14 Mart 2025

Cümə, 10:36

CİB DÖVLƏTİ

Ermənistan lokal geosiyasi məsələlərin həllində Moskva üçün alətdir

Müəllif:

17.09.2013

Baş verməli olan baş verdi. İrəvanın Moskva ilə Brüssel arasında qısa sürən manevrləri tam kapitulyasiya ilə başa çatdı. Serj Sarqsyan Rusiya prezidenti Vladimir Putin ilə iki saat davam edən görüşündən sonra Ermənistanın Rusiyanın irəli sürdüyü inteqrasiya proseslərinə qoşulmağa hazır olduğunu açıqladı. Söhbət Gömrük İttifaqına (Gİ) üzvlükdən, daha sonra isə formalaşmaqda olan Avrasiya İqtisadi İttifaqına qoşulmaqdan gedir.

Ermənistanın bu qərarı heç də təəccüblü deyildi. Çünki bu ölkə patronu Rusiyadan maddi-iqtisadi, bundan daha da artıq hərbi-siyasi baxımdan son dərəcə asılı vəziyyətdədir. Türkiyə və Azərbaycana qarşı özünün hüquqa zidd ərazi iddiaları səbəbindən bu ölkələrlə münaqişə yaşayan Ermənistanın təhlükəsizliyi məhz Rusiyanın hərbi bazası, təmənnasız silah-sursatı və texnikası hesabına təmin olunur. Ölkə iqtisadiyyatının və infrastrukturunun strateji əhəmiyyəti olan sahələri - AES, istilik və hidroelektrik stansiyaları, dəmir yolu, boru xətləri, elektrik və qaz şəbəkələri, mobil rabitə, iri müəssisələr - ya Rusiyanın mülkiyyətidir, ya da idarə olunması üçün Rusiya şirkətlərinə verilib. Moskva Ermənistanın əsas maliyyə donorudur. O, İrəvana güzəştli şərtlərlə milyardlarla kredit verib. İndi Rusiya qazın qiymətini artırmasına kompensasiya olaraq, ermənilərə ildə 150 milyon dollar qrant da vəd edir. Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, yalnız ötən il və bu il bu ölkədə 800 minədək Ermənistan vətəndaşı qeydiyyata düşüb. Ermənistandan Rusiyaya fərdi pul köçürmələrinin həcmi 2-2,5 milyard dollara çatır və bu, az qala Ermənistanın dövlət büdcəsinə bərabərdir.

Avropa İttifaqının maddi-iqtisadi yardımı da Ermənistan üçün kifayət qədər əhəmiyyətlidir. Lakin o, Rusiyanın ayırdığı yardımlardan dəfələrlə azdır. Brüsselin İrəvanla Aİ arasında Assosiativ Sazişin imzalanmasından sonra keçirməyi planlaşdırdığı donor konfransın (ermənilər ondan sonra yardım, güzəştli kredit və investisiya kimi 1-1,5 milyard avro almağa ümidli idilər) perspektivi qeyri-müəyyəndir. Bu zaman Rusiyanın imtiyazlarından məhrumolma isə tamamilə real idi. Moskvanın dəstəyi olmasa, Ermənistanı nəinki iqtisadi tənəzzül, həm də Bakı ilə münaqişədə mütləq məğlubiyyət, işğal olunmuş Azərbaycan torpaqlarından çıxmaq gözləyir. Hazırkı rejimin təbliğatçıları İrəvanın Aİ-dən üz döndərərək Gİ-yə tərəf istiqamət almasını məhz bu arqumentlərlə əsaslandırır.

İndi yerli və xarici müşahidəçilər, siyasətçilər və analitiklərin sualı bir məqamla bağlıdır: Serj Sarqsyan hökumətinin Aİ ilə Assosiativ Sazişin və azad ticarət zonasının yaradılmasına dair sənədin mətninin hazırlanmasına illərin sərf olunmasında əsl məqsəd nə imiş? Bu proseslə paralel olaraq, Ermənistan hökuməti Vilnüsdə keçiriləcək sammitdə sözügedən razılaşmanın paraflanacağına dair intensiv və artıq göründüyü kimi, qeyri-səmimi təbliğat da aparırdı.

Bəs, Ermənistan rəhbərliyi, həqiqətən, Rusiyadan tarixi vassal asılılığından Avropaya inteqrasiyanın xeyrinə imtina etmək istəyirdi, yoxsa erməni analitiklər və siyasətçilərin dedikləri kimi, "mehriban buzov iki əmcəkdən əmər" misalında olduğu kimi, xarici siyasətində Rusiya istiqamətini Avropa istiqaməti ilə uzlaşdırmaq niyyətində idi? Ermənistanın mövcud rejiminin təbiətini nəzərə alsaq, cavabın ikinci variant olması ehtimalı daha yüksəkdir. Serj Sarqsyanın bütün bu dövr ərzində Kremli gizli şəkildə ona sadiqliyinə inandırmağa çalışdığı şübhə doğurmur. O, bu müddətdə Rusiyanın, yəqin ki, sadəcə Avropa İttifaqının "zəmisində də bir az otlamaq" üçün izn istəyib. Erməni siyasətçilər Moskva ilə Brüssel arasında sanki hərrac keçirərək, onlardan Ermənistanın meyillənməsi üçün əlavə imtiyazlar almağın əleyhinə deyildilər.

Reallıq isə daha sərt və bayağı oldu. Ermənistan daha zəngin oğlan seçən gözəl qız deyil. O, sədəqə yığan yoxsul müftəxordur. Moskvadan gələn növbəti komandadan sonra Serj Sarqsyan və Ko dərhal anladılar ki, Ermənistan "iki kürsüdə" rahat oturmaqla onların arasında asanlıqla çətin vəziyyətə düşə bilər. Bu səbəbdən, onlar dərhal patronları olan Rusiyanın ayağına düşdülər. Serj Sarqsyanın Moskva səfəri zamanı Ermənistanın Gİ-yə üzvlüyünü əks etdirən heç bir sənəd imzalanmasa da, bu haqda verilən bəyanat onun Aİ-nin "Şərq tərəfdaşlığı" siyasəti fonunda inteqrasiya planlarını ortaya qoyub. Ermənistanın Gömrük İttifaqına üzvlüyünə gəlincə, Rusiya baş nazirinin birinci müavini İqor Şuvalovun sözlərinə görə, bu haqda sənəd 2014-cü ilin mayında hazır olacaq. Həmin vaxtadək Avrasiya İqtisadi İttifaqının yaradılmasına dair müqavilənin imzalanması da nəzərdə tutulub.

Ermənistanın hazırkı rəhbərliyinin və ölkənin özünün başqa bir dövlətdən alçaldıcı dərəcədə asılı olmasını mümkün qədər ört-basdır etmək üçün prezident Sarqsyan və onun hökumətinin üzvləri müxtəlif bəhanələr gətirir, bir-birini istisna edən bu iki inteqrasiya prosesində birgə iştirakın mümkünlüyünə dair ziddiyyətli bəyanatlar səsləndirirlər. Məsələn, Dağlıq Qarabağ problemilə bağlı məqamla yanaşı, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan ölkəsinin Gİ-yə üzvlüyü nəticəsində dəmir yolunun Abxaziyadan keçən hissəsinin tezliklə açılacağını bəyan edib. Amma onun bu iddiası dərhal Tiflis və Suxumi tərəfindən təkzib olunub.

Ermənistan KİV-i, uzaqgörən olmayan analitiklər və siyasətçilər Rusiyanı Dağlıq Qarabağdakı aeroportdan istifadəyə vadar etmək kimi fantastik arzularını dilə gətirirlər. Üstəlik, onlar Rusiyanın bu aeroportdan yalnız mülki deyil, həm də hərbi məqsədlərlə istifadə etməli olduğunu, hətta orada hərbi baza yerləşdirməsinin vacibliyini vurğulayırlar. Bəziləri iddia edir ki, Ermənistan Avropa və ya Avrasiyaya inteqrasiya layihələrində iştirakının əvəzində adıçəkilən güc mərkəzlərindən birinin Dağlıq Qarabağın müstəqilliyini tanımasını tələb etməlidir. Bu iddianı parlamentin sentyabrın 10-da keçirilən toplantısında müxalifətçi "İrs" partiyasının fraksiyasına rəhbərlik edən Ruben Akopyan səsləndirib.

Lakin Rusiyanın siyasi və analitik dairələrinin bu məsələyə reaksiyası ermənilərin ümidlənməsinə imkan vermir. Ruslar, hətta Ermənistan dövlətçiliyinə etinasızlıqlarını gizlətməyə belə, çalışmırlar. Məsələn, Rusiya prezidentinin məsləhətçisi Sergey Qlazyev populyar "Exo Moskvı" radiosuna müsahibəsində aparıcının Ermənistanın Gömrük İttifaqı ilə ümumi sərhədinin olmadığına dair sualına cavab olaraq eyni durumda olan Kalininqrad vilayətini misal çəkib. Aparıcının Ermənistanın hər halda, ayrıca dövlət olduğuna dair replikası isə Qlazyevi qətiyyən pərt etməyib: "...Bizim üçün bunun dövlət, yoxsa dövlətin bir vilayəti olması fərq etmir. Əsas odur ki, bu, vahid gömrük ərazisidir".

Rusiyada dərc olunan nüfuzlu "Nezavisimaya qazeta"da baş verənlərlə bağlı "Kiçik vacib qələbə" başlıqla simptomatik məqalə çıxıb. Məqalədə bildirilir ki, "Rusiyanın inteqrasiya hədəfi kiçik Ermənistan yox, postsovet məkanının daha "maraqlı" ölkələridir. Hələlik Ukrayna ilə bağlı vəziyyət aydın deyil və odur ki, onun Gİ-yə inteqrasiyasının əlehydarlarına Ermənistanın uzaqlaşması kimi kozır vermək, bu ideyanın birdəfəlik dəfni olardı. Əlbəttə ki, Ermənistanın Gİ-yə cəlb olunmasında əldə edilmiş uğur Rusiya üçün xüsusi qürur obyekti ola bilməz. Bu, təxminən, Braziliyanın futbol yığmasının Qrelandiya qütbçüləri üzərindəki qələbəsinə bənzəyir. Amma eyni zamanda, Rusiya bu qələbədən imtina da edə bilməzdi".

Bir sözlə, son günlər baş verənlər aydın şəkildə göstərdi ki, Ermənistan Avropa İttifaqının inteqrasiya tərəfdaşı yox, yalnız Moskvanın əlində lokal geosiyasi məqsədlərinə çatması üçün alətdir - istər Cənubi Qafqazda olsun, istərsə də daha geniş olan postsovet məkanında. Qərb mətbuatı və siyasətçiləri məsələyə məhz bu kontekstdə yanaşırlar. Amerikanın tanınmış və nüfuzlu Stratfor tədqiqat mərkəzində hesab edirlər ki, Ermənistanın Gömrük İttifaqına qoşulması bütünlükdə Cənubi Qafqazda gedən geosiyasi proseslərə də öz təsirini göstərəcək. "Ermənistanın Rusiya ilə ümumi sərhədləri yoxdur. Odur ki, daha sıx gömrük və ticarət əlaqələri üçün iki ölkə arasında tranzit ölkəyə ehtiyac yaranacaq", - deyə qurumun bu günlərdə açıqladığı hesabatında bildirilir. Mərkəzin analitikləri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanın Azərbaycanla sərhədləri bağlı olduğundan, tranzit ölkə olmağa yeganə məntiqli namizəd Gürcüstandır.

Son zamanlar Gürcüstan rəhbərliyinin Rusiya ilə bağlı mövqeyində də müəyyən yumşalma müşahidə olunur. Gürcüstanın baş naziri  Bidzina İvanişvili bu yaxınlarda bildirib ki, Avropa xətti Tiflis üçün prioritet olaraq qalır və noyabrda onlar Aİ ilə müvafiq razılaşmanı paraflayacaqlar. Amma bununla yanaşı, İvanişvili Rusiya və Gömrük İttifaqı ilə də əməkdaşlığın dərinləşdiriləcəyini istisna etməyib.

Baş nazirin bu bəyanatı Gürcüstan prezidenti Mixail Saakaşvilinin tərəfdarları arasında qəzəbə səbəb olub. Nəticədə, hökumət başçısı məsələ ilə bağlı xüsusi bəyanatla çıxış etməli olub. Şübhəsiz ki, Moskva Abxaziya və Cənubi Osetiya ilə bağlı məsələlərdə mövqeyini Gürcüstanı qane edəcək formada dəyişməzsə, nəinki Gürcüstanın Rusiyanın inteqrasiya proseslərində iştirakı haqda danışmaq yersizdir, hətta iki ölkə arasında diplomatik münasibətlərin normallaşması belə, mümkünsüz görünür.

Azərbaycana gəlincə, Ermənistanı narahat edən Moskvanın Bakını öz inteqrasiya proseslərinə cəlb etməsi üçün Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişdən başqa resursunun olmamasıdır. Üstəlik, Moskva bunu bu və digər formada Azərbaycanı qane edən şəkildə etməlidir. Ciddi maliyyə və enerji resurslarına, güclü iqtisadiyyata və böyük əhaliyə malik olan Azərbaycan nə Avropa İttifaqı ilə, nə də postsovet məkanındakı inteqrasiya proseslərində iştirakını sürətləndirir. Bakıya heç nə ilə təzyiq göstərmək mümkün deyil. İdeoloji boşboğazlıq etməyin isə mənası yoxdur. Praktik olaraq isə Bakı suverenliklə bir araya sığan, praqmatik maraqlara cavab verən istənilən təklifi nəzərdən keçirməyə hazırdır.

Beləliklə, Ermənistanın inteqrasiya vektorunu Brüsseldən Moskvaya dəyişməsinin strateji nəticələri olmayacaq. Bu məsələdə ən vacibi Ukraynanın mövqeyidir. Əsas hadisələr isə artıq noyabrda keçiriləcək Vilnüs sammitindən sonra baş verəcək.

Ermənistan isə müstəqil dövlət üçün alçaldıcı olan "forpost", üstəlik, son vaxtlar tez-tez səslənən "eksklav" epiteti ilə razılaşmalı olacaq. Zatən, əsassız ərazi iddiaları və qonşularla düşmənçilik elə bu cür də sonuclanmalı idi.

P.S. Bu arada Rusiya prezidenti Vladimir Putinin Ermənistana sentyabrın sonlarına planlaşdırdığı səfəri təxirə saldığı məlum olub. Həqiqətən də, cibində olan bir ölkəyə vaxt sərf etməyə nə ehtiyac?



MƏSLƏHƏT GÖR:

663