15 Mart 2025

Şənbə, 23:52

MƏXMƏRİ MÖVSÜM

2013-cü ilin payızı Gürcüstan və bütünlükdə region üçün hadisələrlə zəngin keçəcək

Müəllif:

09.07.2013

Mixail Saakaşvili müstəqil Gürcüstanın növbəti, sayca altıncı prezident seçkisini oktyabrın 31-nə təyin edib. Beləliklə, o, prezident iqamətgahını noyabrın sonunadək tərk etməli olacaq. Ölkə Konstitusiyasına əsasən, yeni prezidentin səlahiyyətləri məhtudlaşdırılacaq, əvəzində parlament və hökumətin səlahiyyətləri artacaq. Ölkədə az qala bir ildir davam edən ikihakimiyyətliliyə də son qoyulacaq, baş nazir Bidzina İvanişvilinin dövlət iyerarxiyasında üstünlüyü tam və mübahisəsiz olacaq.

Hələlik prezidentliyə namizədlər «Gürcü arzusu» hakim koalisiyasından baş nazirin müavini, elm və təhsil naziri Georgi Marqvelaşvili, Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadzedir. Sonuncunun namizədliyi «Xalq məclisi» ictimai təşyilatı tərəfindən irəli sürülüb. Saakaşvilinin «Vahid milli hərəkat» partiyasının namizədi isə partiyada keçiriləcək praymeriz nəticəsində müəyyənləşdiriləcək. Partiyanın formal lideri, sabiq daxili işlər naziri və sabiq baş nazir Vano Merabişvili prezidentlik uğrunda mübarizəyə qoşulmayacaq. Qeyd edək ki, o, korrupsiya və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs olunub. «Vahid milli hərəkat» partiyasında prezidentliyə namizəd olacağı ehtimal edilən əsas şəxslər parlamentin eks-spikeri David Bakradze, eks Avropaya inteqrasiya naziri Georgi Baramidzedir (onların hər ikisi hazırda parlamentin deputatıdırlar).

Amerikanın Beynəlxalq Respublikaçılar İnstutunun (IRI) sifarişilə keçirilmiş sosioloji sorğunun nəticələrinə görə, seçicilərin 41%-i səsini «Gürcü arzusu» koalisiyasının namizədi Georgi Marqvelaşviliyə vermək fikrindədir. «Vahid milli hərəkat» namizədinin namizədini 11%, eks-spiker Nino Burcanadzeni isə 5% dəstəkləyir. Göründüyü kimi, qüvvələr nisbəti qalibin müyəyyənləşməsi üçün ikinci turun keçirilməsi zərurətini meydana çıxara bilər. Amma səsverməyə hələ çox var və ictimai rəy o vaxtadək istənilən tərəfə dəyişə bilər.

Müxalifətə keçmiş Saakaşvilinin «Vahid milli hərəkat» partiyası hələ də müəyyən siyasi, inzibati, maddi və mətbuat resurslarına malikdir. Onun parlamentdəki fraksiyası üzvlərinin sayına görə ikincidir. Partiya təmsilçiləri əksər yerli özünüidarəetmə orqanlarına rəhbərlik edirlər. Buraya Tbilisi meriyası da daxildir. Saakaşvilinin bir çox kadrları hələ də məhkəmələrdə, Silahlı Qüvvələrdə, Daxili İşlər Nazirliyində çalışırlar. Çoxlu sayda böyük və orta sahibkarlar var ki, onlar bizneslərini Saakaşvili komandasının həyata keçirdiyi islahatlar hesabına qurublar. Həmin şəxslər bu partiyanın namizədinə sponsorluq etmək iqtidarındadırlar. Bütün ölkəyə yayımlanan «Rustavi-2» telekanalı, həmçinin qəzetlər və internet resurslarının «Vahid milli hərəkat»a dəstəyi də davam edir.

Doğrudur, hakim «Gürcü arzusu» koalisiyasının belə resursları müqayisə olunmaz dərəcədə çoxdur. Lakin İvanişvilini dəstəkləyən əhalinin getdikcə məyus olmağa başladığından yaranan narahatlıq hökuməti hər şeyi əvvəlki administrasiya nümayəndələrinin üzərinə yıxmağa vadar edir. Saakaşvili administrasiyanın təmsilçiləri vəzifə səlahiyyətlərini aşmaqda, dövlət vəsaitini partiyanın maraqlarına əsasən xərcləməkdə, məhbuslara qarşı zorakılıqlarda, qətllərdə və sairdə ittiham olunurlar.

Bununla kifayətlənməyən hökumət «Vahid milli hərəkat» partiyasına qarşı hələ parlament seçkisi ərəfəsində istifadə olunmuş və Saakaşvilinin tərəfdarlarına ciddi zərbə vurmuş videogörüntülər kompromatından təkrarən yararlanmağa başlayıb. Bu yaxınlarda tapılmış və kifayət qədər yerinə düşmüş yeraltı gizlin məkanlarla bağlı videogörüntülər AŞPA, Avropa ictimaiyyəti və diplomatlarına təqdim edilib. İvanişvili hökumətinin iddiasına görə, həmin gizli yerlər DİN-in yüksək rütbəli nümayəndələri tərəfindən hökumətin istəyilə yaradılıb. Guya orada çoxlu sayda silah, narkotik, həmçinin partiyanın opponentlərinə qarşı məlumatların arxivi aşkarlanıb. Bundan başqa, hüquq-mühafizə orqanları əməkdaşlarının məhbuslara qarşı zorakılığı və seksual təcavüzünü əks etdirən növbəti görüntülər də üzə çıxıb.

Şübhəsiz ki, bu faktlar həm Gürcüstanda, həm də ondan kənarda müəyyən rezonansa səbəb olub. Lakin onlar əhalinin İvanişvili hökumətində sosial vəziyyətin yüksələcəyini gözləyən əhalinin məyusluğunu azaltmayığb. Üstəlik ölkədə iqtisadi vəziyyət daha da pisləşir.

Gürcüstana ilk növbədə Qərbdən gələn xarici yardım xeyli azalıb. Köhnə proqramlar başa çatır, yeniləri isə nəzərdə tutulmur. Onsuz da hökumətin siyasi kursunun sabitliyinə şübhə edən investorlar baş nazirin, onun qarışıq, koalision hökumətindəki nazirlərin düşünülməmiş bəyanatlarından daha da narahat olmağa başlayıblar. Nəticədə onların çoxu pauza götürüb, Gürcüstanda reallaşdırmağı planlaşdırdıqları layihələrə yenidən baxmağa başlayıb və ya onun reallaşdırılmasını ümumiyyətlə təxirə salıb.

Saakaşvili hökuməti sahibkarlıq aktivliyini stimullaşdırmaq və sərmayələr cəlb etmək üçün tətillərin və əsassız maaş artımları tələblərinin qarşısını kifayət qədər sərt formada alırdı. «Gürcü arzusu»nun qələbə qazanması ilə fəhlələr və qulluqçuların tələblərində eskalasiya baş verib, tətillər bir-birini əvəz etməyə başlayıb. Potensial investorları qorxudan məqamlardan biri də budur.

İnvestisiya fəallığının azalması ilə yanaşı, iqtisadi inkişaf templəri də azalır, iş yerləri ixtisar olunur. Son illərdə ilk dəfə olaraq Gürcüstanda büdcə gəlirlərində nəinki artım qeydə alınmayıb, hətta kəsir əmələ gəlib. Bu, pensiya və əməkhaqlarının ödənişində ləngimələrə səbəb olub. Seçki kampaniyası zamanı əhaliyə kommunal xidmətlərə görə tariflərin azaldılacağına dair verilmiş vəd demək olar ki, yerinə yetirilməyib. Endirimi rəmzi saymaq olar - enerji naziri Kaxa Kaladze «İnterRAO» ilə əhali üçün elektrik enerjisinin qiymətinin azaldılmasına dair razılığı faktiki olaraq, investisiya öhdəliklərinin aradan qaldırılmasının qarşılığında əldə edib.

Ölkədə ərzaq məhsullarının qiyməti artır, kriminal çoxalır, korrupsiyanın səviyyəsində də artım hiss olunur. İvanişvili hökuməti öz aktivinə yalnız Rusiya ilə ticarət əlaqələrinin bərpasını, gürcü şərabının, mineral sularının və meyvələrinin Rusiya bazarlarına çıxarılmasını yaza bilər. Amma Rusiya bazarlarına çıxarılan məhsulların həcmində də məhtudiyyət var, buna verilmiş icazə isə sınaq xarakterlidir. Bu və Rusiya turistlərinin Gürcüstana gəlişində qeydə alınan müəyyən artım ölkənin iqtisadi durumunu ciddi şəkildə yaxşılaşdırmaq iqtidarında deyil.

Gürcüstan üçün son dərəcə ağrılı məsələ olan Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Üstəlik Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu yaxınlarda verdiyi açıqlamada Cenevrə formatında danışıqların dayandırıla biləcəyini söyləyib. Xatırladaq ki, bu format 2008-ci ilin avqustunda tərəflər arasında yaşanmış silahlı münaqişədən sonra atəşkəs razılaşmasına uyğun olaraq yaradılıb.

Moskva Gürcüstanla münaqişələrin həllində güc tətbiq etməmək haqda razılaşmaya getməkdən imtina edir, Tbilisiyə bu haqda danışıqları Rusiya tərəfindən «müstəqillikiləri» tanınmış separatçı rejimlərlə aparmağı məsləhət görür. Rusiya sərhədçilərisə separatçı rejimlərlə inzibati sərhədə nümayişkaranə şəkildə tikanlı məftillər çəkirlər. Baş nazir İvanişvili məsələyə yalnız təəssüfünü bildirməklə reaksiya göstərib. O, Cenevrə danışıqlar formatının qüvvədə qalmasını arzuladığını dilə gətirib. Vətəndaşlarını isə İvanişvili yaxın zamanlarda Rusiya ilə viza rejiminin sadələşdirilməsi və ya ləğvinə dair danışıqlara başlanıla biləcəyini söyləməklə sakitləşdirməyə çalışıb.

Rusiyanı anlamaq olar. İvanişvili hökuməti Tbilisinin avroatlantik məkana inteqrasiya siyasətinə sadiq olduğunu açıq şəkildə bəyan edir. Baş nazir Bidzina İvanişvili Estoniyanın Postimees nəşrinə bu yaxınlarda verdiyi müsahibəsində deyib: «Seçimi mən, yaxud Saakaşvili etməyib. Seçimi Gürcüstan xalqı edib və bu seçimi heç bir lider dəyişə bilməz. Biz NATO-ya üzv olmaq istəyirik. Rusiya ilə münasibətləri normallaşdırmaq, işğal edilmiş torpaqlarımızı geri qaytarmaq istəyirik. Bütün bunlar vaxt tələb edir. Təəssüf ki, Saakaşvili bizi dalana dirəyib. Baltikyanı ölkələrdən nümunə götürə bilərik: siz NATO-ya üzv olarkən bu Rusiyanın xoşuna gəlirdi? Münasibətlər pisləşdi, amma indii az-çox normallaşma var. Bizim üçün daha çətin olacaq və daha çox vaxta ehtiyac var».

Amma əsl sensasiya bu yox, İvanişvilinin başqa fikirləridir. Həmin müsahibədə o, deyib: «Tezliklə siyasətdən getmək niyyətindəyəm. Saakaşvilinin gedişi və yeni prezident seçkisinin keçirilməsindən sonra mən siyasətdə cəmi bir neçə gün qalacağam». Baş nazirin sözlərinə görə, o, Gürcüstan siyasətində «daim bir nəfərə üstünlük verilməsini» istəmir. «Bizim yaxşı komandamız var. Aramızdan çox maraqlı prezident seçiləcək. Parlamentimizin yaxşı bir spikeri var. Mənim yerimi də kimin tutacağına dair ideyam var», - deyə İvanişvili qeyd edib.

Hamı Bidzina İvanişvilinin sonradan köməkçiləri və ya özü tərəfindən təkzib olunan tam ölçülüb-biçilməyən, tələsik bəyanatlar səsləndirməyə meylli olduğunu bildiyindən bu dəfə də eyni cür olacağı gözlənilirdi. Lakin o, iyulun 3-də jurnalistlərlə görüşündə hakimiyyəti tərk etmək niyyətini bir daha təkrarlayıb. Amma bu dəfə İvanişvili konkret nə vaxt istefa verə biləcəyini açıqlamayıb.

Baş nazirin səlahiyyətlərindən imtina etmək niyyətinin Gürcüstanda narahatlıqla qarşılanması heç də təəccüblü deyil. Hətta İvanişviliyə simpatiyasını gizlətməyə sabiq prezident Eduard Şevardnadze deyib: «Əgər o, həqiqətən də bu cür düşünürsə belə, bunu açıq şəkildə dilə gətirmək yolverilməzdir… Ölkə pis vəziyyətdə qalır. Əhaliyə çoxlu vədlər verilib. İnsanlar vədlərin yerinə yetirilməsini gözləyir. Və qəflətən bu cür bəyanat… Sənə inanan xalqı məyus etmək cinayətdir».

Yaxın zamanlarda baş nazir postundan imtina etmək niyyətini dilə gətirmiş İvanişvili isə ictimai həyatdan getməyəcəyini, şəxsi vəsaitlərindən də istifadə etməklə hökumətə «Gürcü arzusu»nun seçkiqabağı vədlərinin reallaşdırılmasında köməklik göstərəcəyini bildirir. O, vətəndaş cəmiyyəti adından hakimiyyətə nəzarət edə biləcək hansısa struktur yaratmaq niyyətindədir. Deyəsən İvanişvili özünü Gürcüstanın «ayətulla Xomeynisi» və ya Den Syaopin statusunda görür. Hər halda, rahat mövqedir. İqtisadiyyatda, siyasətdə qəbul ediləcək qeyri-populyar qərarlara görə məsuliyyət siyasətçilərin və məmurların üzərinə düşür, özün isə kənardan onları tənqid etməklə, manipulyasiyalarla məşğul olursan.

Bu siyasi və dövlətçilik menecementi Gürcüstanı haraya götürəcək? Bu halda o, beynəlxalq tərəfdaşlarının inamını qazana biləcəkmi? Ölkə daxili və xarici investorlar üçün nə dərəcədə maraqlı olacaq? Baş verənlər Gürcüstanın şimaldan artan təzyiqlər qarşısında zəifləməsi deyil ki? Bu sualların cavabı yalnız gürcülər üçün yox, Azərbaycan üçün də vacibdir. Çünki bizim çoxlu sayda iqtisadi, kommunikasiya və siyasi layihələrimiz bu dost, tərəfdaş ölkə ilə sıx bağlıdır. Odur ki, 2013-cü ilin payızı həm Gürcüstan, həm də bütünlükdə region üçün hadisələrlə zəngin keçəcək.



MƏSLƏHƏT GÖR:

473