
KOMPROMİSƏ APARAN YOL
İrana qarşı sanksiyaların yumşaldılması regiondakı geosiyasi vəziyyətə necə təsir göstərəcək?
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Artıq 10 ildən çoxdur ki, İranın nüvə proqramı dünya KİV-in və beynəlxalq siyasətin diqqət mərkəzindədir. O, həqiqətən də Nüvə Silahlarının Yayılmama Sazişinin tələblərinə əməl olunmasında ciddi maneəyə çevrilib. Bu problemin həllində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE), BMT Təhlükəsizlik Şurası, həmçinin Avropa İttifaqı fəal iştirak edirlər. Amma bütün bu qurumların iştirakı ilə son zamanlaradək aparılan danışıqlar heç bir nəticə verməyib. Nəticədə, BMT TŞ İranın nüvə proqramı ilə bağlı 6 qətnamə qəbul edib. Onlardan 4-də İrana qarşı siyasi və maddi-iqtisadi sanksiyaların tətbiqi nəzərdə tutulur. Analoji addımları ABŞ və müttəfiqləri də birtərəfli və çoxtərəfli qaydada atıblar. Nəticədə, İran ciddi siyasi və iqtisadi təcrid durumuna düşüb.
Zaman-zaman nüfuzlu mətbuat orqanlarında gah İsrailin, gah da ABŞ və müttəfiqlərinin İrana hərbi zərbələr endirə biləcəyinə dair xəbərlərin yayılması vəziyyəti daha da gərginləşdirirdi. Xoşbəxtlikdən, bu cür proqnozlar özünü doğrultmayıb. Bu ssenarinin həyata keçməsinə Rusiya və Çinin xəbərdarlıqları, bu tipli istənilən qətnaməyə BMT-də veto qoyacaqlarına dair bəyanatları imkan verməyib. Hərbi ssenari riskinin olması Türkiyənin, o cümlədən Vaşinqtonun NATO-dakı bir sıra digər tərəfdaşlarının ondan uzaq dayanmasına səbəb olub. Bu müzakirələrin getdiyi bir vaxtda İrana qarşı tətbiq olunmuş sanksiyalar, xüsusilə son sanksiyalar öz nəticəsini verməkdə idi. Onlar bir sıra qadağaları nəzərdə tuturdu: Amerika dolları, avro və yapon iyeni ilə istənilən maliyyə əməliyyatı; İranın nəqliyyat daşımalarının sığortalanması; gəmilərin İran limanlarına daxil olması. İran hökumətinin təbliğatçılarının nikbin bəyanatlarına baxmayaraq, bu sanksiyalar ölkə iqtisadiyyatını son dərəcə ağır vəziyyətə saldı. İkirəqəmli inflyasiya, artmaqda olan işsizlik, son dərəcə zəruri olan ehtiyat hissələri almağın qeyri-mümkünlüyü, ayrı-ayrı narazılıqlar hiddətlənmiş əhali tərəfindən kütləvi təlatümlərə yol açmaqdadır.
İranın siyasi-dini rəhbərliyindəki praqmatik şəxslər qarşıdurma xəttinin davam etdirilməsinin nə dərəcədə riskli olduğunu anlayırdılar. Prezident Mahmud Əhmədinejadın hakimiyyəti məhz bu xətti yürüdürdü. Ötən il keçirilən seçkidə bütün proqnozların əksinə olaraq, İranın yeni prezidenti mötədil baxışlı dini və siyasi xadim Həsən Ruhani seçildi. Ayətullah Xomeyninin silahdaşı olan Ruhani vaxtilə İranın nüvə proqramına dair "altılıq" ilə (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) aparılan danışıqlarda Tehranın əsas nümayəndəsi olub. Lakin sonradan o, Prezident Əhmədinejadla aralarında yaranmış fikir ayrılıqları üzündən bu postdan imtina edib.
Həsən Ruhani prezident seçildikdən sonra dünyaya, ilk növbədə, ABŞ prezidenti Barak Obama administrasiyasına konstruktiv danışıqlara, ölkəsinin nüvə proqramının şəffaflığına, ona məntiqli məhdudiyyətlərin qoyulmasına dair konstruktiv dialoqa hazır olduğuna dair mesaj göndərdi. Avropa İttifaqının beynəlxalq məsələlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun iştirakı ilə bu cür yüksək səviyyəli danışıqlar ötən ilin payızında Cenevrədə keçirildi. Elə həmin görüşdə tərəflər müəyyən razılıqlar əldə edə bildilər. Razılaşmaya əməl olunması tərəflərin dialoqa ciddi şəkildə kökləndiklərini göstərməli və daha miqyaslı razılaşmalar üçün yol açmalı idi.
Yanvarın əvvəllərində MAQATE Tehranın Cenevrə razılaşmasının şərtlərinə əməl etməyə başladığını, uranın 20%-dək zənginləşdirilməsi prosesini dayandırdığını rəsmən təsdiqlədi. Qeyd edək ki, "altılıq"la əldə edilmiş razılaşma çərçivəsində İran uranın zənginləşdirilməsi üçün yeni setrifuqaların quraşdırılmasından imtina etmiş, beynəlxalq təftişçilərin nüvə obyektlərinə buraxılacağına zəmanət vermiş, ağır su ilə işləyən nüvə reaktorunun inşasının dayandırılacağını vəd etmişdi. Bunun qarşılığında İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar qismən yumşaldılmalı idi: onun Qərbin maliyyə qurumlarındakı, təxminən, 100 milyard dollarına tətbiq edilmiş sanksiyadan 4,2 milyard dollar "azad edilməli" idi. Bu, ilkin razılaşmadır və onun reallaşdırılması üçün 6 aylıq müddət nəzərdə tutulub. Bu müddətdə daha geniş kompromisə nail olunacağı, İranın nüvə proqramı ilə əlaqəli problemin bütün tərəfləri qane edən şəkildə çözüləcəyinə ümid olunur.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrov ilə Moskvada apardığı danışıqların yekunu olaraq, yanvarın 16-da keçirdiyi mətbuat konfransında deyib: "Tərəflər arasında inamın səviyyəsi əvvəlkitək aşağı olsa da, tam razılaşmanın əldə edilməsi imkanları var. Hesab edirik ki, bizim nüvə proqramımız birmənalı şəkildə dinc xarakterli olduğundan, onunla bağlı problemin həlli tamamilə mümkündür".
Həm əldə edilmiş razılaşmaları, həm də tərəflərin danışıqların davam etdirməsinə köklənməsini yalnız alqışlamaq olar. On milyonlarla həmvətənimizin yaşadığı İranla bilavasitə həmsərhəd olan Azərbaycan üçün bu ölkəyə qarşı istənilən sanksiyalar və hərbi müdaxilə riskli və qəbulolunmazdır. Çünki bu halda adi vətəndaşlar da əziyyət çəkir. İran ətrafında gərginliyin azalması və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə Azərbaycana olan marağın azalacağını, onun geosiyasi çəkisinin düşəcəyini fikirləşənlər yanılırlar. Azərbaycan iqtisadi çəkisini sürətlə artırır, dünyanın enerji xəritəsində mövcudluğunu gücləndirir, dünyəvi inkişaf yolu seçmiş və bu yolla inamlı irəliləyən azsaylı müsəlman ölkələrindən biri olaraq qalır. Bakı Xəzər və Qara dəniz arasında Şərq-Qərb xətti üzrə vacib nəqliyyat-logistika bəndidir. İran ətrafında vəziyyətin normallaşması ilə isə o, Şimal-Cənub xətti üzrə də belə önəmli bəndə çevriləcək.
Bəzi analitiklər düşünür ki, İranın əvvəlkitək neft istehsalında 2,5 milyon barellik kvotanı bərpa etməsi qiymətlərin aşağı düşməsinə səbəb olacaq, bu isə Azərabaycanın iqtisadi və maddi zərərlə üzləşməsinə yol açacaq. Lakin birincisi, İran neftinin bazara qayıdışı bir anda baş verməyəcək. Çünki hasilatın bərpası üçün ciddi zamana və kapital qoyuluşuna ehtiyac var.
İkincisi, dünya iqtisadiyyatı böhrandan çıxmaq üzrədir və demək, enerji resurslarına tələbatın artacağını gözləmək olar.
Üçüncüsü, İrana yalnız rəqib kimi yox, həm də potensial tərəfdaş kimi baxmaq lazımdır. Azərbaycan neftçilərinin tükənməkdə olan neft yataqlarının işlənməsi sahəsində ciddi təcrübəsi var. Belə olan təqdirdə, onlar nədən Türkiyə, Norveç və Britaniya şirkətləri ilə birlikdə İranın köhnəlmiş neft yataqlarının bərpası işinə qoşulmasınlar?
İranın iqtisadi sanksiyalardan və təcrid durumdan xilas olacağı təqdirdə, beynəlxalq siyasətin vacib oyunçusuna çevriləcəyinə dair fikirlərə gəlincə, bu, yalnız gələcəkdə baş verə bilər. Hazırda ABŞ və müttəfiqlərinin Tehranın hansısa əhəmiyyətli rolunu tanımağa hazır olduqları hiss edilmir. BMT-nin baş katibi Pan Gi Munun Suriya üzrə "Cenevrə-2" sülh konfransında iştirak etməsi üçün İrana göndərilmiş dəvəti geri çağırması bunun təsdiqidir. Formal olaraq bunun səbəbi kimi, Tehranın Cenevrədə 2012-ci ildə əldə olumnuş razılaşmaları dəstəkləməkdən imtina etməsi göstərilir. İran XİN-in mətbuat katibi Marzie Afham dəvətin geri çağırılmasına belə münasibət bildirib: "BMT baş katibinin addımı təəssüf doğurur".
Bununla yanaşı, Suriya Müxalif və İnqilabçı Güclər Koalisiyası BMT-nin İrana göndərdiyi dəvəti geri çağırmayacağı təqdirdə, sülh konfransına qatılmayacağını bildirirdi. Odur ki, İranın Yaxın Şərq və ya Qarabağ nizamlanmasında hansısa xüsusi rola yiyələnəcəyi haqda danışmaq tezdir.
Bu arada İran prezidenti Həsən Ruhani son illərdə ilk dəfə olaraq, Davosda keçirilən Ümumdünya İqtisadi Forumuna qatılıb. Bu, İran rəhbərliyinin beynəlxalq təcrid vəziyyətindən çıxmağa çalışdığını göstərən daha bir məqamdır. "Biz Avropa ölkələri ilə siyasi və iqtisadi əlaqələri bərpa etmək istəyirik. Cenevrədə əldə olunmuş nüvə razılaşması imzalanana qədər İranın Aİ ilə münasibətləri normallaşacaq. Bundan başqa, İranın ABŞ-la münasibətlərində də yeni mərhələ başlayıb. İranlı və amerikalı siyasətçilər arasında məsləhətləşmələr aparılıb, qərarlar qəbul edilib və bu, vacib hadisədir", - deyə Həsən Ruhani Davos Forumundakı çıxışı zamanı bildirib.
Bu siyasət ardıcıl şəkildə həyata keçirilərsə, inkişaf etməkdə olan, ümumi beynəlxalq normalar çərçivəsində hərəkət edən İran region dövlətləri üçün vacib və proqnozlaşdırıla bilən tərəfdaşa çevrilə bilər. Hələliksə İran-Qərb münasibətlərinin normallaşması perspektivi əsasən, tərəflər arasında danışıqların növbəti raundunun nəticələrindən asılıdır. Yeni raunda tezliklə İsveçrədə start verilməlidir. İranın nüvə proqramına dair problemin həlli üzrə beynəlxalq vasitəçilərdən ibarət "altılıq" və Aİ-nin ali komissarı Ketrin Eşton Cenevrədə yanvarın 21-də keçirilən əlaqələndirmə görüşündə artıq yeni raunda hazırlığa start veriblər. Onlara uğurlar arzulayaq. Bu, həm İranın, həm də bütünlükdə regionun xeyrinədir.
MƏSLƏHƏT GÖR: