13 Mart 2025

Cümə axşamı, 15:14

UMAN YERDƏN KÜSƏRLƏR

Kiyev və İrəvanın oxşar addımlarına Qərb niyə fərqli yanaşır?

Müəllif:

21.01.2014

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib ki, o, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində danışıqların alternativinin olmadığına dair fikirlərilə razı deyil. "Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ var. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyur və ümid edirəm ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar", – deyə İlham Əliyev bildirib. Son aylarda baş verən bir sıra proseslər bu fikrin doğruluğunu bir daha təsdiqləyir.

Ötən ilin ikinci yarısı Rusiya ilə Qərb arasında postsovet məkanında sərt rəqabətlə, mübarizə ilə yadda qaldı. Bu mübarizənin nəticəsi olaraq, Avropa İttifaqı ilə Assosiativ Sazişdən imtina edən Ermənistan qəflətən Rusiyanın təşəbbüsü olan Gömrük İttifaqına qoşulmaq qərarı verdi. Ukrayna isə Aİ ilə Assosiativ Sazişin imzalanması prosesini dayandırdı. Kiyev Gömrük İttifaqına qoşulmasa da, Rusiya ilə xeyli yaxınlaşdı.

Ermənistanın bu qərarı proqnozlaşdırılan idisə, Ukraynanın addımında Qərbin öz mövqeyi mənfi rolunu oynadı. Beləliklə, "Şərq tərəfdaşlığı"nın Vilnüs sammiti ona olan nikbin gözləntiləri doğrultmadı. Vaşinqtonla Brüssel isə yaranmış vəziyyətdən özləri üçün nəticə çıxararaq, sammitdən sonra Ukrayna müxalifətinin etiraz aksiyalarına dəstək verməklə, hökuməti sanksiyalarla hədələməklə, Kiyevə ciddi təzyiq göstərməyə başladılar.

ABŞ Senatının qəbul etdiyi qətnamədə Ukrayna yaranmış böhranı dinc yolla həll etməyə çağırılır. Qətnamə Kiyevdə nümayişçilərlə polis arasında növbəti toqquşmadan sonra qəbul olunub. Bəzi məlumatlara görə, hazırda ABŞ Senatı Ukrayna hökumətində təmsil olunan 10-20 şəxsin adının salındığı siyahını nəzərdən keçirir. Həmin şəxslərə qarşı fərdi sanksiyaların tətbiqi istisna olunmur: Amerika ərazisinə səfərlərə qadağa, Qərb banklarındakı hesabların dondurulması. Ukrayna hökumətində təmsil olunan şəxslərə qarşı sanksiyaların tətbiqi məsələsi Brüsseldə də müzakirə edilir. Qərb "Şərq tərəfdaşlığı"nın Vilnüs sammitinin iflasa uğramasına görə, Ki-yevi bağışlamaq niyyətində olmadığını açıq şəkildə göstərir.

Amma analoji siyasət yürüdən Ermənistana qarşı nə Vaşinqtondan, nə də Brüsseldən eyni münasibət var. Bir halda hər şeyə görə yalnız Ukrayna günahlandırılırsa, ikinci halla bağlı Aİ-nin bütün diplomatik korpusu və Vaşinqton Rusiyanı günahkar sayır, onu İrəvanı hədə və şantaj yolu ilə Gİ-yə cəlb etməkdə təqsirləndirir. Bununla yanaşı, İrəvanın Gİ-yə qoşulmasına etiraz olaraq Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirən şəxslərə qarşı polisin qəddarlığı, ümumiyyətlə, gündəmə gətirilmir. Şübhəsiz ki, Ermənistan Qərb üçün Ukrayna deyil: yoxsulluq içərisində boğulan, heç bir resursu, regiona heç bir təsir imkanı olmayan İrəvana tələbat elə də böyük deyil. Amma Qərbin prinsipial mövqeyi bu məsələdə də ortaya qoyulmalı idi.

Bu kontekstdə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın fikri böyük maraq doğurur. Ukrayna xalqından fərqli olaraq, ermənilərin ölkənin Aİ ilə Assosiativ Sazişdən imtinasına ciddi etiraz etməməsinin, İrəvanda avromaydanın yaranmamasının səbəblərindən danışan eks-prezident əsas amil kimi, Qərbin erməni xalqında yaratdığı dərin məyusluğu və onların məsələlərə yanaşmalarındakı ikili standartları göstərir. Yəni 2008-ci ildə onlarla qurban və yüzlərlə siyasi məhbus hesabına hakimiyyəti qəsb etmiş Serj Sarqsyana dəstək vermiş Qərb sırf geosiyasi məqsədlər üzündən özünü elə aparıb ki, sanki, Ermənistandakı ümumxalq hiddətini görmür. Üstəlik, bütün bu illərdə Ermənistandakı cinayətkar hakimiyyətin daha da güclənməsi, bütün növbəti seçkilərin saxtalaşdırılması, demokratiya və insan haqlarının tapdanması üçün hər iş görülüb. Və bütün bunlar hələ dərdin yarısıdır. Hətta İrəvanın Avropaya arxa çevirməsindən sonra belə, Qərb öz ərköyününün "xətrinə dəymək" istəmir. Ermənistana qarşı hələ də güzəştli GSP+Aİ rejimi qüvvədədir. Bu, Aİ bazarlarına 1000-dən artıq adda məhsulun sıfır gömrük rüsumu ilə çıxarılmasına imkan verir. Ermənistanın Gİ-yə üzvlüyündən sonra da Brüsselin bu rejimi ləğv edib-etməyəcəyi məlum deyil.

Burada daha bir ciddi problem Dağlıq Qarabağ münaqişəsinin çözülməmiş qalmasıdır. Hələ Vilnüs sammitinə qızğın hazırlığın getdiyi dönəmdə çexiyalı ekspert E.Lerner İrəvanın Avropaya inteqrasiyası haqda danışarkən bildirmişdi ki, Aİ istənilən mümkün vasitə ilə Dağlıq Qarabağı Ermənistandan ayıracaq. Avropalılar Ermənistanın Dağlıq Qarabağın protektoratı statusunu dəstəkləməyəcək, sırf formal olaraq isə bu ərazi Azərbaycanla Aİ arasında assosiasiyaya dair danışıqlarda gündəmə gətirilir. Şübhəsiz ki, bu perspektiv İrəvanın təcavüzkar siyasətinə tam zidd idi. Amma Ermənistanın Gİ-yə üzvlüyü zamanı da bu münaqişə konkret həllini tapmalıdır. İrəvanda ümid edirlər ki, onların Gİ-yə qoşulması ilə Dağlıq Qarabağ da avtomatik olaraq, bu qurumun sərhədləri daxilinə düşəcək. Bakı dekabrın sonlarında, məhz, bu səbəbdən, Ermənistanın Gİ-yə üzvlüyünə etirazını bildirib. Bakıda hesab edirlər ki, Ermənistan bu quruma yalnız öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasından, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qoşula bilər. Əks təqdirdə, Ermənistan hər hansı ittifaqa qoşularkən ərazisi və sərhədləri beynəlxalq yurisdiksiya ilə ziddiyyət təşkil edəcək. Buna səbəb onun Azərbaycanın ərazi bütövlüyünü pozmasıdır. Bu yerdə bir məqama diqqət çəkmək lazımdır ki, Bakı Gİ də daxil olmaqla, heç bir siyasi-iqtisadi inteqrasiya layihəsinə qarşı deyil. Bakı sadəcə belə layihələrin Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən şəkildə gerçəkləşdirilməsinə etiraz edir. Maraqlıdır ki, bu məsələdə Azərbaycanın mövqeyini Gİ-nin 2 üzvü – Belarus və Qazaxıstan da dəstəkləyir. Belarus prezidenti Aleksandr Lukaşenko bir neçə ay əvvəl Ermənistanın Gİ-yə qəbulu məsələsində Azərbaycanın mövqeyinin nəzərə alınmasının vacibliyini bəyan edib. Avrasiya Ali İqtisadi Şurasının dekabrın 24-də keçirilən toplantısında isə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev ölkəsinin Ermənistanın Gİ-yə üzvlüyü ilə bağlı "yol xəritəsi"ni müəyyən qeyd-şərtlə imzalamağa hazır olduğunu bildirib. O, fikrini Dağlıq Qarabağ münaqişəsilə əlaqədar olaraq, Ermənistanın sərhədlərilə bağlı məsələyə aydınlıq gətirilməsinin vacibliyilə əsaslandırıb.

Avrasiya İqtisadi Birliyi İnstitutunun siyasi analitiki N.Fridrixson hesab edir ki, Ermənistanın Gİ-yə üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyi Vaşinqton və Brüssel tərəfindən də dəstəklənəcək. Yeri gəlmişkən, Avropa Parlamentinin ötən il oktyabrın sonlarında "Şərq tərəfdaşlığı" proqramı ətrafındakı vəziyyətə dair qəbul etdiyi qətnamədə bildirilir ki, "Şərq tərəfdaşlığı" proqramının bir üzvünün digərinin ərazisini işğal etməsi proqramın fundamental prinsipləri və məqsədlərinə ziddir". Bununla əlaqədar olaraq, sənəddə BMT TŞ-nin bu günədək İrəvanın əhəmiyyət vermədiyi 4 qətnaməsinə istinad olunur.

Avropa Parlamentinin bu qətnaməsi Ermənistan tərəfindən mənfi qarşılanıb. Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri məsələyə münasibət bildirməkdən bütün mümkün yollarla yayınırlar. Halbuki məntiqlə Azərbaycanın etirazı, ilk növbədə, onları maraqlandırmalıdır. Gİ-nin təşəbbüskarı olan Moskvanın bu məsələdə susmasını haradasa anlamaq mümkündürsə, Vaşinqtondan heç bir reaksiyanın gəlməməsinə izah vermək olmur. Üstəlik, bu, ABŞ-ın Ukrayna hökumətinə ciddi təzyiq göstərməsi fonunda baş verir. Halbuki İrəvandan fərqli olaraq, Kiyev Gömrük İttifaqına qoşulmaq niyyətində olduğunu bəyan etməyib. Ermənistan isə bu quruma işğal etdiyi Azərbaycan torpaqları ilə birlikdə qoşulmağa çalışır.

Görəsən, Ermənistan başqa hansı abırsızlığı etməlidir ki, Vaşinqton və Brüssel onu, nəhayət, beynəlxalq normalara hörmətə məcbur etmək üçün alternativ variantlar düşünsün? Bəlkə, ilk olaraq Qərb Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə ianə və humanitar yardım adı altında maliyyə ayırmağı dayandırsın və bunun əvəzində təcavüzkar ölkəyə sanksiyalar tətbiq etsin? Nə vaxt ki, bunu dünyanın qüdrətli dövlətlərinin maraqları tələb edir, tez bir zamanda alternativlər də tapılır, təzyiq üçün qətiyyət də, siyasi iradə də.



MƏSLƏHƏT GÖR:

748