13 Mart 2025

Cümə axşamı, 17:01

ƏFQANISTAN BÖHRANININ NÜANSLARI

Yeni il Mərkəzi Asiyanın ən münaqişəli ölkəsinin həyatında həlledici il ola bilər

Müəllif:

07.01.2014

2014-cü il Əfqanıstanın həyatı üçün son dərəcə vacib il ola bilər. Bu ölkənin siyasi qüvvələri və maraqlı dövlətlər Əfqanıstan ərazisindəki çoxmillətli hərbi kontingentin oradan çıxarılmasına hazırlaşırlar. Demək, bundan sonra Əfqanıstanda yaşanacaq proseslərlə rəsmi Kabil, demək olar ki, təkbaşına məşğul olacaq, radikal "Taliban" hərəkatı ilə təkbaşına mübarizə aparacaq.

Son zamanlar "Taliban"la yanaşı, "Hizbi-İslami", "Hizbut-Təhrir" və digər islamçı təşkilatlar Əfqanıstanın bir sıra rayonlarında nüfuzlarını artırmağa nail olublar. Ölkədə təhlükəsizliyə görə məsuliyyətin NATO-dan milli ordu və polisə ötürülməsi məqamından istifadə edən radikal islamçılar xüsusilə Əfqanıstanın şimalında mövqelərini möhkəmlətməkdədirlər. Bu bölgədə sözügedən təşkilatların 10 minədək yaraqlısı məskunlaşıb. Beləliklə, Əfqanıstanda vətəndaş müharibəsi daha kəskin xarakter almaqdadır.

Belə olan təqdirdə, Şimali Atlantika Alyansı və rəsmi Kabil yeni danışıqlara start veriblər. Danışıqların sonunda NATO qüvvələrinin Əfqanıstandakı statusuna dair konvensiyanın imzalanması nəzərdə tutulur. Söhbət NATO missiyasının Əfqanıstanda beynəlxalq koalisiyanın ölkədən çıxarılmasından sonrakı statusundan gedir. Onun əsasən, Əfqanıstan Silahlı Qüvvələrinin ixtisasının artırılması ilə məşğul olması planlaşdırılır. Amma danışıqlar hələ ki, konkret nəticə vermir: NATO-nun baş katibi Anders Foq Rasmussenin sözlərindən belə məlum olur ki, Kabil ilə Vaşinqton arasında təhlükəsizliyə dair strateji razılaşma imzalanmadan, Əfqanıstanla NATO arasında heç bir sənədə imza atılmayacaq.

Bu, başadüşüləndir. Axı, Əfqanıstanda 2014-cü ildən sonra NATO missiyasından istifadəyə zəmanəti alyansın aparıcı qüvvəsi olan ABŞ verməlidir. Bu üzdən də Kabil və Vaşinqton arasında əsas xarici kontingentin Əfqanıstandan çıxarılmasından sonra bu ölkədə qalacaq Amerika hərbçilərinin hansı status daşıyacağına dair danışıqlar başlayıb. ABŞ 2014-cü ildən sonra antiterror əməliyyatlarının fasiləsizliyinin təmini, Əfqanıstan ordusuna təlimlərin keçirilməsi üçün Amerikanın kiçicik hərbi bazasının ölkədə qalması məqsədilə Kabillə təhlükəsizlik müqaviləsinin imzalanmasında israr edir. Xarici hərbi yardımdan son dərəcə asılı vəziyyətdə olduğunu anlayan Kabil də bu sənədin imzalanmasında maraqlıdır.

Lakin Amerika hərbçilərinin Əfqanıstanda bundan sonrakı mövcudluğuna dair ilkin razılıq əldə edilsə də, prezident Həmid Kərzai 2013-cü ilin sonunda Vaşinqtonla müvafiq razılaşmanın imzalanmasından imtina edib. Ümumilikdə, razılaşmanın imzalanması perspektivini  istisna etməyən Kərzai bunun üçün bir sıra şərtlər irəli sürüb. Şərtlər arasında dinc əfqanların evlərində hərbi reydlərə son qoyulması, aviazərbələrin azaldılması, həmçinin Vaşinqtonun Əfqanıstan hökuməti  ilə taliblər arasında aparılan sülh danışıqlarına yardım etməsi də var. Mövqeyində israr edən Kərzai Əfqanıstan Ağsaqqallar Şurasının (Loy Cirq) mövqeyini belə, nəzərə almayıb. Şura Əfqanıstan prezidentini Birləşmiş Ştatlarla təhlükəsizlik müqaviləsinin imzalanmasına çağırsa da, dövlət başçısı buna əhəmiyyət verməyib. O, sənədin yalnız irəli sürdüyü şərtlərin Əfqanıstanda aprelin 5-də keçiriləcək prezident seçkisinədək qəbul ediləcəyi təqdirdə imzalanacağını bildirib. "Bu seçkidən sonra baş verəcəksə, onda məsuliyyəti Əfqanıstanın növbəti prezidenti öz üzərinə götürəcək. Odur ki, burada müvəqqəti çərçivələr yoxdur. Burada yalnız fəaliyyət məhdudiyyətləri var", - deyə Kərzai qeyd edib.

Əfqanıstanın Kərzaiyə müxalif olan siyasətçiləri isə hesab edirlər ki, prezident bununla, sadəcə, özünü "əsl millətçi" kimi göstərməyə, guya xarici fövqəldövlətlərin əlində marionet olmadığını nümayiş etdirməyə çalışır. Müxalifətçilərin fikrincə, əslində, Kərzai müqavilənin imzalanmasından imtina etməklə özü və ətrafı üçün müəyyən imtiyazlar, təhlükəsizlik zəmanəti əldə etməyə çalışır.

Əlbəttə ki, bu cür iddiaların məntiqi var. Hər halda, Həmid Kərzai prezidentlik səlahiyyətlərinin başa çatmasından və çoxmillətli hərbi kontingentin ölkədən çıxmasından sonra yalnız onu "satqın" sayan taliblərin deyil, sistemli müxalifətin də təzyiqləri qarşısında sinə gərməyin çətin olacağını anlayır. Müxalifət Kərzai və ətrafını miqyaslı korrupsiyada günahlandırır. Prezident seçkisi zamanı neytrallıq nümayiş etdirəcəyini dəfələrlə dilə gətirmiş Kərzainin Vaşinqtondan öz istədiyi namizədə dəstək almağa çalışdığı istisna deyil.

Amma Amerika-Əfqanıstan diplomatiyasının bütün bu incəlikləri təhlükəsizliyə dair ikitərəfli razılaşmanın imzalanacağını şübhə altına almır. Strateji baxımdan bunun Əfqanıstanda keçiriləcək prezident seçkisindən əvvəl, yaxud sonra baş verəcəyi heç bir önəm daşımır. Bu üzdən də ABŞ-ın Kərzainin inadkarlığı ilə bağlı heç bir narahatlıq keçirməməsi təəccüblü deyil. ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, müqavilənin altında Kərzainin imzası olmasa, onu Əfqanıstanın növbəti prezidenti imzalayacaq.

Bu arada, əsas suallardan biri, ABŞ-ın yaxın gələcəkdə Əfqanıstandakı planlarının necə olmasıdır. Amerikanın Əfqanıstanla bağlı gələcək siyasətinə dair iki fikir mövcuddur. Birincisi, ABŞ Əfqanıstanı tam tərk etməyin əleyhinə deyil. Sadəcə, bunu ölkədə Vaşinqtonun maraqlarına cavab verən hakimiyyət quraraq etmək istəyir. ABŞ bu ölkədə 10 ildən artıq davam edən hərbi mövcudluğu zamanı bu işin həddindən artıq böyük xərclər tələb etdiyinə əmin olub. Üstəlik bu, Vaşinqtonun gözlədiyi geosiyasi nəticələri əldə edəcəyinə zəmanət vermir. Burada söhbət, ilk növbədə, Birləşmiş Ştatların regional mövqelərini möhkəmləndirməsindən gedir. Vaşinqtonun bütün səylərinə rəğmən, postsovet Mərkəsi Asiyasında möhkəmlənə bilməməsi də bununla bağlıdır. Buna bariz nümunə Qırğızıstanın ərazisindəki Amerika hərbi bazasının fəaliyyətinin dayandırılması qərarıdır. Regionun digər ölkələri, ilk növbədə, Özbəkistan isə ABŞ-ın yerli hakim rejimin möhkəmliyinin, dünyəvi dövlətçiliyin ən yaxşı qarantı olmadığına əmin olub.

Amerika motivasiyasının sırf emosional tərəfi də var. Bu mənada tanınmış icmalçı Kmberli Dvorakın, təxminən, 2 il əvvəl söylədiyi bir fikri xatırlatmaq yerinə düşər: "Vyetnam və İraqdakı əks-partizan müharibələrinin təcrübəsi amerikalılara açıq şəkildə göstərdi ki, hərbi əməliyyatlara üçüncü xarici qüvvənin (ABŞ və NATO) cəlbi zamanı "ürəkləri və beyinləri fəth etmək" strate-giyası qələbəni mümkünsüz edir. Yerli əhali öz hökumətinə nifrət etdikdə, bu nifrəti işğalçılara da yönəldir və bu, qələbə şanslarını sıfıra endirir. Təəssüf ki, amerikalılar Əfqanıstanda məhz bu hal ilə üz-üzədirlər".

Amerikanın Əfqanıstan siyasəti  ilə bağlı ikinci geniş yayılmış fikir amerikalıların əslində, bu ölkəni tərk etmək istəməmələri  ilə bağlıdır.

Onlar iqtisadi və geosiyasi problemlərinin həlli strategiyasını davam etdirirlər. Bu strategiyaya əsasən, onlar Amerikanın müdaxilə etdiyi ölkələrdən tam çıxmırlar. Odur ki, Əfqanıstanda istənilən halda Amerikanın "həlledici nöqtələri" qalacaq. ABŞ bu məqsədlə Əfqanıstandakı "adamları"nın maddi və təşkilati dəstəyini davam etdirir, postsovet Mərkəzi Asiyasında da nüfuzunu artırmaqda davam edir.

Mərkəzi Asiyanı ənənəvi nüfuz dairəsi kimi görən Rusiyanın narahatlığı da bununla bağlıdır. Bununla yanaşı, Rusiyanın Əfqanıstan böhranına münasibəti birmənalı deyil. Vaşinqtonun Mərkəzi Asiya ilə bağlı ekspansionist planlarını qəbul etmə-yən Moskva Amerika hərbçilərinin regionu tam tərk etməsində də maraqlı deyil. Çünki bu halda taliblərin Tacikistan istiqamətində fəallıqları xeyli artacaq. Odur ki, Rusiya NATO ilə KTMT arasında sıx regional əməkdaşlığın qurulması təşəbbüsü ilə çıxış edib. "Əfqanıstandakı vəziyyət bizdə ciddi narahatlıq yaradır. Narkotik maddələrin axını güclənir... Səylər artırılmasa, birləşdirilməsə, daha bir təhlükəsizlik problemi olan terrorun da öhdəsindən gəlmək mümkün olmayacaq. Terror maliyyə dəstəyini məhz narkotik ticarətindən əldə edir", - deyə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko bildirib.

Amma görünən odur ki, NATO Əfqanıstanda KTMT ilə əməkdaşlığa o qədər də can atmır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun KTMT ilə bərabərhüquqlu əməkdaşlığına əsas maneə kimi, Şimali Atlantika Alyansının "sırf ideoloji problemlərini" göstərib.

Bütün bunlarla yanaşı, Əfqanıstanda hadisələrin bundan sonrakı inkişafına daha bir amil ciddi təsir göstərəcək. Bu, Çinin fəallaşmasıdır. Çin rəhbəri Si Tszinpin Mərkəzi Asiyaya payızda etdiyi səfər zamanı regiona Çinin "İpək yolunun iqtisadi zonası" modelini təklif edib. Pekin regionda avtomobil və dəmir yolu şəbəkəsinin genişləndirilməsinə 10 milyardlarla dollar xərcləməyə hazırdır. Ən başlıcası isə o, Mərkəzi Asiya ölkələrinə, o cümlədən Əfqanıstana ciddi gəlir vəd edən qaz borusu şəbəkəsinin qurulmasına da vəsait xərcləməyə razıdır. Çinlilər bunun əvəzində yalnız bir şey tələb edirlər - yeni nəqliyyat və enerji yolları Çindən keçməlidir.

Beləliklə, Əfqanıstan "macərası" davam edir...



MƏSLƏHƏT GÖR:

596