
KÜRD AMİLİ
Türkiyə hökuməti Yaxın Şərqin enerji xəritəsində yeni və son dərəcə incə siyasət yürütməyə başlayıb
Müəllif: Camal BƏKİROV Bakı
Yaxın Şərqin enerji xəritəsində yüksək stavkalı yeni oyunlar başlayır. Şimali İraqdakı yataqlardan karbohidrogenlərin Türkiyəyə nəqli layihələrinin çoxmilyardlı gəlirlər vəd etdiyini nəzərə alsaq, oyuna başlamağa dəyər. Əsas hadisələr isə Ankara-Ərbil-Bağdad üçbucağı arasında yaşanır.
Bu prosesin Kürdüstan Demokrat Partiyasının (KDP) lideri Məsud Bərzaninin Türkiyənin Diyarbəkir şəhərinə səfər və orada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla başladığını söyləmək olar. Bu, dərhal "tarixi səfər" adlandırıldı. Çünki Türkiyənin illər boyunca kürd separatçılarını himayə etməkdə, Kürd Fəhlə Partiyasının (PKK) silahdaşı olmaqda təqsirləndirdiyi Bərzani indi ən yüksək səviyyədə qəbul edilirdi. Ərdoğanın "Kürdüstan" toponimini açıq şəkildə dilə gətirməsi isə Türkiyənin millətçi dairələri arasında hiddətə səbəb oldu.
Kürd liderinin Türkiyəyə qısamüddətli səfəri zamanı səsləndirdiyi bəyanatların əsas mahiyyəti kifayət qədər müsbət idi. O, Ankara ilə Ərbil arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmişdi. Analitiklərin fikrincə, bu yaxınlaşma prosesində tərəflərin hər birinin öz siyasi və iqtisadi məqsədləri var.
Siyasi motivlər
Türkiyə hökuməti üçün 2014-cü ildə keçiriləcək prezident seçkisi ərəfəsində ölkənin kürd əhalisinin dəstəyini qazanmaq son dərəcə vacibdir. Ötən seçkilərdən fərqli olaraq, bu dəfə Türkiyə Prezidentini Parlament yox, xalq seçəcək. Hazırkı Baş nazir Ərdoğan prezidentlik uğrunda yarışmaq fikrində olduğunu gizlətmir. Bunun üçün isə ona mümkün qədər çox səs lazımdır. Bu məqamda kürdlərlə münasibətin yumşalması ciddi amilə çevrilə bilər. 2011-ci ildə keçirilmiş son parlament seçkisində kürdlərin yaşadığı bölgələrdə hakim partiya, hətta kürd separatçılarının siyasi qanadı sayılan Sülh və Demokratiya Parti-yasını da üstələyə bilmişdi. İndi isə ilk dəfə olaraq öz muxtariyyətlərini yaratmış İraq kürdləri ilə oyuna gedən Türkiyə rəhbərliyi bununla Türkiyə kürdlərini bir şeyə inandırmağa çalışır: islahatlar terrorçuların ömürlük həbsdə olan lideri Abdullah Öcalanın, Sülh və Demokratiya Partiyasının iştirakı olmadan da həyata keçiriləcək.
Türkiyə KİV-in məlumatına görə, Ərdoğanla Bərzani arasında müzakirə edilmiş məsələlərdən biri Suriya kürdlərinin Suriyanın şimalında özünü idarəetmə orqanı yaratmaq niyyəti olub. Ərbil suriyalı kürdləri daim islamçıların hücumlarından müdafiə etsə də, İraq kürdlərinin liderinin "Demokratik İttifaq"ın (Suriya kürdlərinin siyasi hərəkatı) bütünlükdə Suriya kürdlərinin adından danışmaq cəhdlərinə münasibəti soyuq olaraq qalır.
Türkiyə üçün isə sərhədləri yaxınlığında həm də rəsmi Dəməşq tərəfindən dəstəklənən yeni kürd muxtariyyətinin yaradılması birbaşa təhlükə olardı. Ümumiyyətlə, Suriya və Misir böhranlarını da Ankaranı Şimali İraq kürdləri ilə yaxınlaşmağa sövq edən siyasi amillər sırasına daxil etmək olar.
Lap əvvəldən Suriyada silahlı müxalifəti dəstəkləyən, Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarı olan Türkiyənin hakim partiyası Yaxın Şərq siyasətində ciddi çətinliklərlə qarşı-qarşıya qalıb. Qahirə ilə yaşanan növbəti qalmaqaldan sonra, tərəflər arasında diplomatik münasibətlər məsləhətçilər səviyyəsinə enib. Dəməşqlə münasibətlər isə açıq-aşkar düşmən münasibətləridir. Belə olan təqdirdə, rəsmi Ankara vaxtilə dillər əzbəri olmuş mehriban qonşuluq siyasətini Şimali İraq kürdləri vasitəsilə dirçəltməyə çalışır.
Amma aydındır ki, Türkiyə hökumətinin İraqın kürd muxtariyyəti ilə yaxınlaşma prosesinin arxasında yalnız siyasi deyil, həm də iqtisadi səbəblər dayanır.
Bütün oyunlar borunun başındadır?
Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, 2035-ci ildə İraqda neft hasilatı gündə 3 milyon barreldən 8,3 milyon barrelə yüksələcək.
Neft hasilatının gündə 5 milyon barreldən çox artması İraqın dünyanın enerji tədarükünə töhfəsini ciddi şəkildə artıracaq. Hazırkı onillikdə dünyada gözlənilən neft hasilatı artımının, təxminən, 45%-i İraqın payına düşür.
İraq kürdlərinin nəzarətində olan neft mədənlərinə gəlincə, burada rəqəmlər birmənalı deyil. Müxtəlif qiymətləndirmələrə görə, bu ərazidə neft ehtiyatının həcmi İraqın ümumi neft ehtiyatının 20-60%-i civarındadır. Amma əksər ekspertlər İraqın neft ehtiyatının üçdəbirinin sözügedən bölgədə yerləşdiyini düşünür. Yeri gəlmişkən, ölkənin qaz ehtiyatının da böyük hissəsi İraq Kürdüstanı ərazisindədir.
İraq Kürdüstanının regional hökuməti enerji resurslarının dünya bazarlarına nəqlinə hazırlaşır və bunu qonşu Türkiyə ərazisi ilə gerçəkləşdirmək olar. Belə nəqlin həyata keçirilməsi üçün ən yaxşı dəhliz məhz Türkiyədir. Üstəlik, bu məsələdə Ankara ilə Ərbilin mövqeləri üst-üstə düşür. Türkiyənin Yaxın Şərq və Asiya karbohidrogenlərinin Avropaya nəqlində nə- həng ilkin bəndə çevirmək hazırkı türk elitasının çoxdankı planıdır. Bu üzdən Türkiyənin PPK ilə neft və qazın hasilatı və nəqli ilə bağlı danışıqlar aparmasını sözügedən layihənin reallaşdırılması istiqamətində atılan addım kimi qiymətləndirmək olar. Bu baş tutarsa, Türkiyə iqtisadiyyatı güclənəcək, o, əsas regional neft mərkəzinə çevrilmək imkanı qazanacaq. Türkiyə şirkətləri Şimali İraq neftinin nəqli ilə yanaşı, orada enerji resurslarının hasilatı imkanlarını da nəzərdən keçirirlər.
Ankara Qərbin İrana tətbiq etdiyi sanksiyalar üzündən hansı iqtisadi zərərlərlə üzləşdiyini yaxşı bilir. Ölkənin enerji və təbii resurslar naziri Taner Yıldız bu yaxınlarda İran neftinin sutkalıq idxalının həcminin azaldığını bəyan edib. Bu vəziyyəti nəzərə alsaq, İraqın kürdlər yaşayan bölgəsinin karbo-hidrogenləri Ankara üçün əsl tapıntı olardı.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankaranın məqsədini belə açıqlayıb: "İstəyirlər ki, enerji axıb getsin, Türkiyə isə bunu yalnız seyr etsin. Amma artıq bizim də gözlərimiz açılıb. Enerji axacaq, amma türklər onu sadəcə seyr etməyəcək. Enerji Türkiyədən axacaq".
Hazırda Şimali İraqda hasil olunan neft Türkiyəyə dəmir yolu vasitəsilə daşınır. Neft hasilatının sürətlə artdığını da nəzərə alsaq, bu daşıma vasitəsi çox məhduddur. Odur ki, Şimali İraq neftinin nəqli, həmçinin İraq ərazisindəki yataqların işlənməsi Türkiyə hökumətinin Şimali İraq kürdlərinə marağının əsas səbəbi sayıla bilər.
Diyarbəkirdə keçirilən Ərdoğan-Bərzani görüşündən sonra İraq Kürdüstanının Baş naziri Neçirvan Bərzani (Məsud Bərzaninin qardaşı oğlu) də Ankaraya səfər edib. O, Ankarada türkiyəli həmkarı ilə bağlı qapılar arxasında bir neçə saat danışıqlar aparıb. Türk mətbuatının məlumatına görə, tərəflər arasında 6 razılaşma imzanalıb. Sənədlər Türkiyənin TEC şirkətinə Şimali İraqda yataqların kəşfiyyatı və işlənməsi, həmçinin boru xəttinin çəkilməsi imkanını verir. Razılaşmada İraq neft və qazının alınmasına görə ödənişlərin detalları da qeyd olunub.
Neçirvan Bərzani isə Türkiyə ilə hər hansı razılaşma imzalamadığını bildirib. Bununla yanaşı, o, tərəflərin, demək olar ki, bütün məsələlərdə razılığa gələ bildiklərini söylə-yib. Bu isə öz növbəsində, İraqın Baş naziri Nuri əl-Malikinin Türkiyəyə gözlənilən səfərinin mahiyyətini aydın edir: İraqın mərkəzi hökumətinin kürd muxtariyyəti ilə Türkiyənin yaxınlaşmasına dair mövqeyi yeni siyasi oyunun əsas amillərindən biridir.
Bağdad narazıdır
Ankara son aylarda İraqın Nuri əl-Maliki hökuməti ilə münasibətlərdə bir sıra problemləri həll etməyə nail olub. Problemlər isə 2012-ci ilin əvvəlində İraq hökumətinin Ankaranı daxili işlərinə qarışmaqda günahlandırmasından sonra meydana çıxmışdı. Bağdad Ankaranın İraqın sabiq vitse-prezidenti Tarik əl-Haşimiyə sığınacaq verməsini məhz bu cür qiymətləndirmişdi. Yeri gəlmişkən, ölkəsində barəsində asılaraq edam olunması haqda qiyabi qərar çıxarılmış əl-Haşimi Türkiyəyə məhz İraq Kürdüstanı vasitəsilə qaçıb. Bundan başqa, ötən ilin avqustunda Türkiyənin XİN başçısı Davudoğlu İraqın Şimalındakı Kərkük şəhərinə səfəri zamanı Bağdada xəbərdarlıq etməyi lazım bilməmişdi. 2010-cu ildə İraqda keçirilən ümumi seçkidə Türkiyənin yeni baş nazir kimi İyaad Allavini dəstəkləyərək, Bağdadda yeni hökumətin formalaşmasına təsir göstərməyə çalışdığını da unutmaq olmaz. Amma bu səylər nəticə verməmiş, yenidən hökumətə rəhbərlik edən Nuri əl-Maliki isə anti-Türkiyə siyasəti yürütməyə başlamışdı.
İndi Türkiyə ilə Şimali İraq kürdləri arasında razılaşma Ankara-Bağdad münasibətlərini birdəfəlik poza bilər. Bərzani ilə Ərdoğan arasında razılaşmanın əldə edildiyinə dair xəbər yayılan kimi, İraq hökuməti hava məkanını Türkiyə təyyarələri üçün bağlı elan edib. Bu, rəsmi Bağdadın bu tipli qərarlar verdiyi ilk hal deyil.
İraq hökumətinin bu mövqeyi kürd muxtariyyətinin siyasi və iqtisadi azadlıq qazanmaqla Bağdadın nəzarətindən tam çıxa biləcəyi təhlükəsi ilə izah olunur. İraq rəhbərliyi etirazlarında ölkə Konstitusiyasına istinad edir. Konstitusiyaya əsasən, kürd muxtariyyətinin gəlirləri rəsmi Bağdadla Ərbil arasında müvafiq olaraq, 83%-in 17%-ə nisbətində bölünməlidir. Kürd hökuməti bu bölgüyə etiraz etmir. Amma bunun üçün kürdlər aktivlərin bilavasitə regional hökumətin hesabına köçürülməsini tələb edir. Rəsmi Bağdad isə bununla razı deyil.
Konstitusiyanın daha bir maddəsində İraq torpağının bütün sərvətinin bütünlükdə İraq xalqına məxsus olduğu bildirilir. Buna əsaslanan Bağdad təbii resursların bütün hasilatının, nəqlinin və kəşfiyyatının yalnız mərkəzi hökumətin nəzarəti altında həyata keçirilməli olduğunu bildirir. Odur ki, Türkiyə rəhbərliyi regional kürd hökuməti ilə danışıqlarla yanaşı, həm də İraq rəhbərliyi ilə razılığa gəlməlidir.
Türkiyə mətbuatınada ölkənin enerji və təbii resurslar naziri Taner Yıldızın iraqlı həmkarı ilə əməkdaşlığın, demək olar ki, bütün məqamlarında razılıq əldə etdiyinə dair məlumat yayılıb. Amma bu razılaşmaların funksionallığı arzulanan səviyyədə deyil. Maraqlıdır ki, bu məlumatın yayılmasından dərhal sonra, mərkəzlə muxtariyyət arasındakı mübahisəli ərazilərin təbii resurslarla ən zəngini olan Kərkükdə bir neçə terror aktı törədilib. Bununla paralel olaraq, Türkiyənin kürdlərin sıx məskunlaşdığı bölgələrində iğtişaşlar, polislə toqquşmalar baş qaldırıb. Mütəxəssislər hesab edirlər ki, Türkiyədə baş verən son hadisələr PKK-nın Ankaraya mesajıdır. O, bununla regiona real təsir rçaqlarının Bərzanidə deyil, Türkiyə kürdlərində olduğunu göstərməyə çalışır.
Bütün sadalananları nəzərə alsaq, Türkiyə hökumətinin Yaxın Şərqin enerji xəritəsində yeni və son dərəcə incə siyasətə başladığını söyləmək mümkündür. Ankaranın bu çətin oyundan qalib kimi çıxacağını, yoxsa bunun Türkiyənin Şərq siyasətini iflasa uğradacağını zaman göstərəcək.
MƏSLƏHƏT GÖR: