
GEOSİYASİ DƏYİŞİKLİKLƏRİN EPİSENTRİ
Ərəb dünyası 2014-cü ilə yeni sarsıntılarla qədəm qoydu
Müəllif: Natiq NAZİMOĞLU Bakı
2014-cü ilin ilk günləri bəzi ərəb ölkələri üçün heç də sakit keçmir. Geosiyasi dəyişikliklərin episentri yenə də Suriya, İraq və Livandır. Yaxın Şərqin mərkəzində sonda olduqca vacib olan, insan sivilizasiyasının beşiyi sayılan bu strateji regionun simasını dəyişə biləcək hadisələr yaşanır. Bu hadisələr bütünlükdə müasir dünya düzəninə öz təsirini göstərə bilər.
Yanvarın əvvəlində dünya KİV-də "Əl-Qaidə" terror təşkilatının bir qanadı olan "İraq və Şamda İslam Dövləti" qruplaşmasının İraqın Anbar əyalətinin Fəlluca və Ramadi şəhərlərində "xilafət" elan etdiyinə dair xəbər yayıldı. Rəsmi Bağdad öz növbəsində həmin ərazilərə nəzarəti tam itirdiyini etiraf etdi. Yaraqlıların zərərsizləşdirilməsi üçün əraziyə zirehli texnika və aviasiya yeridildi.
"İraq və Şamda İslam Dövləti"nin elanı Bağdadda bir sıra terror aktları ilə müşayiət edildi. Gərginliyin artması fonunda ölkədə tammiqyaslı vətəndaş müharibəsinin başlanacağı, İraqın dini baxımdan parçalanacağına dair söz-söhbətilər çoxalıb. Bu söhbətlərə sünnilərlə hazırda İraq hökumətində aparıcı mövqelərdə olan şiələr arasında gərginliyin artması yol açıb.
Yeni "dövlət"i elan etmiş sələfi hərəkatının nümayəndələri isə "dövlət"in ərazisini qonşu Livana tərəf də genişləndirməyi düşünürlər. Hələ ötən ilin dekabrın sonlarında Beyrutun mərkəzində, Livanın baş naziri Qacib Mikatinin iqamət-gahı qarşısında minalanmış avtomobilin partladılması ölkənin sabiq maliyyə naziri Məhəmməd Şatahın ölümü ilə nəticələnmişdi. Beyrutun "Hizbullah" şiə hərəkatının dayağı sayılan məhəlləsində növbəti partlayış yanvarın 2-də törədilib və 4 nəfərin həyatına son qoyub. Terror aktı nəticəsində 77 nəfər yaralanıb.
Partlayışlara görə məsuliyyəti "İraq və Şamda İslam Dövləti" öz üzərinə götürüb. Təşkilatın bəyanatında bildirilir ki, "İraq və Şamda İslam Dövləti" Suriya hökumətinə qarşı hərbi əməliyyatların təşkilində aparıcı rollardan birini oynayan "Cabhat ən-Nusra" ilə birlikdə Livana "rəsmi və açıq" müdaxilə qərarı qəbul edib. Onların məqsədi "Hizbullah"ı rəsmi Dəməşqə dəstəyə son qoymağa, öz qüvvələrini Suriyadan çıxarmağa məcbur etməkdir.
Bütün bu faktlar İraq və Livandakı hazırkı zorakılıqların ümumregional xarakter daşıdığını, ilk növbədə, qonşu Suriyadakı müharibə ilə əlaqəli olduğunu düşünməyə əsas verir. Bu, heç də təəccüblü deyil. Çünki 2004-cü ildə tamamilə ləğv edilmiş "İraqda Əl-Qaidə" sonradan məhz Suriya ərazisində yenidən dirçəlib. Bu, 2011-ci ildə Suriyada müharibənin başlanmasından sonra baş verib.
Nəzərə almaq lazımdır ki, Suriyanın hökumət qüvvələrinin "cihad"çıların başladıqları müharibənin gedişini köklü şəkildə dəyişməyə nail olmasından sonra, regionda qüvvələr nisbətində dəyişməyə başlayıb. Və artıq suriyadaxili münaqişənin sülh yolu ilə həllinin mümkünlüyünü göstərən əlamətlər müşahidə olunmaqdadır. Maraqlı xarici qüvvələr, ilk növbədə, ABŞ və Rusiya rəsmi Dəməşq və Suriyanın mötədil müxalifəti ilə "Cenevrə-2" konfransının keçirilməsi vaxtını razılaşdıra biliblər. Razılığa əsasən, konfrans yanvarın 22-də İsveçrənin Montrö şəhərində başlayacaq və bir gün sonra BMT-nin Cenevrədə yerləşən Avropa bölməsinin mənzil-qərargahında davam etdiriləcək. Konfransın keçirilməsini və müvafiq olaraq, Suriya böhranının sülh yolu ilə həllini qəti şəkildə istəməyən yeganə qüvvə "cihad"çılardır. Regionda növbəti ekstremizm dalğasının baş qaldırması da məhz bununla bağlıdır. Radikallar bu yolla son aylarda heç də onların xeyrinə olmayan vəziyyəti "qaydaya salmağa" çalışırlar. Xüsusilə Moskva ilə Vaşinqtonun Suriya münaqişəsinə kənardan müdaxilə edilməməsinə dair razılığa gəlməsindən, Dəməşqin isə kimyəvi silahın məhvi ilə bağlı öhdəliyi uğurla yerinə yetirməsindən sonra "cihad"çılar fəallaşıblar.
Bununla yanaşı, "cihad"çıların Suriyada, İraqda, Livanda və digər ərəb ölkələrində fəallaşmasının arxasında ayrı-ayrı regional qüvvələrin dayandığı getdikcə daha yaxşı aydın olur. Bu mənada rəsmi Dəməşqin Suriya, İraq və hətta Rusiyadakı (Volqoqradda) son terror aktlarının arxasında "eyni qüvvələrin durduğu" haqda bəyanatı maraq doğurmaya bilməz. Suriyanın informasiya naziri Omran əz-Zoubinin sözlərinə görə, "bu terror aktlarının hamısı bir mərkəzdə hazırlanıb və eyni mərkəzdən həyata keçirilib".
Bununla bağlı olaraq, birincisi, nazirin Rusiyanın adını təsadüfən çəkmədiyini qeyd etmək lazımdır. Suriya məsələsində Moskva hökumət və vətənpərvər müxalifətdən terrorçuları neytrallaşdıra biləcək alyansın yaradılmasını təklif edir. Bu isə şübhəsiz ki, sələfi "cihad"çılar" qane etmir. Onları narazı salan daha bir məqam Rusiyanın Suriyanın əsas müttəfiqi, İraqın yaxın tərəfdaşı və "Hizbullah"ın himayəçisi olan İranla sıx əməkdaşlığıdır. Kreml artıq illərdir ki, Rusiyanın cənubundakı islamçı qüvvələrlə xaricdəki sələfi mərkəzləri arasında əlaqələrdən xəbərdar olduğunu bildirir. Rusiya ərazisində son dövrlərdə törədilmiş ən səs-küylü terror aktlarının izləri məhz bu əlaqələrə gedib çıxır.
Dünyanın siyasi dairələri və ekspertlər sələfi mərkəzinin və vəhhabilərin əsas ilhamvericisinin Səudiyyə Ərəbistanı olduğunu yaxşı bilir. Ər-Riyad və yaxın müttəfiqləri Qətərin, Bəhreynin və digərlərinin bu sahədəki fəallıqlarında Liviya, Suriya, Yəmən kimi ölkələrdə baş vermiş "ərəb baharı" da öz rolunu oynayıb.
Səudiyyə Ərəbistanı öz əməllərini islam dünyasında hökmranlıq uğrunda gedən savaşla, eyni zamanda, şiə İranı ilə mübarizə ilə əsaslandırır. O, öz növbəsində ümumislam məkanında hegemonluğa da iddia edir. Ər-Riyadda düşünürlər ki, İranın rolunun güclənməsi şiə amilini də xeyli gücləndirib və bu, Yaxın Şərqdə vəziyyətin kökündən dəyişməsi ilə nəticələnə bilər. ABŞ-ın son zamanlar "cihad"çıların fəallığından Qərbin maraqları kontekstində ehtiyat etməsi də Səudiyyə Ərəbistanını narazı salır. Bu üzdən, Vaşinqton siyasətinə redaktələr edir, İraqla dialoq qurmağa çalışır, Suriya prezidenti Bəşər Əsədin dərhal hakimiyyətdən getməsini əvvəlkitək qəti şəkildə tələb etmir.
Bununla yanaşı, fakt faktlığında qalır - bütünlükdə islam dünyasında sələfilərin güclənməsi, nəticədə sünnilərlə şiələr arasında qarşıdurmanın artması həm də Qərbin siyasətinin nəticəsidir. Uzun illərdir hakimiyyətdə olan qüvvələrin devrilməsi həmin ölkələrdə Qərb nümunəsində demokratiyanın qurulmasına deyil, Fars körfəzinin vəhhabi monarxiyalarının son dərəcə fəallaşmasına səbəb olub. Söhbət artıq insan haqları sahəsindəki vəziyyətə görə, "inqilab"la üzləşmiş ərəb diktaturalarından da acınacaqlı durumda olan monarxiyalardan gedir. Nə qədər paradoksal olsa da, "vəhhabi beynəlmiləli" ilə mübarizədə önə, ilk növbədə, İran və Suriyanın "şiə ayparası" çıxır. Bu dövlətlər Qərbin ənənəvi əleyhdarları olsalar da, Qərbin dəstəyi olmadan Mühribdən tutmuş, Əfqanıstana qədər islam dünyasını bürümüş sələfilik dalğasının qarşısını ala bilməyəcək.
MƏSLƏHƏT GÖR: