
GERİ SAYIM?
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Kiyev görüşü tarixi görüş ola bilər
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
ATƏT-ə üzv ölkələrin Xarici İşlər nazirləri Şurasının Kiyev toplantısını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində əlamətdar hadisə saymaq olar. Ukraynanın quruma sədrliyinə yekun vuran bu toplantıda münaqişə tərəflərinin xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan bir araya gəliblər. Onların danışıqları rekord həddə - 4 saatdan artıq davam edib. Görüşün detalları məlum səbəblərdən açıqlanmır. Amma danışıqların yekununda ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri adından birgə bəyanat yayılıb (sənədi ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın XİN başçısı Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə naziri Tyerri Repanten və ABŞ dövlət katibinin Avropa və Avrasiya ilə iş üzrə köməkçisi Viktoriya Nulpand). Bəyanatı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri də imzalayıblar. Sonradan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" mikrobloqundakı hesabında yazıb: "Uzun illərdən sonra ilk dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında razılaşdırılmış bəyanatımız var".
Qısa desək, bəyanatı imzalayan şəxslər Azərbaycan və Ermənistan prezidentləri arasında bu yaxında bərpa olunmuş dialoqu da alqışlayıb, növbəti görüşlərin sülh prosesinin irəli aparılmasına xidmət edəcəyinə ümid etdiklərini bildiriblər. Bundan başqa, sənəddə deyilir ki, Minsk Qrupunun həmsədri olan üç ölkə, o cümlədən Azərbaycan və Ermənistanın XİN başçıları "Dağlıq Qarabağ münaqişəsinin bunadək əldə olunmuş razılıqlara əsasən, sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün birgə işlərin davam etdirilməsi haqda razılığa gəliblər". Bəyanatda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin yüksək səviyyədə yeni görüşlərə hazırlıq məqsədilə 2014-cü ilin əvvəlində yenidən görüşmək qərarına gəldikləri də bildirilir.
E. Məmmədyarov jurnalistlərə elə Kiyevdə verdiyi açıqlamasında Nalbandyanla görüşünün bu qədər uzun çəkməsinin əbəs olmadığına işarə edib, bunu kifayət qədər müsbət məqamla əsaslandırıb: "Biz ilk dəfə olaraq, konkret məsələlərə toxunduq". Məmmədyarov indiyədək tərəflərin sadəcə ümumi müzakirələr apardıqlarını xatırladıb.
Nazir Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını Madrid prinsiplərinə əsasən, mərhələli şəkildə boşaltması ilə bağlı sualı detallara varmadan cavablandırıb: "Söhbət 7 rayondan (Dağlıq Qarabağ ətrafındakı - F.H.) gedirdi. Əvvəlcə 5 rayon, daha sonra isə Kəlbəcər və Laçın. Daha sonra yolların və kommunikasiyaların bərpası müzakirə edildi. Bizim üçün ən vacib olanı indiyədək heç bir irəliləyişə nail olmadığımız məsələləri müzakirə etmək idi. Hansı məsələlərdə razılığa gəldiyimizi açıqlaya bilmərəm. Həm biz, həm də erməni tərəfi öz mövqeyini ortaya qoydu və indi biz bu haqda prezidentlərimizi məlumatlandıracağıq".
E. Məmmədyarovun sözlərinə görə, ermənistanlı həmkarı ilə görüşdə o, Bakının Azərbaycan prezidentinin tapşırıqlarına əsaslanan mövqeyini ortaya qoyub. Edvard Nalbandyan isə erməni tərəfinin nə ilə razı olduğunu, nə ilə razı olmadığını söyləyib. "Bu görüşün əvvəlkilərdən konkretliyilə fərqləndiyini deyə bilərəm. Konkret nəticələr əldə etsək, bu görüşü tarixi görüş adlandırmaq mümkün olacaq", - deyə Elmar Məmmədyarov bir neçə dəfə təkrar edib.
Əlbəttə, Kiyevdə nazirlərin, həqiqətən də, münaqişə ətrafında ümumi müzakirələr aparmayaraq, nəhayət, konkret diskussiyalara keçmələrini, bəlkə də, artıq münaqişənin həlli üçün "yol xəritəsi"nin hazırlanmasına başlamalarını müsbət məqam saymaq olar. Bunu, ilk növbədə, görüşdən sonrakı bəyanatda da vurğulandığı kimi, regionun ötən illər ərzində çox səbir etmiş sakinləri də gözləyir və buna hamıdan çox onlar layiqdirlər.
Hər halda, E.Məmmədyarovun ATƏT Xarici İşlər Nazirləri Şurasının Kiyev iclasındakı çıxışı onun digər analoji toplantılardakı çıxışlarından mülayimliyilə fərqlənib və bu da jurnalistlərin diqqətindən yayınmayıb. Nazirin Kiyevdəki çıxışında əvvəlki çıxışları ilə oxşarlıq təşkil edən bir neçə məqam da olub: Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyi üçün ciddi problemdir, bu problemin həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasından sonra mümkündür. Regionun demilitarizasiyasını münaqişə tərəflərinə qarşılıqlı inamın gücləndirilməsində kömək edəcək amil adlandıran E.Məmmədyarov Ermənistan rəhbərliyini danışıqlarda irəliləyişə nail olmaq üçün konstruktivlik nümayiş etdirməyə çağırıb.
Nazirin bu dəfəki çıxışındakı fərqli məqamlardan biri də onun regional əməkdaşlığın münaqişənin həllinə yol açacağına dair fikirləri xam xəyal adlandırması olub. Bu bəyanatı Azərbaycanı indidən regional əməkdaşlığa sövq etməyə çalışan xarici qüvvələrə cavab da saymaq olar. Həmin qüvvələr çalışır ki, Ermənistan münaqişənin həlli istiqamətində konkret addımlar atmamış, yəni öz qoşunlarını işğal altındakı ərazilərdən çıxarmağa başlamamış Azərbaycan regional əməkdaşlığa razılıq versin.
Bu dəfəki çıxışında Məmmədyarov Ermənistanı birbaşa destruktivlikdə, işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət göstərməkdə ittiham etməyib. Sonradan Azərbaycanın XİN başçısı jurnalistlərin "daha diplomatik" çıxış etməsinin səbəblərilə bağlı verdikləri suallara cavab olaraq bütün detalları aça bilməyəcəyini söyləyib. "Yalnız onu deyə bilərəm ki, çıxışım danışıqların nəticəsinə əsaslanırdı", - deyə o, qeyd edib.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun bir müddət əvvəl səsləndirdiyi bəyanat da danışıqlar prosesində vəziyyətin yaxşılaşdığına ümidlər yaradır. Xatırladaq ki, N.Məmmədov münaqişə tərəflərinin prezidentləri arasında Vilnüsdə keçirilmiş son görüşdə Ermənistanın mövqeyində müsbət dəyişikliklərin müşahidə olunduğunu bildirmişdi.
Bizə bitmək bilməyən Dağlıq Qarabağ tunelinin sonunda işığın göründüyünə ümid etmək qalır. Tərəflərin uğur əldə etmək üçün vaxtı var: Azərbaycanda və Ermənistanda prezident seçkisi ili əmin-amanlıqla başa çatır, yeni-köhnə prezidentlərin prosesi ölü nöqtədən tərpətmək üçün kifayət qədər vaxtları var.
Göründüyü kimi, məsələyə tezliklə aydınlıq gələ bilər: dekabrın ikinci yarısında ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə münaqişə regionuna səfər edəcək, gələn il yanvarın sonunda isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.
MƏSLƏHƏT GÖR: