5 Dekabr 2025

Cümə, 19:08

AVROPA İLƏ İTTİFAQDA

Azərbaycan, Gürcüstan və Moldova "Şərq tərəfdaşlığı"nı hörmətdən düşməyə qoymadılar

Müəllif:

03.12.2013

"Şərq tərəfdaşlığı"nın son aylar ətrafında inanılmaz ajiotajın yaşandığı Vilnüs sammiti başa çatdı.

Aİ üzvləri və tərəfdaş ölkələrin liderləri səviyyəsində keçirilən görüşün nəticəsi bir tərəfdən Avropa liderləri üçün məyusluq gətirdisə, digər yandan praqmatiklərin proqnozları doğruldu: "Şərq tərəfdaşlığı"nın heç də bütün iştirakçıları davranışlarında müstəqil ola bilmədilər. Onların heç də hamısı indiyədək Avropaya inteqrasiya yolunu seçdiklərinə dair bəyanatlarına uyğun hərəkət etməyi bacarmadılar.

 

Əngəllərə rəğmən irəliləyiş

 

"Şərq tərəfdaşlığı"nın üçüncü sammiti formal olaraq yekun bəyannamənin qəbulu ilə bitdi. Sənəddə proqramın icrasında son iki ildə uğurların əldə olunduğu bildirilir  və gələcək illər üçün qarşıya qoyulan vəzifələr açıqlanır. Bəyannamədə Gürcüstan və Moldovanın qurumla Assosiativ Sazişi paraflaması, eyni zamanda Azərbaycanın viza rejiminin sadələşdirilməsinə dair sənədi imzalaması da alqışlanır. Sənəddə Aİ-nin Azərbaycanla ümumi ticarət zonasının yaradılmasına dair danışıqlara başlamağa hazır olduğu da bildirilir. Bu, Assosiativ Sazişin bir hissəsidir. Amma bunun üçün Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması lazımdır.

Bəyannaməni imzalayanlar sammitdə Ukrayna ilə Aİ arasında Assosiativ Sazişin imzalanmamasından təəssüfləndiklərini ifadə edirlər. Qeyd edək ki, avropalılar Kiyevlə Assosiativ Sazişin imzalanmasının Vilnüs sammitinin əsas nailiyyəti olacağını düşünürdülər.

Bununla yanaşı, Aİ yenə də qapılarını Ukraynanın üzünə açıq saxlayır.

Vilnüs sammitinin iştirakçıları 2015-ci ilədək olan hədəfləri də müəyyənləşdiriblər. Onların arasında Aİ ilə tərəfdaş ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi, demokratiya və insan haqlarına hörmət sahəsində növbəti addımların atılması, digər vacib islahatların reallaşdırılması, Aİ ilə tərəfdaş ölkələr arasında vizasız rejimin tətbiqinə nail olunması istiqamətində irəliləmək, birgə biznes imkanlarının gücləndirilməsi, nəqliyyat sahəsində idarəetmə mexanizmlərinin yaxşılaşdırılması kimi məsələlər də var.

Tərəflər 2014-cü il ərzində Vilnüs sammitində Assosiativ Sazişi paraflamış dövlətlərlə sənədin imzalanmasına, bunun ardınca isə ümumi azad ticarət zonasının yaradılmasına çalışacaqlar.

2015-ci ilədək strateji əhəmiyyətli çoxtərəfli layihələrin reallaşdırılması üçün də maksimum səy göstəriləcək. Burada söhbət həm də enerji sahəsindəki layihələrdən gedir. Üstəlik, insanlar arasında əlaqələrin gücləndirilməsinə, akademik əməkdaşlığın genişləndirilməsinə çalışılacaq.

Növbəti "Şərq tərəfdaşlığı" sammiti 2015-ci ildə Latviyanın paytaxtı Riqada keçiriləcək. Məhz həmin sammitdə qəbul edilmiş son bəyannamədə qarşıya qoyulmuş vəzifələrə, imzalanmış razılaşmalara nə dərəcədə nail olunduğuna qiymət veriləcək. 

 

Ukrayna böhranı

 

Sammitin yekununda bir sıra başqa sənədlər də imzalanıb. Onlara qayıdacağıq. Hələliksə diqqəti toplantının əsas hadisəsinə, Avropa liderlərini son dərəcə məyus etmiş və sammitin yekun bəyannaməsində də əksini tapmış məsələyə yönəltmək istərdik: Ukrayna Aİ ilə Assosiativ Sazişi hələ ötən ilin martında təsdiqləsə də, bütün gözləntilərə rəğmən, Vilnüsdə sənədi imzalamaqdan imtina etdi. Ukrayna prezidenti Viktor Yanukoviç bunun əvəzində Avropa İttifaqını Kiyevlə birlikdə ölkəyə iqtisadi yardım proqramını hazırlamağa çağırıb. Onun fikrincə, bu proqram Ukrayna hökumətinin Aİ ilə Assosiativ Sazişin imzalanmasına hazırlıq görməsinə kömək edəcək.

Xatırladaq ki, sammitdən bir neçə gün əvvəl Ukrayna Assosiativ Sazişin imzalanması prosesini dayandırmaq haqda qərar qəbul etmişdi. Kiyev bunu Rusiya ilə iqtisadi-ticari münasibətlərin qaydaya salınmasının vacibliyilə əsaslandırmışdı. Ukraynalıların bu qərarı Brüssel üçün əsl soyuq duş effekti vermişdi. Çünki Kiyevlə Assosiativ Sazişin imzalanması Litva paytaxtında təşkil olunacaq sammitin gündəliyinin əsas maddəsi idi.

Aİ rəhbərliyi, Avropanın aparıcı dövlətlərinin liderləri rəsmi Kiyevin bu qərarını Rusiyanın təzyiqlərinin, hətta şantajının nəticəsi kimi qiymətləndirib. Qərar Ukraynanın Qərbpərəst əhalisinin də hiddətinə səbəb olub və Kiyev başda olmaqla, bir sıra şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aksiyaların təşkilatçıları Yanukoviçə qarşı "qanlı müharibə" (ifadə müxalifət liderlərindən olan Arseni Yasenyuka məxsusdur) elan ediblər.

 Avropa İttifaqının nümayəndələri son anadək Kiyevin qərarını dəyişəcəyinə ümid etdiklərini, sənədin əvvəlkitək "masanın üzərində olduğunu" və "Ukraynanın "hə" deyəcəyi təqdirdə, onun imzalanmaya hazır olduğunu" bildirirdilər.

Yanukoviçin sammitə gəlişilə Avropa liderləri onu dilə tutur, qərarını dəyişməyə razı salmağa çalışırdılar. Görüş başlamazdan əvvəl onunla Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu, Aİ-yə sədrlik edən Litvanın prezidenti Dalya Qribauskayte və Almaniya kansleri Angela Merkel danışıqlar aparmışdılar. Avropa nümayəndə heyətinin üzvlərindən birinin sonradan etiraf etdiyi kimi, Aİ Ukrayna ilə Assosiativ Sazişi hətta Kiyevin sabiq baş nazir Yuliya Timoşenkonun müalicə üçün xaricə göndərilməsinə dair razılaşmaya əməl etmədiyi halda belə, imzalamağa hazır imiş.

Amma göründüyü kimi, Rusiyanın arqumentləri Kiyev üçün Brüsselin dediklərindən daha ağır gəlib. Sonda Litva prezidenti "Ukraynanın sonu olmayan yolu seçdiyini" bəyan etməli olub. Qribauskayte hesab edir ki, Ukrayna Aİ ilə assosiasiyadan imtina etməklə geri addım atır, ölkənin inkişafını ləngidir. Avrokomissar Ştefan Füle isə Kiyevin mövqeyinə qarşı daha sərt fikir işlədib: "Ukraynanın assosiasiyadan imtinası ölkənin gələcəyini təhlükə altında qoyur".

Avropalı həmkarlarını sakitləşdirməyə çalışan Ukrayna rəhbərliyi isə ölkəyə qayıdarkən Avropaya inteqrasiya tərəfdarlarının onları "çox isti" qarşılayacaqlarını da bildiyindən vəziyyətdən çıxış yolları axtarırdı. Yanukoviç Aİ rəhbərliyini ölkəsinin heç də Avropaya inteqrasiyadan imtina etmədiyinə, bunun Kiyevin strateji kursu olduğuna inandırmağa çalışırdı. Bununla yanaşı, Ukrayna prezidenti sammitdəki çıxışında Kiyevlə Brüsselin onun ölkəsinə iqtisadi yardım proqramının hazırlanması üzərində işləməli olduğunu bildirib. Dövlət başçısı hesab edir ki, bu, Kiyevin Aİ ilə Assosiativ Sazişin imzalanmasına hazırlıq prosesinə kömək edəcək. "Bu gün maliyyə-iqtisadi yardım proqramının hazırlanması və reallaşdırılmasında avropalı tərəfdaşlarımızın qəti addımlarına ehtiyacımız var. Bu, həm beynəlxalq institutların, həm də Aİ üzvü olan dövlətlərin bütün mümkün mexanizm və resurslarından istifadə etməklə həyata keçirilməlidir", - deyə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına görə, Yanukoviç bildirib.

Ukrayna prezidenti iqtisadi yardım dedikdə, kifayət qədər ciddi məbləğdən danışır. Ukraynanın baş naziri Nikolay Azarov bildirmişdi ki, onun ölkəsinə Assosiativ Sazişin müddəalarının tətbiqi çərçivəsində yalnız Aİ-nin texniki reqlamentləri və standartlarına adaptasiya olunmaq üçün 10 il ərzində 160-170 milyard avro lazımdır. Bununla yanaşı, Azarov bildirib ki, Aİ onlara sadəcə 7 il ərzində 1 milyard avro yardım edə biləcəyinə söz verib, BVF isə Ukraynaya fonda olan borcu qədər - təxminən, 4 milyard dollar kredit ayıra bilər. "Bizə iqtisadiyyatımızı praktiki olaraq məhv etməyimizin qarşılığında belə dilənçi payı lazım deyil. Bir milyard dollar heç nədir. Bu, kilsənin kandarında dilənçiyə edilən kömək kimi bir şeydir", - deyə Ukraynanın baş naziri qeyd edib.

Bu fikirlər avropalılar tərəfindən Assosiativ Sazişin imzalanmasının baş tutmamasına görə məsuliyyətin Aİ-nin üzərinə qoyulması kimi qəbul edilib. Fransa prezidenti Fransua Olland Kiyevin Aİ ilə Assosiativ Saziş imzalamağın qarşılığı olaraq müəyyən məbləğ əldə etmək istəyinin qəbuledilməz olduğunu bildirib. "Avropa İttifaqı əməkdaşlığa görə pul ödəmir", - deyə o, ukraynalı həmkarının maliyyə yardımı istəməsinə cavab olaraq bildirib.

Litva prezidenti Dalya Qribauskayte isə "Ukraynanın Rusiya kreditlərinin qarşılığında müasirləşmədən imtina etməklə, Belarusun yolunu getdiyini" söyləyib.

Nə qədər qəribə səslənsə də, Vilnüs sammiti bitdikdən sonra Nikolay Azarov məmnunluqla bildirib ki, Yanukoviç toplantıda Kiyevin problemlərini Avropa liderlərinə izah edə bilib. Onun sözlərinə görə, ölkə rəhbərliyi Aİ ilə Assosiativ Sazişin Kiyevə yaratdığı problemləri açıqlayıb və avropalılar onu başa düşüb, üstəlik, Kiyevə yardım etməyə hazır olduqlarını da bildiriblər. Formal olaraq, Kiyevlə Brüssel assosiasiya haqqında razılaşmanın mətninin hazırlanmasını davam etdirmək haqda razılığa gəliblər. Onun gələcəkdə imzalanması mümkündür. Amma Yanukoviçin Rusiya ilə strateji tərəfdaşlığa dair müqavilənin imzalanmasında maraqlı olduqlarını açıqladığını nəzərə alsaq, belə perspektiv o qədər də inandırıcı görünmür.

Hər halda, yeni şərtlərdə Aİ, çətin ki, Ukraynaya üz versin. Odur ki, Kiyev Aİ ilə razılaşmanı imzalamaq üçün mütləq qarşısına qoyulmuş şərtlərə əməl etməlidir. Burada söhbət, ilk növbədə, məhkəmə ədalətinin hamıya yox, seçilmiş şəxslərə şamil edilməsindən gedir. Bu, müxalifət lideri Timoşenkonun cinayət işi məsələsinin həllini nəzərdə tutur. Vilnüs sammitinin nəticələrindən çıxış edərək bu qənaətə gəlmək olar ki, yaxın gələcəkdə Ukrayna ilə Aİ arasında yaxınlaşma mümkündürsə, bu, yalnız ölkədə prezident və parlamentin tərkibi də daxil olmaqla, rəhbərliyin dəyişməsi halında baş verə bilər. Hər halda, Avropa Parlamentinin sədri Martin Şuls belə düşünür. Göründüyü kimi, prezident Yanukoviç Brüsselin gözündə etibarını itirib. İndi Brüssel Kiyevlə Assosiativ Sazişin imzalanmasının yalnız Ukraynada hakimiyyət dəyişikliyi halında mümkün olduğunu gizlətmir. Bu mövqe ilə Ukrayna müxalifəti də razıdır. Xatırladaq ki, Ukraynada növbəti prezident seçkisi 2015-ci ildə keçirilməlidir.

Ukrayna ilə bağlı bütün bu gözlənilməz dəyişikliklər az qala digər ölkələrin Avropaya inteqrasiya istiqamətində atdıqları addımları kölgədə qoyacaqdı. Söhbət, əlbəttə ki, ümumiyyətlə, Qərbə istiqamətlənməyən Belarusdan getmir. Söhbət üç ay əvvəl Brüssel üçün gözlənilməz qərar verərək Aİ ilə yaxınlaşmadan imtina etdiyini, Gömrük İttifaqına qoşulmaq niyyətini açıqlayan Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistandan da getmir (erməni müxalifəti prezident Sarqsyanın bu bəyanatı səsləndirdiyi 3 sentyabr tarixini erməni xalqının "iztirablı tarixi"nin faciəvi hadisələri siyahısına salmağı təklif edir). 

 

Sammitin xilaskarları

 

Qeyd edək ki, sammitdə bəyannamənin imzalanmasından əvvəl bir sıra sənədlərə imza atılıb. Bu sənədlər imzalanmasaydı, toplantını, yəqin ki, iflasa uğramış saymaq olardı. Moldova və Gürcüstan Aİ ilə Assosiativ Sazişi paraflayıb (Gürcüstanla razılaşma elə gürcülərə xas təntənə ilə keçirilib: mərasim gürcü mahnısı olan "Suliko"nun, "Şalaxo" rəqs mahnısının, həmçinin Aİ-nin himni sədaları altında keçib). Avropa İttifaqı Şurasının rəhbəri Herman van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu sonradan verdikləri açıqlamalarında sazişin gələn il mümkün qədər tez imzalanmasını istədiyini bildiriblər. Vilnüsdə Gürcüstan Aİ-nin böhranlı vəziyyətlərin idarə olunması əməliyyatlarında iştirakına dair razılaşmanı da imzalayıb.

Bundan başqa, Vilnüsdə Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalanıb. Bu sənəd kifayət qədər əhəmiyyətə malikdir. Hər halda, Aİ rəhbərliyi, hətta NATO-nun baş katibi Rasmussenin Azərbaycan, Gürcüstan və Moldovanı Vilnüsdə əldə edilmiş uğurlar münasibətilə təbrik etmələri əbəs deyil. Onlar, bununla, "Şərq tərəfdaşlığı" sammitinin simasını qorumasına, məhz, bu ölkələrin kömək etdiklərini göstəriblər.

Azərbaycanın Aİ ilə Assosiativ Sazişin imzalanmasına münasibətinə gəlincə, Bakı hələ sammitdən xeyli əvvəl avropalı tərəfdaşlarını Vilnüs sammitində belə sənədi imzalamağa hazırlaşmadığından xəbərdar etmişdi. "Biz Aİ ilə münasibətlərimizin və əməkdaşlığımızın səviyyəsinə daha adekvat olan sənəd hazırlamaq istə- yirik", - deyə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov o zaman bildirmişdi. O, Bakının Aİ-yə tərəfdaşlıq haqda razılaşma imzalamaq təklifini verdiyini, həmin sənədin "ikitərəfli əməkdaşlığın səviyyəsini özündə əks etdirəcəyini, qarşılıqlı hörmət və tərəflər arasında bərabərliyi təmin edəcəyini" də vurğulamışdı.

Bu mərhələdə Azərbaycan Aİ ilə münasibətlərini ona yaxın və anlaşılan olan sahələrdə, məsələn, enerji sahəsində inkişaf etdirmək istəyir. Üstəlik, "Şahdəniz" konsorsiumu Transadriatik qaz kəməri xəttini Azərbaycan qazının Avropa bazarlarına çıxarılması üçün əsas marşrut seçib.

Yəqin ki, Azərbaycan "Şərq tərəfdaşlığı"nın Aİ ilə münasibətlərdə "nəyəsə qarşı" yox, "nəyinsə naminə" prinsipinə əsaslanan yeganə üzvüdür. Bakı bu əməkdaşlıqdan kiməsə qarşı istifadə etmir, ondan milli maraqlarına uyğun şəkildə, qarşılıqlı fayda qazanmağa çalışır.

Ola bilsin ki, Aİ ilə əməkdaşlıqda Azərbaycanın planları lap əvvəldən "Şərq tərəfdaşlığı"ndakı digər həmkarlarının planları qədər uzağagedən olmayıb. Əvəzində Bakı heç zaman üzərinə yerinə yetirə bilməyəcəyi öhdəliyi götürməyib.

Vilnüsdə Rusiyanın ünvanına səsləndirilən ittihamlar, Moskvanın "Şərq tərəfdaşlığı"nın bəzi üzvlərinə görünməmiş təzyiqlər etməklə, sammiti simasızlaşdırmaqda günahlandırılması isə qəribədir. Moskvanın bu cür davranacağı gözlənilən idi. Çünki Rusiyanın xarici oyunçuların onun ənənəvi maraq dairəsinə soxulmasını etinasızlıqla müşahidə edəcəyini gözləmək sadəcə sadəlövhlük olardı. Amma Vilnüs sammiti "Şərq tərəfdaşlığı" iştirakçılarından hansının istənilən kənar təzyiqə sinə gərməyə qadir olduğunu, Aİ ilə uzunmüddətli və əlverişli əməkdaşlığa hazır olan əsl suveren dövlət kimi yaşadığını, əməllərində müstəqil olduğunu göstərən "lakmus kağızı" da sayıla bilər. 

 

 

BU, MARAQLIDIR

 

Aİ ilə sadələşdirilmiş viza rejimindən kimlər yararlana bilər?

 

Avropa İttifaqı (Aİ) Azərbaycan vətəndaşları üçün Şengen vizasına görə rüsumun məbləğini 60 avrodan 35 avroya endirəcək. Bu, Vilnüsdə keçirilmiş "Şərq tərəfdaşlığı" sammitində Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair imzalanmış razılaşmada öz əksini tapıb.

Məlumatı Trend agentliyinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquli-  yev verib.

"Bundan başqa, Azərbaycan vətəndaşlarının ayrı-ayrı kateqoriyaları üçün rüsum tələb olunmayacaq. Bu, Aİ ölkələrinə təhsil, müalicə xətti ilə, yaxud öz qohumlarının yanına gedənlərə şamil ediləcək. Saziş, həmçinin diplomatik pasport sahibləri üçün vizasız rejimin tətbiqini nəzərdə tutur", - deyə M. Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, müqavilə sayəsində viza alınması üçün təqdim edilməsi tələb olunan sənədlərin sayı azalacaq, vizaların verilməsi üçün konkret zaman çərçivəsi müəyyən ediləcək.

Nazir müavini bildirib ki, dəyişikliklərin 2014-cü ilin payızında qüvvəyə minəcəyi gözlənilir.

Müqavilənin qüvvəyə minməsi üçün readmissiyalar haqqında sazişin imzalanması da vacibdir. Bu, gələn ilin ilk rübü üçün planlaşdırılır: "Bundan sonra Milli Məclisdə və Avropa Parlamentində paraflanma proseduru başlayacaq. Daha sonra hər iki sənəd eyni vaxtda qüvvəyə minəcək".

Bundan əlavə, Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr imzalamaq lazımdır.

Aİ-dən verilən məlumatda isə bildirilir ki, yeni razılaşmaya əsasən, qısamüddətli vizaları tez bir zamanda və ucuz qiymətə əldə etmək mümkün olacaq. 

Bəzi kateqoriyalara aid vətəndaşlar üçün uzunmüddətli vizaların (1 ildən 5 ilədək) verilməsi proseduru da sadələşdiriləcək və viza onların Aİ-yə dəfələrlə səfər etməsinə imkan yaradacaq.

Razılaşma bəzi kateqoriyaya aid insanlar üçün viza rüsumunun ləğvini də nəzərdə tutur. Söhbət rəsmi nümayəndə heyətlərindən, 12 yaşadək olan uşaqlardan, pensiyaçılardan, alimlər və tələbələrdən gedir.



MƏSLƏHƏT GÖR:

824