanıb. Ümumilikdə isə bütünlükdə Avropa İttifaqı kimi, Fransa da İranla münasibətlərin normallaşmasında maraqlıdır. Ən azı ona görə ki, bu, İran qazının Avropa bazarlarına qaytarılmasına imkan verəcək.

Beləliklə, İranla mübahisə edən tərəflərin hamısı kompromisə hazır idilər. Cenevrə razılaşması da məhz bunun nəticəsidir. İran beynəlxalq birliyin onun dinc atom hüququnu tanımasına nail olub. Qərb isə İranın nüvə proqramına nəzarət imkanı əldə edib. Onların fikrincə, bu, Tehranın nüvə silahı əldə etmə ehtimalının üzərindən xətt çəkəcək. Son tezis xüsusilə vacibdir. Hər halda, ABŞ-ın dövlət katibi Con Kerrinin son bəyanatı təsadüf deyil. O, ölkəsinin İrana hər hansı razılaşmadan nüvə potensialını artırmaq üçün vaxt udmaq məqsədilə yararlanmaq imkanı verməyəcəyini bildirib.

Cenevrə razılaşmasının əsas əhəmiyyəti isə onun Qərblə İran arasında hərbi qarşıdurma ehtimalını sıfıra endirə biləcəyilə bağlıdır.

Bütün bunlarla yanaşı, sözügedən perspektivin bütün ölkələri sevindirdiyini söyləmək də mümkün deyil. Hələ tərəflərin danışıqları ərəfəsində İsrail İranla əldə edilə biləcək razılaşmaya qarşı kampaniyaya başlamağa çalışırdı. O, Qərb liderlərini razılaşmaya getməməyə, Tehrana qarşı sanksiyaları yumşaltmamağa razı salmaq üçün əlindən gələni edirdi. Təl-Əvivdə hesab edirlər ki, İran nüvə yanacağı istehsalını tam dayandırmazsa, ona heç bir güzəşt olmamalıdır.

"Altılıq" ölkələrinin yekdilliklə "tarixi nailiyyət" adlandırdıqları razılaşmanın əldə olunmasından sonra isə İsrail tərəflər arasında əldə olunacaq yekun razılaşmanın yəhudi dövləti üçün daha qəbuledilən olmasının vacibliyini bildirir. Təl-Əviv buna nail olmaq üçün Birləşmiş Ştatlarla dialoqu gücləndirmək, mümkün olan bütün addımları atmaq niyyətindədir. İsrail hesab edir ki, Cenevrə razılaşması İrana məhz iranlıların istədiyini verir - sanksiyaların ciddi şəkildə yumşaldılması, nüvə proqramının əsas hissəsinin isə davam etdirilməsi. Təl-Əviv Cenevrə razılaşmasını qəbul etməməklə yanaşı, İranı hərbi müdaxilə ilə hədələməkdə də davam edir. Yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu ölkəsinin heç bir halda Tehrana hərbi məqsədlərlə nüvə sınaqları keçirməyə imkan verməyəcəyini açıq şəkildə bəyan edib.

Cenevrə razılaşmasını qəbul etməyən heç də yalnız İsrail deyil. Fars körfəzinin ərəb monarxiyaları, ilk növbədə, Səudiyyə Ərəbistanı da analoji mövqedədir. Hələ Cenevrədə danışıqların aparıldığı günlərdə Londonda nəşr olunan "The Sunday Times" İsrail və Səudiyyə Ərəbistanının İrana qarşı birgə böhran planı üzərində işlədiklərinə dair xəbər yaymışdı. Məlumata görə, plan İranın nüvə enerjisi obyektlərinə hərbi zərbələrin endirilməsini nəzərdə tutur. Qəzet yazırdı ki, Cenevrə danışıqlarında əldə ediləcək razılaşma İsrail və Səudiyyə Ərəbistanını qane etməzsə, yəni onlar bu razılaşmanın nüvə texnologiyası sahəsində İranın "əl-qolunu tam bağlamadığını" düşünərlərsə, hərbi variant gündəmə gələ bilər. Məqalədə bildirilir ki, Ər-Riyad İrana mümkün hücum halında İsrail təyyarələrinin Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməsinə razılıq verib.

Səudiyyə Ərəbistanının Cenevrə razılaşmasına dair mövqeyi də maraqlıdır. "Dünyanın fövqəldövlətlərilə İran arasında nüvə razılaşması Yaxın Şərqdə insanların yuxusunu qaçırıb", - deyə Səudiyyə Ərəbistanı parlamentinin xarici məsələlər komitəsinin rəhbəri Abdulla əl-Əsgər bildirib. O, "İrana regionda geniş fəaliyyət azadlığı" verilməsindən narahatlığını ifadə edib.

Beləliklə, Tehranla beynəlxalq vasitəçilər arasında dialoqun yeni səviyyəyə qaldırılması üçün nəzərdə tutulmuş yaxın yarım il ərzində İran probleminin danışıqlarla həlli yolunda maneələrin ortaya çıxacağına şübhə yoxdur. Burada söhbət heç də yalnız İranla Yaxın Şərqin bəzi dövlətləri arasındakı düşmənçilikdən getmir. Qərbin və İranın özündə də bu məsələ ilə bağlı kəskin mövqedə qalanlar var. Ümumi razılığın əldə olunması yolunda onların müqavimətinin qırılması bundan sonrakı danışıqlar prosesində bir nömrəli vəzifə olacaq.



MƏSLƏHƏT GÖR:

686