
HƏYƏCAN SİQNALI
Tomislava PENKOVA: "Aİ-nin regiona təsiri kifayət qədər güclü və yerli ölkələr üçün cəlbedici deyil"
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Avropa İttifaqının bir neçə aydan sonra Litvada keçiriləcək "Şərq tərəfdaşlığı" sammiti bu proqramın ilkin nəticələrilə bağlı hesabat anı kimi qəbul edilir. Sammit ərəfəsində Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarı verməsi ekspertlərdə bir çox suallar yaradıb.Ermənistanın Avropaya inteqrasiyadan imtinası və ümumilikdə Aİ-nin Şərq qonşuları ilə bağlı siyasəti haqda Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (Milan) eksperti, eyni zamanda "Şərq tərəfdaşlığı" üzrə ekspert olan Tomislava PENKOVA ilə söhbətləşdik.
- Ermənistanın Gömrük İttifaqına üzv olmaq istəyini necə şərh edərdiniz?
- Ermənistan prezidentinin qərarı və ya seçimi (axı, biz hazırda ölkələrin etdiyi Aİ və ya Rusiya seçimindən danışırıq) müəyyən mənada başadüşüləndir. Ermənistan MDB, KTMT kimi regional təşkilatların üzvü qismində Rusiya üçün hər zaman siyasi və hərbi müttəfiq olub. İrəvanda bilirlər ki, Rusiya ilə Gömrük İttifaqı və Aİ-yə inteqrasiya bir arada olması mümkün olmayan iki fərqli layihədir. İndiki mərhələdə görünən odur ki, Ermənistanın Rusiya ilə düşmənçilikdən qaçmaq istəyi (Aİ-yə inteqrasiyanın seçilməməsilə) daha üstündür. Ermənistan iqtisadi imkanlarla yanaşı, təhlükəsizlik zəmanəti də almaq istəyir. Bu zəmanəti isə ona Aİ yox, Rusiya verə bilər. Üstəlik, Aİ ilə yaxınlaşmanın baş verəcəyi təqdirdə, Ermənistanın xərcləri xeyli artacaq. Bir sıra islahatların həyata keçirilməsi üçün də ciddi xərclər tələb olunacaq. Baş verənlərdə sürpriz bu qərarın Vilnüsdə keçiriləcək "Şərq tərəfdaşlığı" sammiti ərəfəsində verilməsidir. Bu, Aİ və onun "Şərq tərəfdaşlığı" siyasəti üçün həyəcan siqnalıdır: demək ki, qonşularda hələ də qeyri-sabitlikdir və region dövlətləri hələ də seçimlərini Rusiya amilinin təsiri altında edirlər.
- Cəmi bir neçə gün əvvələdək Vilnüsdə Aİ ilə Assosiativ Saziş imzalamağa hazır olan Ermənistanın bu qərarı ölkənin Avropa perspektivlərinə necə təsir göstərəcək?
- Söhbət Ermənistanın Avropa perspektivlərindən yox, onun seçim imkanının olmamasından gedir. Ermənistan, məsələn, Ukrayna və ya Gürcüstandan fərqli olaraq, heç zaman Aİ-yə inteqrasiya məsələsində liderlik nümayiş etdirməyib. Ermənistanın Rusiyadan Gömrük İttifaqına üzvlüklə bağlı heç zaman dəvət almaması bu mənada kifayət qədər simptomatikdir.
- Gömrük İttifaqına üzvlük Ermənistanın suverenliyinə daha ciddi zərbə olmayacaqmı?
- Gömrük İttifaqına üzv olmaqla bağlı qərarın qəbulu proseduruna əsasən, üzvlərin hər biri Avrasiya İqtisadi Komissiyasının rəhbər orqanlarında bir səsə malikdir. Bütün qərarlar isə konsensus əsasında qəbul edilir. Bu baxımdan, İrəvanın nöqteyi-nəzərindən söhbət siyasi yox, daha çox iqtisadi maraqlardan gedir.
- Avropa İttifaqı ilə Rusiyanın təklif etdiyi azad ticarət zonası layihələri arasında müqayisə aparsaq, Brüssel postsovet ölkələrinə hansı üstünlükləri təklif edir?
- Rusiyadan fərqli olaraq, Brüssel tərəfdaşlarına üstünlük təklif etməzdən əvvəl onlardan müəyyən normativ standartlara əməl olunmasını tələb edir. Bu, öz-özlüyündə asan iş deyil. Fikrimcə, Brüsselin tərəfdaş ölkələrinin əsas üstünlüyü (Aİ ilə ticarət və investisiya münasibətlərinin genişləndirilməsini nəzərə almasaq) onun öz iqtisadiyyatını, sənaye potensialını müasirləşdirmək imkanı qazanmasıdır.
- Yeri gəlmişkən, Rusiyanın fəallığı nəticəsində Vilnüs sammiti ərəfəsində bir neçə üzv dövlət artıq Moskvaya tərəf meyillənməyə başlayıb. Bu, Aİ-nin regiondakı fəaliyyətinin zəifliyini göstərmirmi?
- Bəli, əlbəttə. Bu, Aİ-nin regiona təsir imkanının kifayət qədər güclü olmadığının, yerli ölkələrə cəlbedici gəlmədiyinin daha bir konkret nümunəsidir. Odur ki, Brüssellə regional tərəfdaşları arasında assosiasiya haqqında sazişin imzalanmasınadək daha yeni hadisələrin baş verməsi də mümkündür.
- Bütün bunların fonunda qarşıdan gələn "Şərq tərəfdaşlığı" sammitindən nə gözləmək olar?
- Biz rəsmi məsələlərlə gözlənilməz hadisələrə yol aça biləcək reallıqlar arasındakı fərqi görməliyik. Gözlənilən hadisələr sırasında Moldova, Gürcüstan və Ermənistanla assosiasiya haqqında sazişin, həmçinin Dərin və Hərtərəfli Azad Ticarət Zonası sazişinin paraflanmasını göstərə bilərəm. Ukrayna ilə də hər iki sazişin imzalanması mümkündür. Bütün bunları "Avropa qonşuluq siyasəti"/"Şərq tərəfdaşlığı" proqramının müsbət nailiyyətləri sırasına aid etmək olar. Amma bununla yanaşı, Ermənistanın mövqeyini dəyişməsi, hələ ki, Ukraynanın mövqeyindəki qeyri-müəyyənlik, Aİ üzvləri arasında "Şərq tərəfdaşlığı" ilə bağlı fikir müxtəlifliyinin qalması da ortadadır. Üstəlik, Gürcüstanın baş naziri İvanişvili bu yaxınlarda ölkəsinə Gömrük İttifaqına qoşulmaq təklifini irəli sürə biləcəyini açıqlayıb. Vəziyyətin qeyri-müəyyən olduğu şübhə doğurmur və biz hələ çox ritorika ilə, hər üç tərəfin (Aİ, Rusiya və "Şərq tərəfdaşlığı" üzrə tərəfdaşlar) simasını qoruması və siyasi maraqları ilə bağlı təzyiqlərilə üzləşəcəyik.
- Bunun fonunda Azərbaycan daha müstəqil tərəfdaş təsiri bağışlayır. Aİ Azərbaycandakı maraqlarını Rusiyaya və ya digər regional gücə uduzmamaq üçün mübarizə aparmağa hazırdırmı?
- Azərbaycan Rusiya üçün vacib tərəfdaş olsa da, müttəfiq deyil. Bu, o deməkdir ki, qərarlarını müstəqil qəbul edir və Rusiya resurslarından asılı vəziyyətdə deyil. Bu, xüsusilə söhbətin Aİ-dən getdiyi halda, Qərbə də aiddir. Amma bu vəziyyət Bakıya Rusiya ilə yaxşı münasibətlər qurmağa mane olmur. Düşünürəm ki, Bakı regional və beynəlxalq səviyyədə müəyyən tarazlığı qorumağa çalışacaq, tərəfdaşlarını maraqların üst-üstə düşdüyü yerdə axtaracaq.
MƏSLƏHƏT GÖR: