13 Mart 2025

Cümə axşamı, 15:17

İKİNCİ CƏHD

İsveçrənin ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından 17 il əvvəlki qədər uğurlu olacaqmı?

Müəllif:

28.01.2014

ATƏT məkanında təhlükəsiz və sabit cəmiyyətin yaradılması, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli  bu il ATƏT-ə sədrlik edəcək İsveçrə üçün prioritetdir. Bunu ATƏT-in yeni fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Vyanada bəyan edib. Ölkəsi üçün 2014-2016-cı illərdə ATƏT-ə sədrlik edəcəyi dövr üçün prioritetləri açıqlayan nazir deyib: "Hamımıza yaxşı aydındır ki, bir gün ərzində və tərəflərin istəyi olmadan irəliləyiş  gözləmək olmaz. Eyni zamanda bu, o demək deyil ki, qollarımızı yanımıza sallayaraq gözləməli, heç bir iş görməməliyik".

Burkhalter son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həllində bir neçə müsbət məqamın yaşandığını, yüksək səviyyədə təmasların intensivləşdiyini də bildirib. Bununla yanaşı, o, qoşunların təmas xəttində davam edən insidentlərin hələ də narahatlıq yaratdığını vurğulayıb. "İsveçrə həmsədrlərin səylərinə, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri, ekspertləri arasında görüşlərin təşkilinə dəstək verəcək", - deyə Didye Burkhalter bildirib.

Ümumilikdə o, ATƏT-dəki sələflərindən fərqli heç nə söyləməyib. İndiyədək bu ali, lakin qısamüddətli vəzifəyə (bu və ya digər ölkənin ATƏT-ə sədrliyi 1 il davam edir) sahib çıxan hər bir ölkə, demək olar ki, eyni sözləri təkrarlayır. Lakin İsveçrənin Xarici İşlər Nazirliyi bu ölkənin sözləri ilə əməllərinin bir-birindən fərqlənmədiyini sübuta yetirmək üçün indiyədək vəd olunan istiqamətlərdə real addımlar atıb.

Ötən ilin noyabrında İsveçrənin ATƏT-ə sədrliyə başlamasına hələ 2 ay qalmış ölkənin Xarici İşlər Nazirliyi 2014-cü ildə Cənubi Qafqazdakı münaqişə tərəfləri arasında dialoqun yaradılması, qarşılıqlı inamın möhkəmlənməsi üçün maksimum səylər göstəriləcəyini bəyan edib. Bundan başqa, bu məqsədlə Ancelo Qandinger İsveçrənin ATƏT-də Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub. Bu il yanvarın 1-dən o, səlahiyyətlərinin icrasına başlayıb. Qeyd edək ki, A.Qnadinger Cenevrədə fəaliyyət göstərən Humanitar Dialoq Mərkəzinin ekspertidir. O, münaqişələrin həllində böyük təcrübəyə malikdir. Qnadingerin yeni fəaliyyətinə ATƏT-in Cənubi Qafqaz regionundakı vasitəçilik səylərinə dəstək vermək də daxildir.

Yeni il bayramlarından dərhal  sonra isə İsveçrənin XİN başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub. Burkhalter görüşdə vasitəçilərin səylərindən razılığını dilə gətirib. Onlar arasında ATƏT-in fəaliyyətdə olan sədri ilə vasitəçilər arasında əməkdaşlıq məsələsi də müzakirə olunub.

Həmsədrlər də 2014-cü ildə İsveçrənin sədrliyi altında nümayiş etdirəcəkləri vasitəçilik missiyalarının perspektivi haqda nikbin əhvaldadırlar. Hər halda, amerikalı həmsədr Uorlik Twitter mikrobloqundakı səhifəsində Burkhalterlə ilk görüşləri haqda təəssüratlarını bölüşərək yazıb ki, İsveçrənin təcrübəsi Qafqaza fayda verə bilər.

İsveçrənin XİN başçısının vəd etdiyi münaqişə tərəflərinin vətəndaş cəmiyyətləri  ilə iş də özünü çox gözlətməyib. İlk dəfə olaraq, bu ölkə Ermənistan və Azərbaycanın üçüncü sektoru və KİV ilə sülhməramlı layihənin donoru və təşkilatçısı kimi çıxış edib: yanvarın 11-17-də Gürcüstanın Bakuriani bölgəsində azərbaycanlı və erməni jurnalistlər üçün "Imagine Center for Conflict Transformation" tərəfindən təşkil olunmuş treninq keçirilib. Treninq İsveçrə XİN-in dəstəyi ilə baş tutub. Nazirliyin treninqdə iştirak edən nümayəndəsinin sözlərinə görə, la-yihənin təşkilində məqsəd münaqişə tərəflərinin mövqelərinə aydınlıq gətirilməsi, bitmək bilməyən bu problemin səbəblərinin üzə çıxarılmasıdır. İsveçrə Bakı, İrəvan və Ermənistanın işğalında olan Xankəndiyə baş çəkməklə, Azərbaycan və Ermənistanın KİV, vətəndaş sektoru ilə fəal təmaslar qurmaq, layihələr reallaşdırmaq fikrindədir. Prosesə Türkiyənin də cəlb olunması nəzərdə tutulub. Əhalinin, ilk növbədə, işğal nəticəsində dünya üçün qapalı zonaya çevrilmiş Azərbaycanın Dağlıq Qarabağ regionunun icmasının rəyinin öyrənilməsinə xüsusi diqqətin ayrılacağı da gözlənilir.

Bəs Avropanın ən sülhsevər ölkəsinin ATƏT-ə sədrliyi dövründə bu sahədə irəliləyişə nail olunması şansı nə qədərdir? İlk növbədə qeyd etmək lazımdır ki, son zamanlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ətrafında həqiqətən müəyyən ümidverici atmosfer yaranıb. Bəzi məlumatlara görə, bu atmosferin yaranmasında İsveçrənin rolu heç də az deyil. Türkiyədəki mənbələrə inansaq, yeni beynəlxalq təşəbbüslərdə Ermənistanı qonşuları Azərbaycan və Türkiyə ilə barışdırmağa məhz İsveçrə cidd-cəhdlər göstərir. Bu addımlar müəyyən dərəcədə Ermənistanla Türkiyə arasında münasibətlərin bərpası təşəbbüsü ilə də bağlıdır. İsveçrənin bu məsələdə ən fəal rol oynayan ölkə olduğu hər kəsə bəllidir. Söhbət 2009-cu ilin oktyabrında məhz bu ölkənin ərazisində Ermənistan və Türkiyə XİN arasında imzalanmış Sürix protokollarından gedir. Təxminən, 4 il əvvəl bu təşəbbüs Azərbaycanın maraqları nəzərə alınmadığı üçün iflasa uğramışdısa, onun yeni forması bütün iştirakçılar üçün kifayət qədər cəlbedicidir.

Türkiyənin "Todays Zaman" qəzetinin yazdığına görə, ötən il Ankara dəstək üçün özü İsveçrəyə müraciət edib. Qəzet yazır ki, Türkiyə İçveçrənin Dağlıq Qarabağ münaqişəsini həll etməli, bununla da Ankara-İrəvan münasibətlərinin bərpasına yol açmalı olduğunu düşünür. Qəzetə məlumat verən mənbə bildirir ki, Azərbaycan Ermənistanın işğalındakı Dağlıq Qarabağa bitişik 7 rayondan, ən azı, 5-ni geri qaytaracağı təqdirdə, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etməyəcək: "İrəvan da öz növbəsində, 5 rayonu boşaltmağa hazır olduğunu açıqlayıb". Doğrudur, hələ ki, bu məlumatları tərəflərdən heç biri təsdiqləməyib. Odur ki, onların nə dərəcədə əsaslı olduğu yaxın zamanlarda üzə çıxacaq.

Amma artıq prosesdə praktiki tərpənişlər hiss olunur və bu, tərəflərin ötən ilin sonunda apardıqları danışıqlardan sonra səsləndirdikləri nikbin bəyanatların əsaslı olduğunu göstərir. Əgər tərəflər indiyədək qarşılıqlı şəkildə sülh danışıqlarını davam etdirmək niyyətlərini dilə gətirməklə kifayətlənirdilərsə, indi müzakirələrin konkret məsələlər ətrafında aparıldığını söyləyirlər. Ortaya sual çıxır: danışıqlar prosesində son dərəcə uzunmüddətli pauzanın yarandığı bir şəraitdə meydana hansı konkret variantlar çıxa bilər? Sanki bu şəraitdə danışıqların bərpasının özünü irəliyə atılmış addım saymaq olar. Çünki danışıqlar prosesi əvvəlki variantların faktiki olaraq iflasa uğraması üzündən dayandırılmışdı. Belə çıxır ki, indi söhbət hansısa yeni ideyalardan gedir və məhz həmin ideyalar barışmaz qonşuları danışıqlar masası arxasına əyləşməyə sövq edib. Münaqişə tərəflərinin XİN başçıları və prezidentlərinin görüşlərində yaranmış intensivlik də bunu göstərir.

Ümid edək ki, İsveçrənin ATƏT-ə budəfəki sədrliyi Qarabağ münaqişəsinin nizamlanması prosesini real olaraq, ölü nöqtədən tərpədə biləcək. Şübhəsiz ki, XİN başçıları və prezidentlərin nikbin bəyanatlarında bu amilin də rolu az deyil. Maraqlıdır ki, İsveçrənin ATƏT-ə bundan əvvəlki - 1996-cı ildəki sədrliyi də Azərbaycan və onun ərazi bütövlüyü ilə bağlı problemin həlli üçün uğurlu olmuşdu. Həmin ilin sonunda Portuqaliya paytaxtı Lissabonda ATƏT-in sammiti keçirilmiş, toplantı Azərbaycanın böyük xarici siyasi qələbəsi ilə bitmişdi. Azərbaycanın ovaxtkı prezidenti Heydər Əliyevin son dərəcə ciddi səyləri nəticəsində məhz Lissabon sammitində yalnız Ermə-nistanın deyil, həm də ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlərinin istəyinin əksinə olaraq, nizamlanma prosesinin 3 əsas prinsipi təsdiqlənmiş və yekun sənədə daxil edilmişdi. Həmin prinsiplər bu gün də rəsmi Bakının münaqişə ilə bağlı mövqeyinin əsasını təşkil edir. Sadəcə bir fərq var: bu gün Azərbaycan 17 il əvvəlkindən qat-qat güclüdür. Bu gün Bakının maraqları nəzərə alınmadan Cənubi Qafqazda bu və ya digər beynəlxalq təşəbbüsün reallaşdırılmasını təsəvvür etmək belə, mümkün deyil. Üstəlik, İsveçrənin təşəbbüsü ilə başlamış Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi də bundan asılıdır. Onun növbəti dəfə iflasa uğraması Avropanın ən sülhsevər ölkəsinin diplomatik nüfuzuna ciddi zərbə olardı.

 

 

ATƏT-IN 1996-Cı ILDƏ İSVEÇRƏNIN SƏDRLIYI ILƏ KEÇIRILMIŞ LISSABON SAMMITINDƏ TƏSDIQLƏNMIŞ PRINSIPLƏR: 

- Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

- Dağlıq Qarabağın öz müqəddəratını təyinetməyə əsaslanan sazişdə müəyyən edilmiş və Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə imkanı verən hüquqi statusu

-  Tərəflərin nizamlanma müddəalarına əməl ediləcəyinə dair öhdəlikləri də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinin təmin olunması

 

 

REGİONDAN BAXIŞ 

Diplomatlar danışan zaman toplar niyə susmur? 

Hər dəfə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar yaxınlaşdıqda, qoşunların təmas xəttində vəziyyət gərginləşir. Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda, diversiya əməllərində və sairdə günahlandırır.

Azərbaycan və Ermənistanın XİN başçıları arasında yanvarın 24-də keçirilən görüş də istisna olmadı. Görüş ərəfəsində cəbhədə gər- ginlik son həddədək artdı.

Məsələ o yerə çatdı ki, vəziyyətə nəzarət məqsədilə Azərbaycan HHQ havaya təyyarələr qaldırmalı oldu. Sonradan nazirlik qırıcıların uçuşunun planlı xarakter daşıdığını, bunun cəbhə xəttində yaranmış vəziyyətə aidiyyatının olmadığını bildirsə də, bütün bu günlərdə Ermənistan KİV-də yer alan xəbərlər diqqəti cəlb edib. Erməni mətbuatında yer alan məlumatlar cəbhə xəbərləri səviyyəsinə qalxıb və təbii ki, bütün baş verənlərdə Azərbaycan günahlandırılır.

Bəs münaqişə zonasında gərginliyin artmasında maraqlı olan kimdir?

Son danışıqlardan sonra Azərbaycan tərəfi kifayət qədər nikbin görünürdü və təsadüfi deyildi ki, XİN başçısı Elmar Məmmədyarov uzun fasilədən sonra danışıqlarda artıq ümumi deyil, konkret məsələlərin müzakirə olunduğunu bildirirdi. Bütün danışıqlar prosesi boyunca Azərbaycanın çalışdığı məhz bu idi.

Ermənistan isə bu prosesdə münaqişə zonasında status-kvonun də-yişməsini istəməyən yeganə qüvvədir. Çünki bu, onun Azərbaycan ərazilərinə nəzarəti əldən verməsi deməkdir. Demək, İrəvan beynəlxalq birliyin diqqətini danışıqların əsas mövzusundan yayındırmaqda maraqlı olan yeganə qüvvədir. Cəbhə xəttindəki təxribatlar da, Ermənistan hərbçilərinin sonrakı cəsur bəyanatları da buradan qaynaqlanır. Əsas odur ki, dünya bilavasitə nizamlama prosesi ilə deyil, zərif barışığın bərpası ilə, tərəflərin təmkinə çağırılması ilə məşğul olsun.



MƏSLƏHƏT GÖR:

530