13 Mart 2025

Cümə axşamı, 15:01

QAPALI DAİRƏ

Misirin nümunəvi demokratiyaya yolu nə dərəcədə demokratikdir?

Müəllif:

21.01.2014

Misirin müasir tarixi, sanki, təkrar-təkrar eyni səhv yolu gedir. Bu ölkədə ötən əsrin 2-ci yarısında və indiki əsrin əvvəllərində yaşananları yada salsaq, əslində hər hansı ciddi dəyişikliyin olmadığını görərik - inqilablar, çevrilişlər, referendumlar, sonradan radikal forma alan xalq mübarizəsi, Qurandan sitatlarla qarışıq millətçi şüarlar... Yaşananların qəhrəmanları da dəyişmir - hərbçilər, Qərbdən olan qüvvələr, "Müsəlman qardaşlar", kəndlilər, ziyalılar. Yalnız kommunistlər gözə dəymir. Halbuki vaxtilə Misirin zabitləri "Müsəlman qardaşlar"la birlikdə məhz solçulara qarşı mübarizə aparıblar və bu məsələdə britaniyalılarla əməkdaşlıq ediblər. Bu qarışıqlığı ən yaxşı prezident Qamal Abdel Naserin taleyində görmək mümkündür. Sanki Qərb demokratiyasına simpatiya bəsləyən Abdel Naser, bununla yanaşı, sərt hakimiyyət tərəfdarı idi və millətçilərin - "Müsəlman qardaşlar"ın və solçuların sıralarında olmağa da macal tapmışdı. O, hakimiyyətə gələrkən əvvəlcə müttəfiq kimi, məhz, "Qardaşlar"a üstünlük verib. Amma tezliklə - 1954-cü ildə bu təşkilatın fəaliyyətini qadağan edib. Belə olan təqdirdə, "Qardaşlar"ın britaniyalılarla birləşərək, Naserə qarşı çıxdıqlarına dair xəbərlər yayılmağa başlayıb...

2014-cü il yanvarın 14-15-də Misir xalqı uzun illər boyu təkrar-təkrar keçdiyi yolu bir daha keçdi. Ölkənin yeni Konstitusiyası yenə də ümumxalq səsverməsi yolu ilə bu yaxınlarda qəbul edilmiş Konstitusiyanı əvəzləyəcək. Xatırladaq ki, o, ötən il hərbçilərin Məhəmməd Mursi hakimiyyətini devirməsindən bir neçə ay əvvəl qəbul olunmuşdu. O Konstitusiyada dünyəvi dövlətçilikdən imtina, qadınların, xristianların sıxışdırılması, həmçinin demokratik, liberal sayılmayan bir sıra dəyişikliklər nəzərdə tutulurdu. 2012-ci ilin dekabrında keçirilmiş referenduma seçicilərin, təxminən, 30%-i qatılmış və yeni Konstitusiyanı 63,8% misirli dəstəkləmişdi.

Misirin müvəqqəti hökuməti tərəfindən açıqlanan ilkin rəsmi məlumata görə, yeni Konstitusiyanın qəbulu üzrə keçirilmiş referendumda seçicilərin, təxminən, 55%-i iştirak edib və onların 90%-dən çoxu yeni qanuna "hə" deyib. Müqayisəli hesablama aparmaq çətin deyil.

Səsvermə Misir rəhbərliyinin ötən il elan etdiyi, siyasi islahatları nəzərdə tutan "yol xəritəsi"nin tərkib hissəsidir. O, ölkədə prezident və parlament seçkilərinin keçirilməsini də nəzərdə tutur. Yeni Konstitusiya layihəsinə əsasən, prezident seçkisi referendumdan ən uzağı 6 ay sonra keçirilməlidir. Misir hökuməti yeni Konstitusiyanın insanlara daha geniş hüquq və azadlıqlar verəcəyini, sabit dövlət quruculuğunda vacib addım olacağını bildirir. Ölkənin yeni prezidentinin kim olacağına gəlincə, misirlilərin qəbul etdikləri yeni Konstitusiyanın ordu rəhbəri, çevrilişin əsas ilhamvericisi olmuş Abdel Fəttah əs-Sisinin prezidentlik yolunu açacağı bildirilir. Referendumun nəticəsi həm də, sanki, xalq inamının özünəməxsus ifadəsidir. O göstərir ki, Mursinin istefası heç də tam mənada hərbi çevrilişin nəticəsi deyil. Hesab olunur ki, hərbçilərin lideri ölkədə səliqə-sahman yarada, Misiri siyasi və iqtisadi böhran burulğanından çıxara biləcək. Odur ki, sözügedən dairə, deyəsən, yenidən qapanır - general Hüsnü Mübarəkin əvəzinə general Abdel Fəttah əs-Sisi gəlir, "Müsəlman qardaşlar"ın fəaliyyəti isə yenidən qadağan olunur.

Hazırda terrorçu təşkilat sayılan "Müsəlman qardaşlar", əlbəttə ki, referendumu boykot edib. Hökumət səsvermənin təşkili vaxtı son dərəcə ciddi təhlükəsizlik tədbirləri görmüşdülər. Bir neçə gün ərzində ölkədə 450 nəfər həbs edildi, bir neçə partlayıcı qurğu zərərsizləşdirildi. Amma bu, insidentlərdən, qurbanlardan qaçmaq üçün kifayət etmədi. Təhlükəsizlik qüvvələrilə "Müsəlman qardaşlar"ın tərəfdarları arasında baş verən toqquşmalar səsvermənin ilk günündə 10 nəfərin həyatına son qoydu. "Qardaşlar"ın tərəfdarları seçki məntəqələrinə soxulmağa çalışır, polis onların qarşısını atəş açmaqla alırdı.

"Müsəlman qardaşlar" Misirin ən böyük və qədim islamçı təşkilatıdır. O, 1928-ci ildə orta məktəb müəllimi olan Həsən əl-Banna tərəfindən yaradılıb. Əl-Banna 1923-cü ildə qəbul edilmiş dünyəvi Konstitusiyanı qəbul etmirdi. "Müsəlman qardaşlar"ın məqsədi VII əsrin qanunlarına dönüş, modernistlər və müsəlmanlarla mübarizə idi. Tezliklə təşkilatın gizli silahlı qanadı da formalaşdı. Əl-Banna 1949-cu ildə öldürüldü. Bu, solçulara, millətçilərə və yəhudilərə qarşı törədilən terror aktlarına, polislərin, hətta baş nazirin qətlinə cavab idi. O zaman da (xüsusilə də indiki hadisələrin fonunda) "Qardaşlar"ın məqsədi yeni deyildi - dünyəvi Konstitusiyanın ləğvi. Sadəcə, onda digər qəhrəmanlar, o cümlədən beynəlxalq vəziyyət fərqli idi.

Beləliklə, təşkilat mövcud olduğu dövrün böyük hissəsində qanunsuz elan edilib. 2011-ci ildə prezident Hüsnü Mübarəkin devrilməsindən sonra isə "Qardaşlar" ölkənin ən yaxşı təşkilatlanmış siyasi qurumu idi. O dövrdə sanki onların hakimiyyətə gəlmək şansları yarandı. Lakin son nəticə yenə də heç kimi təəccübləndirmədi - son bir neçə ayda Misirdə hərəkatın, demək olar ki, bütün liderləri həbs olunub. Hazırda Mursi və "Müsəlman qardaşlar"ın daha 14 üzvü ölkədə 2012-ci ilin dekabrında keçirilən nümayişlər zamanı dinc insanları qətlə yetirməkdə təqsirli bilinirlər.

Yeni Konstitusiya layihəsində qadınların hüquqi bərabərliyindən, dini azadlıqdan danışılır, Misirdə "müasir demokratik dövlət"in qurulduğu bildirilir. Məsələ, sadəcə, Misirin nümunəvi demokratiyaya gedən yolunun özünün nə dərəcədə demokratik olmasındadır. Konstitusiya layihəsini hazırlayan komitədə islamçı partiyaların cəmi 2 üzvü var. VVS-nin məlumatına görə, ölkə ərazisində referenduma dəstək istiqamətində son dərəcə geniş və güclü təbliğat aparılıb, yeni Konstitusiyanın əleyhinə olanlara isə öz fikirlərini söyləmək imkanı verilməyib. Referendumu boykot edənlərdən olan "Güclü Misir" partiyasının bir neçə üzvü həbs olunub. Nəhayət, Mursinin devrilməsi özü nə dərəcədə demokratik idi? ABŞ Dövlət Departamenti rəsmisi Patrik Ventrell hələ 2012-ci ilin dekabrında deyirdi: "Demokratik yolla seçilmiş dövlət başçısı kimi, yaranan fikir ayrılıqlarını həll etmək yolunun tutulması üçün əsas məsuliyyəti, məhz,  prezident Mursi daşıyır...". 

Hazırda dəmir barmaqlıqlar arxasında saxlanılan Mursi isə özünü hələ də Misir prezidenti sayır.

Müşahidəçilərin fikrincə, Misirin hərbi diktaturaya yuvarlanması ehtimalı çoxdur. Yeni Konstitusiyada mülki şəxslərin hərbi məhkəmələrdə mühakimə edilməsinə yol açan maddə var. Bundan başqa, yeni qanun dini prinsiplərlə siyasi partiya və birliyin yaradılmasını qadağan edir. Orduya növbəti 8 il ərzində müdafiə nazirinin təyinatını nəzarətdə saxlamaq səlahiyyəti verilir. Bundan başqa, ordu öz büdcəsinə nəzarəti də ələ alır.

Hazırda inamla hakimiyyətə doğru gedən hərbçilərin heç bir əsaslı ideologiyası yoxdur. Amma onlar leksikonlarında qəribə şəkildə, Qərbin məşhur dəyərlərinə yer ayırırlar - demokratiya, vətəndaş cəmiyyəti, insan haqları. Amma müasir Misir üçün bu, nə dərəcədə qəbulediləndir? Siyasi qeyri-müəyyənlik ölkədə dərin iqtisadi tənəzzülə yol açıb. İnflyasiyanın səviyyəsi və ölkədən kapital axını sürətlə artır. Çevrilişin  legitimliyinin (öz-özlüyündə dəhşətli səslənir) referendum vasitəsilə sübuta yetirilməsi cəhdi isə çətin ki, Misir ictimaiyyətində həmrəylik yaratsın. Referenduma qatılan seçicilərin sayı əhalinin az qala yarısının səsverməyə qatılmadığını göstərir...

Bundan başqa, Reuters Misirin hərbi dairələrindəki mənbəyə istinadən xəbər verir ki, zabitlərin planları təsəvvür edildiyindən çox böyükdür və onlar ölkədə səliqə-sahmanın yaradılması, iqtisadiyyatın bərpası ilə kifayətlənmək niyyətində deyillər. Məlumata görə, hərbçilər Qəzza sektorunda HƏMAS-ın hakimiyyətinə son qoymağı düşünürlər. Misirdəki adıçəkilməyən mənbə hesab edir ki, ölkədə "Müsəlman qardaşlar"ın terrorunun kökünü kəsmək üçün onun Qəzzadakı "qanadı" olan HƏMAS məhv edilməlidir. Qahirədə hesab edirlər ki, Sinayda Misir ordusuna qarşı törədilmiş son terror aktlarına görə məsuliyyəti HƏMAS daşıyır - terror aktlarının təşkilində "Əl-Qaidə"yə yaxın islamçı yaraqlılara fələstinlilər yardım edib.

Həqiqətən də, HƏMAS-ın yaranmasının tarixi (1987) "Müsəlman qardaşlar" ilə sıx bağlıdır. Hələ 1934-cü ildə əl-Banna qardaşını Fələstindəki həmfikirləri üzərində nəzarəti ələ almaq niyyətilə oraya göndərmişdi. Sonradan "Qardaşlar" bu işə daha ciddi yanaşaraq filiallar, xeyriyyəçilik, təhsilə, idmana "soxulma"qla fəaliyyətlərini genişləndirdilər. HƏMAS-ın "Müsəlman qardaşlar"ın "qanadlarından biri olduğu" təşkilatın Nizamnaməsində də yazılıb. Təşkilatın bir çox üzvlərinin Misir ərazisində treninqlər keçdikləri hər kəsə bəllidir.

İndi Misir hərbçiləri HƏMAS-ın rəqibi olan FƏTH təşkilatını dəstəkləməyi, Qəzzada "həmasçılar"ın mövqelərinin güclənməsinə mane olacaq istənilən addımı atmağı düşünürlər. Artıq Sinay yarımadası ilə Qəzza sektorunu birləşdirən 1200-dən artıq yeraltı tunel məhv edilib. Qaçaqmalçılar həmin tunellər vasitəsilə böyük həcmdə silah və yük daşıyırdılar. Qəzzanın blokadası da qüvvədə qalır. Bu məsələdə Misirin Qərb tərəfindən təzyiqlərə məruz qaldığı istisna deyil. Məsələn, ABŞ Misirə hər zaman Yaxın Şərq regionundakı müttəfiqlərindən biri, aparıcı oyunçu kimi baxıb. Misirin "Əl-Ahram" qəzetinin yazdığına görə, ABŞ Konqresi tezliklə Misirə hərbi yardımların bərpasını planlaşdırır.

Amma "Müsəlman qardaşlar"ın kifayət qədər əhatəli olduğunu, Yaxın Şərqin bir sıra ölkələrində (Suriya, Livan, İraq, İordaniya) ciddi nüfuza, həmçinin Misirin özündə aşağı təbəqə arasında böyük populyarlığa malik olduğunu unutmaq olmaz.



MƏSLƏHƏT GÖR:

648