14 Mart 2025

Cümə, 20:49

AVROPA QORXUTDU, RUSİYA ƏLƏ KEÇİRDİ

"Avromaydan" Brüsselin fəaliyyətsizliyinin nəticəsidir

Müəllif:

24.12.2013

Vilnüsdəki "Şərq tərəfdaşlığı" sammitində Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair razılaşmanın imzalanmasına, Gürcüstan və Moldovanın Assosiativ Sazişi paraflamalarına baxmayaraq, Brüsselin özündə belə hesab edirlər ki, sammiti əldə edilmiş nəticələr baxımından uğurlu saymaq çətindir. Hər halda, sentyabrın əvvəlində Ermənistan Moskvanın təzyiqi  ilə Aİ ilə Assosiativ Sazişdən imtina edərək, Gömrük İttifaqına (Gİ) qoşulacağını açıqladı. Təəccüblü olanı Brüsselin o anadək İrəvanın özünü müstəqil kimi göstərməsinə ciddi yanaşmasıdır. Halbuki, onun tam şəkildə Moskvanın iradəsindən asılı vəziyyətdə olduğu hər kəsə bəlli idi. Brüsselin Ukraynaya münasibəti isə daha qeyri-rasional və uzaqgörənlikdən kənardır. Halbuki, Kiyev Vilnüs sammitində Aİ ilə Assosiativ Sazişin və azad ticarət zonası haqda razılaşmanı imzalamağın bir addımlığında idi. Bunun üçün Ukraynadan insan haqlarının müdafiəsi sahəsində müəyyən irəliləyişlər tələb olunurdusa belə, sabiq baş nazir Yuliya Timoşenkonun həbsdən buraxılması tələbi qəti şəkildə qoyulmurdu. Lakin sammitə az qalmız Brüsselin ritorikasında məhz bu tələb daha sərt şəkildə səslənməyə başladı. Bununla yanaşı, MDB-ni birmənalı olaran öz geosiyasi nüfuz dairəsi sayan Moskva Kiyevə qarşı "qamçı və qoğal" üsulundan istifadə etməyə başlamışdı. Bir tərəfdən o, Ukraynanın Gİ-yə qoşulacağı təqdirdə əldə edə biləcəyi iqtisadi dividendlərdən danışır, digər yandan, Ukraynanın bir sıra məhsullarının idxalını əngəlləyir, qazın qiymətinin aşağı salınması məsələsinin müzakirəsindən imtina edirdi.

Brüssel ilə Moskva arasında Ki- yev uğrunda uzun-uzadı davam edən mövqe savaşı sonda Vilnüs sammitinin başlanmasına 1 həftə qalmış Ukrayna hökumətinin Aİ ilə Assosiativ Sazişin imzalanmasına hazırlıq prosesini dayandırması ilə nəticələndi. Kiyev bunu "ölkənin milli maraqlarından çıxış etməsi" kimi təqdim etdi. Ukrayna prosesdən imtina etmədi, sadəcə onu dayandırdı. Rəsmi Kiyev hökumətin bu qərarının heç də xarici siyasətdə dönüş demək olmadığını, Ukraynanın Aİ-yə üzvlükdən imtina etmədiyini bəyan etdi.

Bu qərar Ukrayna ictimaiyyətini iki yerə böldü. Müxalifət dərhal tərəfdarlarını küçələrə çıxardı, Kiyevin Müstəqillik Meydanı yenidən etiraz aksiyalarının keçirildiyi əsas mərkəzə çevrildi.

Brüssel Kiyevin qərarından mə- yusluğunu bəyan etməklə yanaşı, onu "Avromaydan"a toplaşanların mövqeyinə hörmətlə yanaşmağa çağırdı. Söhbət Avropaya inteqrasiyanın tərəfdarı olan ukraynalıların mövqeyindən gedir. Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Viktoriya Nuland, amerikalı senator Con Makkeyn "Avromaydan" iştirakçılarına dəstəklərini onlara baş çəkməklə nümayiş etdirdilər. Bir sözlə, Ukarynanın Avropaya inteqrasiya tərəfdarı olan qüvvələri qərbli himayədarlarından biganəlik hiss etmədilər. Qərbin Avropa kursundan imtinada günahlandırdığı Ukrayna hökumətisə məsələnin bu cür qoyuluşu ilə razılaşmır və xarici siyasəti prioritetlərinin birmənalı şəkildə Avropaya inteqrasiya olduğunu bildirir.

İstər-istəməz ortaya ritorik bir sual çıxır: "Bütün günahların Aİ-nin yüksək rütbəli məmurlarında olduğu halda, doğrudanmı onlar üçün Ukraynanın bu dönüşü sürprizdir?"

Düşünmək olar ki, yaşananlarda əsas mənfi rolu məhz Avropa İttifaqının mövqeyi oynayıb: o, Ukrayna hökumətinə güclü təzyiq göstərməklə yanaşı, ölkədə iqtisadi vəziyyətin düzəlməsi üçün heç bir addım atmayıb. Birincisi, Brüssel mütləq şərt kimi nəinki Y.Timoşenkonun həbsdən buraxılması tələbini irəli sürür, həm də sabiq baş nazirin növbəti prezident seçkisində iştirakına şərait yaradılmasını tələb edirdi. Aİ-Ukrayna münasibətlərinə mane olan daha bir və ən başlıca məqam isə maddi-iqtisadi məsələ olub. Rəsmi Kiyevin hesablamalarına görə, Ukraynanın Aİ-yə uğurlu inteqrasiyası və ölkə müəssisələrinin rəqabət qabiliyyətli məhsullar istehsal etmələri üçün 160 milyard dollar həcmində uzunmüddətli kreditə ehtiyac var. Brüssel isə belə öhdəliyin altına girmək istəmirdi. Onun Ukraynaya təklif edə biləcəyi maksimal məbləğ 20 il üçün cəmi 1 milyard avro idi. BVF isə öz növbəsində Kiyevə 4 milyard dollar kredit ayıra biləcəyini bəyan etmişdi. Amma bunun üçün o, ölkədə əməkhaqlarının artımının dayandırılmasını, əhali üçün enerji daşıyıcılarının qiymətinin artırılmasını,  aqrar sahəyə güzəştli rejimin ləğvini və bir sıra qeyri-populyar tədbirlərin görülməsini tələb edirdi. Bunların fonunda  K. Eştonun guya Kiyevin Aİ ilə assosiasiyadan imtina etməklə, yeni investisiyaların yolunu bağladığına dair bəyanatı çox qəribə səslənir. Brüssel Kiyevin ən ağır dönəmində onun maliyyə problemlərinin aradan qaldırılmasına yardım etmək istəmirsə, gələcəkdə bunun öz müsbət həllini tapacağına zəmanət varmı?

Rusiya isə artıq Ukraynaya satdığı qazın qiymətini üçdə birədək azaltmağa (min kubmetrə görə 404 dollardan 268,5 dollara) razılıq verib. Bundan başqa, Rusiya Ukrayna hökumətinin qiymətli kağızlarına heç bir ilkin şərt irəli sürmədən təxminən 15 milyard dollar investisiya ayırmağa razıdır.

Amma Y.Timoşenko məsələsinin Ukraynanın Aİ-dən uzaqlaşması üçün əla bəhanə olduğu da istisna deyil. Bu, Brüsselə bir güllə ilə iki dovşan vurmaq imkanı verib: Kiyev qarşısında maddi öhdəliklərin götürülməməsi və Ukrayna ilə Assosiativ Saziş naminə Rusiya ilə açıq qarşıdurmaya gedilməməsi. Guman ki, Kiyevə maliyyə dəstəyinin göstərilməsindən imtina Aİ-nin Ukrayna müəssisələrinin rəqabət qabiliyyətli məhsul istehsal etməsində maraqlı olmamasından irəli gəlir. Axı nəhənc Avropa bazarı üçün böyük bazar rolunu məhz Ukaryna oynamalıdır. Bundan başqa, şübhəsiz ki, Brüssel Ukraynadan xeyli sayda işçi qüvvənin Avropa ölkələrinə üz tutmasını da arzulamır. "Şərq tərəfdaşlığı" proqramının icrasından ciddi siyasi-iqtisadi dividentlər əldə etmək istəyən Brüssel, beləliklə, bu yoldakı bütün riskləri proqramın üzvü olan postsovet ölkələrinin üzərinə qoymaq istəyir. Əslində bu, Avropanın ənənəvi siyasətinin ruhuna tam uyğundur və baş verənlər göstərir ki, taktiki qazanc naminə strateji hədəfləri qurban verən Kiyev yox, məhz Brüsseldir.

Avropalı məmurların bəyanatlarından məlum olur ki, Brüssel son hadisələrdən ciddi nəticələr çıxarmaq və daha cəsarətli siyasət yürütmək niyyətindədir. Üstəlik, artıq gələn il Aİ Gürcüstan və Moldova ilə Assosiativ Saziş imzalamaq niyyətindədir. İndi Brüssel Moskvanın bu ölkələrə təzyiq rçaqlarının olmadığına dair xam xəyala düşməməlidir. Moldova üçün bu, iqtisadi planda ən azı şərabdır. Hələlik Moldova şərabları Avropanın bütün ölkələrinin bazarlarına çıxarılmır. Geosiyasi mənada isə Dnestryanı münaqişə və Moskvanın istəyəcəyi təqdirdə Qaqauz məsələsi Kişinyova təzyiq vasitəsinə çevrilə bilər.

Yeri gəlmişkən, bu ilin əvvəlində Ukrayna ATƏT sədri kimi Dnestryanı münaqişənin həlli prosesində fəallıq nümayiş etdirməyə başladıqda Aİ ("5-2" formatında müşahidəsi) özünü tam kənara çəkmişdi.

Gürcüstana gəlincə, çoxları düşünə bilər ki, Tbilisinin itirəcəyi heç nə qalmayıb. Amma erməniliyin Cavaxetiya tamahını unutmaq olmaz, Moskvada bu problemi qızışdıracaq kifa-yət qədər qüvvə tapıla bilər. Brüssel daha güclü olmayacağı təqdirdə, çətin ki, bu rçaqlara qarşı çıxsın. Bu konteksdə Avropa Parlamentinin Polşadan olan deputatı Riçard Lequtkonun sözləri kifayət qədər maraqlıdır. O, Avropa Parlamentinin Vilnüs sammitinin nəticələrinin müzakirə olunduğu toplantısında bunu Aİ siyasətinin iflası adlandırıb. Parlamentari fikrini layihənin Brüssel üçün strateji əhəmiyyət daşımaması və ona kifayət qədər maliyyə ayrılmaması ilə əsaslandırıb. Odur ki, bu qarşıdurmada Avropanın deyil, Rusiyanın qalib gəlməsində təəccüblü heç nə yoxdur.



MƏSLƏHƏT GÖR:

674